Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Naxçıvan təxribatlarına Ankaradan xəbərdarlıq


Türkiyə XİN rəsmisi Vural Altay: “Naxçıvana yönəlik təhdidlərin artdığı halında Türkiyə istənilən addıma hazır olacaq”; Qardaş ölkənin diplomatı bölgəni “atom silahı” ilə təhdid edən Ermənistana mesaj verd; hərbi və siyasi ekspertlər Vyana görüşündən sonrakı durumla bağlı nələr düşünür?

 
Həmsədr ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin  birbaşa iştirakı nəticəsində baş tutan AzərbaycanErmənistan prezidentlərinin Vyana görüşü də cəbhə bölgəsində stabilliyə gətirib çıxartmadı. 

İşğalçı ölkə özünün günbəgün artan aqressiv davranışları, təmas xətti və dövlət sərhədləri boyunca atəşkəsi kobud pozması ilə mahiyyətini bir daha ortaya qoymaqdadır. 

Azərbaycanın Müdafiə Nazirliyinin son sutkadakı durumla bağlı yaydığı rəsmi məlumat da bunu sübut edir. Məlumatda deyilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub. İşğalçı ölkə yenə də dövlət sərhədi, həmçinin Qarabağ sərhədindən mövqelərimizə, yaşayış məntəqələrimizə atəş açıb. Bu isə düşmənin islaholunmazlığı barədə qəti rəyi bir az da möhkəmləndirən vəziyyətdir.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a durum dəyərləndirməsi edərkən bildirib ki, prezidentlərin Vyana görüşü nəticəsiz qaldığına görə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ümid yenə azaldı: “Ermənistan nə qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyə hazırlaşır, nə də ki, böyük dövlətlər bununla bağlı İrəvana təzyiq etməyi planlaşdırır. Görünür, 4 günlük savaş kifayət deyilmiş, işğalçıya daha güclü təzyiq lazımdır. Prezidentlərin iyun ayının sonundakı növbəti görüşünə qədər cəbhə bölgəsində atəşkəsə ciddi riayət ediləcəyini də düşünmürəm. Elə Vyanada görüşün getdiyi saatlarda da atəşkəs pozulurdu”. 



Atəşkəs zonasındakı vəziyyətin monitorinqi ilə əlaqədar təşəbbüslərdən bəhs edən politoloq ATƏT-in təmas xəttində insidentlərin araşdırılması ilə bağlı tərkibini artırmaq istəyini də şərh etdi: “Belə çıxacaq ki, ATƏT müşahidəçiləri öz torpaqlarımızı azad etmək üçün bizə qadağa qoyurlar. Ona görə də bu mexanizmin işləyəcəyini zənn etmirəm. Ona qalsa Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin 2011-ci ildə AzərbaycanErmənistan prezidentləri ilə keçirdiyi görüşdə də insidentlərin araşdırılması ilə bağlı razılıq əldə olunmuşdu. Ancaq o razılıq da işləmədi, işləyə də bilməzdi. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər nə insidentlərin araşdırılması, nə də atəşkəsə riayət etmək mümkündür. Ermənistan prezidenti Serj Sərkisyanın özü də Vyanadakı sözlü razılaşmaların işləyəcəyinə əmin deyil. Bunu onun erməni jurnalistlərə verdiyi açıqlamadan da anlamaq olar. Demək, hər iki tərəf yenə öz bildiyini edəcək. Ermənistan işğalı uzatmağı, Azərbaycan isə işğalçıya təzyiqi artırmaq siyasətinə üstünlük verəcək”.



Hərbi ekspert Üzeyir Cəfərov isə dedi ki, Vyana görüşünün də digər bundan əvvəlki 20 dəfə prezidentlər arasında keçirilmiş və nəticəsiz olmuş görüşlərdən biri kimi olacağını ilk gündən gözləyirdi: “Özü də bu görüş erməni tərəfindən daha çox ATƏT-in Minsk Qrupuna çox vacib idi və onları təbrik etmək olar. Bu şəxslər 22 il ərzində ən xırda belə müsbət bir nəticəyə imza atmadığı halda, Vyanada əlavə mandat aldılar. Onlara əməkdaşlarının sayının artırılması, həmçinin onlara verilən mandatın səlahiyyət çərçivəsinin də bir az da genişləndiriləcəyi qərarı verildi. Qarabağ münaqişəsinin nəhayət ki, öz həllinə doğru bir addım atılacağı haqda ölkəmizdə olan gözləntilərin bu şəkildə yekunlaşması, sözsüz ki, hər birimizi çox narahat edir. İndi də Ermənilərin açıq havadarı rolunda olan Rusiya məsələnin iki prezident arasında gələn ay davam etdiriləcəyini qeyd etdi. 



Deməli, faktiki olaraq işğalçıya daha bir ay vaxt tanındı ki, bu müddət ərzində onlar, nəhayət, doğru qərar qəbul etsinlər”. Lakin hərbi ekspert Ermənistana və onun cinayətkar rəhbərlərinə heç vaxt inanmadığını vurğuladı: “Bütün baş verənlərin fonunda, xüsusən də aprelin əvvəllərində silahlı qüvvələrimizin qarşısını alan Rusiya bir daha Vyanada sübut etdi ki, bunlara əsas olan Qarabağ savaşının həlli deyil, daha çox öz vassalları olan Serj Sərkisyan komandasının hər vəcdlə qorumaqdır. Şəxsən mən əlimi hələ də üzməmişəm, yəni Qarabağ məsələsində bizim haqlı mövqeyimizin tez bir zamanda öz müsbət həllini tapacağına çox ümid edirəm. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ölkəmizdə əhalinin yarıdan çoxu hələ də bu münaqişənin tez bir zamanda ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə inanır və ümid bəsləyir. Onu da qeyd edim ki, 2016-cı il aprelin əvvəllərində cəbhədə baş verənlər 1994-cü ildən bu yana ən ciddi və hər iki tərəfdən insan və digər itkilərə gətirib çıxaran silahlı toqquşma oldu. Ona görə də hələ də müxtəlif təhlillərə və təkliflərə rast gəlirik. Amma şəxsi düşüncəmə görə, bəlkə də Vyana görüşü iki ölkə prezidentlərinin bu şəkildə və bu tərkibdə sonuncu görüşlərindən biri idi. Qarabağla bağlı Azərbaycanın xeyrinə hər hansı irəliləyiş olduğu zaman Ermənistan hər dəfə mütləq ya aranı qatır, ya da prosesi aktiv şəkildə pozmağa çalışır. Bu da elə belə baş vermir. Ermənilərin cinayətkar rəhbər şəxsləri və havadarları onları aktiv şəkildə istədikləri istiqamətdə yönləndirməyi bacarırlar”. 

Düşmən ölkə aprel toqquşmalarında iştirak etməsi, ağır itkilər verməsi ilə Qarabağ separatçılarının arxasında gizlənmək siyasətini iflasa uğratmış oldu. Daha heç kimi inandırmaq olmaz ki, Qarabağda güclü Azərbaycan ordusu ilə döyüşən Qarabağ separatçılarının qanunsuz silahlı birləşmələridir. Lakin işğalçı yenə də cidd-cəhdlə çalışır ki, Xankəndini “tərəf” olaraq danışıqlar masasında oturtsun və bunun üçün müxtəlif hiylələrə əl atır, Bakını ittiham edən çeşidli mövqelər sərgiləyir. 

İrəvanın bütün istəyi Qarabağdakı separatçıların tərəf olmasına yönəlib. İki gün əvvəl Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyan da iddia edib ki, Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsinin Vyana görüşündə iştirak etməməsinə səbəb Azərbaycanın bunu istəməməsi olub. Təbii ki, Bakı birmənalı şəkildə Qarabağ separatçılarının tərəf kimi prosesdə iştirakını rədd edir. 

Azərbaycanın güzəşti o  ola bilər ki, erməni icması Azərbaycan icması ilə görüşsün. Elə Azərbaycan XİN-in son açıqlaması da bu qənaəti  möhkəmləndirir. “Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyanın Vyanada keçirilmiş görüşdə Dağlıq Qarabağ kriminal rejiminin nümayəndəsinin iştirak etməməsinə Azərbaycan tərəfinin razılıq verməməsinin səbəb olması barədə söylədikləri ağ yalandır və həqiqətə uyğun deyil”. Bunu virtualaz.org-un sorğusuna cavab olaraq Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.



Azərbaycan prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sərkisyan arasında keçirilmiş görüşdə Qarabağ separatçılarının iştirakı ilə bağlı təklif heç kim, o cümlədən Ermənistan nümayəndələri tərəfindən irəli sürülməyib” deyə, H.Hacıyev bildirib. “Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buna görə də münaqişə iştirakçısı kimi bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür”, - XİN mətbuat xidmətinin rəhbəri deyib.

*    *    *

Vyana  görüşü ərəfəsində düşmənin Naxçıvan sərhədlərimiz boyunca təxribatlar törətməsi diqqət çəkdi. Aprel döyüşləri zamanı və ondan sonra israrla Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının açıq dəstəyini almağa, buna görə Türkiyənin döyüşlərdə “izinin olduğunu” sübut etməyə çalışan işğalçı ölkə bu gün də Azərbaycanın Naxçıvan bölgəsini atəş altında saxlamaqla istəklərini reallaşdırmaq istəyir. Fakt budur ki, Qars müqaviləsinə görə, Naxçıvan Türkiyənin qarantiyası altındadır və hər hansı təhlükəli vəziyyət halında qardaş ölkə hərəkətə keçə bilər. Müşahidəçilərin fikrincə İrəvan Ankaranın “Naxçıvan istiqamətində hərbi aktivliyinin artmasını” əsas gətirərək Rusiyanın hərbi bazalarını da prosesə qoşmaq, beləliklə Qarabağın işğalını yeni bir problemlə arxa plana keçirib, üstəlik, gərginliyin Rusiya-Türkiyə müstəvisinə adlamasına nail olmaq istəyir.

Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz, Orta Asiya və Şərqi Avropa ofisinin baş direktoru Vural Altay “Yeni Müsavat”ın vəziyyətlə əlaqədar sualını cavablandırarkən narahatlığa əsas olmadığını bildirib: “Ermənilərin Naxçıvana yönəlik təxribatlarını biz şiddətli şəkildə qınayırıq. Bir müddət öncə də bununla bağlı etirazımızı bildirdik və Ermənistanın bu təhdidlərə və təxribatlara son verməsini istədik. Çünki Naxçıvan Türkiyənin böyük önəm verdiyi bölgədir. Türkiyə Naxçıvanın təhlükəsizliyinə qarantiya verən  ölkələrdən biridir. Naxçıvana yönəlik təhdidlərin artdığı halında Türkiyə istənilən addıma hazır olacaq”.



Türkiyə XİN rəsmisi onu da vurğuladı ki, aprelin əvvəllərində baş verən Ermənistan - Azərbaycan hərbi qarşıdurması rəsmi Ankaranı da ciddi narahat edib: “Türkiyə olaraq bizim mövqeyimiz Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, sülh yolu ilə həll edilməsidir. Bu  məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təbii ki, barış yolundan bəhs edərkən ATƏT-in Minsk Qrupunun fəaliyyətini nəzərdə tuturuq. Biz Minsk Qrupunun fəaliyyətinin artırılmasını və prosesin sürətləndirilməsini arzulayırıq”. 

Türkiyəli diplomat işğalçı Ermənistanın bölgəni “atom silahı” ilə təhdid etməsinə də reaksiya verdi: “Barışdan bəhs edərkən,  atom silahı ilə təhdid etmək heç kəsə fayda verməz. İstəyən hər kəs kimyəvi silaha da malik ola bilməz, bunu unutmamaq lazımdır. Düşünürük ki, Ermənistanın belə bir  imkanı yoxdur və təbii ki, ola bilməz. Üstəlik, belə bir silahdan istifadə insanlığa qarşı cinayətdir”. 

Türkiyədə də bunu dəqiq bilirlər ki, Ermənistandakı anti-Rusiya çıxışları əslində gerçək mənzərəni əks etdirmir. Çünki işğalçı ölkənin arxasında dayanan Kreml siyasəti olmasaydı, cırtdan, zəif Ermənistan ən azı aprel əməliyyatlarından sonra bir gün də  olsun Qarabağda  əsgər saxlamaz, əraziləri tərk edərdi. Qardaş ölkədə bunu da yaxşı anlayırlar ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunu günbəgün artırması, 40 illik hərbi əməkdaşlıq, İrəvana silah-sursat göndərilməsi əslində təcavüzün dəstəklənməsinə yönəlib. Lakin heç bir halda Ankara Azərbaycanı tək buraxmaq niyyətində deyil. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ən çox oxunanalar