Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspertlər həyəcan təbili çalır - Rəylər


Hökumət manatın müdafiəsi üçün təcili nə etməlidir?


Ekspertlər hökumətin son "manat qərarı"nı şərh edirlər, maraqlı detallar ortaya çıxır. 

Hökumətin manatla bağlı qəfil və kəskin qərarı cəmiyyəti çaşdırıb. Ekspertlərsə, həyəcan təbili çalır. 

Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edilib. Bu qərardan sonra əvvəlcə Mərkəzi Bank, günün sonuna qədər isə bəzi kommersiya bankları öz saytlarında məzənnələri yeniləyiblər. 

Mərkəzi Bank:  

1 USD-1.0500
1 EUR- 1.1950
1 RUB- 0.0170
 
Ekspertlər manatın kəskin şəkildə devalvasiyasına müxtəlif cür dəyərləndirirlər. 

Ekspert İlham Şaban bildirir ki, neft sektoru hər il ölkəyə milyard dollardan artıq avadanlıq və mexanizm idxal edir:

Azərbaycan Mərkəzi Bankı fevralın 21-dən 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05 manat səviyyəsində müəyyən edib. Hökumət niyə bu yolu seçdi? Əslində hökumətin atacağı addımlar içərisində elə bir seçim yox idi. Azərbaycan hökuməti uzun illərdir, qeyd edir ki, qeyri-neft sektoru durmada inkişaf edir və onun xüsusi çəkisi ÜDM-də artıq 3 ildir, neft sektorunun üstələməyə başlayıb. Statistikada bu, həqiqətən belədir. Ancaq ÜDM başqa şeydir, büdcə tam başqa... ÜDM-lə necə istəsən davrana bilərsən, onu hansı səpkidən istəsən, təqdim edə bilərsən, büdcə isə “yaşayıb yaratmaq üçün” yeganə real göstəricidir. Yəni əsas məsələ kimin büdcəyə nə qədər vəsait ödəməsidir! İndi 2014-cü ilin yekunlarına nəzər salaq. Neft Fondu büdcəyə 9,3 milyard manat vəsait verib, sonrakı yerdə SOCAR gəlir - 1,855 milyard manat, Dövlət Gömrük Komitəsi 1,51 milyard manat və xarici neft şirkətləri 1 milyard manata yaxın... Bundan sonra büdcəyə ödəniş edən qurum yenə dövlət şirkətidir - “Azərenerji”, ancaq təqribən 10 dəfə az həcmdə ödəyib. Digər qurumları - özəl və ya başqalarını - Azərbaycanın müvafiq orqanları açıqlamırlar, səbəbi bilinmir. Yəni fakt budur ki, Azərbaycanda 2010-cu ildən başlayaraq, “zirvə dövrünü” keçməsinə baxmayaraq, neft sektoru büdcənin 65 faizini gəlirlərlə tam təmin edir. Elə neft sektoru hər il ölkəyə milyard dollardan artıq avadanlıq və mexanizm idxal edir və buna görə nə qədər Gömrük Komitəsi yararlanır. Əslində Azərbaycan büdcəsi birbaşa və dolayısı ilə neftdən qidalanmaqda davam etməkdədir. Və Hökumətin neft vəsaitlərinin qeyri-neft sektoruna yatırımları ilə bağlı hesabatları bir dəfə də ona tuşlanmalıydı ki, bunların büdcədə əks olunan və olunacaq nəticələri barədə kimsə məsuliyyət daşıyırmı? Yoxsa milyardlar axıdılır və büdcə faydalanmır. Ancaq o sektorun tikinti-quruculuq işləri ÜDM-də böyük sıçrayış yaradır”.

O, həmçinin bildirib ki, hökumət xırda və orta biznesə yardımlar etsə də, əslində bu sektordan faydalanmağı özünün qarşısında prioritet vəzifə kimi görmür:

 “Yəni az bir qisim resurs ölkəsində buna rast gəlmək olar. Hökumət iri neft və qaz gəlirlərinə arxayın olanda, onun fokusuna kiçik və orta sahibkarlıq düşmür. Məsələ heç də Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət qayğısından getmir. Bu sahəyə aşağı faizlərlə kreditlərin ayrılması kimi məsələlərin də hökumətin diqqətindən kənarda olması faktoruna tuşlanmayıb. Bunlar neçə illərdir ki, tətbiq olunur. Məsələnin mahiyyəti başqadır- orta və kiçik biznesin büdcədəki payı nə qədərdir? Bu sektor vergi yığımında ildən ilə-öz xüsusi çəkisini nə qədər artırır və əhalinin aktivliyi hansı səviyyədədir bu sektora? Axı bu, bir reallıqdır ki, Azərbaycanda məktəblilər və tələbələr arasında son illər aparılan sosioloji sorğular bir qayda olaraq göstərir ki, əksəriyyət özünün gələcəyini dövlət sektorunda çalışmaqda görür. Yəni kiçik və orta biznesin Azərbaycan cəmiyyətində real nüfuzu yoxdur. Belə proqnoz etmək olar ki, yalnız neft qiymətlərinin düşməsi və iri neft gəlirlərinin başa çatmasının hökümət tərəfindən dərk edilməsindən sonra bu sahənin inkişafı yönümündə hansısa ciddi addımlar atıla bilər. Bu baxımdan real hazırkı şəraitdə devalvasiya yolu seçildi. Ancaq birdən-birə manatın 33 faiz ucuzlaşdırılmasına ehtiyac vardımı? Bunun iqtisadiyyata hansı təsirləri olacaq. Təbii ki, ilk olaraq makroiqtisadi tarazlıq yaradılması üçün hökumətə kifayət qədər imkanlar yaradacaq. Bəs praktik həyatda..? Təsəvvür edin ki, 1000 manatınız vardı. Əvvəl buna 1274 dollara dəyişə bilirdinizsə, indi 952 dollar ala biləcəksiniz. Yəni xarici səfərlərə gedənlər üçün bu kifayət qədər təsir edən bir amildir. Başqa bir misal, ötən ilin yarısından banklar istehlak kreditlərini əhaliyə dollarla verməyə başlamışdılar. Bu artıq insanlara əlavə ödənişlər deməkdir. Üçüncüsü, Azərbaycan ildə 8 milyard dollarlıq mal idxal edən bir ölkədir. Bunun böyuk bir qismi istehlak mallarıdır. Yəni geyim-keçimdən tutmuş, mebel, aksessuar, kibrit və içməli suya kimi… Nə olsun ki, hökumət “Ərzaq təhlükəsizliyimizi təmin etmişik” deyir. İdxal mallarında artıq daha çox ödəməli olacağıq. Hökumət bir tərəfdən bununla mesaj verir ki, pulu olan xarici mal alsın, olmayan yerli istehsaldan yararlansın. Bu da bir növ onların stimullaşdırıcı formasıdır, necə özünü doğruldar,  zaman göstərər. Xaricə əvvəlki turist axını artıq olmayacaq, yerli bazara meyl güclənəcək”.

Ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, Mərkəzi Bank doğurdan da, müstəqil qurum olsaydı, bütün məsuliyyəti o daşıyardı. Amma indi məsuliyyət tək Mərkəzi Bankın üzərində deyil: 

“Amma Elman Rüstəmov sürəci ən pis necə mümkün idisə, elə də yönəltdi. Əvvəl xarici mətbuata müsahibə verməklə panika yaratdı. Sonra AzTV-yə çıxıb, guya, insanları sakitləşdirdi. Amma elə orada da dedi ki, idxal mallarının qiyməti qalxacaq. Bu isə məzənnənin qalxacağı demək idi. İnsanlarımız nə hökumətə, nə Mərkəzi Banka inanmadığından, əllərində olan vəsaiti dollara çevirməyə başladılar, həm əmanətlər dollara keçdi, həm də “yasdıq altında” olan vəsaitlər... Bəzi məlumatlara görə, Mərkəzi Bank o panika günlərində hər gün bazara 800-900 milyon dollar çıxarmağa məcbur oldu. Çox güman ki, son həftədə rezervlər yarıdan çox azaldı. Rezervlər azaldı, amma rezervlərin olub-olmamağını heç kim kontrol edə bilmirdi. Belə bir praktika dünyada olub. Məsələn, 5-6 il öncə Yunanıstanda seçkidən sonra hökumət dəyişəndə, yeni hökumət gördü ki, əvvəlki hökumətin elan etdiyi rezervlərin heç yarısı belə ölkədə yoxdur”, - deyə ekspert qeyd edib. 

Ekspert bundan sonra olacaqları belə proqnozlaşdırıb: 

“Ölkədə ciddi “dollarlaşma” olacaq. Daşınmaz əmlak, maşın, qızıl, məişət əşyaları, mebel yenidən dollarla satılmağa başlayacaq. Hətta rüşvət də dollara keçəcək. Prezidentin müdaxiləsi ilə kursa müəyyən korreksiya edilə bilər. Yəni siyasi gediş ola bilər. 2015-də inflyasiya ikirəqəmli olacaq. Ərzaq inflyasiyası 20-25 faiz civarında olacaq. Bank və maliyyə-kredit sistemi stressə girəcək, bəzi banklar bağlanacaq. Dollarla ipoteka, avtomobil və istehlak krediti alanlar batacaq. Onlara mütləq kömək lazımdır, gərək hökumət belə bir dəstək proqramı qəbul etsin”.

Ekspert həmçinin qeyd edib ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov 2 dəfə xalqı aldatdığına görə, ən azı istefa verməli, özü getməlidir. Ya da çıxıb onu kimlərin belə addımlar atmağa sövq etdiyini açıqlamalıdır: 

“Hökumət dərhal anti-böhran planının işlənməsinə başlamalı, bütün mütəxəssisləri cəlb etməli, ya da tam tərkibdə istefaya gedib, yeni texniki hökumətin yaradılmasına qərar verilməlidir. Vergi və gömrükdə olan rüşvət, müdaxilələr, inhisarçılıq dərhal yığışmalıdır. Ölkədə ciddi açılıma ehtiyac var. Olmasa, bu proseslər xaosa yol aça bilər, xaos isə heç kimə lazım deyil...”.

İqtisadçı Azər Mehtiyev isə bildirir ki, Mərkəzi Bankın manatın məzənnəsini aşağı salması biabırçılıqdır: 

“İki-üç gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir. İndisə, belə bir qərar verilir. Bu addım azca da olsa, əhalidə qalan inam və etibara son zərbəni vurdu. Hətta bütün iqtisadçılar belə, əhalini ajiotajdan çəkindirməyə, panikaya getməməyə çağırırdılar. Ortada ciddi bir izahat da yoxdur. Artıq iqtisadi proseslər tamamilə yeni bir mərhələyə qədəm qoydu”.

O, nə baş verdiyini və bunun nəyə xidmət etdiyini bilmək istəyənlərə sadə izah təqdim edib: 

“2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfer edilməsi nəzərdə tutulub. Büdcə qəbul edilən zamankı kursla bunun üçün təqribən 13 milyard 318 milyon dollar lazım idi. Bu günkü kursla isə bunun üçün 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollardır. Bircə addımla bu qədər “qabağa düşdülər”. İl ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə, həll edirlər. Buna qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə “inflyasiya vergisini” də əlavə edin. Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması... Yerli istehsalın inkişafına bu cür nail olacaqlar?”

Rövşən Ağayev isə qeyd edir ki, iqtisadçılar onsuz da neçə vaxtdır ki, hökumətin bu addımı atacağını deyirdi: 

“Düzdür, bizim gözləntimiz indilikdə maksimum 15 faiz idi. Bu həddi isə biz prezidentin son çıxışına istinad edərək söyləyirdik. Çünki ölkə başçısı 1 manatın 1 avroya bərabər nisbətinin təmin olunmasının zəruriliyindən danışmışdı. Hökumət sərt devalvasiyaya getməyə də bilərdi. Sosial sarsıntılardan qaçmaq üçün ilin sonunadək manatın 10-15 faizlik devalvasiyası təmin olunmalıydı. Artıq ölkədə ikirəqəqəmli inflyasiya qaçılmazdı. Xüsusilə də ərzaq bazarının ən azı 50 faizii idxaldan asılı olan bu ölkədə qida məhsullarının ən azı 20 faiz bahalanması ilə proses yekunlaşsa, buna yalnız sevinmək lazım gələcək. Amma istənilən halda, belə sərt devalvasiyaya gediblərsə, deməli, vəziyyət kənardan görünəndən daha mürəkkəbdir. Hökumətin rəsmi arqumenti özünü doğrultmayacaq. Söhbət devalvasiyanın ixracın stimullaşdırılmasına töhfəsindən gedir. Əvvəla, biz dünya bazarında qeyri-neft məhsullarının rəqabətində yalnız onların yüksək qiymətinə görə uduzmuruq. Burda keyfiyyət amili də çox önəmlidir. İkincisi, bizim dünya bazarında rəqabət aparacaq məsullarımızın çeşidi nə qədər genişdir? Belə bir hesablama varmı ki, bu cür kəskin devalvasiya hansı məhsullarımızın dünya bazarlarında rəqabət qabiliyyətini yüksəldəcək, ən azı yaxın 2-3 ildə bu həddə devalvasiya ölkənin ixrac gəlirlərini, qeyri-neft ixracının ümumi ixracda payını neçə faiz artıracaq? Hökumət bu qədər sərt devalvasiyanın doğuracağı sosial nəticələri aradan qaldırmağa hazırdırmı? İndi ölkədə minimum əmək haqqı 105 manat, yaşayış minimumu 131 manat müəyyən olunub. Ərzaq səbətinin dəyərdən düşməsi fonunda hökumət yaşayış minimumunun dəyərinə yenidən baxacaqmı? Minimum əmək haqqı real alıcılıq qabiliyyətini inflyasiyadan qorumaq üçün artırılacaqmı? Sosial sahədə çalışan büdcə işçilərinin məvacibləri artırılacaqmı? Hələ noyabrda 2015-ci ilin büdcəsinin çox riskli büdcə olduğunu yazmışdım. Hökumət “inflyasiya vergisi” hesabına həm də büdcə öhdəliyinin müəyyən hissəsini yerinə yetirməyə ümidlidir. Əslində neftin qiymətlərinə uyğun daha realist büdcə tərtib olunsa idi, şişirdilmiş büdcə öhdəliyi hökuməti indiki qədər çətin vəziyyətdə qoymazdı. Kəskin devalvasiyanın bir səbəbi büdcənin doldurulması ilə bağlıdır. Bir sözlə, bu addım uzun müddətə həyata keçirilən və resurs ölkələri üçün xarakterik olan protsiklik büdcə siyasətinin nəticəsidir. Bu siyasətin mahiyyəti odur ki, resurs gəlirləri artan kimi ən yüksək xərcləmələrə hədəflənirsə, gəlirlər azalan kimi ya ixtisar, ya da büdcəni istənilən yolla doldurmaq üçün yollar axtarılır. İkinci səbəb valyuta ehtiyatlarının sürətlə əriməsindən qaçmaqla bağlıdır”.

Ekspert Samir Əliyev isə qeyd edir ki, hökumət kəskin devalvasiyaya getməklə yanlış addım atıb: 

“Bir məsələni demək istəyirəm. “Büdcədolduranlar” manatı “qoruyanlar”a qalib gəldi. Biz həmişə devalvasiyanın qaçılmaz olduğunu bildirməklə yanaşı, qeyd etmişdik ki, hökumətin 2 yolu var: ya kəskin, ya da yumşaq devalvasiya... Hökumət yumşaq ucuzlaşmanı seçdi və güman etdik ki, seçkiyə qədər belə yola verəcək. Ancaq bu gün məlum oldu ki, hökumət hər iki variantı seçib. Kəskin devalvasiya baş verdi və yumşaq devalvasiya davam edəcək. Manatın ucuzlaşması bununla bitmədi və ilin sonuna doğru yumşaq da olsa, ucuzlaşmaqda davam edəcək. Yenə də son sözü neft deyəcək. Neft bahalaşsa, manatın sabitləşməsi ehtimalı olacaq. Elman Rüstəmov hakimiyyətdə olan 2-3 peşəkar kadrlardan biridir. Onun peşəkarlığına həmişə hörmətlə yanaşmışam. Ancaq onu 2 dəfə efirə çıxartmaqla yalan danışmağa məcbur etdilər və bütün reputasiyasını zədələdilər. Onun manatı saxlamağa gücü çatmadı. Onun yerinə olsaydım, belə hörmətsizlik qarşılığında vəzifəmi tərk edərdim. Aprelə qədər fikirləşməyə vaxtı var”.

O, həmçinin bildirib ki, itirən təkcə vətəndaşlar deyil: “Ölkənin xəzinəsi - 2015-ci ilin dövlət büdcəsi xərcləri “qara şənbə” günü 27 milyard dollardan 20 milyard dollara qədər azaldı. Hökumətimiz bir dəfə də cəhd etsə, 18 milyarda sala bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar