Cümə, 03 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Görkəmli xeyriyyəçi Hacı Soltanəlinin şərəfli həyat yolu...- Foto

Deyirlər yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər

Stresslərin, müharibə ocaqlarının, qan-qadanın durmadan artdığı, tamamən dünyanı ağuşuna aldığı çağdaş dönəmdə cəmiyyətin öz yoluna sabitqədəm davam etməsi getdikcə çətinləşərək müşkül işə çevrilmişdir. Daha dəqiq desək, iqtisadi və sosial problemlərin məngənəsində sıxılan, gündəlik qayğıları ilə həddindən ziyadə yüklənmiş insanların yorğunluqdan başqalarının dərdini görüb-eşitməyə qüvvələri qalmamışdır. Bununla belə, çevrəmizdə hələ də yaşadıqları çoxsaylı sıxıntılara rəğmən, özündə güc tapıb ömrünü başqalarına həsr edən şəxsləri görəndə sevinir, sözün həqiqi mənasında, fərəh və qürur hissi keçiririk. Bu yerdə bir daha əmin olursan ki, xeyir iş görmək üçün böyük sərvət, geniş imkanlar gərək deyil, sadəcə istəmək və insana sevgi yetərlidir.

Bəllidir ki, Azərbaycanda xeyriyyəçilik ənənələri tarix boyu mövcud olmuş və onlarla xeyriyyəçi şəxsiyyətlərimiz şanlı tariximizə öz adlarını əbədilik həkk etmişlər. Xeyriyyəçilik təmənnasız könüllü fəaliyyət, ehtiyacı olanlara dəstək, bu vəsilə ilə dərdlərə şərik olmaq və cəmiyyətdə ümid formalaşdırmaqdır.

Bu gün sizlərə xeyriyyəçi Hacı Sultanəli Haşımovu tanıtmaq istəyirik. Gəlin fəhləlikdən milyonçuluğa, yetimlikdən babalığa yüksələn Hacı Soltanəlinin ömür yoluna birgə nəzər salaq, onu hamılıqla tanıyaq...

Hacı Sultanəli Haşımov 1851-ci ildə Balaxanada anadan olmuşdur. Hələ 11 yaşında ikən hər iki valideyinini itirib böyük bacısının himayəsində yaşayan Soltanəli Haşımov 14 yaşında Nobel qardaşlarının Bakıdakı neft buruqlarında fəhləlik etməyə başlamışdır. Təhsilə hədsiz meyilli olan Soltanəli gündüzlər neft buruqlarında çalışır, gecələr isə dini və ədəbi mövzuda məclislərdə iştirak edirdi. O, zirəkliyi və dərrakəsinə görə həmyaşıdlarından xeyli dərəcədə fərqlənərdi. Elə buna görə də Soltanəli Haşımov bir müddət neft mədənlərində fəhlə işlədikdən sonra usta köməkçisi kimi çalışmağa başlayır. Beləliklə, qısa müddətdə qazandığı pulları israf etmədən toplayan gənc, 21 yaşında kiçik bir torpaq sahəsi almağa belə nail olmuşdu. Sonradan aldığı torpaq sahəsində ilk neft quyusu fontan vuran Soltanəli az keçmədən Bakının gənc milyonçularından birinə çevrilmişdir.

Hacı Sultanəli Haşımov

Daim allaha bağlı, imanlı, əxlaqlı, ağlı və dərrakəsi ilə hər kəsin sevimlisinə çevrilmiş Hacı Sultanəli Haşımov hələ o zamanlar Azərbaycanın tanınmış xeyriyyəçilərindən sayılan Hacı Zeynalabdin Tağıyevlə dost olmuşdur. Belə ki, Tağıyev həmişə məclislərdə Hacı Soltanəlinin maarifpərvərliyindən, biliyə, elmə vurğunluğundan hərarətlə bəhs etmişdir. Hacı Zeynalabdinin qardaş deyə müraciət etdiyi Hacı Soltanəli, həmçinin Bakının infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də yaxından iştirak etmişdir.

Soldan ikinci əyləşən Hacı Zeynalabdin Tağıyev. Altıncı Hacı Soltanəli Haşımov

Ümumilikdə dörd məscid və bir hamam binası etdirmiş Hacı Soltanəlinin inşasına nail olduğu məscidlərdən üçü Bakı şəhərində, biri isə Quba rayonunda idi. Hacı Soltanəlinin inşa etdirdiyi məscidlərdən dövrümüzə qədər gəlib çatanları da var. Onlardan ən böyüyü Bakı şəhərinin Yasamal rayonununda, Salatın Əsgərova küçəsindəki ölkə əhəmiyyətli memarlıq statusu daşıyan “Hacı Soltanəli” məscididir. Məscid 1904-1910-cu illərdə inşa edilmişdir. Bununla yanaşı, “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı” kitabında məscidin kompozisiyasının vertikallığı, memarlıq həlli binanın tanınmış memar-mühəndis İ.K.Ploşko tərəfindən layihələndirildiyi ehtimalını da yaradır.

"Hacı Sultanəli" məscidi

Hacı Soltanəlinin inşasına nail olduğu məscidlərdən birinin qalıqları Ləhiş bağlarındadır. Balaxanıda inşa edilmiş məscid 1969-cu ildə sökülərək yerində məktəb tikilmişdir.

Yuxarıda da vurğulandığı kimi, Hacı Soltanəli maarifpərvər şəxsiyyət olmuş, onun elmə, təhsilə göstərdiyi diqqət və həssaslığı o dövrün ziyalılarının həyatına təsirsiz ötüşməmişdir. O, zamanında xaricdə təhsil alan xeyli sayda gəncə maddi dəstəyini də əsirgəməmişdir.

Bakıda 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin rəhbərliyi altında inşa olunmuş müsəlman dünyasında ilk qızlar məktəbinin açılışından sonra ikinci belə məktəb Balaxanıda Hacı Soltanəlinin təşəbbüsü ilə tikilmişdir. Hətta, Hacı Soltanəlinin şəxsi istəyi ilə bu məktəbdə dövrün bir sıra din xadimlərinin, imkanlı şəxslərinin qız övladları da təhsil almışlar.

Hacı Soltanəlinin xalq üçün etdiyi xeyriyyə işləri yalnız bunlarla məhdudlaşmır. Azərbaycan xalqının böyük satirik şairi Mirzə Ələkbər Sabiri Bakıya, Suraxanıya dəvət edən Hacı Soltanəli maarifçilik yoluna davam edərək azərbaycanlı övladlarının təhsil alması üçün Balaxanıda daha bir məktəb inşa etdirmiş, həmin məktəbdə Mirzə Ələkbər Sabir xeyli müddət dərs demişdir. Fərəh doğuran hal bir də budur ki, Balaxınada inşa edilən o məktəb günümüzədək qorunub-saxlanmışdır. Hazırda kitabxana kimi fəaliyyət gösətərən bu maarif ocağı vaxtilə orada dərs demiş, ruhu hələ də bu məkanda dolaşan unudulmaz şairimizin adını daşıyır.

Hacı Sultanəli Haşımovun Balaxanıda tikdirdiyi məktəb

Hacı Soltanəli o dövrün siyasi proseslərinə də qətiyyən seyrçi qalmamışdır. Qeyd edək ki, 1905 və 1918-ci illərdə Azərbaycanda silahlı erməni birləşmələrinin başlatdığı soyqırım tariximizin ən faciəvi səhifələridir. Həmin qanlı illərdə sadə azərbaycanlılara divan tutan, yüzlərlə kəndi yerlə-yeksan edən erməni silahlılarının qarşısının alınması üçün dövrün imkanlı, hörmətli, xalqını düşünən şəxsiyyətləri var-gücləri ilə səfərbər oldular. Bələkdəki körpələrə belə rəhm etməyən, hamilə qadınları süngülərə keçirən erməni vandallarına qarşı mübarizəyə ciddi formada dəstək verən şəxsiyyətlərdən biri də Hacı Soltanəli idi. Belə ki, o, erməni zülmünə qarşı əhalinin səfərbər edilməsində, yeni silahların alınmasında, istehkam sədlərinin yaradılmasında ciddi-cəhdlə iştirak etmişdir. Beləliklə, qısa zaman ərzində Bakı ətrafında Hacı Soltanəlinin rəhbərliyi və maliyyə dəstəyi ilə istehkamlar qurulmuş, səngərlər qazılmışdır.

Sovet işğalı zamanı qurulan hökumət xalqımızın başına gətirilən qanlı hadisələri, o dövr tariximizi bizə unutdurmağa çalışsa da, xalq yaşananları heç vəchlə yaddan çıxarmadı.

Digər maraq doğuran məqam isə odur ki, bu gün Balaxanı qəsəbəsinin qəbiristanlğına yaşlı nəslin nümayəndələri həm də “səngər” deyirlər.

Azərbaycanda 1920-ci ildə milli hökumətin devrilməsindən, Sovet hakimiyyətinin qurulmasından 1 il sonra, 1921-ci ildə böyük şəxsiyyət, daim xalqını elmli, təhsilli görmək istəyən Hacı Soltanəli dünyasını dəyişmişdir. Hacı Soltanəlinin məzarı Ləhiş bağlarında, inşa etdirdiyi məscidin yanındadır.

Göründüyü kimi, xeyirxahlıq xalqımızın milli xüsusiyyətidir, xeyriyyəçilik ənənəsi isə Azərbaycanda ta qədimdən mövcuddur. Müasir zamanda ayrı-ayrı fərdlərin fəaliyyətində və dövlətin siyasətində mühüm prinsipə çevrilmiş xeyriyyəçiliyə elmi yanaşma isə günün tələbidir.

Ən əsası isə qədim və şərəfli keçmişə malik Azərbaycan xalqı tarixə söykənərək ata-babalarımızdan bizə miras qalan adət-ənənələri, xalqımızın milli-mənəvi dəyərlərini bu gün də qürurla davam və inkişaf etdirərək gələcək nəsillərə ötürməkdədir.

Əminik ki, əsasını maarifpərvər, mərd və səxavətli kişilərin qoyduğu, bu gün də şərəflə yaşadılan xeyriyyəçilik ənənələrinin daha da geniş yayılması, imkanlı şəxslərin bu savab işə artıq dərəcədə həssaslıqla yanaşaraq könül verməsi dövlətimizin apardığı sosial siyasətə mühüm dəstək olacaqdır.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yüksək vəzifəyə təyin edilən İlkin İsmayılov kimdir?

Keçmiş mədəniyyət naziri Anar Kərimovun qohumu işdən çıxarıldı

Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...

Zelenski köpək balığı saxlayan oliqarx hamisini niyə hədəfə alıb?

Yeltsinin gündəlik “paxmel” vəziyyəti Vaşinqtonun probleminə çevrilibmiş...

“Bu dəhşətlidir” - Kral ailəsinin qalmaqalları sirrləri…

Kamran Əliyev Sumqayıt prokurorunu vəzifəsindən azad edib

İranlı nazir Xoy sakinlərinə: “Sığınacaqlar sizin nəyinizə lazımdır ki?!” - Video

“Cavab vermək üçün bir şeyimz var” – Putin Ukraynaya verilən tanklardan danışıb

"Naxçıvan" Universitetinə yeni rektor təyin edilib

Ən çox oxunanalar