Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva və ABŞ Qarabağ uğrunda yarışa girib, ancaq...


Ekspertlər: “Azərbaycan hələ ki, nə Rusiya, nə də Vaşinqtondan dəstək alır”


AzərbaycanErmənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın gələn ay keçirilməsi nəzərdə tutulan görüşünün yeri və günü hələlik tam dəqiq deyil. 

Ancaq müşahidələr bunu deməyə əsas verir ki, növbəti görüşə ev sahibliyini Rusiya edəcək. Əslində aprel əməliyyatlarında atəşkəsə nail olmaqla Moskva prezidentlərin görüşündə moderatorluq etməyə haqq edib və bu görüşün hətta döyüşlərdən iki-üç həftə sonra baş tutacağı barədə də ehtimallar var idi. 

Lakin Rusiya XİN başçısı İrəvana səfəri zamanı bəyan etdi ki, hələlik bir az zamanın keçməsinə, danışıqlar mühitinin yaranmasına ehtiyac var. Görünür, çoxsaylı itkilərlə nəticələnən ağır döyüşlərdən sonra Kreml tezliklə keçirilən görüşün heç bir mənasının olmadığını dəqiqliklə hesablamışdı. Elə Vyana görüşündə də ciddi nəticənin olmaması bunu təsdiqlədi. Rusiya isə 5 apreldə atəşkəsə nail olmaqla öz imicinə müsbət xallar yazdırandan sonra nəticəsiz görüşə ev sahibliyi etmək istəməzdi. 

Lakin fakt budur ki, Moskva Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı konkret həll planına malik olduğunu bildirir. Hətta ortada “Lavrov planı”nın olduğu barədə də çoxsaylı məlumatlar dövriyyədədir. Belə olan təqdirdə Rusiya yalnız müzakirənin məqamı yetişən anda ortaya sənəd qoymağa qərarlı ola bilərdi. Bu isə müharibə ritorikasının nisbətən səngidiyi şəraitdə mümkündür. 

Proseslərdə adətən seyrçi qalan ABŞ da son zamanlar aktivliyini artırmaqdadır. Hər halda, Azərbaycan prezidentinin ABŞ səfərindən sonra Vaşinqton Qarabağ ətrafında baş verənlərdən narahatlığını daha intensiv şəkildə bəyanlamaqda, həmçinin yüksək çinli Amerika rəsmiləri Bakıya zəng etməkdədir. Bu isə Qarabağ məsələsinin tənzimlənməsində ABŞ-Rusiya rəqabətinin olduğunu demək imkanı verir.

Elə Vyana görüşündən sonra Rusiya XİN başçısının dedikləri də bu qənaəti yaradır ki, Kreml Vyana görüşünü təşkil edən ABŞ-a cavab hazırlayır. Sergey Lavrov deyib ki, Rusiya  iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaq və münaqişənin nizamlanması üzrə parametrlərin müzakirəsini davam etdirəcək. Ancaq bu rəqabət prosesi nə dərəcədə irəli aparacaq, demək çətindir. 

Politoloq Arzu Nağıyev bildirdi ki, konfliktin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdikləri hər bir bəyanat onların təmsil etdikləri dövlətlərin mövqeləridir: “Dövlətlər isə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Məlumdur ki, münaqişənin həllində və ya uzanmasında hər bir dövlətin öz marağı var. ABŞ-ın əsas marağı regionda nüfuzunu bərpa etməkdən ibarətdir. Fakt budur ki, Rusiya-Gürcüstan müharibəsindən sonra çox böyük çətinliklə ABŞ Gürcüstanda öz mövqelərini gücləndirməyə çalışır. Amerika Qarabağ münaqişəsinin həllində ikiqat səylər göstərməlidir ki, Azərbaycanda və regionda nüfuz sahibi olsun. Çünki Ermənistan Rusiyanın strateji tərəfdaşı və forpostudur, hətta bir hərbi blokda təmsil olunurlar. Azərbaycan isə heç bir hərbi blokun üzvü deyil və ən böyük qonşularından biri və NATO üzvü Türkiyə ilə tərəfdaş, həmçinin strateji tərəfdaşdır. ABŞ bunu nəzərə almalıdır”. 

A.Nağıyev hesab edir ki, ABŞ bundan başqa, Avropadakı portnyorları ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün məhz regionda təhlükəsizliyin təminatına diqqət yetirməlidir: “Bunun üçün isə Vaşinqton Qarabağ münaqişəsinin həllinin çox böyük əhəmiyyət kəsb etdiyini başa düşməlidir. Təbii ki, belə bir fonda da Rusiya öz siyasi addımlarını atır və münaqişənin həlli üçün Kazan prinsipini və bir sıra təklifləri irəli sürməklə regionda nüfuz sahibi olduğunu qabartmağa çalışır. Məlumdur ki, ABŞ-da bu il prezident seçkiləri də keçiriləcək, məhz buna görə də Obama və onun komandası özlərindən sonra miras kimi həll edilməyən bir sıra münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini də dondurulmuş şəkildə qoymaq istəmirlər. Bu, özünü Vyana görüşlərində bir daha göstərdi. Təbii ki, rəqabətin olması müsbət haldır, lakin əsas məsələ bu rəqabətdən doğan nəticədir. Yəni münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan tərəfi Vyana görüşünə diktə edən, şərtlər qoyan tərəf kimi getdi və buna da haqqı var”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Qarabağ münaqişəsinin həllində Rusiya ilə ABŞ arasında ciddi rəqabət aparıldığını düşünmür: “Əksinə, hər ikisi Cənubi Qafqazda müharibədə maraqlı deyil. Rusiya ona görə müharibədə maraqlı deyil ki, Ukrayna və Suriyanın ardından Cənubi Qafqazda yeni enerji - fiziki və maliyyə itkisinə yol vermək istəmir. Amerika isə müharibədə ona görə maraqlı deyil ki, Azərbaycan bölgənin açar dövlətinə çevrilib və enerji resursları dünya bazarlarına çatdırılır. Müharibə isə bu planlara xətər yetirə bilər. Amerika həm də ondan ehtiyat edir ki, müharibə başlayarsa, İran Cənubi Qafqaza daha çox nüfuz etməyə çalışacaq”. 

Ekspertə görə, Rusiya ilə Amerikanı Dağlıq Qarabağ probleminin ədalətli həllinə biganə qalmaları da birləşdirir: “Hər ikisi, sadəcə, atəşkəsin qorunmasını istəyirlər. Ancaq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Ermənistana təzyiq etmək nə Moskvanın gündəmində var, nə də Vaşinqtonun. Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq, ABŞ prezidenti Barak Obamanın nə zaman Dağlıq Qarabağ ifadəsini tələffüz etdiyini heç xatırlamıram. Buna baxmayaraq, Vaşinqton Moskvanın konfliktin həllində təkbaşına vasitəçiliyinə də seyrçi qalmaq istəmir. 6 apreldə atəşkəsin əldə olunması Rusiya prezidentinin xidməti idi. Üstəgəl, bu müddətdə Bakı və İrəvana da səfər edənlər əsasən rusiyalı rəsmilər idi. Ona görə də Vaşinqton gec də olsa, prosesə qoşuldu. Barak Obamadan olsaydı, bəlkə də Vaşinqton əvvəlki tək passiv qalacaqdı. Ancaq Dövlət Departamentində və Pentaqonda gördülər ki, Cənubi Qafqaz əldən gedə bilər. Ona görə də Ağ Ev sahibini anlatdılar ki, Amerika prosesdən geri qalır. Nəticədə ABŞ dövlət katibi Con Kerri vəziyyətlə maraqlanmağa başladı, həm AzərbaycanErmənistan prezidentlərinə zəng etdi, həm də böyük ölçüdə Vyanadakı görüşün əsas təşəbbüskarlarından biri oldu”. 

E.Şahinoğlu Vyana görüşündən bir nəticə hasil olmadığı yanaşması ilə də razıdır. Ancaq onun fikrinsə, ən azı Kerri prezidentlərin görüşündə iştirak etməklə ABŞ-ın da vəziyyətdən narahat olduğuna işarə vurdu: “Daha sonra ABŞ vitse-prezidenti Cozef Baydenin AzərbaycanErmənistan prezidentlərinə telefon zəngi bir daha onu göstərdi ki, Vaşinqton Moskvanın təkbaşına vasitəçiliyində deyil, digər həmsədrlərlə birgə fəaliyyət göstərməsində maraqlıdır”. 

Politoloq bu vəziyyətin Bakı üçün sərfəli olduğu qənaətindədir: “Əlbəttə, Azərbaycanın da maraqlarına cavab vermir ki, Moskva münaqişənin həllində təkbaşına vasitəçilik etsin. Çünki Moskvanın münaqişənin həlli ilə bağlı Bakıya ağır şərtləri ola bilər. Bu şərtlər arasında Azərbaycan ərazisində yalnız rusiyalı sülhməramlı qüvvələrin yerləşdirəsindən tutmuş, ”paket həll variantının" ağırlıq qazanmasına qədər bəndlər yer alır. Bu şərtlərin heç biri Azərbaycanın maraqlarına cavab vermir. ABŞ-ın özü də Azərbaycanda rusiyalı sülhməramlı qüvvələrin yerləşdirilməsini istəmir. Ona görə də Vaşinqtonun Moskvanın iştahasını neytrallaşdırması Azərbaycanın maraqlarına uyğundur. Ancaq bu amilin münaqişəsinin ədalətli həllini sürətləndirəcəyini söyləmək çətindir. Bizim üçün önəmli olan ilkin şərt irəli sürülmədən Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bu məsələdə biz nə Rusiya, nə də hələ ki Vaşinqtondan dəstək alırıq. Bu məsələni yalnız özümüz həll edə bilərik. Azərbaycanın cəbhə bölgəsində qazanacağı növbəti üstünlük RusiyaABŞ-ın reallığı qəb etməyə  məcbur edəcək. Yoxsa Rusiya ilə ABŞ-ı ortaq baxışları və ya rəqabət meylləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırmayacaq". 

*    *    *
Sarkisyan həddindən artıq çaşqın idi. Hazırkı situasiyada nə etmək lazım olduğunu konkret bilmirdi. Onun mövqeyi əvvəlcədən formalaşmış bir mövqe deyildi. Belə olan halda çaşğınlıq onun sifətində daha çox hiss olunurdu”. Bu sözləri isə ANS-ə AzərbaycanErmənistan prezidentlərinin Vyana görüşünü şərh edən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib. 

Ölkə rəsmisinin sözlərinə görə, Avropada, ABŞ-da, hətta Rusiyanın özündə belə bir fikir formalaşıb ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır və məsələnin həllini ortaya qoymağın vaxtı gəlib çatıb: “Əsas fikir isə ondan ibarət oldu ki, dünyada yeni bir qaynar nöqtə yaratmaq lazım deyil. Ermənistan tərəfi belə bir situasiyada düşünürdü ki, özünü o formada ortaya qoysun ki, onun mövqeyi tərəflər üçün, nümayəndə heyətlərinin rəhbərləri üçün qəbul edilən, inandırıcı olsun”. N.Məmmədov danışıqlardan sonra Ermənistan prezidentinin verdiyi açıqlamalara və bütün bu açıqlamalara cavab olaraq Azərbaycanın təvazökarcasına susqun mövqe tutmasına da toxunub. O, Ermənistan tərəfinin bu cür çıxışları adətən özlərinə haqq qazandırmaq, əsasən də daxili ictimaiyyətə öz mövqelərini yürütmək və özlərinə bəraət qazandırmaq üçün etdiyini qeyd edib: “Soçi, Paris, Kazan görüşündən sonra olduğu kimi onlar bu dəfə də açıqlama vermək üçün bir daxili tələbat hiss etdilər. Biz bu cür bəyanatlarla münaqişənin həllinə gəlib çatmağı mümkünsüz hiss edirik. Bu bəyanatlar başqa məqsədlərə xidmət edir”.

N.Məmmədov deyib ki, aprel ayının əvvəlində baş verən hadisələr Ermənistan tərəfinin düşünülmüş və ya düşünülməmiş addımı olsa da, dünya ijtimayətinin, həmsədr dövlətlərin, müxtəlif beynəlxalq və regional təşkilatların diqqətini bir daha bu münaqişəyə cəlb etdi və nünümayiş etdirdi ki, bu münaqişə dondurulmuş münaqişə deyil: “Eyni zamanda Avropada, Amerika Birləşmiş Ştatlarında, lap belə Rusiyanın özündə də helə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır, bunun həllini ortaya qoymaq üçün artıq vaxt gəlib çatıb”. PA rəsmisi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Vyana görüşündən sonra səlahiyyətlərinin artırılmasını şərh edərkən həmçinin qeyd etdi ki, Azərbaycan bununla bağlı rəsmi mövqe bildirib: “Burada əsas ideya atəşkəs rejiminin mövhkəmləndirilməsi idi. Yəni aprelin əvvəllərindəki kimi və ondan sonra da Ermənistan tərəfi daim təxribatlarla məşğuldur. Bunların olmaması üçün bir neçə təklif irəli sürüldü, onlardan biri də ATƏT-in nümayəndəsinin monitorinq aparması üçün mandatının genişlənməsi idi. Prinsip etibarı ilə biz dedik ki, bu təklifləri həmsədr ölkələrinin təklifləri kimi qəbul edirik, yəni buna etiraz etmirik”. N.Məmmədov əlavə edib ki, ATƏT-in nümayəndəsinin monitorinq imkanları bu vaxta qədər də olub: “Bizim istədiyimiz burda yalnız budur ki, monitorinq olursa-olsun, etiraz etmirik, müəyyən mənada genişləndirmə imkanları varsa da, genişləndirilsin. Amma bu ədalətli olsun, bununla bağlı, baş verən hadisələrlə bağlı nümayəndə heyəti düzgün fikir bildirsin, bəyanat versin, açıq-aydın desin”. O deyib ki, baş verən hadisələrlə bağlı dəqiq, qərəzsiz, reallığı əks etdirən mövqenin ortaya qoyulması böyük bir problemdir. 

Göründüyü kimi, rəsmi Bakı da tezliklə həll yolunun tapılacağına o qədər də ümid etmir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar