Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amansız mübariz”lərin korşalmış yaddaşı


Xalid KAZIMLI yazır


İqtidar komandasına qarşı loyallığı da,“konstruktiv müxalifətçiliyi” də bu ölkəyə siz gətirdiniz.

Keçən dəfəki yazımda çalışdım ki, cığal sektaya maksimum təmkinli cavab yazım, polemika mədəni müstəvidə, hirssiz-hikkəsiz şəkildə getsin. Əslində, məqsəd bu idi ki, deyingən qocaların intriqasına dönməkdə olan bu söhbət ümumiyyətlə davam etməsin, kəsilsin, hər kəs öz işi ilə məşğul olsun - qəzetçi qəzetçiliyi ilə, siyasətçi siyasətiylə.

Olmur ki,olmur. AXCP-nin sözçüsü “Akif” yenə də bir şeylər yazıb, yenə də dağı arana, aranı dağa daşıyıb, yenə ittiham edib. 

Bir halda ki, intriqa davam edir, yazırlar, davam edirlər, biz də məcburuq sona qədər yazaq. Yoxsa bir hovur sussaq, qarşı tərəf təntənəli şəkildə elan edəcək: “Susdurduq! Yendik! Deyəcək sözləri yoxdur!”

Elə şey yoxdur. Bu cür cılız düşünənlərin, məkr dağarcıqlarının  qarşısından qaçmaq olmaz, cavabları verilməlidir ki, onlara kor-koranə inananların da gözü açılsın.

“Akif” bəy bu dəfə yazısını Allahı şahid gətirməklə başlayıb: “Allah da şahiddir ki, bizim kiməsə böhtan atmaq, kimisə haqsız yerə ittiham etmək məqsədimiz yoxdur. Sadəcə olaraq yoluna, əqidəsinə, mübarizəsinə xəyanət edənlərə qarşı barışmazıq. Hamını öz adı ilə çağırmaq missiyamız var.  Bundan sonra da ədalətsiz hakimiyyətə, şər-böhtanla məşğul olanlara, zalım rejimin maşasına çevrilənlərə qarşı amansız olacağıq”.

Özünə olmayan yerdən missiya düzəldənlər! Sizin missiyanız bir qəzetlə sonu görünməyən polemikaya dalmaqdırsa, bu sizi gülüstanamı aparacaq? “Zalım rejimin maşasına çevrilənlərə qarşı amansız olacağı”nıza həmin rejimin özünə qarşı prinsipial olmanız daha effektli olmazmı? 

Bu hakimiyyətin və onun başbilənlərinin təbliğatı “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs”, “Respublika”, “Bakinski raboçi” və xeyli başqa qəzet və saytlarda, eləcə də “Lider”, “Speys”, ATV kimi telekanallarda gedir. Həmin media qurumları il on iki ay sizi cümlə xəyanətlərdə, hər cür pis-pis şeylərdə söyüb-yamanlayır, birinə bir söz yazırsınızmı?
Unutmsunuzsa, xatırladaq, cəbhəçilərin şəxsi həyatına aid biabrıçı fotoşəkillər və videokadrlar hakimiyyət mediasında gen-bol və dönə-dönə tirajlanmışdı, “Yeni Müsavat” qəzeti və saytı isə o barədə nə bir görüntü yaymış, nə də bu materiallara haqq qazandıracaq, dəstək verəcək bir sətir yazmamışdı, müdafiənizdə durmuşdu. Siz deyən “maşa”ların hamısı o prosesdə iştirak edirdi, amma siz bu gün nəinki onlarla qəzetimiz arasında bərabərlik işarəsi qoyursunuz, hətta onları bir kənara qoyub, bizə qarşı “amansız” mübarizə aparırsınız.
İstədiyiniz qədər amansız olun, sizdən aman istəyən varmı? Siz kiməsə aman vermək durumundasınızmı? Bir fikirləşin...

“Akif” yazır:  “Allah da şahiddir ki, Əli Kərimli heç vaxt “Azadlıq”ın işinə müdaxilə etmir. Qəzetin gündəlik kursunun, hansı mövzuları müəyyənləşdirdiyinin, kimdən və nədən yazmasının Əli Kərimliyə aidiyyəti yoxdur.  ... Əli Kərimli heç vaxt ikinci-üçüncü dərəcəli adamlara cavab vermir”.

Nahaq yerə yalana əl atmayın. Media sferasında kimin mövzu verdiyini, kimin nə yazdığını, kimin işə necə müdaxilə etdiyini hamı əla bilir. Əli Kərimli isə nəinki ikinci-üçüncü dərəcəli adamlara cavab vermir, əksinə, ona qarşı olanların dərəcəsinə baxmadan cavab verir, həm də çox “amansız”. Ondan da keçən yerdə, siz hələ indidən insanları sex çilingərləri kimi “ikinci-üçüncü dərəcə”lərə ayırmaq təkəbbürü göstərirsinizsə, əlinizə hakimiyyət düşərsə, necə olacaq, bizi Hindistandakı kimi kastalara böləcəksiniz?

Mürtəce rejimlə şərəfli mübarizədən çox danışan oğlanlar, 15 il öncə İlham Əliyevlə müttəfiqlik büsatı qurmaq üçün dəridən-qabıqdan çıxan siz deyildinizmi? “Azadlıq” qəzetinin “podşivka”sı durur axı, müxalifətdəki “islahatçı”larla iqtidardakı “islahatçılar”ın birləşməsinə dair palaz-palaz yazılar yazdırmırdınızmı?  

1993-cü ildən 2002-ci ilə qədər iqtidarla müttəfiqliyinizi unutdunuzmu? Xalqın səsini Müsavat qazanırdı, mandatı sizə verirdilər, gedib parlamentdə otururdunuz, Avropanı qarış-qarış gəzirdiniz, sərəncamınızda olan qəzetlər bütün günü Elçibəy və İsa Qəmbərin əleyhinə yazırdı, yadınızdan çıxıb? Yurdçu qardaşlarınızın iqtidaryönlü qəzetlərdə ard-arda baş redaktor olduğunu unutmusunuz?
Sadəcə, o büsat ona görə baş tutmadı ki, sizdən, sizin xidmətinizdən imtina edildi, bir gün İlham Əliyev “mən öz liderinə xəyanət edən adamlarla müttəfiq olmaram” dedi, məsələ bitdi. O, elə bir söz deməsəydi, indi eyni komandada əl-ələ verib işlərdiniz, “tüğyan edən korrupsiya”dan yox,  “regionun lider dövləti olmaq”dan-filandan danışardınız.

İqtidar komandasına qarşı loyallığı da, “konstruktiv müxalifətçiliyi” də bu ölkəyə siz gətirdiniz axı. İqtidar çevrələri ilə gizli əməkdaşlıq edən silahdaşlarınız sonradan sizi ataraq, bircə-bircə açıq əməkdaşlığa keçmədilərmi? 

Hansı sədaqətdən danışırsınız? Lideriniz ölüm döşəyində can verərkən, hətta gözünü əbədi yumduğu gün əlinizdə olan qəzetdə onun əleyhinə biabırçı yazı dərc olunmamışdımı? 
Bunların hamısı faktdır. Sənədləri də var, sübutları da. Bəzi adamların yaddaşları korlanmış ola bilər, amma arxivlər hələ yanmayıb.

AXCP-nin sözçüsü yazır: “Biz, “keçmişinizə, yolunuza, mübarizə insanlarına xəyanət etmisiniz” deyirik. Keçmişdə kəskin yazılar yazmaq, bu gün küt bıçağa çevrilməyə haqq qazandırmır”.

Yəni biz keçmişdə sərt yazılar yazmışıqsa, bir gün acı reallıqları nəzərə alaraq bir az yumşaq yazmaq hüququmuz yoxdurmu? Həmişə sərt yazıb yenə türmələrə düşməliyikmi, hamının bildiyi şeyləri tutuquşu kimi təkrarlayaraq, əməkdaşlarımızın həyatını təhlükə altına atmalıyıqmı? Biz fanatik sekta deyilik ki, insanlardan kamikadze hazırlayıb irəli göndərək, onları qurban verək. 

Demokratiya və azadlıqlar uğrunda mübarizə aparmaq müqəddəs işdir, amma onun ağırlığını yalnızca qanını qaşığa qoyan bir neçə müəllifin çiyninə yükləmək, onları qladiatora döndərmək olmaz, bir adamın silsilə ifşaedici araşdırma yazıları yazıb həbsə düşməsindənsə, hərənin bir sətirlik etiraz statusu yazması daha effektlidir. 
Başqalarından fədakarlıq ummaq, onları öz məqsədlərin uğrunda qurban vermək, daha pisi, insanları qurbanlıq olmağa zorla, şantajla təhrik etmək isə İŞİD düşüncəsindən başqa bir şey deyil.
Özünə gün-güzəran qurmaq, həyatda yerini tapmaq istəyən sadəlövh gəncləri “tezliklə hakimiyyətə gələcəyik və dövləti siz idarə edəcəksiniz” kimi şirin vədlərlə tovlayaraq qrup lideri olmaq, hətta 100-150 nəfərin saxta profillərlə meydan suladığı virtual aləmdə boy göstərmək olar, amma bu yolla ciddi bir uğur qazanmaq olmaz. 

Həmin gənclər də bir az yaşa dolduqdan, həyatı başa düşdükdən, sizi yaxşı tanıdıqdan sonra onsuz da aralanıb gedirlər. İndiyə qədər yanınızdan neçə nəsl gənclər dəstəsi gedib, oturun hesablayın.

Hər kəsin, hər siyasi qrupun özünə görə mübarizə üsulu var. Hamıya qarşı “bizim kimi olmalısınız” şərti qoya, hamıdan biət tələb edə bilməzsiniz. Siz “amansız mübarizə”nin tərəfdarısınız, biz isə hesab edirik ki, aman istəyənə aman vermək lazımdır. Siyasi mübarizə bunu tələb edir, sizin üsulunuzun və təfəkkür tərzininizin adını yuxarıda yazmışıq. 

Yeri gəlmişkən, bir daha “biz sizə başqa ad qoymuruq, öz adınızla çağırırıq” deyə böyük-böyük danışmayın, yazmayın, ehtiyatlı olun, bu tərəfdə ad qoymaq xüsusunda uzman olan şəxslər də var və Söylü bacı demişkən, elə adlar qoyarlar ki... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ən çox oxunanalar