Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-i Hollywood düzəldib?


Əli Əkbərdən sensasion yazı



Saytların birində, İŞİD haqqında vərdiş etdiyimiz, qanlı xəbərlərdən birini oxuyurdum, altda şərhlər diqqətimi çəkdi. İŞİD-i lənətləyən istifadəçilərdən başqa, orda İŞİD-i müdafiə edənləri də gördüm. Ürəyi İŞİD-lə olanlardan biri, belə bir şərh yazmışdı: “Necə ki, siz rafizilər (vəhhabilərin şiələrə qoyduğu aşağılayıcı ad – Ə.Ə.) bizi səfəvilər zamanı kəsib doğramısınız, biz də sizin kökünüzü belə qurutmağa and içmişik. Rafizilərə ölüm!”

Yəni bir azərbaycanlı, azərbaycan dilində, belə bir şərh yazır. Maraqlıdır, onun özü kimdir, hardan çıxıb, necə olub ki, qafası-beyni belə kalka fikirlərlə dolub? Açıq-aydın görünür ki, bu fikirlər “copy-paste” üsulu ilə soxulub beyninə. Səudiyyədə kəsib, Azərbaycanda yapışdırıblar. 

Səudiyyəni anladıq, bəs bunlara nə düşüb ki, bir torpaqda yaşadıqları, bir ölkəni paylaşdıqları insanlara, özü də ölkənin əksəriyyətinin, folklor səviyyəsində olsa belə, inandığı məzhəbin mənsublarına belə kin qusurlar? Hansı dini dözümlülükdən danışmaq, bunlara qarşı necə tolerant olmaq olar ki, adamlar açıq mətnlə, ölkənin 60-70 faizini “rafizi”dir deyə qətlə yetirməyə hazırdırlar? Bir vəhhabi, sələfi, nə bilim xəvaric, təkfirçi (heç bir fərqi yoxdur) boynuna alsa da, almasa da Azərbaycan əhalisinin yarıdan çoxunun qanını halal hesab edir. Faciədir. 

Yoxsa bunlar ciddi-ciddi, tam səmimi olaraq əsrlər əvvəl yaşanmış hadisələrin intiqamını almaq istəyirlər? Kimdən? Yüz illərdir, nəsildən nəsilə genetik nifrətmi ötürülür? Şah İsmayıl nə vaxtsa, nəsə edib deyə yüz, min, bəlkə də on min azərbaycanlı İŞİD-ə qoşulub İraq çöllərində baş kəsməyə, ya da heç olmasa internetdə oturub onları dəstəkləməyəmi hazırdır? İnsan doğrudanmı öz nifrətində bu qədər səmimi ola bilər? Mənim dindar, hətta qatı dindar zamanlarım da olub, amma mən heç vaxt, heç kəsi kəsməyi, öldürməyi arzulamamışam. Mənim indi də inanclı dostlarım var və onların da adam öldürmək kimi arzuları yoxdur. Ümumiyyətlə inana bilmərəm ki, təhsilli, kitab bilən, qəzet tanıyan, normal tərbiyə alan adam, kiminsə başını kəsmək istəsin. Dində radikalizm, ekstremizm yolunu tutsun. Sadəcə inanmıram. Savadlı, təhsilli, zəngin dünyagörüşlü bir adam radikaldırsa deməli bir marağı vardır. Mütləq marağı var və artistlik edir, rol oynayır. Qalanları isə qurbanlardır – “cənnət və huri” müqabilində ət maşınından keçirilməyə hazır qurbanlar. 

“Heç ağıllı adam da vəhhabi olarmı; nə olsun ki, rusca düşünür və danışır?”


Bizdə belə bir yanılğı var ki, vəhhabilərin sıralarında xeyli sayda savadlı, rusdilli, şəhər adamı var. Hey gidi dünya, “rusdilli şəhər adamı” avtomatik, sorğu-sualsız “oxumuş, təhsilli, intellektual” kimi tərcümə olunur deyə, camaat da elə bilir vəhhabilərin sıralarında xeyli sayda ağıllı adam var. Heç ağıllı adam da vəhhabi olarmı? Nə olsun ki, rusca düşünür və danışır? Baş boş olandan sonra, istəyir yaponca danışsın. Ağlı başında adam marionetka olmağa razılıq verərmi? Səudiyyə Ərəbistanı, Kuveyt və Qatardan maliyyələşən bir təlim; qızılın, kokainin içində üzən, əlli min arvadlıq hərəmxanalar saxlayan ərəb şeyxlərinin pulu ilə varlığını davam etdirən bir cərəyan ağıllı, savadlı insanlar üçün iman mənbəyi ola bilərmi? Mümkün deyil. İstəyir “Hərb və Sülh”ü əzbər bilib, Mane ilə Moneni fərqləndirsin, hətta impressionistlərdən məruzə desin – mən yenə də onun zəkasını, səviyyəsini şübhə altına alacam və bu işin içində bir maraq axtaracam.

Sual edilir, özü də çox sadə sual – Cənubi Qafqazda yerləşən; İran, Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanla əhatə olunmuş bir ölkənin vətəndaşı, Ərəbistan yarımadasında yaradılmış, dinidən çox siyasi bir cərəyan olan vəhhabiliyə necə, nə adla gedib qoşula bilər? Yaxşı, nurçunu bildik - qardaş ölkədən gəliblər, sənin dilini danışırlar, kostyum, qalstuk, nazik bığ, təbəssüm filan. Şiəliyi də bildik, zatən ənənəsi var, mədəniyyətin tərkib hissəsidir - Ya Hüseyn, Aşura, şəbeh, Həzrət Abbasın kəsilmiş qolu... Bəs bu vəhhabilik nədir? Nə dəxlisiz söhbətdir. 


Səudiyyə Ərəbistanı, Kuveyt və Qatardan maliyyələşən bir təlim; qızılın, kokainin içində üzən, əlli min arvadlıq hərəmxanalar saxlayan ərəb şeyxlərinin pulu ilə varlığını davam etdirən bir cərəyan ağıllı, savadlı insanlar üçün iman mənbəyi ola bilərmi?"



Əgər bu eksperimentdirsə və məqsəd İŞİD vasitəsilə profilaktik-sanitar tədbirlər görüb, dünyanın hər yerindən marionet olmağa razılaşmış debilləri bir yerə toplayıb qırmaqdırsa; ya da kimsə düşünürsə ki, “qoy olsun, Azərbaycandan gedib hamısı orda gəbərsin”, bu da çox axmaq fikirdir, çünki adicə təhsillə, mədəniyyətlə marionetlərin sayını xeyli azaltmaq olar. Niyə ölsünlər axı? Qoy adam kimi yaşasınlar və cəmiyyətə fayda versinlər də, olmazmı?

***
Dörd gün öncə, İŞİD guya amerikalı jurnalistin başını kəsdi. Ola bilsin doğrudan da kəsib, hətta yüz faiz kəsib, amma mən yenə də “guya” ara sözünü işlətməliyəm. Baş doğrudan kəsilibsə də, hansısa proqram, layihə, plan üzrə kəsilib. Bu baş kəsilibsə, deməli bu başın kəsilməyi kiməsə lazımdır. Yəni İŞİD-dən başqa və İŞİD-dən çox kiməsə lazımdır. 

Diqqət edin. Britaniya hökuməti, jurnalistin başını kəsən terrorçunun, təmiz Britaniya ingiliscəsi ilə danışdığını açıqlayıb. ABŞ isə baş kəsmə aktının həqiqətən yaşandığını bildirib. Baş hələ kəsilib qurtarmamış, ABŞ açıqlama verir ki, bu video montaj deyil. Adətən nəyinsə montaj olduğunu açıqlamaq üçün tələsərlər, bunlar isə montaj olmadığını demək üçün tələsdilər, özü də yaman tələsdilər deyə, dananın quyruğu göründü. Hətta terrorçu, rəhmətlik jurnalistin onurğa sümüyünü kəsən yerdə, ABŞ bu videonun montaj olmadığını artıq bəyan etməkdə idi. Bu nə operativlikdir belə? Xeyrola? 

“Diqqət edin. Britaniya hökuməti, jurnalistin başını kəsən terrorçunun, təmiz Britaniya ingiliscəsi ilə danışdığını açıqlayıb. ABŞ isə baş kəsmə aktının həqiqətən yaşandığını bildirib. Baş hələ kəsilib qurtarmamış, ABŞ açıqlama verir ki, bu video montaj deyil. Adətən nəyinsə montaj olduğunu açıqlamaq üçün tələsərlər, bunlar isə montaj olmadığını demək üçün tələsdilər, özü də yaman tələsdilər deyə, dananın quyruğu göründü"


Hollivud filmlərinə baxmağın faydaları çoxdur. Mən arada bir dincəlmək üçün, uşaqlarla bir yerdə blokbasterlərə baxıram. “Dəmir adam” (Iron Man) filminin üçüncü hissəsi çıxan kimi baxmışdıq. Deməli, dünya zahirən Ben Laden tipli, amma nə üçünsə Mandarin adında bir terrorçunun əlindən zara gəlib. Bu Mandarinin başçılıq etdiyi terror təşkilatı (İŞİD, əl-Qaidə, Boko Haram və s.) hamını avara qoyub, hər yeri partladır, baş kəsir. Mandarin video müraciətlər edir, əli silahlı, saqqallı, başı çalmalı adamlar da arxa fonda nəsə qışqırırlar, silahları kameraya tuşlayırlar. Yəni, hamımıza məlum olan görüntülər. 

Nə isə, axırda bizim amerikanski qəhrəmanlar bu terroçunu yaxalayırlar. İraqda yox. Suriyada yox. Əfqanıstanda da yox. Bəs harda? Nə az, nə çox – Mayamidəki villasında! Adam Mayamidə villada yaşayırmış. Amerikanski rembolar villaya girəndə, nə görsələr yaxşıdı? Bizim bu imanlı, mücahid Mandarin çarpayıda iki qadınla qrup sekslə məşğul olur, arada da kokain iyləyir. 

Uzun sözün qısası məlum olur ki, bu Mandarin əslində Mandarin deyilmiş, adi narkomanın, avaranın biri imiş. Sadəcə ABŞ-ın dərin dövləti buna saqqal taxıb, başına çalma qoyub, arada video kamera qarşısında danışdırır və lazımi montaj işlərindən sonra, videoları dünyaya yayır. Partlayışların da hamısını əlbəttə dərin dövlətin özü edir. 

“Sadəcə ABŞ-ın dərin dövləti buna saqqal taxıb, başına çalma qoyub, arada video kamera qarşısında danışdırır və lazımi montaj işlərindən sonra, videoları dünyaya yayır. Partlayışların da hamısını əlbəttə dərin dövlətin özü edir"



Bu film ekranlara çıxanda artıq Ben Laden öldürülmüşdü. Terrorist nömrə bir yox idi. Hardan biləydim ki, üstündən heç yarım il də keçməyəcək və ortaya Bağdadinin liderliyində İŞİD çıxacaq. Buyurun sizə, təzə Mandarin.

Bu filmə baxandan sonra, 2001-ci il istehsalı olan, baş rolda John Travoltanın oynadığı, “Parol: Qılınc balığı” adlı film yadıma düşdü. Film ekranlara 2001-ci ilin iyun ayında çıxmışdı, həmin ilin 11 sentyabrında isə dünyanı lərzəyə gətirən əkiz qüllələrin partladılması aktı baş verdi. Bu hadisə ətrafında konspiroloji gəzişmələrin ucu-bucağı yoxdur və mən onları təkrarlamaq istəmirəm. Heç bu filmi də xatırlamazdım, əgər bu filmdə John Travoltanın qəhramanının dilindən bu cümləni eşitməsəydim: “Dövlət naminə, lazım gələrsə, binaları da partladarıq”. 

Təsadüf? Əlbəttə, ola bilər təsadüf olsun. Sadəcə nə hikmətdir ki, bu təsadüfdən üç ay sonra, Nyu Yorkda binalar partladı. Travolta müəllim haqlıdırsa, qurban verilən minlərlə adamla müqayisədə, bir bədbəxt jurnalistin başsız qalması nədir ki? Ona görə dəhşətli başkəsməni “guya” şərtinə bağlamışdım. Yoxsa sinik adam deyiləm. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar