Politoloq: “Kars müqaviləsi həmişəlik bağlanan bir müqavilədir”
“Rusiyanın bu bitərəfli addımı bölgəyə düşmən mövqeyini sübuta yetirir”.
Bu sözləri PİA.AZ-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Xatırladaq ki, srağagün Rusiya Dövlət Dumasının deputatları 1921-ci il Rusiya-Türkiyə dostluq müqaviləsinin ləğv olunması ilə bağlı qanun layihəsi ilə çıxış ediblər. 1921-ci il Rusiya-Türkiyə dostluq müqaviləsi ləğv olunması hazırkı dönəmdə nəyi dəyişə bilər və beynəlxalq siyasətdə hansı nəticələrə yol aça bilər? Bu sualla PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.
Qabil Hüseynli: “Rusiya Dövlət Dumasının deputatlarının qanun layihəsi heç bir hüququ əsasa malik deyil”
Rusiya Dövlət Dumasının deputatlarının qanun layihəsini mənasız hesab edən politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya tərəfin bu qərarının reallaşması mümkünsüzdür:
“Rusiya Dövlət Dumasının deputatlarının qanun layihəsi heç bir hüququ əsasa malik deyil. Kars müqaviləsi həmişəlik bağlanan bir müqavilədir. Həmin müqavilə Naxçıvan üzərində Türkiyənin qarantiliyini kimi qəbul edilir. Rusiya ermənilər üçün yeni mübarizə istiqaməti açmaq istəyir. Bu qərarın indiki şəraitdə heç bir əhəmiyyəti olmayacaq. Çünki bu müqavilə Türkiyənin də razılığı olarsa, qüvvədən düşmüş sayıla bilər. Yəqin ki, Türkiyə bu müqaviləni həmişə qüvvədə saxlayacaq.
Rusiyanın bu bitərəfli addımı bölgəyə düşmən mövqeyini sübuta yetirir. Ona görə də hesab edirəm ki, Rusiya tərəfinin bu çıxışını mənasız və özünü yorma kimi dəyərləndirirəm. Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinə müəyyən mənada zədə gətirən davranış kimi qiymətləndirirəm”.
Gülşən ŞƏRİF
pia.az