Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Avropa Birliyinin səbr kasaları tükənib


Onlar qərara gəliblər ki, Liviyada Müəmmar Qəzzafini devirəndən sonra yaranmış xaosa və qanlı toqquşmalara artıq son qoymaq vaxtı çatıb


Liviyada vətəndaş müharibəsi çoxdan, yəni Qəzzafi öldürüləndən bəri davam edir və ölkədə faktiki olaraq mərkəzi hakimiyyət yoxdur. Qərb buna göz yumurdu, çünki amerikalılarla avropalılara liviyalıların normal yaşamı yox, nefti gərəkdir.

Amma bu ölkədəki çoxsaylı silahlı qruplaşmaların bir neçəsi birləşəndən, ölkənin Aralıq dənizi sahilindəki Dern şəhərində "Əmirlik" yaradılması və ən pisi - həmin "əmirliyin" İŞİD-ə "biət" etməsindən sonra Qərb təşvişə düşdü.
 
Amerikalılarla avropalılar çox gec olsa da, dərk etdilər ki, Liviya demokratiyasının cini olan xaos, zorakılıq, qardaş qırğını, terrorçuluq və ekstremizm azadlığa çıxıb, əl-qolunu hələlik bağlayan zəncirləri çox yaxında qıracaq.


 
Bu cin Məğriblə Sahelin çöllərinə şığıyacaq, bütün qonşuları qan gölündə boğacaq.
 
Məğrib deyilən məkan Qərbi Saxara, Mavritaniya, Mərakeş, Əlcəzair, Tunis və Liviyadır. Sahel isə Seneqal, Qambiya, Mali, Burkina-Faso, Niger, Çad və Kabo-Verde, habelə Sudan, Nigeriya, Efiopiya, Somalinin ərazilərinin bir qismidir.
Liviya cini azad olarsa, Aralıq dənizinin sahilində İŞİD-in əyaləti yaranasıdır.
 
Bu ölkədə vəziyyət elə bir dalana dirənib ki, problemi yalnız kənardan müdaxilə həll edə bilər. Söhbət, təbii ki, yeni işğaldan yox, Qərbin ölkədə didişən qruplaşmalar arasında hansı birinə maksimal dəstək verəcəyindən gedir.
"Azad və demokratik Liviya" üçün ABŞ-da yazılmış ssenari ilk baxışdan amerikalıların maraqlarını tam təmin etməliydi.
 
Belə ki, Vaşinqtonun planlarına görə, Liviyada siyasi rəqiblər və tayfa prinsiplərinə görə düşmən olanlar bir-birlərinə divan tutaraq zəiflətməli, sonra da ABŞ ilə NATO-nun "səyləri" nəticəsində ölkədə yeni silahlı qüvvələr, polis və xüsusi təyinatlı jandarmeriya formalaşmalıydı. Daha sonra "müstəqil, güclü siyasi lider" ortaya çıxmalı, ABŞNATO-nun yaratdığı silahlı qüvvələr vasitəsilə ölkədə qayda yaratmalı idi.
Axırda da "mütərəqqi dünya birliyi"ni razı salaraq amerikalıların gözlərini oxşayacaq demokratik fasad qurulmalıydı.
 
Eynən Gürcüstanda, Ukraynada, Çexiyada, Qırğızıstanda, Serbiyada, Əlcəzairdə, Misirdə - bir sözlə, Vaşinqtonun ssenarisi ilə "xalq inqilabları"nın olduğu bütün ölkələrdəki təki.
 
Di gəl, amerikalıların Liviyadakı planları puç olub. "Yeni, mütərəqqi Liviyanı və onun yeni ordusunu təmsil edən, dünya standartlarına cavab verən silahlı qüvvələrin siması olan" şəhslər İtaliya, Bolqarıstan, Böyük Britaniya və Türkiyəyə aparıldılar, orada jurnalistlərin qarşısına çıxarıldılar, amma bu adamlardan ağlabatan heç nə alınmadı.
 
Onların bir qismi həmin ölkələrdə pul alıb hazırlıq keçəndən sonra Liviyaya qayıtdı və amerikalıların əmrlərini yerinə yetirmək əvəzinə düşmən qruplaşmalardan birinə qatılaraq vuruşmağa başladı.


 
Bir qismi də xaricə yollanan kimi banditizmə üz tutdu.
Məsələn, "yeni Liviya ordusu və polisinin siması" olaraq Britaniyaya aparılmış 300 "demokrat hərbçi"dən 18-i, ümumiyyətlə, Londonda qalaraq siyasi sığınacaq istəyiblər.
 
İordaniya ölkə ərazisində polis kurslarında "peşə səviyyələrini yüksəldən" liviyalı polislərin hamısını qovub. Səbəb bu "asayiş keşikçiləri"nin içib sərxoş olandan sonra təlim bazasının binasını yandırmalarıdır.
Belə bir vəziyyətdə Liviyada yeni, gerçək lider formalaşır.
 
O, ölkənin ilk "demokratik diktator"una çevrilə biləcək general Xəlifə Belqsım Həftardır.
Generalın yaşamı və fəaliyyəti neçə-neçə siyasi detektivə, casus romanlarına süjet ola bilər.

1943-cü ildə Benqazi şəhərinin yaxınlığındakı Əcabiya şəhərində doğulmuş Həftar ölkənin mərkəzi bölgələrində güclü təsir imkanlarına malik əl Fərcan tayfasının mənsubudur.
 
Bu səbəbdən də o, həmin dövrlərdə Yaxın Şərq ölkələrində istənilən yeniyetmənin arzusu olan hərbçi karyerasını seçdi, Benqazidəki hərbi kolleci uğurla başa vurdu.

Müəllimlərinin dediklərinə görə, Xəlifə Həftarda hərb elminin ən mürəkkəb yönlərindən biri sayılan taktikada xüsusi istedadı, planlaşdırmada fitri bacarıqları vardı.


 
Gənc zabit karyerasını inkişaf etdirməyə qərar verdi və əvvəlcə Misirdə, sonra Sovetlər Birliyində oxudu. Elə həmin illərdə onun siyasi mövqeyi formalaşdı: Həftar vətənə Qəmal Əbdel Naserin "ərəb sosializmi" ideyalarının qatı tərəfdarı, radikal islamçılığın düşməni kimi qayıtdı.
Liviyada gənc zabitlər Misir, Suriyaİraqdakı təki inqilab etmək istəyirdilər. Ona görə də 1969-cu ilin sentyabrın 1-də krala qarşı hərbi çevriliş zamanı Xəlifə Həftar gənc Müəmmər Qəzzafinin yanında idi. Üstəlik, çevriliş planlarının böyük qismini elə Həftar hazırlamışdı.
Daha sonra karyera sürətlə inkişaf etdi və bu, Qəzzafi ilə yaxın münasibətlərin səbəbi deyildi. 1973-cü ildə Həftar Misirdə ərəb-İsrail savaşında Liviya ordusunun kontingentinə komandanlıq etmişdi.
 
Ərəb ölkələrinin birləşmiş qoşunlarındakı çaxnaşma və başıpozuqluq şəraitində Həftar özünü qətiyyətli, hətta aqressiv komandir kimi göstərdi.
Orduda olmuş adamlar zabit barədə bu kəlmələrin nə demək olduğunu anlayarlar.
Az sonra Həftar general-mayor rütbəsi aldı, Liviya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi oldu.

Onun karyerasını məhv edən məqam isə Çadla Liviya arasında 1978-1987-ci illərdəki savaş oldu. Əslində, bu müharibə Liviya ilə Fransa arasındakı savaş idi. Liviyalılara qarşı vuruşan çadlıların arxasında fransızlar dururdu.
 
Çad-Liviya sərhədindəki Auza bölgəsi uğrunda başlamış müharibə, əslində, Tripoli üçün "Cəmahiriyyə" ideyalarını Afrikaya yaymaq şansı idi.
1981-ci ildə hətta Çadla Liviyanın birləşməsi də bəyan olundu. Amma liviyalılar pərişan qaldılar. Liviyanın Çada 1978, 1979, 1980-1981-ci illərdəki hücumları heç bir nəticə vermədi. 1983-cü ildə başlamış hücum 1986-cı ildə bütün çadlı qruplaşmalar liviyalılara qarşı birləşəndən sonra totalo məğlubiyyətlə sonuclandı.
 
Məhz həmin ildə Müəmmar Qəzzafi general Xəlifə Həftarı liviyalıların Çaddakı qoşunlarının komandanı təyin etdi. Fəqət, artıq gecdi. Yenidən təşkilatlanan və Fransadan ən müasir silahlarla hərbi texnika alan Çad ordusu liviyalıları ölkədən qovmaqla yanaşı, amerikalıların köməyi ilə Liviya ərazisinə soxuldular və Maattin əs Sərra aviabazasını viran qoydular.


 
Döyüşlərdə Liviya 70 tank, 30 DPM, 26 təyyarə və helikopter itirdi. 1700 liviyalı hərbçi həlak olmuş, 300 nəfər əsir düşmüşdü. Onların arasında general Xəlifə Həftar da vardı.
 
Məğlubiyyət biabırçılığı Müəmmar Qəzzafini çılğına döndərdi. Maattin əs Sərradakı aviabazanın darmadağın edilməsində Həftar suçlu bilindi. Üstəlik, rəsmi Tripoli general Həftar və 300 hərbçinin əsirlikdən azad olunması ilə bağlı Çadla danışıqlar aparmaqdan boyun qaçırdı.
Həmin məqamda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hərəkətə keçdi. Amerikalıların Çaddakı agentləri Həftarla onun zabitlərini öz tərəflərinə çəkdilər. Az sonra general və əsirlikdəki zabitlərin əksəriyyəti özlərini Qəzzafi rejiminin düşmənləri elan edərək müxalifətdəki "Liviyanın Milli Xilası Cəbhəsi"nə qatıldılar.
 
ABŞ və Fransanın Konqo ilə Keniyada apardıqları bir sıra əməliyyatlarda iştirak edəndən sonra 1990-c ildə general Həftarla 300 liviyalı zabitə "siyasi qaçqınlar" proqramı çərçivəsində ABŞ-a mühacirət hüququ verildi.
Həftarın daim əl altında olması üçün ona Virciniya ştatında, Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil-qərargahının yaxınlığında ev verdilər.
1993-cü ildə general Xəlifə Həftar vətənində qiyabi olaraq edam cəzasına layiq bilindi. Liviya kəşfiyyatının onu aradan götürməklə bağlı planlarının da heç biri alınmadı.
 
Cavab olaraq Həftar 1996-cı ildə Liviyanın şərqindəki dağlıq bölgədə Qəzzafiyə qarşı üsyan qaldırmağa cəhd göstərdi. 2001-ci ilin fevralında Liviyadakı üsyandan sonra isə generalın adı "Qəzzafidən sonra demokratiya"nın gələcək liderlərinin siyahısında birinci idi.
Di gəl, amerikalılar tələsmədilər və Həftarı oyunlarına tədricən daxil etməyə başladılar.

Liviyaya qayıdan general Həftar kölgədə qalmışdı. O, silahlı qüvvələrin komandanı general Yunis və onun qərargah rəisi general əl Həiridən sonra üçüncü adamdı.



Məntiqi gedişdir, çünki liviyalılar arasında, hətta müxalifətçilər və üsyançıların özləri belə general Həftarı "Qəzzafi diktaturasından əzab çəkmiş adam" kimi tanısa da, eyni zamanda onu Mərkəzi Kəşfiyyat Agentliyinin casusu sayırdılar.
General Yunis ölkənin yeni siyasi və hakimiyyət müstəvisində general Həftara ayrılmış rolu anladığından inad etmiş, üsyanda Həftara hər hansı formada önəmli rəhbərlik rıçaqlarının verilməsinə qarşı çıxmışdı.
 
General Həftar da situasiyanı təhlil etdi, əks oyuna başladı. Çox keçmədi ki, üsyançıların düşərgəsində yer almış bir qrup zabit Həftarı "yeni Liviya"nın silahlı qüvvələrinin baş qərargah rəisi təyin etmək istədilər.
Alınmadı.

2011-ci ilin payızında general Xəlifə Həftar yenidən kölgəyə çəkildi. İllah da ki, amerikalılar onu "Liviyanın xilaskarı" roluna yeganə namizəd saymır, başqa "inqilabçılar"ın fiqurlarını da nəzərdən keçirirdilər.
 
Ağ Evin göstərişləri əsasında Liviyada çalışan amerikalılarla general Həftar arasında münasibətlərin pisləşməsinin səbəbi çox sadə idi.
Yaşamının ağır və asan dönəmlərində general həmişə radikal islamçıların əleyhdarı, xüsusilə də "Müsəlman qardaşlar"ı "həzm etməyən" adam kimi qalmışdı və o, xasiyyəti ilə prinsiplərini dəyişmək niyyətində deyildi.


 
Həftar 1960-cı illərdə Yaxın Şərqdə "ərəb sosializmi" qurmağa çalışan, "qardaşlar" və digər islamçı qruplaşmaların axırına çıxmağa çalışan hərbçilərdən biridir. Onun mövqeyi ilə prinsipləri isə ABŞ prezidenti Barak Obamanı hakimiyyətə gətirmiş amerikan isteblişmentinin maraqları ilə kəskin ziddiyyət təşkil edir.
 
Nədən ki, Vaşinqtonda özlərini "dünyanın ağası" hesab edən həmin şəxslər radikal islamçıları, "Müsəlman qardaşlar"ı və qeyri qüvvələri "Böyük Yaxın Şərq" layihəsini reallaşdırmaq üçün çox əlverişli marionetkalar sayırlar.
Məşh bu səbəbdən Xəlifə Həftarı indi amerikalılar "Liviyadakı qarşıdurmaya cəlb olunmuş tərəflər arasında razılıq əldə etməyə yönəlmiş dinc danışıqlar prosesində başlıca problem", maneə elan ediblər.
 
Liviyanın mövcud, "dünya birliyi tərəfindən tanınmış", ət Taninin başçılıq etdiyi hökumətinə isə aşkar, aydın şəkildə başa saldılar ki, əgər bu oyuncaqlar ABŞ ilə Avropa Birliyinin dəstəyindən, yəni pullarından və silahlarından məhrum olmaq istəmirlərsə, "yaramaz general"dan uzaq durmalıdır.
Həftarın "yaramaz"lığı onun Liviyada islamçıların axırına çıxmaq niyyəti və bu qruplaşmalarla hər hansı formada danışıqları rədd etməsidir.
İlk baxışdan belə təəssürat yarana bilər ki, general Xəlifə Həftarın karyerasının sonudur, amerikalıların dəstəkləmədikləri adamın siyasi gələcəyi yoxdur və s. Amma bu generalın islamçılara qarşı tutduğu mövqe Misirdə və Əlcəzairdə razılıqla qarşılanıb, "Müsəlman qardaşlar"a nifrəti isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində dəstəklənib.
 
Generalın "Liviyanın daxili işlərinə kobud müdaxilə edən bir sıra dövlətlər, habelə sionist dairələrin əlində oyuncağa dönmüş Qətər əmirliyi ekstremistlərlə terrorçu qruplaşmaları maliyyələşdirir, silahlandırır" bəyanatından sonra Fars Körfəzindəki monarxiyalar Liviyada məhz ona "stavka" etməyə başlayıblar.
Amerikalılardan fərqli olaraq Liviyada stabilliyi istəyən, Məğrib və Saheldəki bütün situasiyalarda mühüm strateji rola malik geosiyasi oyunçuların dəstəyini alan general Həftar ABŞ-dakı "nəzarətçi"ləri ilə bütün əlaqələri kəsib.
İndi o, şərti adı "Liviyanın ləyaqəti" olan oyuna başlayıb.
General Həftarın başçılıq etdiyi Liviya Milli Ordusunun əsgərləri Tripolidəki hakimiyyətin razılığı və xəbəri olmadan Benqazi şəhərində "17 fevral" və "Ənsər əş Şəriə" qruplaşmalarına hücum ediblər.


 
Həmin hücumdan 2 gün sonra özünü "Liviyanın xilaskarı" elan edən general Həftar ölkədəki bütün islamçı qruplaşmaları məhv edəcəyini bildirib.
Liviyada keçirilən mitinqlərdə Həftar dəstəklənib. O, Silahlı Qüvvələrin Ali Şurasının adından ölkədə "Ali Prezident Şurası"nın formalaşdırılmasını tələb edib.
Generalın dediyinə görə, bu şura fövqəladə hökumət formalaşdıraraq keçid dövründə ölkəni idarə etməli, sonra isə parlament seçkilərini hazırlamalıdır.
 
Hazırda Liviyanı "idarə" edən, biri paytaxt Tripolidə, digəri Tobruk şəhərində olan hökumətlərin ikisi də generalı "dövlət çevrilişi hazırlamaq"da suçlayıblar.
Həftarın uğuru Qərbi, xüsusilə də amerikalıları narahat etdiyindən onlar Tripolidəki "Milli Konqres" ilə bahəm, Tobrukdakı beşulduzlu "Dar əs Səlam" otelində "yaşayan" və ət Taninin başçılıq etdiyi, "dünya birliyi tərəfindən tanınmış" hökumətə də təzyiqlər başlanıb.
 
Həftarın hakimiyyətə gəlməsinə yol verməmək üçün Qərb liviyalıların iki oyuncaq hökumətlərini öz aralarında dil tapmağa vadar etməyə çalışır. Yanvarın 14 və 15-də Cenevrədə keçirilmiş danışıqlarda ABŞ ilə Avropa Birliyi bu marionetka qurumlara ultimatum verərək dedilər: "Razılaşın, yoxsa pis olar".
Yanvarın 17-də isə Avropa Birliyi daha sərt bəyanat verdi: "Liviyada anlaşma olmasa, ölkəyə qarşı neft embarqosu tətbiq ediləcək".


 
ABŞ, Avropa Birliyi və ölkədəki "hökumət"lərin bütün səylərinə rəğmən, Həftar geri çəkilmək niyyətində deyil. Onu artıq ordu ilə yanaşı, tayfalar, Kirenaikadakı dəstələr, habelə ölkədə böyük nüfuza malik sabiq baş nazir A.Zeydən dəstəkləyirlər.
General Xəlifə Həftar indi Liviyada zabitlərdən və tayfa elitalarından tutmuş, dünyəvi dəyərlərin və mülayim İslamın tərəfdarlarının ümumi liderinə çevrilib.
 
Generalın hərbi imkanları hələlik məhdud, maliyyə potensialı isə yetərli deyil. Amma o, imkanlarını artırmaqla məşğuldur.
Və o, ABŞ ilə Avropa Birliyinin bütün planlarına rəğmən Liviyada "demokartiya cini"nin qarşısını alacaq güclü əl ola bilər.
Liviya ilə Azərbaycan arasında əlaqələrin önəmsiz sayılmayacaq səviyyədə olduğunu nəzərə alsaq, bu adamı tanımağımız gərəkdir.(Milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ən çox oxunanalar