Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın bütün məsələsi, həm də bizim məsələmizdir”


“Azərbaycanın bütün məsələsi, həm də bizim məsələmizdir” - AKP-li deputat


Millət vəkili Erkan Kandemir: “Türkiyə heyətindəki erməni əsilli millət vəkili Azərbaycanın lehinə səs verdiyi üçün Ermənistan deputatlarının hücumuna məruz qaldı” 

Erkan Kandemir Türkiyədə gənc siyasətçilərdən sayılır. AK Partiya gənclər təşkilatı fəallarından olub, partiya yarandığı gündən orda fəaliyyət göstərir. Bir müddət baş nazirin müşaviri, daha sonra isə səhiyyə nazirinin müavini postlarını tutub. E.Kandemirlə görüşüb söhbət etməmizin bir səbəbi də onun Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin üzvü olması ilə bağlıdır. AK Partiyanın gənc liderlərindən biri ilə Türkiyə siyasətinin gündəm mövzuları və eləcə də AŞ PA-nın son toplantısındakı səsvermə ilə bağlı danışdıq. 

- Erkan bəy, müsahibədən öncə sizin bioqrafiyanıza baxdım. Gənc yaşda siyasətə gəlmiş, partiyada, daha sonra hökumətdə mühüm vəzifələr tutmusunuz. Baş nazirin müşaviri, səhiyyə nazirinin müavini olaraq çalışmışınız. İndi isə Böyük Millət Məclisi üzvüsünüz. Amma Türkiyənin həm də mürəkkəb siyasi sistemi var. Siyasi fəaliyyət çətindirmi? 

- Öncəliklə təşəkkür edirəm, xoş gəldiniz. Azərbaycan bizim üçün çox qiymətli, canımız, qanımız bir ölkədir. Bizim üçün bir fürsət verdiyiniz üçün təşəkkür edirəm. 

Açığını deyim ki, Türkiyədə siyasətçi olmaq mənə görə çox da çətin deyil. Çox gənc yaşlarımdan ictimai-siyasi proseslərə qoşulmuşam. Bizim, yəni AK Partiya üzvlərinin ən böyük şansı liderimiz, yəni partiyanın qurucusu və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanıın siyasətə gənclik təşkilatından gəlməsi, siyasi fəaliyyətin bütün pillələrindən keçməsi, sıxıntılar, çətinlikləri görməsidir. Bu səbəbdən də bizi çox gözəl başa düşən bir liderimiz vardır. 

Ona görə də özümü və AK Partiyada siyasətə gələn gənclərin şanslı olduğunu düşünürəm. Çünki belə bir siyasətçi partiya fəallarına, xüsusən də gənclərə çox böyük önəm verir. Mən partiyamızın gənclər təşkilatından gəlmişəm. Bizim gənclər təşkilatlarında sizi sadəcə bir üzv deyil, prosesin aktiv iştirakçısı, qərar qəbul edəcək, dünya siyasətini bilən bir quruluş olaraq görür. AK Partiyanı canlı saxlayan da bu anlayışdır. Bu mənada AK Partiyada olmaq bizim üçün şans oldu. Daha öncə sədrimiz Tayyib Ərdoğanla birgə çalışmaq fürsəti əldə etdik. Təbii ki, bir qismət cizgisi də var, amma bu yolu addım-addım gəldik. Bu gün 34 yaşım var, amma siyasətə gəlməyim çox gənc dövrlərimə təsadüf edir.

- Bəs siyasi fəaliyyətə gəlişiniz necə oldu? AK Partiyadanmı başladınız? 

- Mənim üçün siyasət toplumun və dünyanın məsələlərinə yön vermək idealınızın olmasıdır. Bunu siyasi partiyada və ya Qeyri-Hökumət Təşkilatlarında da edə bilərsiniz. Hər ikisi də mümkündür. İlk dəfə orta məktəbə oxuyarkən, ictimai fəaliyyətlərə qoşuldum. O zaman bizim Türkiyənin təməl məsələləri ilə bağlı narahatlığımız vardı. O zaman həmyaşıdlarımla vətəndaş cəmiyyəti qurumaqla fəaliyyətə başladıq. Mən İmam Xətib liseyi məzunuyam. O zamanlarda Türkiyədə dindar insanlar üzərində ciddi təzyiqlər vardı. Daha sonra universitet illərində də ictimai təşkilatlarda olduq. Universitetdə mühəndislik fakültəsində dərnək başqanı, daha sonra dərnəklər konfederasiyası başqanı seçildim. 

AK Partiya yarandıqdan sonra bu partiyaya qoşulduq. Gənclər Təşkilatında çalışdım, vilayət təşkilatı sədri oldum. Bu partiyanı ölkəmizlə bağlı xəyallarımızı reallaşdıra biləcəyimiz bir təşkilat olaraq gördük və ötən bu zaman ərzində ilk gündə olduğu həyəcanımızla fəaliyyətimizi davam etdirdik. 

- AK Partiya bütün seçkilərdə qələbə qazanıb. Bu qələbənin sirri ilə bağlı hələ o zamandan məşhur bir fikir vardı ki, AK Partiya seçkiləri hər evə getməklə, hər bir insana mesajını çatdırmaqla, “qapı-qapı” deyilən kampaniya ilə qazanır. Doğrudanmı, belə bir kampaniyalar olur? Partiyanın seçkiləri qazanmasının sizə görə sirri nə idi?

- Rəcəb Tayyib Ərdoğann məşhur bir sözü var. Deyir ki, bu partiyanın tabelasını millət asdı. Həqiqətən də elə oldu. Partiya mərkəzində quruculara ağır yük olmadı. Türkiyədə davam edən təbii bir proses AK Partiyanı ortaya çıxardı. Partiya və onun lideri Tayyib Ərdoğan ümidin ünvanı oldu. O zaman ilk seçkilərdə də növbədənkənar seçki olmasına baxmayaraq böyük bir çalışma oldu. Nəticəsi də məlumdur. 

Amma bunun yanında bizim ən böyük gücümüz təşkilatlarımızdır. AK Partiya böyük bir siyasi hərəkata çevrilib. Hazırda partiyamızın rəsmi üzvlərinin sayı 12 milyon nəfərə çatıb. Türkiyədə 45 milyon seçicinin olduğunu düşündükdə, eyni zamanda rəsmi dövlət məmurlarının partiya üzvü olmasının yasaq olduğu amilini də əlavə edəndə ortaya ciddi bir rəqəm çıxır. Hətta bu vəziyyətdə belə, Türkiyədə hər 4 seçicidən biri rəsmən AK Partiya üzvüdür. Böyük bir təşkilatıq, bunu təşkilatlarımızın planlı, nizamlı fəaliyyətlərinə borcluyuq. 

Eyni zamanda bizim fəaliyyətimiz yalnız seçki dövrləri ilə məhdudlaşmır. Sanki sabah seçki olacaq kimi hər gün xalqla çalışmamızı davam etdiririk. Uğurumuzun bir sirri də budur. Bizim partiyanın siyasi istiqamətini xalq müəyyən edir. Təbii ki, biz də rəy sorğuları etdiririk. Araşdırmalar aparırıq. Ancaq ən real nəticələri yerli təşkilatlarımızdan alırıq, onların verdiyi bilgilərə istinad edirik. Bu səbəbdən də yerli təşkilatlarımız dayanmadan çalışır. 

- 1 noyabr seçkilərində AK Partiya böyük bir qələbə qazandı. 5 ay əvvəlki seçkilərlə müqayisədə gözlənilməz bir dönüş oldu. Yeni parlamentin seçilməsi ilə həm Türkiyədə, həm də xaricdən nəzərlər Türkiyədə konstitusiya dəyişikliyi mövzusunda diqqət kəsildi. AK Partiyanın yeni konstitusiya və prezident üsul-idarəsinə keçidlə bağlı bu qədər israrının səbəbi nədir? 

- Türkiyə AK Partiyanın iqtidarı dönəmində çox ciddi uğurlara imza atdı. Demokratiya, insan haqları, iqtisadi sahədə ciddi sıçrayış oldu. Hazırda dayandığımız yerdə həm Türkiyənin iqtisadi inkişafının davamı, həm də azadlıqların təminatı baxımından bəzi addımların atılmasının labüd olduğunu düşünürük. Bu nöqtəyə rahat gəlib çıxmadıq. Bu gün mükəmməl olmasa da, yaxşı bir yerə gəlib çatdığımızı düşünürük. 2002-ci illə müqayisədə Türkiyə yaxşı yerdədir. Bu gün Türkiyəni daha da irəli aparmamız lazımdır. Əgər biz bu gün standartlarımızı daha da irəli aparmaq üçün millətlə dövlətin sözləşməsi olan Konstitusiyamızın yaşayışımız, toplumun standartlarına uyğun olması lazımdır. Bizim hazırkı konstitusiyamız hərbi çevrilişdən sonra, çevriliş edənlərin rəhbərliyi altında, onların təsiri ilə yazılmış bir konstitusiyadır. Hazırkı konstitusiya Türkiyənin bu gün gəldiyi yerlə uyğun deyil. Yəni “geyim” bizə dar gəlir. Yeni bir konstitusiyaya ehtiyacımız var. Yeni konstitusiya ilə birlikdə bizim daha əslində yeni bir sistemə ehtiyacımız var. 

Biz 7 iyun seçkilərindən sonra da gördük ki, əgər ölkədə sabit, istiqrarlı bir hakimiyyət yoxdursa, böyük bir risk altındayıq. Həm iqtisadi, həm siyasi, demokratiya, insan haqları ilə bağlı uğurlarımız risk altına düşə bilər. Biz bunu yaşadıq. O zaman bizim istiqrarlı bri siyasi sistemə ehtiyacımız var. Bu qazancları qanuniləşdirəcək hüquqi sistemə ehtiyacımız var. Bu da prezident üsul-idarəsi ilə mümkündür. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin böyük bir qismi bu sistemlə idarə olunur. Bu sistem koalisiyaya, yəni əslində ehtimal olunan xaosa imkan vermir. Sabitlik bizim kimi inkişaf etməyə çalışan ölkələr üçün vazkeçilməzdir. Bu səbəbdən də biz siyasi sistemimizin yenidən təftiş olunması, prezident üsul-idarəsinin ən uyğun olduğunu düşünürük. 7 iyun bizi haqlı çıxardı. 

Bu gün bölgəmizin durumu göz önündədir. Üstəlik Türkiyə PKK, İŞİD kimi terror təşkilatları ilə savaşır. Belə bir durumda əgər Türkiyədə siyasi istiqrar olmasaydı, Türkiyə həm iqtisadi, həm də əmin-amanlıq baxımından ciddi problemlər yaşaya bilərdik. Şükürlər olsun ki, bu gün Türkiyədə güclü bir iqtidar var. Amma biz böyüyən, iddiası olan bir ölkəyik. Belə bir ölkə işi şansa buraxa bilməz, işini təminat altına almalıdır. Bunun yolu da siyasi sistemin təminatlı olmasından keçir. Bu mənada bir siyasi sistemidə istiqrarın təməlini prezidentlik sistemi ilə qura biləcəyimizi düşünürük. Bu mənada prezidentlik sistemi bizim üçün çox önəmlidir. 

- Türkiyə dövləti hazırda ölkənin cənub-şərq bölgələrində PKK terrorçularına qarşı antiterror əməliyyatları aparır. Bildiyimiz kimi, buna qədər hökumətin kürd məsələsi ilə bağlı bir sıra siyasi planları oldu, “açılım prosesi” aparıldı. Bu əməliyyatlar nə zamana qədər davam edəcək? Daha sonrası ilə bağlı hökumətin hansı addımları planlaşdırılır?

- Bizim üçün bu məsələnin iki tərəfi var. Kürd vətəndaşlar bizim üçün önəmlidir, onların bu günə qədər yaşadıqlarını anlayırıq. Bu günə qədər Türkiyədə yalnız kürdlər deyil, digər qruplar da ciddi sıxıntılar yaşayıb. Başıörtülü xanımlara nəinki dövlət məmuru olmaq qadağan edilib, hətta universitetə qəbul edilməyiblər. Qeyri-müsəlmanlar, ələvilər böyük sıxıntılar yaşadılar. Bu, Türkiyənin bir sistem, anlayış problemi idi. Biz bunları dəyişdirdik, dəyişdirməyə də davam edəcəyik. Yəni məsələ kürd məsələsi deyildi, dövlətin kürd vətəndaşları ilə barışması önəmli və qiymətli idi. Biz bu sadaladığımız sahələrdə standartları yüksəltməyə çalışırıq. 

Ancaq bu gün baş verənlər hansısa vətəndaşımızın haqq və hüquqları ilə bağlı olan bir məsələ deyil, biz bu gün tam olaraq terroru yaşayırıq. Yəni silahlı bir terror təşkilatının qəsdən və məqsədli şəkildə bizim təhlükəsizlik qüvvələrimizə, insanlarımıza hücumları ilə qarşı-qarşıyayıq. Və təsadüfi deyil ki, biz bu gün yalnız PKK terroru ilə deyil, eyni zamanda İŞİD, Türkiyədə fəaliyyət göstərən marginal sol terror qruplarının da hücumlarına məruz qalırıq. Təsadüf deyil ki, bütün bunlar eyni zamanda baş verir. İŞİD Ankarada 100-dən artıq insanımızı qətlə yetirdi, Suruçda onlarla insan öldü, İstanbulda terror törətdi. Eyni anda bir neçə terror təşkilatının Türkiyədə hücumlar həyata keçirməsinin təsadüf olmadığını düşünürük. Nəticə etibarı ilə bu gün cənub-şərqdə baş verənlər də bir terror hadisəsidir. Digər terror təşkilatları kimi, onların Türkiyədə mülki əhaliyə. Dövlət orqanlarına, təhlükəsizlik qüvvələrinə hücumlarıdır. Türkiyədəki istikrarı hədəf alan hücumlardır. Türkiyə dövləti də buna qarşı lazım olanı edəcəkdir.

Dünyanın heç bir qruplaşma gəlib şəhər mərkəzlərində yollarda çuxurlar açıb, onlara bomba döşəyib, silah, partlayıcı yerləşdirib və buna qarşılıq olaraq dövlətin heç bir şey etməməsini gözləyə bilməz. Bu, mümkün deyil. Dövlətin öz ərazilərində yaşayan vətəndaşlarının təhlükəsizliyini, mal və canlarının qorunmasını təmin etmək vəzifəsi var.  Bu gün dövlət cənub-şərq vilayətlərində üzərinə düşən vəzifəni yerinə yetirir. Çünki PKK sadəcə silahlı bir terror qrupu deyil, eyni zamanda faşist bir təşkilatdır. Bu gün bölgə xalqının özü də bu əməliyyatlar davam etsin deyir. Dövlətin də qərarı budur ki, bu əməliyyatlar terror təşkilatı sıradan çıxarılana qədər davam edəcək. 

Amma təbii ki, Türkiyədə tələbləri, istəkləri olan etnik, dini, sosial qruplar varsa onların da problemlərini müzakirə etməyə davam edəcəyik. Amma b unlar fərqli şeylərdir. Baxın, hazırda hökumət ələvilərlə bağlı bir sıra addımlar atırıq. Bu günlərdə bir paket açıqlanacaq. Eyni vəziyyət dindar vətəndaşlarımız, kürd vətəndaşlarımız üçün də davam edəcək. Türkiyədə azadlıqların genişlənməsi fəaliyyətləri davam edəcək. Ancaq terror başqadır, terrora qarşı mübarizəmiz davam edəcək. 

- Bir başqa mövzu Suriyadakı terrordur. Xüsusən də PKK-nın Suriya qanadı hesab olunan PYD mövzusu. Eyni zamanda Suriyanın şimalında türkmən əhalinin durumu narahatlıq yaradır. Hətta son günlərdə Türkiyənin Suriya ərazisinə hərbi qüvvə göndərəcəyi ilə bağlı məlumatlar yenidən yayılmağa başlayıb. Ankaranın gündəmində varmı Suriyaya ordu göndərilməsi, əməliyyatlara aktiv müdaxilə?

- Xeyr, belə bir məsələ müzakirə olunmur. Türkiyə orada baş verənləri bir NATO ölkəsi baxışı ilə dəyərləndirir. Yəni bizim dostlarımız, müttəfiqlərimiz və hər məsələdə olduğu kimi bərabər hərəkət etdiyimiz beynəlxalq qurumlar var. Atılan addımlar isə beynəlxalq hüquqa uyğun şəkildə olar. Bizi digər ölkələrdən fərqləndirən də budur. Şübhəsiz ki, Türkiyənin özünü Suriya strategiyası var, fəqət o bölgədəki fəaliyyətlər bizim müttəfiqlərimizlə birlikdə qərar verib həyata keçirəcəyimiz fəaliyyətlərdir. 

Suriyada PYD təşkilatı var. Zaman-zaman prezidentimiz, baş nazirimiz də açıqlayıb. Bu təşkilatın PKK ilə təbii əlaqələri var və bu bağları davam etdiyi müddətdə PYD bizim üçün terror təşkilatıdır. Bu təşkilatın PKK ilə birliyi davam etdikcə Türkiyə üçün təhdid olaraq qalır. Yəni nəticə etibarı ilə biz Suriyada beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edəcək. 

- Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının toplantısı oldu. Orda Azərbaycanla bağlı iki qərar layihəsi oldu. Birinci cəbhəyanı ərazilərdə su məsələsi və ikincisi 2014-cü ildən atəşkəsin pozulması. 

- Bəli, su məsələsi qəbul olundu, amma o birisi təəssüf ki, keçmədi. 

- Amma bu keçməyən qərar layihəsi ilə bağlı, daha doğrusu keçməməsinin səbəbləri ilə bağlı bizim yerli mediada bəzi iddialar oldu. Türkiyəli bəzi millət vəkillərinin səsverməyə qatılmaması səbəbindən qərarın qəbul olunmadığı bildirildi. Siz bildiyim qədəri ilə o toplantıda iştirak etmişiniz. Orda iştirak etməyən türk vəkillər oldumu?

- Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın bütün məsələsi, həm də bizim məsələmizdir. Yəni bizim ayrılığımız yoxdur. Biz taleyi ortaq xalqıq, iki ayrı dövlət olsaq da, bir millətik, qardaşıq. Azərbaycanın yaşadığı sıxıntılar bizim üçün də narahatlıq mənbəyidir. Azərbaycanın sevinci bizim də sevincimizdir. Bildiyiniz kimi, bizim prezidentimiz və baş nazirimizin vəzifəyə gəldikdən sonra ilk xarici rəsmi səfərini artıq bir ənənə olaraq Azərbaycana edir. Bu həm də dünyaya bir mesajdır. Yəni nəticə etibarı ilə bu gün Azərbaycan və Türkiyə ayrı düşünülə bilməz. 

Səsverməyə gəlincə, bu ilki toplantıda mən də orda idim. Ordakı hadisələri iki hissəyə bölmək olar. Birinci səsvermədən əvvəlki proses və bir də səsvermə. Türkiyə nümayəndə heyəti orda Azərbaycanla bağlı qətnamələrin qəbulu üçün ciddi şəkildə çalışdı. Əvvəlcə onu deyim ki, Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarətdir. Bunun 10 nəfəri AK Partiyanı təmsil edir. 1 millət vəkili MHP-dən 2-si HDP-dən, qalanları da CHP-dəndir. Təbii ki, biz millət vəkillərinə Azərbaycan məsələsində birgə hərəkət etməyi tövsiyə edirik. Amma özəlliklə qeyd edim ki, HDP bu mövzularda bizimlə eyni cür düşünmür. Bu, ordakı səsvermədə də bəlli oldu. Amma biz iqtidar partiyasından millət vəkilləri olaraq ciddi şəkildə çalışdıq. Tanıdığımız, söz deyə biləcəyimiz millət vəkillərinə Azərbaycanın haqlı, qəti mövqeyini anlatmağa çalışdıq. 

Səsvermədə də iqtidar partiyasından olan millət vəkilləri, o cümlədən digər 2 partiyadan olan millət vəkilləri üzərlərinə düşəni etdilər. Amma açığı səsverməyə qatılmayan millət vəkilləri haqda söhbətinin necə yarandığını da anlamıram. Çox önəmli, tarixi bir fürsət idi, lakin təəssüf ki, arzu etmədiyimiz bir nəticə çıxdı ortaya. Bu bizə göstərdi ki, daha çox çalışmalı idik. Yəni biz bu haqlı mövqeyimizdən geri çəkilməyəcəyik. Nədən belə bir nəticə oldu demək əvəzinə, bərabər şəkildə bu işi necə edərik, bundan sonra beynəlxalq tədbirlərdə mövqeyimizi necə müdafiə edəcəyimizə diqqət yönəltməliyik. Konkret o hadisə ilə bağlı mən çox rahat deyə bilərəm ki, biz üzərimizə düşəni etdik. 

Bir faktı da deyim ki, bizim AK Partiya millət vəkili qrupundan bir erməni əsilli millət vəkili var. Erməni əsilli millət vəkilimiz Markar bəy, səsvermədə Azərbaycanın lehinə səs verdi. Ermənistan nümayəndə heyətinin üzvləri buna görə gəlib bizim millət vəkilimizi təhqir etdilər. Biz həm parlament sədrinə, həm də partiya qrup rəhbərlərinə məktub yazaraq bu hadisəni qınadıq. Bu hadisənin də bizim hökumət olaraq yerimizi göstərdiyini düşünürəm.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Ən çox oxunanalar