Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bestseller söyüş kimi səslənə bilərmi?


Stiven Kinqin bestsellerləri dünyada sevilsə də, populyar olsa da, ədəbi dairələrdə bu müəllifə nədənsə böyük sayğı göstərmirlər. BBC Culture-nin müxbiri Ceyn Çiabattari bunun ədalətli olub-olmamağını araşdırıb


Hələ karyerasının əvvəlində Kinq fövqəladə bir bacarıqla publikanın tələbatının nələr olduğunu anlamışdı. Onun ilk romanı “Kerri” çıxandan bəri qırx il ərzində 50-dən çox kitabı nəşr edilib və onların hamısı dünyada böyük kommersiya uğuru qazanıb. “Kerri” romanının çapından sonra məşhur Amerika rejissoru Brayn de Palma əsər əsasında eyni adlı dəhşət filmi çəkdi.
 
1977-ci ildə Kinqin “Parıltı” romanı çap edildi; hadisələr xizəksürmə kurortunda baş verir, baş qəhrəmanlar - xüsusi istedada malik oğlan və onun yarı-dəli atasıdır. Bu əsər yazıçının psixoloji triller janrında istedadının növbəti təsdiqi oldu. 
 
1980-cı ildə Stenli Kubrik “Parıltı”nı ekranlaşdırandan sonra Kinqin əsl sənayesi yarandı. Onun yaradıcılığı əsasında onlarla film çəkildi, teleproqram hazırlandı. Və yazıçı bununla kifayətlənmək istəmir, çünki milyonlarla oxucusu ondan yeni əsər gözləyir.
 
Amma ədəbiyyatçılar Kinqi xüsusi olaraq heç vaxt tərifləməyiblər.
 
İllərlə verilən “o, ciddi yazıçıdırmı” sualına qəti şəkildə “yox” cavabı verilib. Və bu “yox” qənaəti kitab satışının, mədaxilin həcminin, iş tempinin yüksək olması və romanlarına çoxlu filmlərin çəkilməsi ilə möhkəmlənib.
 
Ədəbi dairələrdə hesab edilir ki, kommersiya uğuru ədəbi məhsulun bədii dəyər ölçüsü deyil və “bestseller” sözü az qala söyüş kimi səslənir. Maraqlıdır ki, bu suala təkcə nüfuzlu ədəbi mükafatlar alan yox, həm də oxucuların ürəyini fəth edən XXI əsrin Çimamanda Adiçi, Riçard Flenaqan, Donna Tartt kimi yazıçıları nə deyərdi.
***
Kinq mütəmadi yeni kitablar nəşr etdirir və oxuculara imza günü keçirir.
 
Lap əvvəldən Kinqi bəlli janrın yazıçısı hesab edirlər, əslində isə onun yaradıcılığı çox şaxəlidir. Triller, elmi fantastika və fentezidən başqa o, eyni zamanda tarixi fantastik romanlar (Yaxınlarda "11/22/63" romanını yazıb, burda Amerika prezidenti Con Kennedinin qətlinin qarşısını almaq məqsədilə zamana səyahət edir. Kitab nüfuzlu Amerika qəzeti “Los Angeles Times”in mükafatına layiq görülüb və “New York Times” versiyasına görə ilin on ən yaxşı kitab siyahısına daxil olub), vesternlər və qısa hekayələr yazır. Kinqin özünün dediyinə görə, o, janr müxtəlifliyi ilə heç olmasa özünə yazıçı kimi tükənmədiyini sübut edə bilir.
***
Kinq həmişə etiraf edib ki, nüfuzlu, əhəmiyyətli ədiblərin əsərlərindən ilhamlanır. Məsələn, onun “New Yorker” jurnalında çıxan və O. Henri mükafatı alan  “Qara kostyumlu adam” hekayəsi  XIX əsr Amerika yazıçısı Nataniel Gotorna sayğıdır. Söhbət Gotornun sıx meşəlikdə gənc adamın iblislə görüşü haqda novellasından gedir. Kinqin Edqar Allan Po ilə ruhi yaxınlığı ilk dəfə onun “Qocanın ürəyi” hekayəsində təzahür edib. O, hekayəni Ponun  "Döyən ürək” hekayəsinin motivləri əsasında yazıb. Yazıçının 1987-ci ilə çapdan çıxan "Tomminokerlər” elmi-fantastik romanı isə həmvətəni Hovard Filipps Lavkraftın əsərlərinin təəssüratı altında yazılıb.

Bundan başqa Kinqin yaradıcılığına Corc Sonders,  Karen Rassel, Karen Coy Fauler, Maykl Şeybo kimi  orijinal yazıçılar da təsir edib. Adıçəkilən yazıçılar janrların sərhədlərini aşır, fentezidən çimçəşmədən  horror ədəbiyyatının kanonlarını qəbul etsələr də, özünəxas məziyyətləri itirmirlər.
***
Bütün bunlar onu deməyə əsas verirmi ki, Kinqi ciddi qəbul etməyə dəyər?
 
Yəqin ki, bu sual noyabrda kitab mağazalarında onun yeni romanı “Canlanma”  görünəndə yenidən gündəmə gələcək. Əsər iblislə saziş mövzusunu açır. Əsərin qəhrəmanları roker-narkoman və keşik simasında olan cəhənnəm bədheybətidir.
 
Beləliklə ciddi qəbul edək ya yox? Mən şərti olaraq bu suala müsbət cavab verərdim. Kinqə, texnologiyanın kitab qiraəti ənənələrini qeyri müəyyən şəkildə dəyişdiyi, kitab üçün mürəkkəb dövrdə milyonlara oxucunu cəlb etmək nəsib olur. O, ilk yazıçılardan biridir ki, yeni  texnologiya ilə eksperimentə cəsarət edərək, internetdə roman felyetonlarını və ilk elektron kitabını yerləşdirdi.
 ***
Kinqin ən parlaq cəhəti əla təhkiyəçi olmağındadır. O, həqiqətin və yalanın, şərin və xeyrin  qarşıdurması üzərində bütöv dünyalar yarada bilir.  Yazıçı hamıya tanış ailə problemlərindən, gözlənilməzlik qarşısında qorxudan və doğma ruh tapmaq cəhdlərindən yazır.
 
Edamlar, ebola virusu, seriyalı qətllər, avtoqəzalar, ağlını itirmiş polislərin dinc əhaliyə güllə atması, kütləvi ölümlər, insanları  elektron əlaqə vasitələri ilə qorxutmaq kimi dəhşətli xəbərlərin burulğanına düşdüyümüz vaxtda Kinqin müdhiş romanları ruhu təmizləyir və hətta nəsə bir düzən hissinə nail olmağa kömək edir.
 
Bəzən o, bəsit, dayaz olur, bəzən isə pərəstişkarlarını möhtəşəm qotik üslubla sevindirir.
***
Mən Kinqin ədəbi xidmətləri barədə Amerikanın Yel  Universitetinin  professoru, əfsanəvi tənqidçi və “Qərb kanonu” əsərinin müəllifi Harold Bluma sual verirəm. 2003-cü ildə Kinq, Amerika ədəbiyyatında əhəmiyyətli xidmətinə görə Milli Kitab Fondunun mükafatını alanda Blum yazıçının ünvanına sərt tənqidlər səsləndirdi. Blumun fikrincə, mükafatın Kinqə verilməsi bu iyrənc prosesdə mədəni həyatımızın çox satılan mallar səviyyəsinə kimi hörmətdən salınmasına doğru növbəti addımdır.
 
Keçmişdə Kinqi “bayağı dəhşət əsərləri müəllifi” adlandırmışdım, amma düşünürəm ki, bu, kifayət qədər yumşaq təyindir. Onun Edgar Allan Po ilə heç bir bağlantısı yoxdur. O, sadəcə, pis yazıçıdır, onun hər cümləsi, hər abzası və hər kitabı bu haqda deyir”

 ***
Ötən ildən bəri Blumun fikrinin dəyişməsi mümkündürmü? Görünür, yox. “ Kinqin romanları-Folknerin, Prustun, Coysun, Henri Ceymsin və digər roman ustaları ilə tanış olan ciddi oxucunun diqqətinə layiq deyil”.
 
Eyni sualı əks janr düşərgəsinin nümayəndəsi, dəhşət romanları yazan məhsuldar amerikalı yazıçı Piter Strauba ünvanladım. Straubun artıq bu janrda xüsusi nailiyyətlərini qeyd edən bır yığın  Brem Stoker mükafatı var, o, eyni zamanda bir neçə antologiyanın, həmçinin, Edgar Ponun uşaq hekayələrinin və Hovard Filipps Laverfaftın hekayə toplusunun redaktoru olub. Bu nəşrlər qeyri-kommersiya “Library of America” nəşriyyatında yayımlanıb.
 
Straub Kinqlə birlikdə “Talisman” (1984) və onun davamı olan “Qara ev” (2001) romanlarını yazıb.
 
"Kinqi Dikkens, Uilki Kollinz, Reymond Çandler, Brem Stoker, Konan Doyllə bir cərgəyə qoymaq olarmı” sualı qəribədir.  Hərçənd, hansısa mənada Kinq əsər yazmağa başlayandan bəri bu sual verilir. 1970-ci illərin sonundan bu sual daha çox ritorik idi - öz özlüyündə güman etmək olar ki, cavab mənfidir.
Keyfiyyətli ədəbiyyata alışmayan geniş oxucu auditoriyasının təsəvvürlərinə hakim olan yazıçı ciddiliyə iddia edə bilməz.  İndi Kinqin auditoriyası daha çox rəngarəngləşib. Kinqin pərəstişkarları həmişə onunla Dikkens arasındakı oxşarlığı seziblər. Getdikcə bu oxşarlıq daha qabarıq gözə çarpır. Hər iki romançının böyük populyarlığı və geniş biblioqrafiyası, kədərə, qroteskə zəifliyi, cəmiyyətin aşağı təbəqələrinə dərin marağı var və hər ikisini publika sevir.
 
 ***

Öz dövründə Dikkensi də tənqid edirdilər. Dikkens Corc Eliotun (bu təxəllüs altında  ingilis yazıçısı Meri Enn Evans yazırdı)  “hədsiz  məşhurluğuna və əməyinə görə həm pul çox qazanmasına görə hücumuna məruz qalmışdı.”
 
Onun verdiyi sual Kinqi bu gün təqib edir: “İcazənizlə soruşum, kim cənab Dikkensi ciddi qəbul edir? Məgər onun  mahiyyətcə melodramatik və sentimental fəndlərini qiymətləndirmək səfehlik deyil?”. Dikkens zamanın sınağından çıxdı. Bu gün heç kəs onun məziyyətlərinə etiraz eləmir. Və Kinqin yaxşı əsərləri də bizim mədəniyyətə o qədər daxil olub ki, görünür, onu da belə tale gözləyir.(kulis.az)

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar