Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbuhi Rəhimli: “Azərbaycan xüsusi kosmik bucaqda yerləşdiyi üçün bu yerə “Cənnət” deyirlər” - Müsahibə (I hissə)


Məşhur astroloq: “Hər il verdiyim 20-25 proqnozdan cəmi bir və ya iki proqnoz yanlış olur”


“Bizə “falçı” deyənlər anlamır ki, bir proqnozu hazırlamaq üçün minimum saat yarım vaxtım gedir”.

Dosye: Səbuhi Rəhimli 1970-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Qarabağ müharibəsinin könüllü iştirakçısıdır. Qazidir. Ötən əsrin 90-cı illərindən astrologiya ilə məşğul olur. Azərbaycanda astrologiya üzrə tanınmış mütəxəssis hesab olunur. 38 kitabın müəllifidir. Şairdir və bir neçə şer kitabı nəşr olunub. “Qoroskop” qəzetinin baş redaktorudur. 

PİA.AZ  tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir:

- Səbuhi bəy, Azərbaycanın tanınmış astroloqlarından biri hesab olunursunuz. Çox-çox qədimdən insanlar arasında  bəlli və məşhur olan müasir astroloji öngörmələr barədə nə deyə bilərsiniz? Müasir astroloji öngörmələr qədim astrologiyadan nəylə fərqlənir?

- Ümumiyyətlə, qədim insanların daha kamil biliyə malik olduqlarını düşünürəm. Bəzi elmi araşdırmaçılar da təsdiqləyir ki, sanki tarixin hansısa dönəmində Yer kürəsində olan biliklər sistemi pozulub, yaddaşlardan silinib. Tutaq ki, böyük alim İbn Sinanın hansısa tapıntısını bugünkü texnologiya ilə hələ təzəlikcə öyrənirik. Və yaxud qədim bilgilərdə 12 nəhəng planetin olduğu qeyd olunub, amma biz hələlik onun 9-nu təyin etmişik. Onlardan Pluton kimi aktiv planeti isə ləğv edib sayı azaltdılar. 

Açığı, mən bilmirəm. Ola bilər ki, İsgəndəriyyə kitabxanası yandırılanda o bilgilər itib, yaxud da başqa fəlakətlər zamanı tarixin yaddaşından silinib. O baxımdan hesab edirəm ki, qədim bilgilər daha müfəssəl və daha dərin olub. Biz özfəaliyyət nəticəsində astrologiyanı müəyyən dərəcədə öyrənirik. Qədimdə  Bağdaddan tutmuş Misirə qədər bütün ali məktəblərdə həm humanitar, həm də dəqiq elmlər bir yerdə tədris olunurdu. Bu baxımdan “vahid elm” adlanan astrologiya da təşəkkül tapa bilmişdi. Ancaq bu gün MDB məkanında elə bir universitet yoxdur ki, orada humanitar və dəqiq elmlər bir ixtisas kimi tədris olunsun. Bəzi ABŞAvropa universitetləri var ki, orada astrologiya, xüsusən də tibbi astrologiya elm kimi öyrənilir və araşdırılır. Bizdə isə astrologiyanın tədrisi sıfır həddindədir. Bu elmin inkişafı hazırda azsaylı astroloqların fərdi fəaliyyətindən və əldə etdikləri məhdud bilgilərdən ibarətdir. 

photoslide_title

Səbuhi Rəhimli: “Nə qədər məzəli olsa da, astronomlar ayın bədirlənməsinin Yerdəki hadisələrə təsir etmədiyini, planetlərin paradının sadəcə göydə baş verən maraqlı görüntü olduğunu bildirirlər”.


- Deyə bilərsiniz astrologiyanın yaranma tarixi nə vaxt olub?

- İlk astroloji bilgilər Azərbaycanda bərqərar olmuş Avesta kitabında yazılıb. Bu kitabda göy cisimlərinin insan həyatına  təsiri ilə bağlı  məlumatlar yazılıb. Əslində dini mənbələrdə astrologiya elminin ilk dəfə Nuh Peyğəmbərin (ə) babası İdris Peyğəmbərə (ə) verilmiş bir elm olduğu göstərilir. Necə ki yuxuyozma elmi də Yusif peyğəmbərə (ə) verilmişdi. Sadəcə olaraq astrologiya gizli elm olduğuna görə açıq şəkildə kütləviləşdirmək də olmaz. 

Elə zamanlar vardı ki, astrologiya və astronomiya bir yerdə idi. Ancaq elm inkişaf etdikcə astronomiya astrologiyadan ayrılmağa başladı. Astronomiya sırf planetlərin hərəkət trayektoriyasını, planetlərin kütləsini və orada həyatın olub-olmamasını öyrənir, digər məsələləri isə gözüyumulu inkar edirlər. Məsələn, nə qədər absurd olsa da, onlar Ayın bədirlənməsinin Yerdəki hadisələrə təsir etmədiyini, planetlərin paradının sadəcə göydə baş verən maraqlı görüntü olduğunu bildirirlər. 

Deyirlər ki, Makedoniyalı İsgəndər Avestanı yandırıb. Əslində o, Avestada olan dini inancları yandırıb, tibbə, astrologiyaya, astronomiyaya və tarixə aid olan  mənbələri isə özü ilə aparıb tərcümə etdirib. Bununla da Qərb dünyası yeni elmi intibaha başlayıb. Məhz Avestadan doğan bilgilər sayəsində Misir, Roma, Yunanıstan və Kabbala (Akkard) astrologiyasının əsası qoyuldu.

- Dediniz ki, astrologiya gizli elmdir. Gizli elm dedikdə əsasən nəyi nəzərdə tutrsunuz və bu gizliliyi necə öyrənirlər? 

- Yəqin ki, bu suala cavab verməsəm, çoxları mistikaya yozacaq. Əslində okkultik (gizli) deyilən elmlər və sahələr kütləvi şəkildə yayılmamaq üçündür. Burada hər hansı mistik dünyagörüşü yoxdur. Sadə bir misal, əsl siyasətçilər bədbinlik saçan olayları, gedişatı qorxulu olan prosesləri heç vaxt olduğu kimi təqdim etmir – bu, xaos yarada bilər, insanları gücdən sala və ya azdıra bilər. Ona görə də bəzən gedişatı olduğu kimi deyil, yaxşı bir şey kimi, sonu ümidli olan hadisə kimi təqdim edirlər. Tutaq ki, qənaətlərim bədbin bir hadisəni ortaya çıxarır və əgər mən onu mediaya bildirsəm, ziyandan başqa bir şey olmayacaq. Elə isə niyə deyim? Düzdür, bizdə alternativ variantlar, çıxış yolları daha çox olur. Amma fərdi qoroskoplardan tutmuş, ictimai-siyasi proqnozlara qədər xüsusi məqamlar olur ki, onu demək olmaz.

- Bəzi iddialara görə, astrologiya Şumerdə yaranan elmdir, doğurdanmı bu belədir, yoxsa astrologiya Şumerdən sonrakı dönəmdə yaranıb? Belə bir iddia var ki, astrologiyanı və bir çox başqa elmləri yerdən kənar sivilizasiyanın nümayəndələri olan anunnakilər gətiriblər. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, düşünürəm ki, Şumer sivilizasiyası haqqında elə Atlantida, Lemuriya və Mağ sivilizasiyaları qədər bilirik, yəni çox az bilgimiz var. Tarixin kölgə və qaranlıqlarında qalan o dönəmləri müfəssəl şəkildə ortaya qoyan çox az mənbələr var. Onların da çoxusu elmdən daha çox müəllif fantaziyalarına söykənir. Dediklərinizi təkzib edəcək faktım yoxdur, o cümlədən inkar edəcək faktım. Biz konkretliyə, yazılı mənbəyə əsaslansaq, ortada bir şey tapmayacağıq. 2007-ci ildə çıxan bir kitabımda bu barədə fikirlərim var: “Şumerlər planetləri canlı varlıqlar kimi qəbul edirdilər. Bunun sayəsində qədim astroloqlar Yerdəki həyatla Göydəki yaşam tərzi arasında paralel surətdə müqayisə aparırdılar. Sonralar astrologiya öz hüdudlarını daha da genişləndirdiyindən bu elm digər xalqlara keçdi, Misirdə, Yunanıstanda, Midiyada, Hindistanda və Çində geniş surətdə yayıldı. Hətta Yukatan adlanan ərazidə məskən salmış mayya xalqının mədəniyyəti astroloji biliklər əsasında inkişaf etmişdi. Məsələn, burada dövlət əhəmiyyətli bayramlar avqust ayında - Şir bürcü zamanı keçirilirdi. Hesab edilirdi ki, Şir - dövlətçilik və hakimiyyətin səma simvoludur. Qurbankəsmə mərasimləri noyabr ayında - Əqrəb bürcü dövründə keçirilirdi. Çünki əqrəb ölüm işarəsi sayılırdı. Beləliklə, astrologiya elmi dövlətçilik dini kimi bütün şərqi Asiyada yayılandan sonra Sakit Okean vasitəsilə Cənubi və Şimali Amerikaya da keçdi”. Amma gördüyünüz kimi bilgilər azdır.

- Astrologiya elmi indiki texnologiya ilə daha çox inkişaf edib, yoxsa bu inkişaf ən qədim dövrlərdə daha çox inkişaf etmişdi?

- Hər dövrün öz qanunauyğunluqları olur. Bizim ən qədim dövrü öyrənmək imkanlarımız elə də geniş deyil. Ancaq o dövrdə şəhərlərin salınması, yürüşlərə, müharibələrə gedilməsi, əkin əkilməsi, hətta kütləvi xarakterli məişət işləri də sırf astroloqların məsləhətləri və onların araşdırmalarına əsasən həyata keçirilirdi. Yəni, ən qədim dövrdə astrologiya insanın sahib olduğu əsas elm hesab olunurdu. Orta əsrlərdə Avropada xristianlığın yayılması ilə astrologiya qadağan olundu və bu elm sehrbazlıqla əlaqələndirilərək şeytan əməli olaraq qələmə verildi. İnkvizisiya dönəmində buna görə xeyli adam edama və diri-diri yandırılmağa məhkum edildi. Onların arasında çoxlu sayda elm adamları da vardı. Məsələn, böyük İtaliya mütəfəkkiri Cordano Bruno Yerin kürə şəklində olduğunu dediyinə görə onu yandırdılar. Din adamları hətta ortada nəticə olduğunu görsə də, nədənsə qəbul etməyiblər.

photoslide_title


























Səbuhi Rəhimli: “Bu gün astrologiyanı bizə bir az çirklənmiş formada təqdim edirlər”.


- Deyə bilərsiniz, astrologiya elminin əsası nədən ibarətdir?

- Astrologiya bütün elmləri özündə birləşdirən vahid elmdir. Bu sahədə riyaziyyat, fizika, kimya, biologiya var, fəlsəfə, psixologiya, şeyriyyət var, anatomiya, kimya, astronomiya var. Bütün bunlar astrologiyanı tamamlayır. Bunu kim qəbul etmirsə, özü bilər. Bilirsiniz, günümüzdə dindən bir kitab belə oxumayanlar daha çox danışdığı kimi, astrologiya haqqında da heç bir elmi mənbə oxumayanlar danışır, öyrənmək əvəzinə inkarçı mövqedə dayanırlar. Astrologiya insanın daha az səhv etməsinə, özünün zəif-güclü tərəflərini tanımasına, uğurlu zamanlardan maksimum mənfəətlə, uğursuz zamanlardan minimal itki ilə çıxmasına xidmət edir. Bu elmin mahiyyəti məhz bundan ibarətdir. Sadəcə akademik elm hələ o qədər inkişaf etməyib ki, bütün sahələrə planetlərin və göy cisimlərinin təsirini faktlarla təsdiqləyə bilsin. Üstəlik, çox sahələrdə olduğu kimi astrologiyaya da yad ünsürlərin müdaxiləsi az deyil. Astromantiya, astrolapiya kimi qollar var ki, heç bir elmə əsaslanmır, yalnız xurafata söykənir, falçılığa söykənir, bir sözlə, “tək səbir”, “qara pişik” yanaşması. Tibbi astrologiya isə artıq elmdə qəbul olunub. Artıq Avropada, Moskvada ali tibb məktəblərində astrologiyanı bir elm kimi tədris edirlər. Yeri gəlmişkən, Hippokrat deyirdi ki, astrologiyanı bilməyən həkimi təbabətdən qovmaq lazımdır. İbn Sina yanına gələn insanlardan mütləq Ay bədirlənənə qədər, yaxud sonra xəstələndiyini soruşurdu. 

photoslide_title
Səbuhi Rəhimli: “Bürclər insanların həyatında 30-40 faiz rol oynayır”. 


- Demək olarmı ki, astrologiya elmi akademik elmdir? Ümumiyyətlə bu elmin başlanğıcını öyrədən məktəb varmı?

- Məncə yuxarıda buna bir qədər aydınlıq gətirdim. Məsələ burasındadır ki, bu elmin ilkin dövrlərində olan vahid sistemi pozulub. Biz də çalışırıq ki, bu itirilənləri bərpa edək. Son bir neçə əsr ərzində texniki inkişaf artdıqca astrologiyanı gözdən salanlarla yanaşı, konkret nəticələrə gələnlər də var. Hətta sovet dövründə də astrologiya qadağan olunduğu üçün araşdırma aparmaq mümkün deyildi. Sosialistlər isə vətəndaşlarını iç azadlığına aparan sahələri qadağan edirdilər. 

Astrologiyanın 140 qolu var. Fikrimcə, bunların içərisində laızmsız olan nəsnələr çıxarılmalıdır. Bir insanın bunların hamısını öyrənməsi də çətindir. Biz bacardığımız qədər astrologiya elmini daha yaxşı öyrənməyə çalışırıq, tədris etmək isə ən azından indi mümkün deyil. Rusiyada böyük və ciddi mərkəzlər var, çox gözəl elmi disskusiyalar gedir, efirlərdə elmi nəticələr ortaya qoyulur. Bizdə isə astroloqları daha çox şou-proqramlara dəvət edirlər, sifarişli proqnoz istəyirlər və s. Üstəlik, ictimaiyyətin maariflənməsi də ləng inkişaf edir, dinə olduğu kimi bu sahəyə də səthi yanaşır, dərinliyində itib-batmaqdan qorxurlar. Bütün bunlara görə də astrologiyaya hələlik akademik elm demək mümkün deyil. Buna baxmayaraq, işlər də gedir, Sankt-Peterburqda, ABŞ-da, Parisdə, Avstriyada də astrologiya akademiyaları var. 

- Siz özünüz astrologiyanı necə öyrənmisiniz? Bunun üçün fitri istedada ehtiyac varmı?

- Məndə qeyri-adi heç bir fitri istedad yoxdur. Sadəcə olaraq, sovetlər dağılandan sonra əvvəl hamı kimi həvəs göstərdim. Amma bu, ötəri olmadı. 1991-ci ildən Avestanın tədqiqatı ilə məşğul olmağa başladım. Gördüm ki, astrologiya sistemini bu kitab açıb ortaya qoyub. O qədər dərinliyinə vardım ki, artıq özüm proqnoz tərtib etməyə, hadisələri qabaqlamağa başladım. Düz 6 il fərdi olaraq, ictimaiyyətə bildirmədən saysız proqnozlar tərtib edir, dəftərə yazır, zamanı çatanda da reallıq dərəcəsini yoxlayırdım. Nəhayət, 1997-ci ildə “mağaradan” çıxdım. Qəzetlərdə jurnalist kimi fəaliyyət göstərsəm də, ara-sıra astrologiya barədə elmi məqalələr də yazırdım, azsaylı siyasi-ictimai proqnozlar verirdim. Maraq doğurduğu üçün media rəhbərləri digər yazılarımı da astroloji mövzularla əvəz etməyimi istədilər. Daha sonra bürc proqnozlarına böyük ehtiyac yarandı. Beləliklə də jurnalistliyim tədricən arxa fona keçdi, düz 20 il. Məhz bu ildən çalışıram ki, hər iki sahəni balanslı aparım.

photoslide_title
























Səbuhi Rəhimli: “Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir”.


- Ulduzların insan həyatına təsiri  necə baş verir? Nəyə görə hər bir fərdə, həmçinin ailəyə, bir topluma, hətta bir ölkəyə ayrılıqda bir, ya da bir neçə ulduz təsir göstərməlidir? Bunun anlamı nədir və nə qədər inandırıcıdır?

- Planetimizi, qitələri, ölkə və şəhərləri bürclər sisteminə bölmək olar. Bu baxımdan Azərbaycan Əqrəb, Bakı Şir bürcü altındadır. Paytaxtımızda olan qədim binalara fikir versəniz, görəcəksiniz ki, çoxusunun yuxarısında başında şir başı var. Sualınıza cavab olaraq deyim ki, bu məsələdə mütləq həqiqətə söykənən reallıqlar var. Mövzu ilə bağlı informasiyalar da çoxdur. Əslində ulduzlar insan həyatına təsir etmir, sadəcə tövsiyə “verirlər”. Astroloqlar planetar quruluşa görə, hansı hadisələrin baş verəcəyi barədə məlumat  verirlər. 

Məsələn, Hindistanda varlının varlı, kasıbın kasıb münəccimi var. Hətta uşaq doğulanda belə onun taleyi ilə bağlı fikirlər söyləyə bilirlər. Ancaq bizdə bu yoxdur. Azərbaycan xüsusi kosmik bucaqda yerləşdiyi üçün bu yerə “Cənnət” deyirlər. Çünki Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir. Bu baxımdan fitri istedadlı insanlar bizdə daha çoxdur. Bəlkə də məhz buna görə dünyanın gözü Azərbaycandadır. 

- Siz özünüz verdiyiniz astroloji pronozlara tam inanırsınız?

- Məncə, bu sual doğru olmadı (gülür - red). Mən ədəbi əsər və ya reportaj yazmıram ki, hadisələrin doğru olub-olmadığını bilim və ya fantaziyamdan yararlanıb. Ortada konkret hesablama və nəticələr olursa, demək ki, inanıb yazıram. Hətta azacıq ehtimal etdiklərimi belə yaymıram, ehtiyat variant kimi özümdə saxlayıram. Ortada olan odur ki, hər ilin sonu mediaya 20, bəzən 25 proqnoz verirəm, faizlə götürsək, minimum 90-95 faiz özünü doğruldur və bunu isbat etməyə ehtiyac yoxdur, internetə baxmaq kifayət edər. Bəzi astroloqlar var ki, öz emosiya və istəyini proqnozlara qoyur, amma bu məsələdə soyuqqanlı olmaq lazımdır. Bəzi siyasi proqnozlar olur ki, mən onların olmasını istəməzdim, amma proqnoz istəyimin əleyhinə olsa belə dərc etdirirəm, çünki düz çıxacaq. 

- Gələcəyi ulduzlar vasitəsilə görmək mümkündürsə, “tale”, “alın yazısı” nə üçün var?

- Dinimiz deyir ki, hər şey Allahın əlindədir. Amma bəzi fanatik din adamları təlqin etməyə çalışır ki, bütün baş verənlər Allahdan gəlir və insan onu dəyişməkdə acizdir. Onda belə çıxır ki, biz hərəkət etməyək, çünki yaşayacağımız hadisələr alnımıza yazılıb. Axı Allah bizə şüur, nəfsimizə qalib gəlmək gücü verib, zalımın zülmünə etiraz etməyi, elm öyrənməyi əmr edib. Belə deyil axı. Düşünürəm ki, insan öz alın yazısını özü yazır. Yaradanın ehkam vurduğu yollar var ki, əvvəlcədən onun sonunu təxmin etmək mümkün olur. Necə ki içkili sürücünün əvvəl-axır qəza törədəcəyini, oğrunun bir gün ifşa olunacağını proqnozlaşdırmaq mümkündür.

photoslide_title

Səbuhi Rəhimli: “Mən astrologiyanın bir çox sahələri kimi o sahəni də öyrənməmişəm”


- Astroloqlar arasında fırıldaqçılıq olurmu?  

-  Azərbaycanda elə də çox astroloq yoxdur ki, onların içində fırıldaqçılıqla məşğul olan olsun. Hazırda cəmi iki nəfərik: Firudin Qurbansoy və mən. Azərbaycanda astrologiya tam yetişmədiyi üçün bu sahə üzrə fırıldaqçılar da yoxdur. Çünki bu sahəyə daxil olmaq üçün ən azından minimal elmi-astroloji biliyin olmalıdır. Fırıldaqçılar isə daha çox elmsizlərdən çıxır. Biz hər ikimiz hətta şou verilişlərə də getmirik. Həzrəti Mövlanə demişkən, “bilənlə bilməyən eyni olmur” deyə, bizə hətta “falçı” deyənlər də olur. Halbuki mənim adi bir günlük proqnozu hazırlamaq üçün minimum saat yarım vaxtım getdiyini bilmirlər. Bu biliksizlikdən və medianın özündən doğur. 1990-cı illərdə Azərbaycana gələn ilk astroloji mənbə rusca dərc olunan “Qoroskopa görə kimsiniz?”  kitabı idi. Təəssüf ki, bu ilk mənbə “savadlı” tərcüməçilərimiz tərəfindən “Sizin ulduz fallarınız” adı ilə dilimizə çevrildi və o vaxtdan “ulduz falı” kimi populyarlaşdı. Təbii olaraq bilməyənlər orada işlənən “fal”sözündən hürkdülər, xüsusən də dini kəsim. 

- 2011-ci ildə belə bir proqnoz vermişdiniz ki, “10 korifey sənətkarımız 4 aya öləcək”. Bu proqnozunuz özünü doğrultdumu?

- Deməmişdim ki, öləcək, demişdim ki, 10-a yaxın korifey sənətkarımız sənətdən uzaqlaşacaq və ola bilsin ki, onların içərisində dünyasını dəyişənlər də olsun. Mətbuatda isə mənim fikrim bir qədər konteksdən çıxarılmışdı. Sadəcə sensasiya olsun deyə, başlığı o formada qoymuşdular. Amma deyilənlər özünü doğrultdu, bu barədə təkrar müsahibə də vermişdim.

- Ümumiyyətlə, astrologiyada ölüm tarixini dəqiq bilmək olur?

- Bəli, olur. Ancaq mən astrologiyanın bir çox sahələri kimi o sahəni də öyrənməmişəm – lazımsız və günah bilmişəm. 

- Bəs,  baş verəcək hansısa hadisənin qarşısını almaq mümkündür? Yəni, mütləq şəkildə baş verəcək hadisədə bir fərdi oradan uzaqlaşdırmaq olurmu?

Ardı var…

Azər QARAMANLI
Gülşən ŞƏRİF
Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar