Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İslam dünyasının da bir Lüterə ehtiyacı varmı?

Müsəlmanların Lüteri haradadır? Müsəlman Lüter nə vaxt gələcək?..

Memduh Muheyni
“Şarkul Avsat” qəzeti, 26 oktyabr 2021-ci il

AvropaABŞ-ın bu rasionallıq və dini dözümlülük səviyyəsinə necə nail olduğu bizə hər zaman maraqlı olub. Orada onlarla din, məzhəb və inanc birlikdə yaşayır.

Paris, London və Nyu-Yorkun nüfuzlu universitetlərində dinlər və onların tarixi haqqında açıq müzakirələr keçirilir. Köklü kitabxanalarda fəlsəfə, psixologiya və antropologiyaya aid kitabların və insanın minilliklər boyu zehni inkişaf mərhələlərini araşdıran jurnalların sıralandığı rəflər var.

Qərbin çiçəklənməsinin və tərəqqisinin səbəblərindən biri də 500 ildən çox əvvəl doğulmuş Martin Lüter adlı alman rahibidir və bu gün də onun Avropanın və dünyanın simasını dəyişən ideyaları xatırlanır.

İldırım vurduqdan sonra rahib olan bu adamın hekayəsini xatırlamaq dünyamızın öyrənə biləcəyi dərslər baxımından vacibdir.

Martin Lüter üç böyük addım atdı. Birincisi, o, günahlardan qurtuluşun özünə işgəncə yolu ilə əldə olunduğu, bağışlanmaq üçün insanın yorucu və uzun ayinlər yerinə yetirməli olduğu fikrinə etiraz etdi. Lüter özü də ruhi əzabdan çox əziyyət çəkirdi. Asanlıqla silinməsi mümkün olmayan günahlarla ləkələnmiş ruhunu təmizləmək fikrinə düşmüşdü.

O biri dünyada onu gözləyən qaranlıq taleyin qorxusundan 6 saat etiraflar etməsinin səbəbi də bu idi. Müqəddəs Kitabı dərindən araşdırdıqdan sonra o, bu yorucu fikrin yanlış olduğunu aşkara çıxardı və onu sadə, lakin çox vacib bir fikirlə əvəz etdi: qurtuluş və bağışlanma Allahın bəndələrinə verdiyi bir nemətdir.

Allah insanlara qarşı mərhəmətli və lütfkardır. Bu ideya ruhları daimi günahkarlıq hissinin ağırlığından azad etdi, həyata tutqun baxışı dəyişdirdi və insanı vasitəçi və tərcüməçi olmadan birbaşa Allaha bağladı. Həyatın qarşısındakı qaranlıq və həzin üfüq açıldı, işıqlandı. İnsanlar ölüm və cəhənnəm haqqında düşünmək əvəzinə, həyat və necə xoşbəxt olmaq barədə düşünməyə başladılar.

Sərt protestant iş dəyərlərinin demək olar ki, buradan qaynaqlandığını demək olar. Ona görə ki, ağrı-acını, ölümü düşünən insan işlə, ixtira ilə məşğul ola bilməz. Axı onu faciəli aqibət gözlədiyi halda, bütün bunların nə faydası olar?

Lüterin ikinci mühüm addımı Latın İncilinin alman dilinə tərcüməsi oldu ki, onu ancaq ekspert ruhanilər oxuya bilirdilər. Öz dövrü üçün inqilabi olan bu addım insanlara ilk dəfə vasitəçilər və tərcüməçilər olmadan öz müqəddəs kitablarını oxumağa imkan verdi. Kahinlərin qüdrəti o vaxtdan sarsıldı, get-gedə dağıldı və tamamilə yox oldu.

Onun üçüncü addımı uzun illər əvvəl Romaya səfəri zamanı şahidi olduğu korrupsiyaya, ruhanilərin təmtəraqlı həyatına etiraz etmək üçün Vittenberq kilsəsinin qapısına asdığı ​​95 bəndlik manifesti ilə açıq şəkildə Papa kilsəsinə meydan oxumaq oldu.

Lüter ona görə şanslı idi ki, onun manifesti Qutenberqin icad etdiyi mətbəə adlanan yeni ixtira sayəsində tez yayıldı. Bu günkü standartlara görə bu, öz dövrü üçün Facebook və Twitter səviyyəsində idi. Onun ideyaları sürətlə yayılaraq öz tərəfdarlarını qazandı. Daha sonra bu gün bildiyimiz kimi Roma qəyyumluğundan azad edilmiş protestant təriqətinə çevrildi. Bu hadisə 1517-ci il oktyabrın 31-də baş verdi və məhz həmin gün xristian dini əbədi olaraq parçalandı.

Lüterin ən qəzəbli tənqidi korrupsiyaya uğramış Papa Kilsəsinin pul qarşılığında satdığı indulgensiya sənədi idi. Papalığa bağlı kahinlər və missionerlər, günahkarların katolik inancında əzab çəkəcəkləri yer olan Purqatoriyada onların əzablarını yüngülləşdirdiyi deyilən indulgensiya sənədlərini (cənnət qəbzlərini) sataraq kilsəyə pul toplamaq üçün Avropaya səyahət edirdilər. Lüter qurtuluş və bağışlamanın insanlar tərəfindən deyil, yalnız Allah tərəfindən və pulsuz olduğunu teoloji arqumentlərlə dəstəkləyərək bu fikri dağıtdı.

Məhz bu addımlardan dini islahat ideyası yarandı. Bu islahata görə, Allahla əlaqə fərdi və vasitəsizdir. İnsanlar dini mətnləri özləri oxuya, şərh edə bilərlər və onlar sərt və pozulmuş kahin sinfindən azaddırlar.

Yalnız Allah öz mərhəmətini və lütfünü əziyyətsiz və təmənnasız olaraq təqdim edir. Bu ideyaların ortaya atılmasından onilliklər sonra ilkin və müxalif təriqətlər arasında dini müharibələr başladı. Bunlardan ən məşhuru 1618-1648-ci illərin 30 illik müharibəsidir. Lakin Lüterin ideyaları tənəzzül etmədi, əksinə inkişaf etdi və yeni formatlarla meydana çıxdı. O, bəzilərinə liberal olaraq qarşı çıxırdı.

Yenə də onun ideyaları 1524-cü il Kəndli Üsyanı (Lüterin özü buna qarşı çıxdı) kimi sosial inqilabları alovlandırdı. Bu, yoxsul həyat şəraitinə qəzəbli bir reaksiya olaraq ortaya çıxdı və yalnız 100.000-dən çox adam öldürüldükdən sonra yatırıla bildi.

Lüter cəsur, xarizmatik, mübahisəni sevən, enerjili bir fiqur idi. Bu, onun tarixi, fikri və dini inqilabının gerçəkləşməsində rol oynayan şəxsi xüsusiyyətləri idi. Bu, şəxsi meyarların böyük tarixi hadisələrdə böyük rol oynadığını göstərir.

Dini islahat Avropa İntibahının başlanğıcı və dini fanatizmdən qurtuluş idi. Bunun ardınca bu günə qədər davam edən maarifçilik və müasirlik kimi mühüm düşüncə dövrləri gəldi. Bu gün bizi heyrətləndirən bu Avropa və Amerika İntibahının arxasında çoxlu insanlar və səbəblər dayanır və şübhəsiz ki, Lüter də onun qəhrəmanlarından biridir.

Amma bizim dünyamıza gəlincə, belə bir sual yaranır: “Müsəlmanların Lüteri haradadır? Müsəlman Lüter nə vaxt gələcək?”

Amma, əslində bu, yanlış sualdır.

İslamın dünəni və bu günü İslam dininin saf mahiyyətini qoruyub saxlayan, onu bu günkü dünya ilə birləşdirən, onu bütün din maskalarından azad edən rasional və mənəvi şərhlər təklif edən müsəlman və qeyri-müsəlman alimləri, mütəfəkkirləri və filosofları ilə doludur. Onlarla, bəlkə də, yüzlərlə müsəlman Lüter var.

Xəlifə əl-Məmunun dövründə tərcümə çox təkmilləşdi, rasional nitq üstünlük təşkil etdi, ilahiyyat və fəlsəfə çiçəkləndi. Müxtəlif ideoloji və dini qruplar arasında rəsmi orqanlardan qorxu və təşviş olmadan müzakirələr və debatlar aparılıb. Məhz bu intellektual azadlıq və dünyaya mədəni açılma sayəsində tərcümə sənəti, elm və mədəniyyət çiçəkləndi.

Əl-Tövhidi, İbn Miskəveyh, əl-Maarri, İxvan əs-Səfa və başqaları kimi hələ də heyran olduğumuz böyük filosoflar yetişdi. Amma biz bilirik ki, bu parlaq dövr arxada qaldı, qızıl dövr başa çatdı və biz Avropanın orta əsrlərindən çıxmağa başladığı bir vaxtda intellektual durğunluğa daxil olduq. Bundan yola çıxaraq, Avropa ona bu günə qədər dünyaya hakim olmağa imkan verən elmi, sənaye, intellektual və texnoloji inqilabları həyata keçirdi.

Deməli, “müsəlman Lüter haradadır?” sualı səhvdir. Düzgün sual belə olmalıdır: Kant və Volter kimi Avropanın böyük filosoflarına qucaq açan, onlara intellektual və elmi araşdırmaları üçün sərbəstlik mühiti yaradan, ideyalarını yaymaq və qalib gəlmək imkanı verən İkinci Prussiya Fridrix (digər adı ilə maarifçi despot) haradadır? Eyni şeyi edən, fəlsəfi və rasional düşüncənin və mədəniyyətin böyüməsinə və yayılmasına töhfə verən İkinci Yekaterina haradadır? Onların müdafiəsi və dəstəyi olmasaydı, yəqin ki, biz bu mütəfəkkirlər və onlardan əvvəl Lüter haqqında heç vaxt eşitməzdik.

İntellektual və elmi intibah boşluqda inkişaf edə bilməz. O, bir çox səbəblərə görə çiçəklənir, xüsusən də intibahı inkişaf edənə qədər qoruyub saxlayan, böyüklərin və uşaqların şüuruna yayılan, rasional və elmi düşüncənin, tolerantlığın və xeyirxahlığın əsaslarını qoyan, sərt düşüncəni məhv edən maarifçi liderlər və gələcəyə yönəlmiş siyasi liderlər hesabına.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Ən çox oxunanalar