Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə hamının gözünə yalnız media görünür?..

Yeni hökumət kabinetinin formalaşması, aparılan personal və institusional islahatlar – böyük ehtimalla bütün bu məsələlər hələ uzun müddət politoloqların və siyasi şərhçilərin müzakirələrində ən əsas mövzularadan biri kimi qalacaqdır...

Etiraf edək ki, islahatlar prosesinə ictimai maraq yetərincədir. Elə ilk, hətta ötəri bir baxışdan belə təəssürat yaranır ki, insanlar nəinki çoxdan bu islahatları, institusional və personal dəyişiklikləri gözləyirdilər, həm də siyasi elitanın da yenilənməsini, cavanlaşmasını arzulayırdılar: islahatların davamı kimi ən müxtəlif ssenarilər, iqtisadiyyatın yeni idarəetmə arxitekturaları və sxemləri təklif olunur, personal islahatların aparılması, idarəedici personalın kardinal bir şəkildə dəyişməsi, bütün sahələrdə gənc kadrların irəli çəkilməsi tələb edilir.

Amma bu gur, hələ də davam edən gərgin müzakirələrdə bizim diqqətimizi bir detal da cəlb etdi. İctimaiyyətin diqqətindən daha bir məsələ də kənarda qalmadı – söhbət dövlətin KİV-lərə, xüsusən də yazılı mediaya maliyyə dəstəyindən gedir. Belə ki, bəzi parlamentarilər bunun əleyhinə çıxış edir və belə hesab edirlər ki, bu dəstək dayandırılmalıdır.

Nəzərə alsaq ki, yaxın vaxtlarda parlamentdə büdcə müzakirələri başlayacaq və ola bilsin ki, oxşar mülahizələr həmin müzakirələrdə də səslənəcək, o halda məsələni bir qədər ətraflı çözmək zərurəti heç kimdə etiraz və şübhə yaratmaz.

Qərəz, bizim bəzi deputatlarımızın fikrincə, KİV-lər də biznes strukturlarıdır və bu səbəbdən də müxtəlif biznes vahidlərinə indiki kimi selektiv yanaşmaq, o cümlədən də KİV-lər üçün süni şəkildə əlverişli və imtiyazlı şərait, necə deyər, "istixana atmosferi” yaratmaq düzgün deyil.

Etiraf edirik ki, başqa bir vaxt KİV-in problemlərinə münasibətdə biz bu cür yanaşmalarla razılaşardıq.

Amma hazırda KİV-lər, xüsusən də çap mediası obyektiv və subyektiv səbəblər ucbatından müstəqil bir biznes vahidi kimi fəaliyyət göstərmək iqtidarında deyillər: bəli, onlar bir biznes strukturu kmi özlərini təsdiq edə bilmədilər...

Səbəblər çoxdur. Ən birincisi də budur ki, bir vaxt mətbuat çox siyasiləşdi, "müstəqil mətbuat” və "müxalif mətbuat” kimi anlayışlar arasında fərq qoyulmadı. Təsadüfi deyil, jurnalistikada bu cür yanaşma və davranış adekvat cavab reaksiyasını doğurdu ki, bu da ən azı formal məntiq baxımından anlaşılan idi. "Əgər siz siyasi seçiminizi etmisinizsə, biz də sizə müstəqil jurnalistika prinsiplərilə yox, siyasi qaydalarla yanaşacağıq” – çox güman ki, həmin adekvat siyasi münasibəti yığcam şəkildə belə ifadə etmək olardı.

Beləcə, mətbuat siyasi seçimini etdi və siyasi savaşa start verildi. Bu savaşı əvvəlcə aparıcı nəşrlərin siyasi patronları – müxalifət partiyaları uduzdu, sonra çap mediası özü də uduzaraq "silah”ı yerə qoydu. Beləcə, çap mediası qalib siyasi vektorların bəlkə də haqlı qəzəbinə tuş gəldi və sonda bu vəziyyətdən çıxmaq üçün artıq qaliblərdən kömək və ya dəstək ummaqdan savayı bir çıxış yolu qalmadı...

Bəli, KİV-lər, xüsusən də mətbuat tamam özgə - siyasi maraqların qurbanı oldu. Media ictimaiyyətinin ideyaları və maraqları uğrunda çarpışmaqdansa, azad və müstəqil media-holdinqlər kimi təsdiqlənmək uğrunda çalışmaqdansa, aparıcı qəzetlər özgə "barrikada”larında, siyasi "cəbhə”lərdə qərar tutdular...
Artıq bu, bir keçmişdir, amma elə - belə keçmiş də deyil, gələcəyin üstündən xətt çəkmiş acı bir keçmişdir, çünki çap mediası başqalarının maraqları üçün öz gələcəyini qurban verdi. Üstəlik, sonradan yeni elektron vasitələrin – telefonların, planşetlərin, nə bilim, noutbukların meydana çıxması da öz sözünü dedi, onlar da kağız medianı insanların maraq sferasından tamam çıxardılar. İndi hamı qəzetlərdən deyil, artıq saytlardan danışır, hansıların ki, təəssüf, qəzetlərdən fərqli olaraq, biznes spesifikası hələ axıradək müəyyənləşməyib və aydınlaşmayıbdır.

Odur ki, KİV-lərin, xüsusən də çap mediasının problemlərinə bir az anlaşıqla yanaşmaq lazımdır.

Həm də başqa məqamları da unutmaq lazım deyil. Doğrudanmı bu vəziyyətdə yalnız çap mediasıdır? Təəssüf ki, yox. Bu yaxın vaxtlarda növbəti bələdiyyə seçkilərini keçirəcəyik. Amma gəlin bir suala səmimi cavab verməyə çalışaq: indiki vəziyyətində və səlahiyyətlərində həmin o bələdiyyələr cəmiyyətə və ölkəyə lazımdırmı? Daha düzgünü bu olmazmı ki, səmimi şəkildə etiraf edək ki, hazırkı bələdiyyələr Avropa Şurasının bizə sırıdığı qurumlardır? Əlbəttə, fərqli bir halda başqa cür də ola bilərdi. Məsələn, cəmi bir neçə ay bundan əvvəl hamımız Türkiyədə keçirilən bələdiyyə seçkilərini böyük maraqla izləyirdik və həmin seçkilər bizim şəraitdə demək olar, gərəksiz qurumlara çevrilən bu strukturların başqa ölkələrdə necə önəm kəsb etdiyini göstərdi. Amma ki, reallıqdan çıxış edəndə, hazırki bələdiyyələr nə ölkəyə, nə də ki, onun cəmiyyətinə vacib qurumlar deyillər.

Və yaxud çoxsaylı yaradıcılıq qurumlarını götürün: onların özləri də, nəşrləri də dövlət tərəfindən maliyyələşdirilir! Ya da elmi-tədqiqat institutlarının böyük şəbəkəsini xatırlayın, hansılar ki, hələ ki bizi Nobel mükafatları ilə sevindirməyib, yəqin yüz il bundan sonra da bunu etmək iqtidarında olamayacaqlar.
Amma onlar da, eləcə də bütün mədəniyyət və elm sferası, hətta təhsilin özü belə əsasən dövlət tərəfindən maliyyələşdirilir.

Bizim rejissorlar dövlətin maliyyə dəstəyi sayəsində hətta seriallar çəkirlər və heç kimi belə bir fakt narahat etmir ki, axı bu seriallara baxan belə yoxdur! Elmə dəstək fondu var, hətta QHT-lər belə dövlətdən maliyyə dəstəyi alır! Sual olunur: doğrudanmı media, o cümlədən də çap mediası bunların hamısından gərəksiz institutdur? Niyə görə bu cərgədə media tamamilə istisnalıq təşkil etməlidir?..

Jurnalistikanın daha bir özəlliyi var. Digər biznes strukturları siyasi azadlıqlar olmadan da, yaxud da məhdud olanda belə fəaliyyət göstərə bilərlər.
Məsələn, dünyanın ən azad və möhtəşəm iqtisadiyyatlarından biri Çin kimi avtoritar bir ölkədə yaranıbdı. Amma Çində ABŞ-da və yaxud da Britaniyada olduğu kimi azad və böyük media-holdinqlər yoxdur, çünki bu ölkədə sözün geniş anlamında azadlıq yoxdur. Odur ki, Çinin media strukturları hələ uzun müddət ölkənin biznes – arxitekturasında yerlərini tapa bilməyəcəklər. Belə bir halda, məgər aydın deyilmi ki, bizim qəzetlərimiz də haradasa qanadsız quşlara bənzəyirlər və çox təəssüf ki, bəzi parlamentarilərimiz bunu nəzərə almayaraq onları "azadlığ”a buraxmağa çağırırlar və belə detalı unudurlar ki, jurnalistlər də onların bəzisinə "Onda gəlin sizi də azad seçkilərdən keçirək!” deyə bilərlər...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar