Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öcəşənlərin “şir”ləri


Babalarımızın xoruz döyüşdürmək, it boğuşdurmaq ənənəsindən qalıb, nədir, il on iki ay özümüzə dalaşan, vuruşan, süpürləşən tərəflər tapır, kənarda durub azarkeşlik edir, bir hovur nəfəs dərmədən bəhsləşir, höcətləşirik


Ən pisi odur ki, dalaşanlar barışır, süpürləşənlər ayrılır, bir-birinə güllə atanlar atəşkəs elan edir, amma biz öcəşməkdə davam edirik.

Uzağa, o biri illərə ekskurs etməyək, elə bu yaşadığımız ildə baş verən və ölkəmizdə ikitirəlik salan hadisələrdən bəhs etsək, yetər. 

Ərdoğan-Gülən qovğasını xatırlayırsınızmı? Ölkənin ictimai-siyasi fəalları rəsmən iki tirəyə bölünmüşdü. Bir tərəfin “şir”i Ərdoğan idi, o biri tərəfinki – Gülən. Peşəkar mediada, sosial şəbəkələrdə qırğın gedirdi. Bir tərəf baş naziri ağ yuyub, qara sərirdi, o biri tərəf Güləni çəkib-çevirirdi. Heç bu şəxslərin öz ölkələrində onları nə bu qədər öyən vardı, nə bu qədər söyən. Anadolu türkləri də bizdə gedən davaya mat qalmışdılar, yazırdılar ki, abi, sizdəki bu kavğa nədir böylə, fazla olmuyormu. Yazırdıq ki, bizdə həp böylədir, arkadaş, kafanı kapdırırıq bir kərə, varır gedir.

Düzdür, əslində sonradan məlum oldu ki, Ərdoğan-Gülən münaqişəsinin bizə də dəxli var. Məsələn, tutub türk liseylərini bağladılar, indi fikirləşirik ki, gələn il test imtahanlarında 700 bal toplayanların sayı ən azı 4 nəfər az olacaq. Bununla belə, vallahi, ölkəmizdən 2 min kilometr o tərəfdə dalaşan müəllim-tələbədən ötrü burda qırğına çıxmağın yeri yoxdur. 

Başqa cür ola bilərmi? Bu günə bu gün biz sonuncu 5 manatımızı verərək, 4 min kilometr o tərəfdə futbol oynayıb milyonlar qazanan “Real” və “Barselona” komandalarının oyununa kafedə baxan və oyunun ortasında Messi və Ronaldoya söyüş söyüldüyünə görə dalaşaraq, polisə düşən adamlarıq. Amma bu heç, bu futboldur, yekə instinktdir, qarşısında dayanılmaz. Burdan-bura doğma şəhərinin komandasının oyununa baxmaq üçün ildə bir dəfə stadiona getməyən gənc 10 min kilometr o tərəfdəki Argentina yığmasına “mənim komandam” deyə, Hollandiya yığmasına azarkeşlik edən əmioğlusuna “sizin rənginiz niyə narıncıdır, olmazdımı ki, özünüzə uyğun, mavi rəng seçəsiniz” deyə sataşa bilər. Normaldır. 

Normal olmayan isə İŞİD-in İraq şiələrinə hücumu zamanı yaranan ixtilaf idi. Fəallarımız dərhal iki cəbhə bölünmədimi? Saytlarda gedən məqalələrin, facebook-dakı statusların altına yazılan şərhlərdən qan damırdı. İŞİD tərəfdarları yazırdılar ki, Allahu əkbər, müqavimət göstərənlərin hamısının başı kəsilməlidir. Başlarının kütləvi şəkildə kəsilməsinə qarşı olanlar da yazırdılar ki, sizin kimiləri tutub asmaq lazımdır. (Hərənin öz üsulu).

İraqda gedən qanlı müharibənin virtual variantı bizdə gedirdi. Qarşı duran tərəflər əllərinə xəncər, qəmə götürüb bir-birinə hücum etmirdilər, amma hiss olunurdu ki, müvafiq şərait olsa, edə bilərlər. Nifrət, hiddət o dərəcədə böyük idi. Arada İraqda, Suriyada döyüşənlər atəşi kəsirdilər, amma bizimkilər bir an belə susmurdular və susmurlar. Adam var ki, səhər ertə əl-üzünü yumamış saytlara girir ki, birdən qardaşlara hücum olar, bu cavab verməz. Düz gecə yarısına qədər 347 dənə şərh yazır, qardaşları müdafiə edir, düşmənlərə hücum çəkir, qarğayır, söyür, hədələyir, lənət yağdırır, axırda da onunla razılaşmayanlara “Allah hidayət etsin” yazıb yatır. 

Budur, yerli höcətlər öcəşə-öcəşə güləşdirmək üçün yeni “şir” tapıblar: Ukrayna və Rusiya. Donetsdə vurulan təyyarəni hansı tərəfin vurmasının üstündə qırğın gedir. Ruspərəstlər həmişə olduğu kimi, deyirlər, bu Qərbin, mənfur imperialistlərin işidir. Antiruslar isə əmindirlər ki, təyyarəni rus raketçiləri vurub və başqa variant yoxdur. Hadisəni araşdıran beynəlxalq komissiya hələ qəti qərar verməyib, amma bizimkilər iki variantda ortaya qəti rəy qoyublar və bu azmış kimi, Moskva və Vaşinqtonu boğuşdururlar. 

Ən maraqlısı odur ki, artıq təyyarəni vuranlar dolayısı ilə etiraf edirlər, əleyhlərinə olan faktları dana bilmirlər, amma bizim “separatçılar” deyirlər, elə şey yoxdur, günah Ukraynadadır, Rusiya mələkdir, Aydan arıdır, sudan durudur. 

Bu duruma “Roma papasından artıq katolik olmaq” da deyirlər. Amma bu ifadə zəif qalır. Bizimkilər hamıdan ötədir. Nə xəstəlikdirsə...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar