Çərşənbə, 06 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İqor Ponomaryov: "Mənə nağıl lazım deyil, sözlərimi kimə lazımdırsa, çatdırın"

"Sabah" futbol klubunun idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryovun "Report"a müsahibəsi

- "Sabah" üçün bu mövsüm də hədər getdi. Sizcə, hər şey niyə belə alındı?

- Nə deyə bilərəm? Açığı, mövsümü itirilmiş hesab etmək mümkün deyil. İstənilən halda, nə isə etdik, oyunu, komandanı, məşqçilər heyətini sabitləşdirdik, yeni futbolçular gətirdik. Bunun özü də böyük, vaxt tələb edən işdir. Təəssüf ki, düşündüyümüzü edə bilmədik. Daha yaxşısını bacarmaq olardı.

- Uğursuzluğun əsas günahkarı kimdir?

- Mən heç kimi əsas günahkar saymıram. Əvvəlki baş məşqçi Ramin Quliyev də pis işləmədi. Sadəcə, bəxti gətirmədi. Bəlkə də çox şey istədiyimiz üçün belə alındı. Yaxud da ola bilsin, hazır deyildik. Səbəbi heç kim bilmir. Kimisə mühakimə etmək, günahlandırmaq kifayət qədər çətindir. Çünki zədələr, əvvəl də haqqında bəhs etdiyimiz hakim səhvləri oldu. Bununla belə, konkret səbəb söyləyə bilmərəm.

- "Sumqayıt"la son oyunda Amin Seydiyevə göstərilən qırmızı vərəqə müzakirələrə yol açdı. Sizcə, qərar düzgün idimi və ümumiyyətlə, bu mövsüm “Sabah”ın oyunlarındakı hakim idarəçiliyini necə qiymətləndirirsiniz?

- Belə bir oyunda qırmızı vərəqə almaq məyusedicidir. Hakimin Amini meydandan qovması ağır qərar idi. Təəssüf ki, belə hal baş verdi. Bu, birbaşa nəticəyə təsir etdi. Bundan sonra nəinki avrokuboklara vəsiqə qazanmaq, hətta mübarizə aparmaq da çətinləşdi. Keçmiş futbolçular, dostlarımız, komanda üzvləri ilə söhbətimizdə belə fikir səsləndi ki, qırmızı vərəqə ağır cəza idi. Oyunun şərhçisi də etiraf etdi ki, həmin epizodda sarı vərəqə göstərilməli idi. Çünki sonuncu ümid folu deyildi. Rəqib futbolçunun yanında daha bir müdəfiəçimiz qaçırdı və epizod qapımızdan xeyli aralıda baş vermişdi. Yadınızdadırsa, eyni qayda pozuntusu "Qəbələ" ilə oyunda bizə qarşı olmuşdu. Rəqib futbolçu Coy-Lens Mikelsi yıxaraq, onun qapıçı ilə üzbəüz qalmasına imkan verməmişdi. Həmin epizodda baş hakim sarı vərəqə göstərmişdi. Seydiyevin epizodunda isə digər futbolçumuzun rəqibə çatmaq imkanı var idi. Hesab edirəm ki, qırmızı vərəqə düzgün deyildi. "Sarı" ilə kifayətlənmək olardı. Ümumiyyətlə, bu mövsüm bizim oyunlarımızda hakim idarəçiyili qeyri-obyektivliyi ilə diqqət çəkib. Xüsusilə, ilk dövrədə Ramin Quliyev komandaya rəhbərlik edəndə səhvlər daha dözülməz idi. Əsas rəqiblərimizlə matçlardakı idarəçiliyə etiraz etdik, əleyhinə çıxdıq ki, baş verənləri görsünlər. Amma təəssüf ki, qərəzli qərarlar oldu. Buna baxmayaraq, mübarizə aparır, başımızı dik tuturuq. Sübut etmək istəyirik ki, biz varıq və heç bir "oyun"un iştirakçısı olmayacaq, öz dəyərimizi qoruyacağıq.

- Murad Musayev tanınmış mütəxəssisdir. O, "Sabah"a avrokuboklara vəsiqə hədəfi ilə gəlib. Beynəlxalq arenadan kənarda qalmağınız Musayevin komandadan erkən gedişinə səbəb ola bilərmi?

- Belə hədəfimiz yox idi ki, Musayev gələcək, qələbə qazanmasa, gedəcək. Biz yaxşı baş məşqçimizin olmasını, mübariz komanda qurulmasını istəyirik. Onunla daha uzun müddət işləmək niyyətindəyik.

- Sizcə, Musayev daha erkən baş məşqçi təyin olunsaydı, bu gün "Sabah" avrokuboklara vəsiqə əldə edə bilərdi?

- Bunu heç kim bilə bilməz. Ona görə də illüziya qurmayacağıq. Əsas olan bugünkü nəticədir. Komanda bunadək Musayevin rəhbərliyi altında yaxşı çıxış etdi. Təəssüfləndiyimiz yeganə məqam daha da irəliyə gedə bilməməyimizdir. Bu, tək bizim səhvimiz deyil. Çünki biz təmiz oynayırıq. Sadəcə, bəzi məqamlarda "Sabah"a qarşı haqsızlıq oldu ki, bu da bizi məyus edir.

- Amin Seydiyev vacib oyunda komandanı azlıqda qoyduğunuz görə cəzalandırıldı?

- Onun cəzalandırılıb-cəzalandırılmayacağını demək çətindir. Ona görə ki, bu oğlan komandasının qələbə qazanması üçün hər şeyi etməyə çalışdı. Amin qırmızı vərəqəni hakimlə yersiz mübahisə etdiyi üçün yox, komandasına xeyir verə bilmək üçün aldı. Fikrimcə, o, öz hərəkəti ilə həmin matçda qalib gəlmək arzusunda olduğunu sübut etmək istəyirdi. Bu səbəbdən, Seydiyevin cəza alacağını düşünmürəm.

- "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri XXVII tur matçından sonra belə bir cümlə işlətdi: "Biz xalımızı sayanların layiqli cavabını verdik". Aydın məsələdir ki, bu cümlə sizin ünvanınıza işlədilib. Çünki bir müddət öncə elə "Report"a müsahibənizdə avrokubok şanslarını dəyərləndirərək əsas rəqibinizin "Qəbələ" olduğunu bildirmişdiniz və əyalət təmsilçisinin xallar itirəcəyini istisna etməmişdiniz. Bu mənada, Baxşıyevin fikirlərinə qarşı mövqeyinizi bilmək maraqlı olardı...

- Açığı, onun fikirləri ilə tanış deyiləm. Mətbuat konfransında nə dediyini eşitməmişəm, saytlardan oxumamışam. Çünki Baxşıyevin danışdıqları mənə maraqlı deyil. Amma o sözləri özümə və klubumuza aid edirsə, onu deyə bilərəm ki, mən küçədən gəlməmişəm. Özüm də futbol oynamışam, nələrin baş verdiyini görürəm. Odur ki, mənə nağıl danışmaq lazım deyil. Xahiş edirəm, sözlərimi kimə lazımdırsa, çatdırın. Futbolda yeni deyiləm. Ona görə də mənə üstüörtülü mesaj verməyə ehtiyac yoxdur. "Sabah"ın məğrurluğu və Azərbaycan futbolunda öz yeri var.

- İllərdir "Sabah"a büdcədən xeyli pul ayrılır. Bu müddətdə neçə-neçə baş məşqçi və futbolçu dəyişib. Uğruszuluqda əsas pay sahiblərindən olan klub prezidenti isə vəzifəsini tərk etmir. Maqsud Adıgözəlovda nə tapmısınız ki, bu qədər uğursuzluğa baxmayaraq, onu postunda saxlayırsınız?

- "Sabah"ın cəmi 5 yaşı var, gənc klbdur. Özüm 2018-ci ildən klubun Müşahidə Şurasında yer alıram. Hər yerdə və hər zaman demişəm ki, komandada ən perspektvli şəxslər çalışır. Biz Azərbaycanda futbolun inkişafını istəyən insanlarıq. Məndən, başqa cavab almayacaqsınız. Maqsud Adıgözəlova gəlincə, o, "Sabah"ın inkişafını arzulayır. Müəyyən uğursuzluqlar ola bilər. Baxın, I Diviziondan çıxan komanda Azərbaycan futbolunun liderlərindən birinə çevrilir. Bu, birmənalı şəkildə Adıgözəlovun işinin nəticəsidir. O, klubun inkişafını təkcə istəmir, həm də bu yöndə çalışır. Əlindən gələni edir ki, "Sabah" daha perspektivli olsun və Azərbaycanı Avropa arenasında layiqincə təmsil etsin. Dediyim kimi, nəticə baxımından uğursuzluq hər komandada ola bilər. Nəyin necə olacağını bilmək olmur. Adıgözəlov Ramin Quliyevin də sonadək qalıb işləməsinə çalışdı. Amma elə alındı ki, Quliyevlə yollar ayrıldı və yeni baş məşqçi dəvət olundu. Klub prezidenti təkcə əsas komandanın deyil, aşağı yaş qruplarının inkişafı üçün də əlindən gələni edir. M.Adıgözəlov haqqında ancaq müsbət fikirlər səsləndirə bilərəm.

- Mövsümün başa çatmasına bir tur qalıb. Yəqin ki, heyətdəki mümkün dəyişikləri özünüz üçün müəyyənləşdirmisiniz. Maraqlıdır, komandanı kimlər tərk edəcək, kimlərlə müqavilə uzadılacaq?

- Mövsüm hələ bitməyib. Heyətdəki futbolçularla paralel şəkildə danışıqlar aparırıq. Bilirsiniz ki,Boyan Letiç, Kristian Da Silva ilə müqaviləmiz davam edir. Komandanın özəyini saxlamağa çalışırıq. Həmçinin, digər transferlər üzərində işləyirik. Seleksiyaçılarımız bununla məşğuldur. Komandanı tərk edənlər də olacaq. Sadəcə, indi açıqlamaq etik cəhətdən düzgün deyil. Bütün suallara axırıncı turdan sonra aydınlıq gələcək. Ümid edirik ki, yaxşı komanda yaradaraq, növbəti mövsümdən həm daxili yarışlarda, həm də avrokuboklarda uğurla çıxış edəcəyik. Məncə, Premyer Liqadakı hər bir komanda avrokuboklara düşməyə cəhd göstərəcək. Biz də onlardan biri olacağıq.

- Lukas Rangel və Aleksey Kaşukun məsələsi nə yerdədir?

- Bu istiqamətdə iş gedir. İnanıram ki, hər şey müsbət sonluqla başa çatacaq. Ən əsası, onlar Azərbaycanda və "Sabah"da olmaqdan məmnundurlar. Bu, transfer məsələlərində böyük rol oynayır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tokayevin Rusiyaya qarşı sərt mövqeyi - Qazaxıstan niyə Rusiyaya meydan oxuyur?...

ARB-nin xanım əməkdaşı şantaj edilir: "Pul tələb edirlər"

Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir - Fotofakt

"Pənah ilk dəfə bahalı kostyumunu geyinmişdi" - Səfirdən sabiq dövlət katibinə atmaca

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər - Yenilənib,Foto, Video

Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanmasının hansısa əsas vardımı?

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ukraynaya yardım göndərilməsini öz adına yazması özbaşınalıqdır”

Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”? - Bakıdakı liftlər ölümə aparır...

"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib, Video

Ən çox oxunanalar