Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar siqaret qadağası ilə bağlı qanun layihəsini müdafiə etdi


Vahid Əhmədov və Zahid Oruc tütün qadağasının vacibliyini vurğuladılar


Siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin qəbul olunması günlərdir mətbuatın gündəmindən düşmür. Cəmiyyətdə böyük əksəriyyət bu qanunun qəbul olunmasının tərəfdarı olsa da, əleyhinə olanlar da az deyil.

Məlum olduğu kimi, Milli Məclisin sonuncu iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. 17 maddə, 3 fəsildən ibarət qanun layihəsində ölkədə tütündən (siqaretdən) istifadənin qadağan olunduğu yerlər, tütün əleyhinə tədbirlər və sair bu kimi məsələlər yer alıb. Layihəyə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbir keçirilən zallarda, ticarət və məişət obyektlərin, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, inzibati binalarda, iş yerlərində tütün çəkilməsinə icazə verilməyəcək.

Qadağalar həmçinin vağzal, avtovağzal və avtobus dayanacağı, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, liftlərdə, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında, yüksək təhlükə mənbəyi hesab olunan digər obyektlərə də aid olacaq.

Müzakirələr çərçivəsində qeyd olunub ki, Azərbaycanda son illər qadınların da siqaretə marağı artaraq 1 faizi keçib. Kişilərin 67,5, qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir.

Qanun layihəsi hələ qəbul olunmasa da, siqaret mafiyasının birmənalı şəkildə buna qarşı duracağı, müqavimət göstərəcəyi gözlənilir. Lakin qanun layihəsinin önündə yaşıl işıq yandıran digər bir məqam isə ölkə başçısının öz iradəsini ortaya qoyaraq, siqaretdən istifadənin əleyhinə çıxış etməsi oldu. 
Milli Məclisin bir çox deputatları da qanun layihəsinin qəbul olunmasının tərəfdarıdır.

“Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qanunun qəbul olunacağına əmin olduğunu bildirdi: “Bu, çox ciddi bir qanundur və bu qanun layihəsinin müzakirəsi dəfələrlə Milli Məclisdə qaldırılıb. Mən də cənab prezidentin səsləndirdiyi fikrin tərəfdarıyam. Heç zaman siqaret çəkməmişəm, heç dadını da bilmirəm. Ümumi götürəndə Azərbaycanda çox böyük işlər görülür, çox böyük mədəni obyektlər istifadəyə verilir. Ona görə də siqaretə də müəyyən məhdudiyyətlər qoyulmalıdır ki, harada çəkilə bilər, harada çəkilə bilməz. Biz siqaret çəkməyi tamamilə qadağan etmirik. Sadəcə, deyirik ki, lazımi yerlər ayıracaq və həmin yerlərdə siqaret çəkməyə icazə veriləcək. Adam var ki, restoranda çörək yeyilən yerdə siqaret çəkir. Bu heç bizim mentalitetə də uyğun deyil. Hətta kinoteatrlarda belə xəlvət şəkildə siqaret çəkənlər var. O baxımdan, bu, vacib bir qanundur və Milli Məclisdə qəbul olunacaq. Təbii ki, müəyyən düzəlişlər olunacaq. Millət vəkillərinin bu məsələ ilə bağlı təklifləri də qanun layihəsində nəzərə alınacaq. Ancaq mən hesab edirəm ki, bu yaxşı bir qanun olacaq”.

Milli Məclisin deputatı Zahid Oruc isə Azərbaycanda belə bir qanunun qəbul olunmasına uzun müddətdir ehtiyac olduğunu ifadə etdi: “Uzun müddət idi ki, bu qanun layihəsi parlamentdə qaldırılırdı. Statistik məlumatlar açıqlanırdı ki, tütün və tütün məhsullarından istifadə üzrə Azərbaycanda göstəricilər dünya ölkələrindən çox fərqlidir. Ancaq sonuncu layihənin təqdimatında komitə rəhbəri çox üzücü rəqəmləri elan etdi. Qeyd etdi ki, qadınlar arasında da siqaretin yayılma arealı genişlənib. Bu mənada layihənin əhəmiyyəti bir daha ortaya çıxır. Qeyd etdiyimiz kimi, məlum müşavirədə ölkə başçısı da çağırış etdi. Baxmayaraq ki, bu, Azərbaycanda əkib-becərilən, iqtisadi baxımdan müəyyən gəlir gətirən sahələrdən biridir. Ancaq bunu dünya bazarına ixrac etmək daha məqsədəuyğun olar. Çünki istənilən halda dünyada tütün istehlakçısı hər zaman olacaq”.

Deputatın sözlərinə görə, Azərbaycanda siqaret çəkənlər və o tüstü ilə başqalarını da zəhərləyənlər həddindən artıq çoxdur: “Biz ictimai yerlərdə siqaretin qadağan olunması ilə bağlı qanunun müzakirəsinə başlayan kimi, dərhal ortaya belə məsələlər çıxırdı ki, həmin obyektlərdə siqaret çəkənlər üçün kiçik qapalı yerlər yaradılsın. Məlum oldu ki, dünya praktikasında bu daha çox soyuq ölkələrdə yayılıb, isti iqlimə malik ölkələrdə, ümumiyyətlə, qapalı yerdə siqaret çəkilməsi anlayışını ortadan çıxarmaq lazımdır. İnsanların olduğu qapalı yerlərdə siqaret çəkmək birmənalı olaraq qadağan olunmalıdır və onlar açıq havaya çıxaraq orada çəkə bilərlər. Hesab edirəm ki, bu qanun siqaret çəkənlərin sayına da təsir göstərəcək. Bu, birinci növbədə sağlamlıq məsələsidir. Digər tərəfdən, başqalarının sağlamlığı ilə bağlı önəmlidir. Qanun layihəsində həmçinin sulu qəlyan məsələsi də ciddi vurğulandı. Bu da çox önəmlidir. Xüsusilə də məktəblilərin böyük bir hissəsinin qəlyandan istifadəsi önə çəkilir. Burada ən önəmli məqam sulu qəlyandan istifadə zamanı müxtəlif xəstəliklərin yayılması ehtimalıdır.

Yaxın zamanlarda bu qanun layihəsi bir daha müzakirə olunacaq və əminəm ki, qəbul olunacaq. Bundan əvvəlki dövrdə ehtimal var idi ki, tütün şirkətləri bu prosesə, hətta qanunvericilik aktının qəbuluna mane olarlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar