Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda Rusiya PUA-ları - Rusiyanın PUA sənayesində "İsgəndər"dən betər "qısaqapanma"lar...

İkinci Qarabağ müharibəsi bitdikdən sonra, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar və bəyanatın mürəkkəbi qurumamış Qarabağ ərazisində Rusiya sülhməramlı kontingenti fəaliyyətə başladı. Əsas fəaliyyətini 3 ölkə rəhbərinin birgə imzaladığı bəyanata uyğun olaraq həyata keçirməli olan sülhməramlıların funksiyaları ilkin mərhələdə 3 rayonun boşaldılması ilə başladı, halbuki onların əraziyə yerləşməsi ilə erməni silahlılarının ərazidən çıxarılması paralel baş verməli idi. 3 rayonun boşaldılması, Kəlbəcərdəki 10 günlük ləngiməni və rayonun tamamilə yandırılmasını görməzdən gəlsək, qənaətbəxş hesab edilə bilər. Lakin erməni silahlıların həmin ərazilərdən bu günə qədər çıxarılmaması və sülhməramlıların aidiyyəti olmayan funksiyalarla məşğul olması heç bir halda Azərbaycanı qane edə bilməz.

Bu proseslər ilkin mərhələdə nəzarətsiz formada, sülhməramlıların özünə aid fərdi proqramları əsasında həyata keçirilirdi. Hadisələrin bu gedişatını tənzimləmək üçün birgə Bəyanatda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin (RTBMM) yaradılması nəzərdə tutulmuşdu. 

Rusiya və Türkiyə müdafiə nazirləri birgə Bəyanatın imzalanmasından bir gün sonra, noyabrın 11-də RTBMM-in yaradılması üçün anlaşma memorandumu imzaladılar. Təbii ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara nəinki nəzarət etməsinin, bu əməliyyatlarda hansısa şəkildə iştirakının və ya qatılmasının əleyhinə idilər. Çünki, bütün proseslərin həm yerinə yetirilməsi, həm də bu proseslərə nəzarət Rusiyanın kurasiyasına aid idi. Kremlə burada və indi Türkiyə kimi rəqib qətiyyən lazım deyildi. 

Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklif etdiyi qanun layihəsinin qəbulundan sonra ərazimizdə Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verildi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda, məsələn Gəncə və ya Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam rayonun Mərzili kəndində açılmasına qərar verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Heyətlər vəzifələrini yerinə yetirmək üçün lazımı avadanlıq, əmlak, maddi və texniki vasitələr, həmçinin hərbi texnika ilə təchiz olunub. Hər iki tərəfdən Mərkəzdə xidmət aparan şəxsi heyətin tərkibində əməliyyatçı zabitlər, rabitə üzrə mütəxəssislər, tərcüməçilər, həmçinin pilotsuz vasitələrin operatorlar yer alır. RTBMM-in tərkibinə daxil olan heyət müxtəlif tipli müşahidə vasitələrindən istifadə edir. Bu dəfə Moderator.az oxucularına Rusiya hərbçilərinin istifadə etdikləri pilotsuz uçuş aparatları barədə məlumat verəcək. Mövcud vəziyyəti daha ətraflı əhatə etmək üçün əvvəlcə Rusiyanın PUA sektoruna və onun potensialına qısaca diqqət yetirək.

Rusiyanın PUA sektoru

1970-1980-ci illərdə Rusiyanın xələfi hesab edilən SSRİ PUA istehsalında liderlərdən biri olaraq nəzərdən keçirilirdi. Lakin SSRİ suqut etdikdən sonra bir çox digərlər sahələr kimi, Rusiyanın PUA sektoru da tənəzzülə uğradı.

SSRİ-dən miras qalan bu sektor 2000-ci ilə qədər demək olar ki, tam durğunlüq dövrünü yaşadı. Rusiya sənayesi bir çox PUA təqdim etsə də, onların çoxu sınaq proqramından keçə bilmirdi. Silahlanmaya qəbul edilənlərin isə sayı az və imkanları məhdud idi. Rus dronları adətən digər ölkələrin məhsullarından çox zəif alınırdı, buna görə də Rusiya məşhur iştehsalçılarla birgə PUA yaratmaq üçün ortaq istehsal planlarını nəzərdən keçirməyə başladı.

Rusiyanın PUA sənayesində İsrailin rolu

Rusiya 2008-ci ildə baş verən Gürcüstanla müharibədə buraxılan boşluqları doldurmaq və malik olmadığı müasir tipli PUA-ların hazırlanması üçün İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti ilə şübhəli şərtlərlə pilotsuz uçuş aparatlarının alınması barədə müqavilə imzaladı. Əslində bu sahədə ilk əməkdaşlıq Cənubi Koreya ilə 1993-cü ildən mövcud idi, lakin naməlum səbəblərdən koreyalılar bu əlaqədən imtina etdilər.  

2009-cu ildə İsrail ilə bağlanan müqavilənin dəyərinin təqribən 300 milyon dollar olduğu ehtimal edilir. İsrail Rusiyaya ən yeni versiyalar deyil, uzun müddət istehsal olunan versiyaları təqdim etdi. Bunlar çox köhnə olmasa da, ən yeni versiyalar da hesab edilə bilməzdi. İsrail müşahidə tipli PUA-larının texnologiyasını təqdim etsədə, zərbə tipli versiyaları Rusiyaya satmaqdan ümumiyyətlə imtina etdi. 

2012-ci ildən sonra Ural Mülki Aviasiya Zavodunda IAI-nin “Searcher II” aparatının lisenziyalı kopyası lolan “Forpost” PUA-ları və idarəetmə stansiyasından ibarət olan kəşfiyyat kompleksinin yerli istehsalına başlandığı məlum oldu. 2014-cu ildə isə Rusiyada kəşfiyyat tipli ilk “Forpost” PUA-sının montajı başa çatdı. 

Hazırda Rusiyanın Birgə Monitorinq Mərkəzində istifadə etdiyi iki növ pilotsuz vasitədən biri məhz “Forpost” PUA-larıdır. Ağdam rayonundakı Rusiya və Türkiyədən olan hərbçilər Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsə nəzarəti “Forpost” və “Orlan-10” PUA-larlı ilə həyata keçirirlər. Birgə Monitorinq Mərkəzi bu PUA-ların köməyi ilə atəşkəs rejiminə və baş verə biləcək insidentlərin aradan qaldırılmasına nəzarət edir, sabitliyin pozulması hallarını qeydə alır, bununla bağlı məlumatların toplanmasını, onların emalını, inteqrasiyasını və təsdiqlənməsini təmin edir. Qarabağda istifadə olunan PUA-lar Rusiyanın Mərkəzi Hərbi Dairəsinin tabeliyində olan hərbi hissəyə aiddir.

Forpost

“Forpost” PUA-sının əsas vəzifəsi döyüş zonasında havadan kəşfiyyat aparmaq və artilleriya atəşini tənzimləməkdən ibarətdir. Onun ilk modeli 1990-cı ildə İsrailin IAI şirkəti tərəfindən Asiya Aerokosmik Mərkəzində ictimaiyyətə təqdim edilib. 1992-ci ildə İsrail Müdafiə Qüvvələri tərəfindən 200 ədəd bu PUA-dan əldə edilib. Bir sıra ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilib.

2014-cü ilin yanvar ayından etibarən, 6 ədəd “Forpost” və yerüstü idarəetmə stansiyası, Kamçatkanın Elizovo aviabazasında yaradılan pilotsuz uçuş aparatlarının dəstəsində xidmətə başlayıb. “Forpost” porşenli mühərrikə malik və hazırda Rusiya ordusunda aktiv istifadə olunur. “Forpost” PUA-ları həm ənənəvi hazırlıqsız uçuş zolağından, həm də pnevmatik katapultdan və ya JATO raket sürətləndiricisondən istifadə edilərək havaya buraxılır.

2017-ci ilin sonuna qədər Rusiyada xaricdən gətirilən komponentlər hesabına, hər birində üç pilotsuz vasitə olan 30-a yaxın “Forpost” kompleksi rus qoşunlara təslim edilib. 

Modifikasıyası

Rusiyaya sanksiyaların tətbiqi İdxal komponentlərini yerli məhsullarla əvəz etmək zərurəti yaradıb.  2019-cu ildən etibarən yalnız rus komponentlərindən yığılan “Forpost- R” versiyasının hazırlanması planlaşdırılsa da, onun silahlanmaya qəbulu və ya hansısa döyüş bolgəsində, o cümlədən Qarabağda istifadəsi haqqında rəsmi məlumata açıq mənbələrdə rast gəlinmir.  

Rusiya Müdafiə Nazirliyi 500 kq qalxma kütləsinə malik “Forpost-R” PUA-sının 6000 metrə qədər yüksəklikdə 18 saata qədər uça biləcəyini açıqlayıb. “Forpost-R”-in ilk uçuşunun videosu da yayımlanıb. Rusiya mənbələrindən verilən məlumata görə, rus proqram təminatı ilə yerli komponentlərdən hazırlanan PUA-da APD-85 mühərrikindən istifadə edilir. 2020-ci ildə Rusiya ordusunun silahlanmasına bu PUA-nın qəbul edilməsi planlaşdırılsada, görünür bu hələlik mümkün olmayıb.

Döyüş tətbiqi və itkiləri

20 may 2015-ci il tarixində Ukraynanın Donetsk vilayətinin Peski kəndi yaxınlığında ilk "Forpost" (nömrəsi 923) məhv edildi. Ümumilikdə, son 1 ilə qədər Donbasda 905, 915, 916, 920 və 923 nömrəli 5 ədəd "Forpost" PUA-sı məhv edilib. Rusiya Suriyadakı Xmeymim hava bazasından büraxdığı “Forpost PUA”-larını hərbi əməliyyatı zamanı müşahidə məqsədilə istifadə edib. 2015-ci ildə onların 2 ədədi mənv edilib. “Conflict Intelligence Team” qrupunun məlumatına görə 12 yanvar 2018-ci ildə “Forpost” PUA-sı Suriyada müxaliflər tərəfindən vurulub. Həmin ilin 11 iyulunda isə İsrail HHM qüvvələri başqa bir “Forpost PUA”-sını ölkənin hava məkanı sərhədləri daxilində məhv edib. 

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 7.22 m;
Uzunluğu: 5.15 m;
Hündürlüyü: 1.16 m:
Kütləsi: 207 kq;
Faydalı yükü: 63 kq;
Mühərrikin tipi (İsrail versiyasında): 1×Limbach L 550;
Gücü: 1×47 a.g;
Maksimum sürəti: 198 km/s;
Kreyser sürəti: 194 km/saat;
Əməliyyat radiusu: 220 km;
Uçuş müddəti: 12-14 saat;
Praktik uçuş yüksəkliyi: 4575 m.

Orlan-10

 “Orlan-10” pilotsuz uçuş aparatları Rusiyanın “Xüsusi Texnoloji Mərkəzi” MMC tərəfindən hazırlanıb, istehsalı isə 2010-cu ildən Sankt-Peterburqdakı zavodda həyata keçirilir. Bir sıra genişmiqyaslı təlimlərdə, o cümlədən “Qafqaz-2012”-də və ondan sonrakı təlimlərdə iştirak edən “Orlan-10” Rusiyanın Quru Qoşunlarında və Hava-Dəniz Qüvvələrində istismar edilir. 

Təyinatı

“Orlan-10” PUA-larına malik kompleks, çətin ərazilərdə obyektlərə nəzarət etməyə imkan verir. Axtarış və xilasetmə əməliyyatları üçün də istifadə edilə bilər. Pilotsuz vasitənin yüksək dayanıqlığı səbəbindən çətin hava şəraiti “Orlan-10” kompleksinin istifadəsinə ciddi maneə yaratmır. 

Konstruksiyası 

2011-ci ildən istismar ediən  “Orlan-10” PUA-sı hazırlananda modul tipli bir arxitekturadan istifadə edilib. Bu isə avadanlıqların tərkibini çox qısa zamanda dəyişdirməyə imkan verir. Sökülə bilən füzelyaj həll olunan tapşırıqlara uyğun gəlməklə PUA kompleksinin daşınma rahatlığını da təmin edir. Dronun qanad konsollarının içərisindəki əlavə həcm, faydalı yük avadanlığının korpusa yerləşdirilməsinə şərait yaradır. PUA porşenli mühərrikə malikdir. Onun 600 km-ə qədər fəaliyyət radiusuna malik olduğu iddia edilsədə, bu təkrarlayıcı retraslyator olmadan əlçatmaz hesab olunur. Kompleks Rusiya ordusu tərəfindən 2012-ci ilin sonunda silahlanmaya qəbul edilib. Bu günə qədər Rusiyada ümumilikdə 200-dən çox “Orlan-10” istehsal edilərək sifarişçiərə təhvil verilib.

Təchizatı 

“Orlan-10” PUA-sı “Canon EOS 500D”, “Canon EOS 50D” və “Canon EOS 5D” fotokameralarını, “Flir Foton 320”, “Flir Foton 640” və BHV-558 EX videokameralarını, “Controp” D-STAMP və U-STAMP girosabit kameralarını, “Flir Foton 320T”, “Flir Foton 640T” termal kameralarını, faydalı yüklərin hər birindən maksimum kütləni aşmamaq şərti ilə daşıya bilər. Göründüyü kimi bu avadanlıqların böyük əksəriyyəti idxal olunan avadanlıqlardır.

Kompleksin üstün xüsusiyyətlərinə faydalı yükün və avadanlıqların qısa zamanda dəyişdirilməsi, parametrlərin (koordinatların, hündürlüyün, kadr nömrəsinin) qeydiyyatı ilə birlikdə video və foto çəkilişlərin təmin edilməsi, əlverişsiz hava şəraitində və məhdud ərazilərdə istifadə edilməsi, nəzarət-ölçmə cihazlarının qanad konsolları içərisində yerləşdirilməsi, generatorun mövcudluğunun bütün uçuş zamanı aktiv yüklərin istifadəsinə imkan verməsi, qalan PUA-lar üçün təkrarlayıcı olaraq istifadə edilməsi aid edilir.

İmkanları

Yerüstü idarəetmə stansiyası eyni vaxtda 4 vasitəni idarə etməyə imkan verir. Aparatlardan hər hansı biri idarəetmə siqnallarını daha uzaq bir PUA-ya ötürmək üçün təkrarlayıcı kimi istifadə edilə bilər.

“Orlan-10” eyni anda bir neçə növ hədəf avadanlığı, fotoaparat və girosabit televiziya kamerası ilə təchiz edilə bilər. Bunlara foto və videokameralar, termal görüntü cihazı, görüntünü konsola ötürmək üçün radioötürücü və siqnal təkrarlayıcısı aiddir. Onlar eyni vaxtda quraşdırıla bilər. Siqnal təkrarlayıcı tövsiyə olunan məsafə xaricində olan bir neçə “Orlan”ın eyni vaxtda istifadəsi üçün faydaldır. Bu bazaya qayıtmadan və avadanlıqları dəyişdirmədən çoxsaylı vasitələrlə müşahidə aparmağa imkan verir.

“Orlan-10” pilotsuz vasitəsinin maksimum qalxma kütləsi 18 kiloqrama qədərdir, bunun 5 kq-ı faydalı yük ola bilər. Qarışıq (metal və plastik) materiallardan hazırlanan PUA, ön mühərrik və çəkmə pərinə malik yüksək qanadlı dizayn əsasında hazırlanıb. 

Pilotsuz vasitənin buraxılması sökülə bilən xüsusi katapultdan həyata keçirilir. İlkin sürətlənmədən sonra uçuş aşağı güclü benzin mühərriki hesabına baş verir (Aİ-95 yanacağı tövsiyə olunur). Uçuş sürəti taktiki ehtiyacdan asılı olaraq saatda 75 ilə 170 kilometr arasında dəyişə bilər. “Orlan-10” havada 18 saata qədər qala bilər, idarəetmə panelindən maksimum məsafə 180-200 kilometri keçməməlidir, əks halda dronun video avadanlığından siqnal almaq mümkün olmur. “Orlan”ın maksimum uçuş yüksəkliyi 5 kilometrdir.

Tapşırıq başa çatdıqdan sonra enmə paraşütlə həyata keçirilir: operator cihazı göstərilən əraziyə aparır, sürətini azaldır və paraşütün açılması üçün komanda verir. Paraşütlə yanaşı, sərt enmə zamanı cihazın qorunmasını təmin edən daha iki sistem mövcuddur. Yerə toxunmadan əvvəl pnevmatik amortizator şişirilir və icazə verilən artıq yük “Orlan”ın struktur elementlərindən ayrılır. Nəticədə meydana gələn zədələr əhəmiyyətli dərəcədə azalır.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 3.10 m;
Uzunluğu: 1.80 m;
Boş kütləsi: 12.50 kq;
Maksimum qalxma kütləsi: 18 kq;
Mühərrikin növü: porşenli daxili yanma;
Kreyser sürəti: 100-150 km/saat;
Praktik uçuş məsafəsi: 600 km;
Fəaliyyət radiusu: 50-120 km;
Uçuş müddəti: 10-18 saat;

Nəticə

Pilotsuz vasitələr Rusiya ordusunda 2015-ci ildən aktiv görünməyə başlayıb. Bunlar əsasən kəşfiyyat tipli vasitələrdir və havada bir-iki saat qala bilirlər. Rusiyada hələ də zərbə tipli PUA-nın hazırlanması barədə məlumatlara rast gəlinsə də onların silahlanmaya qəbulu barədə faktlar mövcud deyil. Rusiyada ABŞ, Türkiyə, Çin və İsrailin sahib olduğu zərbə PUA-larının hələ də olmadığı ehtimal edilir. 2007-ci ildən bu PUA-lar barədə bəyanatlar səslənsə də, real nəticə hələlik nəzərə çarpmır. Buna görə də Rusiya PUA sahəsində heç də lider ölkələrdən hesab edilmir. Xüsusilə də Gürcüstan, Liviya, Suriya və ikinci Qarabağ müharibələrində şimal qonşumuzun bu sahədə rəqiblərindən geri qaldığı da aşkar hiss olundu.

Suriyada istifadə edilən Rusiya PUA-larının ümumi itkiləri tək 2015-ci ildə 35 ədəd olub. Onlardan 20 ədədi yalnız “Orlan-10” PUA-sı olub. 10-dan çox “Orlan-10” PUA-sını yalnız qəza nəticəsində itirilib. “Forpost” PUA-larının itkisi isə 2015-ci ildə Suriyada 2 ədəd, Ukraynada isə 5 ədəd olub. Ümumilikdə isə Rusiya bu iki PUA modelindən tək 2015-ci ildə 27 ədəd itirib. Nəzərə alsaq ki, bu yalnız mətbuata sızan məlumatlardır, o zaman “Orlan-10” və “Forpost” pilotsuz vasitələrinin döyüş imkanları və etibarlılığı ciddi suallar yaradır. Deməli istifadə etdilən rus istehsalı PUA-ları RTBMM heyətindən daha diqqətli və ehtiyatlı olmağı tələb edir.

Rusiya həm PUA qəzalarından, həm də Suriya, Liviya və Qarabağdakı döyüş əməliyyatlarından sonra əhəmiyyətli nəticələr çıxarmağa məcburdur. Yerli zərbə PUA-larının bu günə qədər mövcud olmaması Rusiyanın nüfuzuna da xələl gətirir. Kəşfiyyat vasitələri sahəsində bir çox sistemlərə malik olduğunu iddia edən Rusiyanın Qarabağda həm də 30 il əvvəlki İsrail PUA-sı bazasında hazırlanan aparatdan istifadə etməsi, zərbə vasitələri ilə bərabər kəşfiyyat dronları sahəsində də Moskvanın ciddi sıxıntılıarı olduğunu göstərir. Rusiyanın Siriyada, Liviyada, Ukraynanın şərqində, Gürcüstanın Abxaziya bölgəsində, Ermənistan ərazisində və s. əsasən İsrail lisenziyası olan “Forpost”PUA-lardan istifadə etməsi də əvvəlki iddianı yenidən sübut edir. Bu isə bir daha Rusiyanın yerli istehsal vasitələrinin texniki imkanları barədə səsləndirdiyi rəsmi məlumatları şübhə altına alır. Maraqlıdır ki, Rusiya son illərdə bu sahədə ciddi bir inkişaf konsepsiyası da ortaya çıxara bilmir.

Rusiya Qarabağ müharibəsində zərbə PUA-larının kütləvi fəaliyyətini müşahidə etdikdən sonra müasir ordunun pilotsuz vasitələr olmadan nailiyyət əldə etməsinin mümkün olmadığını yəqin ki, gec də olsa, artıq anlayıb. Rusiya kəşfiyyat PUA-ları hər gün 24 saat havada müşahidə aparması, kifayət qəər aktiv istifadə olunama səbəbindən, yeni olmayan aparatların resursları daha erkən bitməsi ilə nəticələnəcək. Belə olan halda yaxın gələcəkdə Türkiyə PUA-larının Qarabağda görünməsi ehtimalı getdikcə artır. Bəlkə də həmin PUA-lar artıq Qarabağdadır. Lakin bunu təsdiqləyən rəsmi məlumatlara və ya vizual görüntülərə  hələlik rast gəlinmədiyi üçün bunu iddia etmək doğru olmaz.  

Türkiyə PUA-larının son 5 ildə döyüş meydanlarında qazandığı uğurlar nəticəsində Ankara beynəlxalq silah bazarında qabaqcıl hərbi texnologiyalara malik bir ölkə kimi özünü artıq təsdiq edib. Bütün dünya ictimaiyyəti etibarlı və davamlı Türkiyə PUA-larına tələbatın yüksək olduğunu yazdığı bir vaxtda, vətəndaşlarımızın Qarabağ səmasında təhlükəli və etibarsız Rusiya PUA-ları əvəzinə, qardaş Türkiyənin pilotsuz vasitələrini görmək istəyi də təbii olaraq qəbul edilməlidir. Digər tərəfdən isə birgə monitorinq mərkəzində “hər iki tərəf bərabər resurslara malik olmalıdır” prinsipi də bunu tələb edir.

Ədalət Verdiyev, hərbi ekspert (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar