Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meyit dedi ki, məni ye


Murad Köhnəqala yazır...


YUXULARIM-14

Ürəyimi qusdum

Gördüm, mənə duru, axar bir çay göstərib  dedilər, o biri sahil yuxudu. Yuxu görmək istəyirsənsə gəl, səni çayın o biri tərəfinə keçirdək. Baxdım, çayın o biri sahilinin yamacı yamyaşıl çəmənlik, bir az o tərəfi isə meşəlikdi. Oralar mən durduğum boz sahillə müqayisədə çox gözəl görünürdü. Dedim, ora çox gözəldi, ancaq söz verin ki, mənə vahiməli yuxu göstərməyəcəksiniz. Gördüm,  mənə bir səs dedi, qorxma, a kişi, orda qorxulu yuxu yoxdu, tut əlimdən gedək! Bu sözləri deyən gözəgörünməz qolumdan yapışaraq məni axar çay tərəfə dartdı. Bayaqdan eşidilməyən çayın səsi qəfildən efirə buraxılan fonoqram kimi qulaqlarımda gurladı. Mən qolumdan yüngülcə yapışan varlıqla birlikdə çaya yaxınlaşdım. Gördüm, suyun içində o biri sahilə keçmək üçün iri daşlardan adlamaş düzəldilib. Biz ayağımızı, yarısı axar suda, yarısı üzdə görünən daşlara qoyaraq yaşıllıq tərəfə keçdik. Gördüm, məni çayın bu üzünə gətirən müəmmalı varlıq yavaşca qolumu buraxdı. Mən bu xam təbiətdə vəhşi heyvanlara rast gələcəyimdən qorxaraq ətrafa göz gəzdirdim. Lakin bu yaşıl məkanın sakitliyi  mənə xoşbəxtlik-qarışıq qəribə bir arxayınlıq gətirdi.
 
Burada mənə düşən zamanın bolluğundan bir az xərcləmək üçün sahilə yaxın daşlardan birinin üstünə çıxıb əl-üzümü yumağa başladım. Axar suyun sərinliyi bədənimin hər yerinə məstedici rahatlıq yayırdı. Mən təkrar-təkrar əl-üzümü, boyun-başımı  yumağa başladım. Suyun gətirdiyi rahatlıq qəlbimin dərinliyinə, heç vaxt hiss etmədiyim, rəngli bir xoşbəxtlik axıdırdı. Bu həzzi daha da artırmaq üçün əyilərək əllərimi çayın dibinə qoyub başımı suya soxdum. Bu zaman suyun altında ağlayan  qadın səsi eşitdim. Xoş əhvalımı darmadağın eləyən bu səsdən diksinib cəld başımı sulardan geri çəkdim. Fikirləşdim, yəqin, bu səs nə vaxtsa ağladığını eşitdiyim hansısa qadının beynimdə ilişib qalan səsidi. Maraq məni bürüdü və başımı təkrar suya soxdum. Bu dəfə ölmüş adamın meyiti ətrafında xorla ağlaşan bir dəstə qadın səsi eşitdim və cəld başımı sudan çölə çıxartdım. Daxilimi mistik bir vahimə bürümüşdü. Ağlaşanların səsi başımdan yoxa çıxsa da, dərhal daşın üstündən geriyə, yaşıl sahilə tərəf tullandım. Gördüm, qəfil eşitdiyim tənha ağlayan qadının, arxasınca da xorla ağlaşan qadınların səsi mavi tül kimi sulardan sıyrılıb çıxaraq yaşıl ağacların yarpaqları arasına yayıldı və tədricən yoxa çıxdı.
 
Gördüyüm bu xoşagəlməz əhvalatdan can qurtarmaq üçün çayın o biri tərəfinə qayıtmaq istədim. Lakin arxama dönəndə gördüm, ayaq basıb keçdiyim adlamaşın daşları yoxdu, həm də çay, bayaqkından fərqli olaraq çox bulanıq və sürətlə axır. Gördüm, artıq qaranlıq düşmək üzrədi. Mən dəhşətli bir ümidsizliyə qapıldım və əlacsızlıqdan meşənin içərilərinə doğru getdim. Fikrim, gecələmək üçün burada özümə təhlükəsiz bir yer tapmaq idi. Meşənin ortalarına doğru gedəndə uzaqda balaca daxmayabənzər bənzər bir qaraltı gördüm. Evin mənə baxan pəncərəsi önündə şam yandığından dörd salınmış balaca şüşələr buranın köhnə bir tikili olduğundan xəbər verirdi. Yanan şama görə içəridə kiminsə olduğunu zənn edib, taxtaları meşə ağaclarından kobudca yonulub tikilmiş daxmaya yaxınlaşaraq qapını döydüm. İçəridən səs-soraq gəlmədiyinə görə məcburən qapını itələyib açdım. Girəcəkdəki hörümçək torlarından anladım ki, çoxdandı bu evə bir kimsə girməyib. Əvvəlcə qorxu, sonra da maraq məni bürüdü: bəs bu şamı kim yandırıb? İçəridə çürümüş yorğan-döşəyi olan taxtın yanından keçib otağın yeganə pəncərəsinə doğru getdim. Baxdım ki, daxmanı zəif işıqlandıran kiçik, nazik şam ərimədən yanır. Gördüm, kimsə mənə deyir, bu əbədiyyət şamıdı, heç vaxt sönmür. Dedim, əbədi yanan şey olmur, axı, bu nə yuxudu? Dedilər, bəs ulduzlar necə əbədi yanır? Dedim, axı, onlar planetdi, heç ulduzlar da əbədi deyil, həm də planetlərin işıq aldığı mənbə var, heç o mənbə də əbədi deyil, balaca bir şam hara, planet hara, üstəlik, dediyiniz əbədiyyət hara? Dedilər, bu şam insan iztirablarından qidalanır. Nə qədər ki, insan var, iztirab olacaq, iztirab olduqca da, bu şam yanacaq.
 
Açığı, səslənən bu fəlsəfi söhbət mənə xeyli bayağı gəldi. Fikirləşdim, görəsən, belə mənasız fikirləri mənə söyləyən kimdi? Elə bu vaxt nəyinsə kürəyimə yüngülcə toxunduğunu hiss etdim. Çevriləndə gördüm, yuxarıdan heysiz insan ayaqları sallanır. Mən ürpənib dərhal kənara çəkildim. Baxdım ki, daxmanın tavanından  bir qız meyiti asılıb. Onun ağ, gözəl sifəti, çiyninə qədər tökülmüş qısa saçları vardı. Əynindəki qırmızı don sarı çiçəklərlə bəzənmişdi. Yalın ayaqlarının lakla boyanmış dırnaqları xeyli uzanmışdı. Mən, pəncərədəki şama tərəf dönüb bu əhvalatın səbəbini ondan soruşmaq istədim. Üzümü şama sarı döndərən kimi dedilər, onu sevdiyi oğlan asıb. Bir də arxaya dönəndə, gördüm, qızın meyiti yoxa çıxıb. Fikirləşdim, yəqin bu da bir qarabasmadı. Mən vahimələnərək dalı-dalı getdim və taxtdakı iyrənc yatağa oturdum. Bu zaman altımda bayaqkı qızın meyitini hiss elədim. Dəhşət içində otaqdan çıxıb bayıra, meşənin dərinliklərinə qaçmaq istədim. Əlimi bütün divar boyu gəzdirsəm də qapı tapa bilmədim. Mən yenidən şama boylanıb nəsə soruşmaq istədim. Gördüm, indi də dedilər, xoşuna gəldiyi paltarı atası ona almadığına görə qız intihar eləyib.
 
Qəfildən qulağıma yenə həmin qızın ağlamaq səsi gəldi. Mən daxmanın ortasında fırlanaraq hər tərəfi dinləsəm də bu hıçqırtının hansı yöndən gəldiyini təyin eləyə bilmədim. Baxdım ki, meyit  taxtdan da yoxa çıxıb. Mən sarsıntı içərisində yenidən taxta çökdüm. Bu dəfə qulaqlarıma bayaq su altında eşitdiyim bir dəstə qadının ağlaşma səsi gəldi. Üzümü yenə şam tərəfə tutanda dedilər, onu qardaşı namus üstündə asıb.
 
Birdən mənimlə üzbəüz divarda peyda olan qapı yavaş-yavaş içəri açılmağa başladı. Cırıltı ilə itələnən qapı uzun müddət açılmaq bilmirdi. Birdən qapının ağzında qızın bir ayağının ucu göründü və tezcə də yoxa çıxdı.  Tam açılmayan qapının cırıltılı səsi getdikcə artır, haradasa işgəncə verilən qadının vahiməli qışqırtısına qarışırdı. Mən canımı burdan qurtarmaq üçün cəld ayağa qalxıb qapıya tərəf cumdum, lakin yenə bütün divarları bağlı tapdım. Nəsə bir fikir eşitmək ümidilə yenə üzümü pəncərədəki şama tutdum. Bu dəfə dedilər, onu zorla sevmədiyi kişiyə ərə vermişdilər, o da bax belə!
 
Qəfil ağlıma pəncərəni qırıb qaçmaq gəldi.  Bu fikirlə pəncərədəki şama yaxınlaşdım. Bu zaman bədənimin hər yerində yanan şamlar əmələ gəldi və məni alova qərq elədi. Yenə də qulaqlarıma bir dəstə qadının ağlaşma səsi gəldi. Mən pəncərədən geri çəkilən kimi bədənimdəki yanğın yoxa çıxdı. Anladım ki, burda pəncərə çıxış yolu deyil. Qayıdıb yenə iyrəndiyim yataqda oturdum. Bərk yuxum gəlsə də vahimədən yata bilmirdim. Getdikcə məni yuxu basır, yalnız uzanıb yatmaq haqqında düşünürdüm. Üfunətli yataqdan iyrənsəm də qollarımı başımın altında çarpazlayıb birtəhər gözlərimi yumdum. Yenicə yuxuya getmişdim ki, üzümə xəfifcə nəyinsə toxunduğunu hiss elədim. Gözümü açanda gördüm, başımın üstündə sallanmış meyitin ayaqları üzümə dəyir. Mən vahimə ilə cəld kənara çəkilib ayağa durdum. Lakin qızın meyiti yenə yoxa çıxmışdı. Fikirləşdim, yəqin yuxu görmüşəm. Təzədən yatmaq qərarına gəldim. Göz qapaqlarım aşağı enən kimi gördüm, indi də dodaqlarıma nəsə toxunur. Dərhal diksinib oyandım. Gördüm, asılmış qız yanımda diz çöküb saçlarını üzümə tökərək məni öpməyə çalışır. Dikəlib onu özümdən kənarlaşdırmaq istəyəndə, yenə heç kimi görmədim. Fikirləşdim, burda yatmaq çox qorxuludu, lakin səhərə qədər birtəhər dözüb oyaq qalmaq lazımdı. Yatmamaq üçün özümə ağrı verim deyə, sol qolumu dərindən dişləmək qərarına gəldim. Gördüm, qolumu dişlədikcə dişlərim ətimə batır. Sən demə, sağ tərəfimdə xəlvətcə oturaraq qolunu boynuma dolamış meyitin biləyini dişləmişəm.
 
Diksinərək ayağa durdum, bu dəfə də ətrafımda heç kimi görmədim. Lakin asılmış qızın fəryadı qulaqlarımı deşirdi. Mən meyitin qolundan qopartdığım çürük ət parçasını yerə tüpürə-tüpürə öyüyüb qusurdum. Bu zaman şam tərəfdən gələn səs dedi ki, sən yalnız o qızın meyitini axıracan yedikdən sonra buradan canını qurtara bilərsən. Sonra daxmanın ortasında qızın meyiti yenidən peyda oldu və yavaş-yavaş üstümə gələrək: “Məni ye!”- deyə pıçıldadı. Üstümə yeriyən meyitin sifəti və yerişi mənə tanış gəlirdi. Şam tərəfdən gələn səs dedi, sən o meyiti yesən, hər ikiniz əbədi əzabdan qurtulacaqsınız. Mən qışqırıb özümü dəli kimi divarlara vuraraq çıxmağa qapı axtarırdım.  Daxmanın içərisində vurnuxduqca öyüyüb qusurdum. O qədər içdən öyüyürdüm, bir də baxdım, ürəyimi də qusmuşam. Qanlı ürəyim qusuntunun içində döyünərək mənə olmazın əzablar verirdi. Mən ürəyimi yerdən götürüb udmaq, geri öz yerinə qaytarmaq istəyir, lakin öyüdüyümə görə bunu edə bilmirdim. Bu zaman şam tərəfdən gələn səs dedi, əgər sən ürəyini qaytarmaq istəyirsənsə, onu mütləq keçdiyin çayın duru sularında yumalısan. Mən bayıra qaçmaq üçün içəridə vurnuxub divarlarda gözümə görünən qapılara çırpındıqca qızın meyiti hər dəfə qarşımı kəsib, “məni ye!” deyə qışqırır, əllərilə dartıb öz saçlarını yolurdu. Artıq onun başının yanları tamam dazlaşmışdı. Meyitin iliyimə işləyən qışqırtısından müdafiə olunmaq məqsədi ilə mən də var gücümlə qışqırırdım. Gördüm, öz bağırtımdan qafa çanağım çat verib partladı və qanlı beyin qatığı üzümə axdı. Bayaqkı qadın ağlaşması rəngli hava kimi qafa sümüyümün çat vermiş yerlərindən başımın içərisinə dolaraq beynimi əvəz elədi. Artıq qafamın içində yalnız qadın ağlaşması hökm sürürdü. Bu dözülməz səsdən başımı gizlətməyə yer axtarırdım. Ruhi əzablara dözməyib əlimdəki ürəyimi şamın yandığı pəncərəyə çırpdım. Bu zaman şüşələr sındı və pəncərədən içəriyə şaxtalı qış havası doldu. Soyuqdan özümə gəlib dərhal pəncərədən çölə tulladım. Ayağa qalxan kimi cəld ürəyimi yerdən  götürüb çaya tərəf qaçmağa başladım. Çatanda gördüm çayın suları yenə əvvəlki kimi dumdurudu. Mən qanlı ürəyimi axar suda yuyub, onu zor-bəla ilə udduqdan sonra özümü tam gümrah hiss etməyə başladım. Bir də baxdım, hər bir yarpağından tükürpədici qadın ağlaşması yüksələn meşə ağaclarından ibarət bir qoşun üstümə gəlir. Bayaqkı qızın meyiti isə qoşunun önündə üstümə şığıyırdı. Mən dərhal adlamaşla çayın o biri sahilinə yüyürdüm. Yuxu sahilindən ayağımı üzən kimi arxamca gələnlər yoxa çıxdı.
 
Oyananda gördüm gecəyarıdı, güclü külək leysan yağışını sağa-sola əyir...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar