Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suvarma diplomatiyası


Zamin HACI yazır


“Elə bu vaxt hər yandan camaat Balqabaq kirvənin evciyinə baxmağa axışdı. Bir sürü balaca oğlan da gəldi. Onların ən kiçiyi evciyin damına hoppandı, orda rəqs edərək oxumağa başladı: 

Qoca Balqabağın, Mətbəxdədir ayağı, Yataq otağında sol əli, Ayaqları astanada, Burnu isə çardağın pəncərəsində!” 

(Canni Rodari, “Çipollinonun macəraları”)

Bu günlərdə Avropa Şurasından ölkəmizə bir qonaq gəlmişdi. Xarici işlər nazirimiz Elmar Yarməmmədov onu qoydu qabağına, bir azdan 1-ci sinifə gedəcək aşırma şalvarlı uşaqlar kimi danladı. Deyir nə üçün erməniləri qınamırsınız, axı onlar bizə su vermirlər. 
Açığı, öncə elə bildim Elməmməd Yarmarov  müəllim avropalı qonaqla məzələnir. Çünki dünyada hələ elə bir savaş, işğal olmayıbdır ki, sənin insanlarını öldürən, torpağını tutan düşməndən yerdə qalan ərazini suvarmaq üçün su istəyəsən. Örnək üçün, təsəvvür elə, Stalin savaşın qızğın vaxtında Hitlerə məktub yazıb deyəydi ki, bəs andırını bir az o yana elə, Don çayında atlarımızı suvaraq. İndi isə bizim XİN ciddi şəkildə Avropa Şurası qarşısında məsələ qaldırmışdır: “Ermənilərə deyin Sərsəng su anbarından su buraxsınlar, Tərtərdə xiyarlara su verək”. 

Sonra araşdırdım, məlum oldu qəti zarafat-zad deyil, üstəlik, indiyə qədər XİN bunu dəfələrlə AŞ qarşısında qaldırmışdır. AŞ “siyasi dustaqları buraxın, insan haqlarına əməl edin” deyəndə də bunların vecinə olmur, dərhal əks-arqument kimi xiyar sahələrini suvarmaq problemini ortaya atırlar. Elə bu ilin qışında yapistlər ermənilərin suvarmaya yaratdığı problemi AŞ qarşısında qaldırmışdılar. Yay-qış aktual problemdir. 

Məncə, ta keçib, Elmar müəllim ermənilərin Qarabağdakı cır əzgil ağaclarına vaxtında aqrotexniki qulluq etmədiyini də qaldırsın. O cümlədən, başqa dövlət strukturlarımız belə acizanə xahişlərdə bulunsunlar. Misal üçün, Zakir müəllim əslən Kəlbəcərdən olan əsgərlərimizin öz rayonlarında qulluq eləmək arzusunu çatdırsın. Niyə ermənilər buna şərait yaratmır? Yaxud təhsil, badminton və Barselona işləri üzrə nazirimiz Mikayıl müəllim laçınlı uşaqların öz kənd məktəblərində oxumaq tələbini AŞ qarşısına dığırlasın. Ekologiya naziri yaylağa çıxmaq arzumuzu Vartan müəllimə çatdırsın. Bunun üçün bizim nazirlərə humanitar koridor verilməlidir. Bir aylığına gedib İsa bulağında, Cıdır düzündə şellənsinlər, sonra dava təzədən başlansın. Davanın dava qaydası var. 

Özü də alçaq düşmənin əli çox uzundur. Elyar Məmmədmarov müəllim avropalı qonağı Sərsəng anbarının divarına sıxıb suyunu çıxaran gün Bakının Zığ qəsəbəsinin sakinləri də etiraz aksiyası qayırmışdılar, deyirdilər bizə su verin. Yekə bir qəsəbəyə 20 ildir su verilmir, maşınla alırmışlar. Hətta etiraz aksiyasındakılardan biri uzun aylar çimmədiyi üçün iylənibmiş, su idarəsinin rəisi demişdi ki, aralı dur, səndən dövlətçilik qoxusu gəlir. 
Böyük ehtimalla həmin rəis də ermənidir. Bakının su işinə baxanlar arasında ermənilər çoxdur. Əks halda, niyə biz suyu çətin tapırıq? TərtərBakı arasında bu yöndə doğmalıq var. Vətən elə bu cür yaranır: hər tərəfə problem yaradarsan, hamı “elnən gələn bəla toy-bayram olar” deyib sənin ətrafında sıx birləşər. Yoxsa bir rayonda problem həll olunsa başqa ərazilərdə yaşayanlar oranı sevməzlər, oranı düşmən torpağı sayarlar. 

Bax, elə təzə təhsil nazirimiz Mikayıl müəllim də idarəçiliyin bu sirlərini yüksək sürətlə əxz eləməkdədir. Təzə dərs ilinin başlanmasına 15-20 gün qalır. Adətən belə məqamlarda başqa dünya ölkələrinin təhsil naziri nədən danışır? Ay sağ olasan: məktəbdəki yeniliklərdən, dərsliklərdən, müəllimlərdən, uşaqlardan... Amma bizim təhsil naziri 2 gün qabaq intervü verib... badmintondan danışıbdır. Çünki bunu eyni zamanda Badminton Federasiyasına sədr qoyublar. İndi jurnalist də təhsil naziri ilə oturub respublikamızda badminton oynamağın perspektivlərindən qırıldatmışdır. Necə ki, vergilər naziri qılınc oynatmaqdan, fövqəladə hallar naziri isə taekvondodan intervü verir. 

Belə olan halda xarici işlər naziri xiyar sulamağın çətinliyindən danışmalıdır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar