Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizim “rusetşiklər”


Sevinc TELMANQIZI yazır


Bunlara “qızlarınızı 13 yaşı tamam olmamış ər evinə yollamayın” deyəndə qayıdıb adama elə çəp-çəp baxırlar ki... sanki ensest bir münasibət təklifi eşidiblər. Oxumağı, ali təhsil almağı, ən bədəbəddə bir sənət sahibi olmağı məsləhət görəndə sanki yeddi arxa dönənlərinə söyürsən. Qız nədi, oxumaq nədi...? Qız hədd-buluğa çatan kimi dədə evindən ər evinə getmədisə, adı çıxacaq, bizə söz gətirəcək, falan-filan. Xoruz səsi eşitməmiş atalar sözləri var bəzi ataların. Elə bilirsən, borc kimi, kredit kimi baxırlar qız övladlarına. 13-14 illik borc. Vədə tamam olan kimi.... yallah... 

Bəzi bölgələrimizdəki durumla səsləşir dediklərim. 27-28 yaşında qadınların nənə olduğu diyarlardan danışıram. Təəccüblənməyin, bizlər qucağımızda 3 yaşlı uşağımızla kəndə gedəndə həmyaşıdımız olan onlar 13 yaşında ərə getmiş olduqları, qızlarını da elə həmin yaşda ərə verdikləri üçün qabağımıza qucaqlarındakı nəvələri ilə çıxdılar. Fərəhləndilər, qürurlandılar, azca da acıq verdilər. Elmin ən böyük kəşfinə imza atmış kimi... 28 ilə “bir neçə qarın doğmaq”, doğduqlarını da doğuzdurmaq missiyasının öhdəsindən gəldikləri üçün yerə-göyə sığmadılar. 

Neçə gündür mətbuatda 24 yaşlı 3 uşaq anasının uşaqlarını da atıb Bakıya qaçması xəbəri və onun detalları müzakirə olunur. Hər ağızdan bir avaz gəlir. Biri deyir, əri Rusiyada işləyirmiş, ailəsinə baş çəkmirmiş deyə qadın bezib və qaçıb. O biri deyir, qayınatası gəlinini dəfələrlə döydüyü üçün qadın evi tərk edib, qayınata gəlini əxlaqsızlıqda ittiham edir. Bildiyiniz ittihamlar və dedi-qodu zənciri... Həqiqət üzə çıxana qədər də davam edəcək. Bizim camaat da sağ olsun. Siyasətə, öz həyatına təsir edən ciddi hadisələrə qulaq tıxayar, başqasının ailə-məişətini ballandıra-ballandıra müzakirə etməkdən zövq alar. 

Amma dərdimiz bu deyil ki...Müzakirə oğullarına sırf yaşı çatdığı üçün, nəsil davam etsin deyə kənddən bir qız tapan, tanımadan-sevmədən onu evinə gəlin gətirən valideynlərə həsr olunmalıdır. Bir çox bölgələrimizdə qızlara bala verən inəkdən fərqli münasibət yoxdur, bilirsiz. 7 gün, 7 gecəlik çadır toylarından sonra nə olur, xəbəriniz varmı? Rayon yeri, işsizlik, pulsuzluq... Oğlan qazanc dalınca Rusiya çöllərində, gəlin də qayınana-qayınata yanında. Rusiyaya gedib də, ordan dərhal qayıdan, hansısa bir Lenanın caynağına keçməyən azərbaycanlı kişini isə tarix çox az görüb. 

Sübut: “Səni axtarıram” verilişi... Bəli, onlar ya qayıtmırlar, ya 3 aydan bir gəlirlər, ya da hərdən pul göndərməklə missiyalarını bitmiş sayırlar. Bu müddət ərzində isə zavallı qadın həm uşaqlarına yaxşı ana, həm deyingən qayınan(t)asına üzüyola gəlin olmalıdır. Üstəgəl, el arasında yarana biləcək bütün dedi-qodulardan sığortalanmalı, yaranıbsa onlara sinə gərməli, onları dəf etmək üçün qırxayaq misalı hansı ayağını birinci atmalı olduğunu hesablamalıdır. 

Bu gün Azərbaycanın kəndləri “rusetşik”lərin ailələri ilə doludur. Gedirsən kəndlərə, super təmirli, təmtəraqlı evlər, mal-qara, evlərin qabağında bahalı maşınlar (Hətta çoxlarının həyat yoldaşı maşın sürməyi də bilir kənd arasında). Amma ev sahibləri yoxdur. Necə deyərlər, hər şey var, amma həyat yoxdur. 

Ərlər 3 aydan bir gəlirlər – Rusiya qanunlarına görə, buna məcburdular. Ya da hansısa yolla orda özlərinə yer edib, qayıtmırlar. Ad da olur ki, ailə saxlayırıq. Halbuki bu müddətdə qadından illəri oğurlanır, uşaqlar ata sevgisi, qayğısı görmədən böyüyür. Alınan bir-iki paltar, qır-qızıl, təmir olunan ev, maşınlar, toya-yasa gələndə xərclənən pullar... isə publikaya hesablanıb. Sırf camaat “gör ailəsini necə yaxşı dolandırır” desin deyə, edilir hamısı. Uşaq ehtiyacı olanda atasını yanında görə bilmir, qadın dara düşəndə ailənin problemini özü həll edirsə, hansı ailə sevgisindən, təəssübündən danışmaq olar axı? Ailə quran adamın əsas missiyası ailəsinin yanında olmaqdır. Xəstəlik, haqsız məhbəs həyatı... bunlarla işim yox. Amma pul qazanmaq adına özünü ailənin digər yüklərindən azad etmək... ailə başçısı adına sadəcə yaraşmaz. 

13 yaşında, hələ həyatı bilmədən, savadı olmayan bir qızın çiyninə ailə yükü qoyub, sonra onu qova-qova namərd etməkdir ailə təəssübkeşliyiniz? Belə davam etmək istəyirsiz nəslinizi?  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar