Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda seçkinin ən gərgin mərhələsi başladı


Cəmil Həsənli “deputat siyahısı” açıqladı, ara qarışdı; YAP-ın 116, Müsavatın 23, “Azadlıq 2015"-in 19, AMİP-in 12, Ümidin 17 namizədi qeydə alınıb


Seçki kampaniyasının namizədlərin qeydə alınma mərhələsi oktyabrın 9-da başa çatdı. 125 seçki dairəsi üzrə 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Dünəndən isə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib. Parlament seçkilərində namizədliyi qeydə alınmış namizədlər, o cümlədən onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmiş şəxslər təbliğat apara bilərlər.
Təbliğat kampaniyası seçkilərə 23 saat qalmış - 31 oktyabr saat 08:00-a qədər davam edəcək.

Hakim Yeni Azərbaycan Partiyası seçkilərdə 116 namizədlə seçkidə iştirak edir. Tanınmış müxalif siyasi təşkilatların isə qeydə alınan namizədlərinin sayı bundan dəfələrlə azdır. Məsələn, Müsavat Partiyasının irəli sürdüyü 70-ə yaxın namizəddən 23-ü qeydə alınıb, 40-dan çox namizədi isə müxtəlif bəhanələrlə qeydə alınmayıb. Bu barədə Müsavatın Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a bildirib. G.Aslanlı deyib ki, Müsavatın qeydə alınmış namizədlərinin oktyabrın 10-da partiya qərargahında birgə toplantısı olacaq. 10 oktyabrda həmçinin Müsavat Divanının növbədən kənar toplantısı olacaq. G.Aslanlının dediyinə görə, artıq qeydiyyat mərhələsi başa çatdığı üçün Müsavatın seçkilərdə iştiraka davam edib-etməyəcəyi məhz bu iclasda dəqiqləşəcək.

Qeyd edək ki, Müsavatdan qeydə alınan 23-cü namizəd sabiq deputat İltizam Əkbərlidir. İ.Əkbərlinin namizədliyini 79 saylı İmişli DSK-sı qeydə almamışdı. İ.Əkbərli bununla bağlı MSK-ya şikayət etmişdi. Dünən MSK-nın iclasında şikayətə baxılıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı İ. Əkbərliyə bələdiyyə tərəfindən verilən 0,6 hektar torpaq sahəsinin Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) qeydiyyatdan keçmədiyi üzə çıxıb.

R.İbrahimov qeyd edib ki, bu torpaq sahəsi DƏDRX-da reyestrdən keçmədiyi üçün DSK-nın qərarı ləğv edilməli, İ.Əkbərlinin namizədliyi qeydiyyata alınmalıdır. MSK məsələni səsverməyə çıxarıb, şikayət təmin edilərək DSK-nın qərarı ləğv edilib, İ. Əkbərlinin namizədliyi qeydə alınıb.

7 partiyanın təmsil olunduğu “Azadlıq 2015" seçki blokunun isə 72 namizədindən 19 nəfəri qeydə alınıb. Bu barədə blokun seçki qərargahının sədri Bəybala Əbil məlumat verdi. Onun dediyinə görə, müxalifətdən olan namizədlərin kütləvi şəkildə bəhanələrlə qeydiyyatından imtina edilməsi hakimiyyətin bu seçkiləri də həmişə olduğu kimi saxtakarlıq prinsipləri ilə keçirəcəyinin göstəricisidir.    

AMİP-n isə cəmi 12 namizədi qeydə alınıb. Bu barədə partiyanın katibi Elşən Mustafayev məlumat verdi. E.Musayev şəxsən onun özünün də namizədliyinin qeydə alınmadığını bildirdi.

Ümid Partiyası və “125-lər” Siyasi Klubundan isə seçkidə iştirak etmək üçün müraciət edən 80-ə yaxın şəxsdən son olaraq 17 nəfərin namizədliyi qeydə alınıb.

Təbliğat kampaniyasına start verilən gün isə Milli Şuranın sədri Cəmil Həsənli seçkilərdə hakimiyyətin kimlərə deputat mandatı verəcəyi ilə bağlı özünün facebook səhifəsində siyahı yayıb. 125 nəfərin adının qeyd edildiyi siyahıya diqqət yetirdikdə hazırkı deputatların əksəriyyətinin adına rast gəlinir. Maraqlıdır ki, Cəmil Həsənlinin siyahısında diqqətçəkən bir neçə ad-soyad var. Bunlar AXP sədri Pənah Hüseyn, Vəhdət Partiyasının sədri Tahir Kərimli və ASDP sədri Araz Əlizadənin adlarıdır. Tanınmış jurnalist İlhamiyyə Rzayeva və Elşən Musayevin adları da siyahıda yer alır. 

C.Həsənli mandat alacağı gözlənilən şəxslərin siyahısını yayarkən nəzərdə tutur ki, artıq seçkilərin taleyi müəyyən olunub, seçicilərin necə səs verməsindən asılı olmayaraq mandatla mükafatlandırılası şəxslər “deputat” təyin ediliblər.

Milli Şura sədrinin siyahısının nə dərəcədə səhih olub-olmadığı şübhəsiz ki, 1 noyabr seçkiləri yekunlaşanda məlum olacaq.

Cəmil Həsənlinin yaydığı siyahıda deputat mandatı veriləcəyi qeyd olunan Pənah Hüseyn musavat.com-a bildirib ki, “deputat təyin olunmağı” barədə nə informasiyası, nə də ehtimalı var: “Professor Cəmil  Həsənli böyük tarixçi alim və kifayət qədər təcrübəli  siyasətçidir. Yəqin bir bildiyi var. Lakin sözün doğrusu, seçkilərlə bağlı ən azı bu günə olan vəziyyət elədir ki, 1 noyabrda həqiqətə yaxın mənzərəni cızmaq üçün elə ciddi analitik düşüncəyə və təhlilə ehtiyac yoxdur. Xüsusən 5 faizlik dəyişmə intervalı  qoymaqla (bu 6- 7 deputat mandatı deməkdir və əhəmiyyətli bir rəqəmdir) bu cür proqnozu vermək çətin deyil. Bunun üçün Cəmil Həsənli çapında alim və siyasətçi olmaq da tələb olunmur. 1995-ci ildə Nemət Pənahlı da bu tipli siyahı dərc eləmişdi. Çoxsaylı başqaları da edib”. 

P.Hüseyn sözünə davam edərək bildirib: “Özümə gəlincə, mən hansı durumda seçkilərə getdiyimizin və mövcud siyasi reallıqların fərqindəyəm və bu seçkilərdə iştirakımız son illərdə hələ İctimai Palatada işlənib hazırlanmış, müəlliflərindən biri olduğum, son  ildə ”Azadlıq- 2015" siyasi partiyalar bloku çərçivəsində həyata keçirməyə çalışdığımız demokratiyaya yumşaq keçid xəttinin tərkib hissəsidir. Cəmil müəllimə tam səmimi deyirəm ki, mənim “deputat təyin olunmağım” barədə ondan fərqli olaraq nə informasiyam, nə ehtimalım var". 
AXP sədri deyib ki, 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd kimi qeydə alınıb, bir neçə yüz tərəfdardan ibarət komandasıyla gərgin şəkildə işləyir: “Ayın 9-dan təbliğat-təşviqat kampaniyası başlandı. Biz də  ”Azadlıq - 2015"- in hələ rəsmən təsdiq olunmasa da  “Milli birlik, demokratik inkişaf , sosial dövlət” adlı seçki platformasına uyğun təbliğata -təşviqata başlayırıq. Öncəlik vəzifəmiz seçicilərin səsini almaqda üstünlük qazanmaqdır. Şanslarımızı yüksək qiymətləndirirəm və inanıram ki, seçicilərin səsini qazanacağıq, ancaq rəqibləri də  ciddiyə alırıq və elə də asan rəqabət olmayacağını bilirik. Ölkədəki durumla və özəlliklə seçki şəraiti ilə bağlı situasiyanın nədən ibarət olduğu hamıya bəllidir.  Bu situasiyada hər bir siyasətçinin, hər bir siyasi qüvvənin öz taktikasını müəyyənləşdirmək hüququ var və hansı taktikanın doğru olduğunu proseslərin gedişi göstərəcək.  Vacib olan millətimiz, dövlətimiz, Azərbaycan insanı üçün doğru olandır. “Azadlıq - 2015" əlindən gələni edəcək ki, seçkilərin nəticələri qaramsal olmasın”.

C.Həsənlinin siyahısında 35 saylı Xətai üçüncü seçki dairəsindən deputat mandatı veriləcək şəxs kimi göstərilən ASDP sədri Araz Əlizadə isə bildirib ki, Cəmil Həsənli bu saxta yanaşmanı ortaya qoymazdan əvvəl özünün hansı yolla deputat olduğuna aydınlıq gətirməlidir: “Cəmil Həsənli iki dəfə deputat olub. Mən ondan soruşdum ki, sən necə deputat olmusan. Onun cavab verməyə cürəti çatmadı. Yaxşı olardı ki, o, ilk növbədə buna aydınlıq gətirsin. Mən isə heç vaxt hakimiyyətdən saxta mandat almamışam. İndiyə qədər neçə dəfə seçkilərə qatılsam da seçilməyimə imkan verilməyib”.

A. Əlizadə onu da vurğulayıb ki, İqbal Ağazadə ilə bir dairədə rəqib olması iki müxalifət namizədi arasında seçim aparılacağını deməyə əsas vermir: “Mən heç vaxt radikal müxalifətin yanında olmamışam. Ümid Partiyası, Müsavat, AXCP sağ mərkəzçi qüvvələrdir, biz isə solçu mövqedəyik”.

Hazırda 35 saylı dairənin deputatı və həmin dairədən namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, belə bir siyahı elan etmək Cəmil Həsənlinin şəxsi fikridir: “Bəri başdan hansısa real olmayan fikirlər söyləmək doğru olmaz. Hesab edirəm ki, son sözü mənim seçicilərim deyəcək. Mən seçicilərimlə işləyirəm və onların da mənə səs verəcəyinə inanıram”.

Siyahıda 17 saylı Yasamal seçki dairəsindən mandat veriləcək şəxs kimi adı qeyd olunan İlhamiyyə Rza isə bildirib ki, siyahının müəllifi Cəmil Həsənliyə nədən bu qənaətə gəldiyi barədə sual ünvanlansa daha doğru olar.

Hakim Yeni Azərbaycan Partiyasından da Cəmil Həsənlinin siyahısına münasibət bildirilib. YAP icra katibinin müavini Siyavuş Novruzov belə bir siyahının ortaya çıxarılmasını böhtan və yalan adlandırıb: “Cəmil Həsənli iki dəfə deputat seçilib, yəqin onun da deputatlığı saxta olub, onda niyə seçilməyini gözləyirdi, gedib Mərkəzi Seçki Komissiyasından mandatını alardı.

Bu cür böhtan və yalanlar seçkinin üzərinə heç bir kölgə sala bilməz. Bəli, seçki prosesində, təbliğat-təşviqat zamanı və digər proseslərdə namizədlərin sorğular vasitəsilə ortaya çıxması olur. Bunun digərindən güclü, yaxud hər birinin necə dərəcəsi olduğu bu zaman ortaya çıxır. Bu, normal haldır. ABŞ-da da prezident seçkilərində bununla bağlı məlumatlar verilir. Amma əsas səsvermə noyabrın 1-dədir. Kimə səsə verəcəklərsə, o da Milli Məclisə deputat seçiləcək. Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı. Azad şərait, azad seçki mühiti var".

S.Novruzov YAP parlament seçkilərinin təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcəyini də bir daha bəyan edib. O qeyd edib ki, artıq bunun üçün MSK-ya rəsmi məktub da göndərilib. O xatırladıb ki, bu il keçiriləcək parlament seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb: “Amma digər partiyalar, seçki bloku 60-dan artıq seçki dairəsində namizəd qeydiyyatdan keçirə bilməyiblər. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi 60-dan çox dairədə namizədimiz qeydə alındığına görə YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. 

Amma YAP bundan istifadə etməyəcək. Çünki başqa partiyalar və parlament seçkisinə qatılan blok 60-dan artıq dairədən namizəd qeydiyyata aldıra bilmədiklərinə görə pulsuz efir vaxtı hüququ qazana bilməyiblər. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina etmişik”.

Müsavat Partiyasının Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı isə bildirdi ki, YAP ödənişsiz efir vaxtından imtina etdiyini hələ namizədlərin qeydiyyatı müddəti başa çatmamışdan xeyli əvvəl bəyan edib və bununla da seçki komissiyalarına müxalifətdən heç bir siyasi təşkilatı 60-dan yuxarı namizədinin qeydə alınmaması əmrinin verildiyini dolayısı ilə ortaya qoymuş olub: “Siyavuş Novruzov hələ namizədlərin qeydiyyata alınma prosesi başa çatmamışdan bir həftə öncə bəyan etmişdi ki, yalnız YAP-ın 60-dan yuxarı namizədi qeydə alındığı və digər partiyaların ödənişsiz efir vaxtı hüququ əldə edə biləcək sayda namizədləri qeydə alınmadığı üçün YAP təkbaşına ödənişsiz efir vaxtından istifadə etmək fikrində deyil. 

Bununla Siyavuş Novruzov YAP-dan başqa heç bir təşkilatın 60-dan yuxarı namizədinin qeydə alınmayacağını bildiyini, belə bir göstərişin seçki komissiyalarına verildiyini dolayısı ilə açıqlamış olmuşdu”. 

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar