Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan xanlığının varisindən şok çağırış: "Nə qədər ki, gec deyil..."

PİA.az xəbər verir ki, İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvani sualları cavablandırıb.

Sərdar İrəvani özü Tehranda doğulub, uşaqlıq dövrü bu şəhərdə keçib, sonra Almaniyaya üz tutub və hazırda Ştutqart şəhərində yaşayır.

Əmir Əli Sərdar İrəvani ilə müsahibəni təqdim edirik:

- Cənab Sərdar İrəvani, Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərin ilk ildönümünə yaxınlaşırıq. Maraqlıdır, zəfərin pik nöqtəsi olan Şuşanın azad olunması xəbərini hansı hisslərlə qarşıladız?

- Suallarınızı cavablandırmazdan əvvəl onu qeyd edim ki, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Berlindəki səfirliyinin təşkil etdiyi tədbirdən indicə qayıtdım. Axşam Xəzər Kamera Filarmonik Orkestrinin ifasında fantastik bir konsert baş tutdu və konsertin ən diqqətçəkən məqamlarından biri, cənab Anar Bramonun bəstələdiyi və cənab Orxan Cəlilovun oxuduğu Şuşa haqqında parçanın ilk canlı ifası oldu.

Maraqlıdır ki, bu mahnı Şuşanın azad edilməsindən bir neçə ay əvvəl yazılsa da, Şuşa azad olunana qədər səsləndirilməmişdi. Mahnının təsirli sözləri Leyla xanım Begim tərəfindən yazılıb. Mənə Şuşanın işğalının qaranlıq günlərindəki ağrıları xatırlatdı.

Şuşanın azad olunmasından sonra bu musiqini eşitmək məni yenidən qürurlandırdı. Atalarımızın yaşadığı və sevdiyi yerə qayıtmağın sevinci ilə yaşayıram... Şuşanın Azərbaycan tarixi və mədəniyyətində misilsiz yeri var. Azərbaycan musiqisinin beşiyi kimi tanınan, Azərbaycanın bir çox görkəmli mədəniyyət xadimlərinin məmləkəti olan Şuşa, nəhayət, azad edildi.

Tariximizə və mədəni irsimizə dəyər verdiyim üçün xüsusilə Şuşa ilə yaxından maraqlanıram. Nəinki Şuşada, həm də bölgənin bir çox digər tarixi yerlərində, o cümlədən İrəvanda qədim tariximiz və zəngin mədəniyyətimiz var. Allaha şükür ki, bu gün Şuşada mədəni irsimizi yenidən bərpa etməyə başlayırıq.

Amma təəssüf ki, İrəvandakı qiymətli mədəni irsimizin çoxu qəsdən məhv edilib. Qalan yeganə abidə 1768-ci ildə ulu babam Hüseynəli xan tərəfindən tikilmiş İrəvandakı Göy Məsciddir. Bu gün onların xatirələrini qoruyub saxlamağa çalışmasaq, sabah çox gec ola bilər. Fürsətdən istifadə edərək, yaşadığımız bu möhtəşəm günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa tarixi və Qarabağın azad edilməsi ilə əlaqədar bütün azərbaycanlıları təbrik edirəm.

- Qarabağa getmək istəyərsinizmi? Bir çox insan Qarabağla bağlı əhdlər etmişdi, sizin hansısa arzunuz olubmu?

- Əlbəttə, Qarabağı ziyarət etmək istəyirəm, valideynlərinin evini ziyarət etmək hər kəsin arzusudur. Bunu deyəndə avtomatik olaraq İrəvanla müqayisə aparıram, amma Azərbaycanın hər nöqtəsi mənə babalarımın qədim evini xatırladır. Bəzi yerlər mənim üçün daha önəmlidir, həmin yerlərlə xüsusi bağım var. Qarabağ da o yerlərdən biridir.

Ulu babalarımın bir qolu Qarabağda yaşayırdı. Qarabağ Qacarların yurdu idi. Bu əraziləri işğalçılardan qorumaq üçün onilliklər və əsrlər boyu böyük səylər göstərilib. Düzünü desəm, bu bölgənin hər incəliyini araşdırmaq üçün hüdudsuz vaxt keçirmək istərdim. Nəzərdən keçirməli olduğum çox şey var. Ümid edirəm bir gün gerçəkləşəcək.

- Prezident İlham Əliyev Zəngəzura sülhlə qayıtmaq mesajı verdi. Sizin bu barədə fikirləriniz maraqlıdır...

- Bu bölgədə tarixən yaşadığımız, çoxdan kök saldığımız açıq-aşkardır. Bu ərazilərdə çoxmillətli əhalinin olduğunu heç kim inkar edə bilməz. Orada siyasi maraqlara görə monoetnik bir dövlət qurmaq böyük dövlətlərin siyasəti idi. Bir etnik qrupun başqa bölgələrdən məskunlaşmasını təmin etdilər və digər yerli xalqları qovdular.

Bu torpaqlarda sahib çıxmağımız tamamilə qanunidir. İndi bu iddianı sülh yolu ilə həyata keçirmək bənzərsiz, ədalətli və çox ağıllı bir yanaşmadır. Mən bu siyasi mövqeni dəstəkləyirəm.

- Bir çox ərazilərimiz öz tarixi adlarına qovuşdu. Siz də sosial şəbəkədə paylaşım etdiniz: Armavir yox, Sərdarabad, Sünik yox, Zəngəzur, Qeqarkunik yox, Göyçə kimi ... İrəvanla bağlı arzularınız nədir?

- Tarix kitablarını oxusanız, bu gün artıq xəritədə olmayan yer adlarına rast gələcəksiniz. Bütün bu şəhər və kəndlərə, çaylara, dağlara və mənzərələrə nə oldu? Bir işğalçının ağlına gələn ilk fikir varlığını inkar edən bütün izləri aradan qaldırmaq ola bilər. Yer adlarının yeni adlarla dəyişdirilməsi hər zaman yeni torpaqların alınmasının əsaslandırılması üçün ilk addımdır.

Məsələn, ABŞ xəritəsinə baxın və bir yerli Amerika adı tapmağa çalışın. Məsələ burasındadır ki, bu təsirli bir yol olsa da, həqiqəti əbədi olaraq gizlədə bilməz. Hər şey gec olmamış diqqətli yanaşmalıyıq. İrəvan atalarımızın tarixi yurdu idi. İrəvan əbədi olaraq İrəvan olacaq. Bu gün harada yaşamağımdan asılı olmayaraq İrəvan mənim vətənimdir.

- Azərbaycanlılarla ermənilər birgəyaşayını mümkün hesab edirsinizmi?

- Babalarımın dövründə İrəvan xanlığında çoxmillətli bir cəmiyyət vardı. Bunu heç kim inkar edə bilməz. Məsələ burasındadır ki, statistikaya görə, cəmiyyətin tərkibi indikindən xeyli fərqlənirdi. O vaxt yerli əhalinin əksəriyyəti digər azlıqlarla birlikdə yaşayan Azərbaycandilli müsəlmanlar idi.

İnanmıram ki, yaxın tarixdə heç bir etnik qrupun azərbaycanlılarla ermənilər kimi uzun müddət birlikdə yaşamaq təcrübəsi olsun, əlbəttə ki, kürdlər və digər etnik qruplarla daxil. İrəvan xanlığı dövründə mənim ata -babalarım xan olaraq digər etnik qruplara böyük hörmətlə yanaşırdılar. Onların siyasi mövqeyi həmişə tolerantlıq və qarşılıqlı hörmətlə səciyyələnib.

Müxtəliflik həmişə zəngin mədəniyyətimizin unikal bir hissəsi sayılıb. Burada tarix dərsi keçmək istəmirəm, amma coğrafi bölgəmiz ötən əsrlərdə böyük dövlətlərin oyun meydançası olub və bu gün əldə olunan nizam bir neçə siyasi mübahisənin nəticəsidir. Beynəlxalq səviyyədə bölgə dövlətləri arasında bir neçə müqavilə var idi və qəbul etməliyik ki, İrəvan tərk edilməsə, yəqin ki, Azərbaycanın müstəqilliyi mümkün olmazdı.

Şəxsən mən bu sazişi əsaslandırılmış bir qərar kimi heç vaxt qəbul edə bilməsəm də, Azərbaycanın müstəqilliyinə nail olmaq üçün ilk addımları atan insanlara hörmətlə yanaşıram. İndiki dövrdə iqtisadi vəziyyətin yaxşılaşması və xalqın rifahının yüksəldilməsi, insanların dinc yanaşı yaşamasından daha önəmli bir şey yoxdur.

- Yeri gəlmişkən, heç vaxt İrəvana gəlmək imkanınız olmayıb, internetdən görüntülərə baxanda nələr hiss edirsiniz?

- İrəvana getmək üçün tariximi və şəxsiyyətimi bilməyənlərə giriş icazəsi üçün müraciət etməli olduğumu heç təsəvvürümə gətirə bilmirəm. İrəvanı ziyarət etmək böyük arzum olsa da, əminəm ki, oradakı dəyişikliklərə müqavimət göstərə bilməyəcəyəm. Orada olmasam da, bölgənin coğrafiyası və tarixi ilə bağlı bir çox detalları orada yaşayanlardan daha dərindən bilirəm. Mirasımızın boşluğuna dözə bilmədim. Onsuz da bu irs olmadan İrəvan olmayacaqdı, amma bu gün də demək olar ki, heç bir iz qalmayıb.

Uzaqda qalmağı üstün tuturam və bir şey üçün darıxanda indiki İrəvanın özündən daha çox İrəvanımın qoxusunu verən Şuşaya, Şəkiyə, Gəncəyə və Bakıya gəlirəm.(Teleqraf.com)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar