Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik-leytenant İlham Hüseynov: “Həmin yüksəkliyi düşməndən azad etmək çox çətin idi”

Bu gün 26 iyun – Silahlı Qüvvələrin yaranmasının 104-cü ildönümüdür. Silahlı Qüvvələrimizin şəxsi heyəti xalqımızın və dövlətimizin etimadını bütün dövrlərdə şərəflə doğruldub. Belə ki, silahlı qüvvələrimizin hərbi intizamının artırılması, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, qazanılan və qazanılacaq uğurların, nailiyyətlərin daha da artırılması üçün zəruri tədbirlər görülür.

Ali Baş Komandan, prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər.

Bu günü Azərbaycan ordusunun sadiq hərbçilərindən biri olan polkovnik-leytenant İlham Hüseynov ilə birlikdə qeyd etdik.

Oxu.Az 46 yaşlı polkovnik-leytenant İlham Hüseynov ilə müsahibəni təqdim edir.

İlham Hüseynov 1976-cı ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olub. 1994-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub və 1998-ci ildə oranı bitirib. 1998-ci ildən N saylı hərbi hissədə xidmətini tağım komandiri kimi davam etdirib. Fəaliyyəti dövründə bir neçə hərbi hissədə çalışıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində fəaliyyətini dvam etdirir.

- Neçə ildir Azərbaycan Ordusunda xidmət edirsiniz?

- Günə-gün hesablasaq 28 il, ümumilikdə isə 33 ilə yaxındır Azərbaycan Ordusunda vətənimə xidmət edirəm.

- Bu illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin inkişaf dövrünə şahid olmusunuz. İstərdik bu inkişaf prosesi barədə danışasınız…

- İlk növbədə Azərbaycan Silahlı Qüvvələrinin bütün heyətini təbrik edirəm və fəaliyyətlərində uğurlar arzu edirəm. Azərbaycan Ordusunu daim yüksək əhval-ruhiyyəyə kökləyən xalqımızı da təbrik edirəm. 44 günlük Vətən müharibəsində biz bu birliyin gücünü gördük. Azərbaycan Ordusunun 1994-cü ildəki vəziyyəti ilə indiki dövrünü müqayisə etmək belə mümkün deyil. Sürətli gedən inkişaf, zabitlərin təlim-tədris prosesində ən müasir proqramların tətbiqi, ən müasir standartlara cavab verən silah-sursatların alınması, ordunun texniki bazasının gücləndirilməsi bu inkişafın ən təməl prinsiplərindən biridir. Heç şübhəsiz 2020-ci ildə Azərbaycan ordusunun qazandığı qələbə məhz Silahlı Qüvvələrin keçdiyi inkişaf yolunun bariz nümunəsidir.

Azərbaycan Ordusu XXI əsrin müharibəsini apardı. O tarixə qədər belə bir müharibə görülməmişdir. Torpaqlarımızı düşmən işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya öz gücünü göstərdi. Bu gün dünya ölkələrində, hərbi sistemlərdə Azərbaycan zabitinin, əsgərinin peşəkarlığından danışılır.

- Zabitlərin təlim-tədrislərində hansı metodlardan istifadə edilir?

- Bu mərkəzdə zabitlərin təkmilləşdirilməsi prosesi də həyata keçirilir. Belə ki, təlim üçün yeni proqramlar tərtib edilib və onlar tətbiq ediləcək. Bizdə ehtiyat zabit hazırlığı kursu, gizir hazırlığı kursu, müddətdən artıq hərbi qulluqçuların hazırlığı aparılır. Burada təhsil alan hərbi qulluqçular tədris siniflərində, təlim poliqonlarında əyani sürətdə təlim prosesi keçirlər.

- Bildiyim qədər siz, 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmisiniz. Həmin müharibədə iştirak etdiyiniz günlərə bir də qələbə sevinci ilə qayıdaq…

- Bu hissləri ifadə etmək çətindir. Aprel döyüşlərində Tərtər istiqamətində tağım komandiri olmuşam. Həmin döyüşlərdə yaralanmışam. Ayağımdan snayper gülləsi aldım. Bir neçə saat yaralı halda döyüş meydanında qaldım. Səyyar təcili tibbi yardım briqadası çağrıldı və məni xəstəxanaya apardılar. Daha sonra Tərtərin mülki xəstəxanasına gətirildim, oradan Yevlax xəstəxanasına sonda isə məni Bakıya, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərdilər.

- Reabilitasiya dövrü nə qədər çəkdi?

- Müalicələrim bitdikdən sonra iki ay reabilitasiya müddət təyin olundu. Nəhayət, həmin dövr bitdikdən sonra yenidən xidmətimə qaldığım yerdən davam etməyə başladım.

- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə dünyaya səs salan ordunun zabitisiz. Necə hissdir?

- Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi və bu işdə zabit kimi bizim də rolumuzun olması qürurvericidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə Zəngilan, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdən iştirak etdik. Bu müharibə dünyaya Azərbaycan Ordusunun taktiki döyüş qabiliyyətini öyrətdi. Dünyanın bir çox ölkələri bizim hərbi taktikalarımızı nümunə götürüb, hətta öz ordularının təlimlərində də istifadə etməyə başladılar. Bu da əlbəttə qürurvericidir.

Ümumiyyətlə, qazanılan uğurlarımızın başında, Azərbaycan Silahlı Qüvvələrinin bu cür peşəkar heyətə sahib olmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları dayanır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, biz, bu müharibədə qələbə qazandıq.

Döyüşlərə Zəngilan istiqamətindən başladıq. Ondan əvvəl 15-20 günlük təlimlərdə iştirak etdik. Zəruri döyüş tapşırıqlarını, hazırlıqlarını götürdük və irəli getdik. Döyüşlərdə bütün istiqamətlərdə düşmən qabağımızda dayana bilmirdi. Düşmən geri çəkilməyə başladı. Nəhayət biz öz torpaqlarımızı düşmənlərdən azad etdik. Daha sonra Qubadlıda və son olaraq Laçın rayonun Güləbird istiqamətində döyüş tapşırıqlarını yerinə yetirdik. Bu istiqamətdə bir çox kəndləri aldıq.

- Azərbaycan Ordusunun texnikaları da canlı qüvvələrin peşəkarlığını daha da artırdı desək, yanılmarıq, elə deyilmi?

- Əlbəttə ki, Azərbaycan Ordusunun ən müasir texnikaları var. Onlardan “Bayraktar”, “Harop”, hava hücumlarından müdafiə sistemlərimiz və s. digər texnikaları sadalamaq olar. “Bayraktar” özü ordumuzun aldığı ən son texnikalardan biridir. Pilotsuz uçuş aparatları orduya gəldiyi vaxtdan zabitlərə texnikalardan mükəmməl istifadə qaydaları öyrədildi. Vətən müharibəsində şəxsi heyətin həmin texnikalardan peşəkarcasına istifadəsi də bizi qələbəyə daha da yaxınlaşdırdı.

- Müharibədə şəxsi heyətdən itkilər oldu mu?

- Allah şəhidlərimizə rəhmət eləsin. Bizim müharibəyə qatıldığımız şəxsi heyət arasında heç bir itki olmadı.

- Müharibənin bitməsi xəbərini aldığınız an yadınızdadırmı? Həmin an hansı istiqamətdə döyüşlərdə idiniz?

- Bu heç vaxt yaddan çıxmaz. Orada televizor yox idi. Mən evə zəng etmişdim və telefonu televizorun qarşısına qoymalarını tapşırmışdım. Ali Baş Komandan çıxış edərək xalqa müraciət edirdi. Telefondan Ali Baş Komandanın çıxışını dinlədim və bildim ki, qələbə bizimlədir. Həmin xəbəri bütün şəxsi heyətə dedik. Onların sevincini, qürurunu sadəcə görmək, gözlərindən oxumaq olardı. Sözlər bunu ifadə edə bilməz.

- Müharibədən nə zaman qayıtdınız?

- Mən müharibə bitdikdən bir ay sonra geri qayıtdım. Dekabr ayının sonları idi.

Söhbət əsnasında polkovnik-leytenantın 45 yaşını Laçının Güləbird kəndində qeyd etdiyini də öyrəndik.

- Müharibədə iştirak etdiyiniz üçün təltif olunan hərbi qulluqçulardan birisiniz…

- Bəli, Ali Baş Komandana təltif edildiyim üçün dərin minnətdarlığımı bildirirəm. Belə ki, Aprel döyüşlərində iştirakıma görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə mükafatlandırıldım. Vətən müharibəsində xidmətlərimə görə, “Hərbi xidmətlərə görə” medalı ilə, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşam. “Müharibə veteranı” adını da almışam.

- Ailəlisiniz, üç övladınız var. Bəlkə də gələcək Azərbaycan ordusunun daha üç igid zabitini, xüsusi təyinatlısını böyüdürsünüz…

- Övladlarımın hər üçünün yaşı hələ azdır. Lakin, onlar vətənpərvər ruhda böyüyürlər. Ortancıl oğlum xüsusi təyinatlı olmaq istəyir. Kiçik oğlumun hələ 5 yaşı var. Böyük isə hələ qərar verməyib. Hər üç övladım hansı istiqamətdə karyera qurmağa qərar versə, valideyn olaraq daim onların arxasında dayanacağam.

- “Qarabağdan ayaqyalın çıxan uşaqlar, o torpaqlara tank üzərində geri qayıtdılar”. Bu özü çox tarixi və bir o qədər də insanı kövrəldən məqamdır. Necə düşünürsüz intiqam hissi ilə yanan ürəklər soyudumu?

- O, ayaqyalın gələn həmin uşaqları bu gün tank belində yetişdirən dövlətimizin dəstəyi ilə peşəkar hərbi qulluqçularımızdır. Həmin torpaqları işğaldan azad edən ilk növbədə igidlərimizin vətənpərvər ruhu, daha sonra öyrəndikləri taktiki biliklərin düzgün və zamanında tətbiq etmələridir. Hər birimiz qisas hissi ilə getdiyimiz bu yoldan, arzularımıza çataraq, qələbə ilə qayıtdıq.

- Müharibədən sonra Qarabağa getmisinizmi?

- Füzuli istiqamətinə qədər getmişəm. Lakin döyüşdüyüm yerlərə hələ ki mülki vətəndaş kimi getməmişəm. İnşallah işıqlı gələcək qarşıdadır. Qarabağda infrastruktur qurulur. Mülki formada o torpaqlarda gəzmək də bizə nəsib olar inşallah.

Hərdən dostların paylaşımlarında həmin ərazilərdən kadrlar görürəm, o dəqiqə ərazinin adını yazıram. Hamı təəccüblənir ki, uçuq-sökük, atəş altında gördüyün yerləri necə belə dəqiqliklə yadında saxlamısan. Baxın, müharibə belə bir şeydir. O kinolarda gördüyümüzdən fərqlidir. Müharibədə olmayan o hissləri başa düşə bilməz.

- Vətən müharibəsində yadda qalan ən çətin məqam hansı idi?

- Zəngilan istiqamətində döyüş zamanı bir yüksəkliyə doğru irəliləyirdik. O yüksəkliyi düşməndən azad etmək çox çətin proses idi. Ermənilərlə qarşı-qarşıya döyüş olmadı, lakin hər an hər şey ola bilərdi.

Xüsusilə ərazidə minalanmış sahələr çox idi. Ən çox Güləbird istiqamətində yollara, körpülərin altına minalar basdırılmışdı. Lakin bizim şəxsi heyətin arasında minaların zərərsizləşdirilməsi sahəsində mütəxəssislər ərazini ordunun hərəkəti üçün maksimum təhlükəsiz vəziyyətə salmağa çalışırdı.

Qeyd edək ki, polkovnik-leytenant İlham Hüseynovun həyat yoldaşının doğum günü dekabrın 1-nə təsadüf edir. Həmin dövrdə müharibədə olan hərbi qulluqçumuz həyat yoldaşının doğum gününə Laçının işğaldan azad olunduğu xəbərini verib. Onun sözlərinə görə, Laçın azad olunduğu gündən evlərində ikiqat bayram qeyd edirlər.

Oxu.Az 26 İyul – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuları təbrik edir, şəhidlərimizə isə Allahdan rəhmət ediləyir…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar