Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayıların yayılması səbəbləri

Təzəlikcə bir ayı balası şəhərimizin qonağı olmuşdu


 Bakı ətrafında qalın meşələr yoxdur, zooparkımızda dövlət qayğısı isə əsasən pələng və meymunları əhatə etdiyindən orda nəinki ayının, hətta ala qarğanın bala çıxartması mümkünsüz haldadır. Bəs bu ayının, bəzi hökumət nümayəndələri demişkən, mənbəyi hardandır? Ayı balası dinc vətəndaşlarımıza bir qədər həyəcan yaşatdıqdan sonra, dövlət müstəqilliyimizi, sabitliyi pozmaq cəhdlərindən sonra Fövqəladə Hallar Nazirliyinin qəhrəman əməkdaşları tərəfindən yaxalanaraq müvafiq orqanlara təhvil verilmiş, bu zaman onun üzərindən 0,00055 qram istifadəyə yararlı narkotik maddə tərəfimizdən aşkar edilib götürülmüşdür... Zarafat edirəm, ayı hazırda əmin-amanlıq şəraitindədir, ümid edək dövlət qurumları onun hardan gəldiyini də tezliklə tapacaqdır. Ancaq mən də vicdanlı, vətənpərvər veterinar vətəndaş kimi dövlətimizə kömək edim – öz versiyamı yazım. Qoy istintaq orqanları araşdırma zamanı bundan yararlansın. 

Fikrimcə, Bakıda ayı balalarının peyda olması (məncə bu siftədir, bir azdan Malakan bağında qrizli, Neftçilər bazarında isə ağ ayı görməyə hazır olmalıyıq – ayının ağı da, qarası da təhlükəlidir, hətta deyərdim biz gərək boz ayıları da görməyi bacaraq, həyat ağ-qara rənglərdən ibarət deyildir) ulaşdırma nazirinin ətrafında cərəyan edən hadisələrlə bağlıdır. Görünür, kimsə ayılara xəbər verib ki, onun bir çox səlahiyyətləri əlindən alınıb, istəsəniz paytaxta axın edə bilərsiniz. 

Doğrudan da, elə ən son iki gün qabaq Bakı, Gəncə, Sumqayıt şəhərlərində avtobus sürmək icazəsi tamamilə Nəqliyyat Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verildi. Belə baxanda, nəqliyyat naziri də icra orqanıdır, icra hakimiyyəti də. İkisi də prezidentə tabedir. Bu halda avtobus işini spesifik nəqliyyat sahəsinin əlindən alıb icra hakimiyyəti kimi amorf quruma vermək naziri vurmaqdan başqa bir şey deyil. Bu cür administrativ tədbirlərin mənasını başa düşməmək üçün gərək ayı olasan. Daha doğrusu, ayı olsan da başa düşürsən niyə belə oldu. 

Bəs, nəqliyyat nazirinin səlahiyyəti azalandan sonra ayılar niyə paytaxta ayaq açır, bunun mənası, səbəbi nədir? Axı hörmətli oxucu deyə bilər ki, nəqliyyat naziri ekologiya naziri deyil, bunun heç bəlkə ov tüfəngi də yoxdur, bəlkə evdəki yağ bıçağını da artıq müsadirə etmişlər. Ancaq nəqliyyat naziri ilə ayılar arasında münasibətlərin kəskinləşməsi tarixçəsini hansısa xarici qara qüvvə bəlkə bilməyə bilər, yerli vətənpərvər vətəndaşımız isə mütləq bilməlidir. Bu isə yetərincə uzun söhbətdir, istəsəniz təzədən danışaram, indilik yalnız onu deyim ki, he-he, Ziya müəllim güclü nazir olanda nəinki ayı balaları, hətta valideyn ayılar belə Qəbələdən paytaxta doğru iki addım da atmağa qorxurdular. 

Sonra bəzi fanatiklər Çarlz Darvinin təkamül nəzəriyyəsinə dodaq büzürlər. Əzizlərim, budur, həmin nəzəriyyənin real isbatı qarşınızdadır. Növlər arasında təbii seçmə gedir. Nəqliyyat naziri növü zəifləyirsə, ayı növü inkişaf tapır. Bir neçə nəsil belə davam etsə, ola bilsin nəqliyyat nazirlərinin kökü tamam kəsiləcəkdir – dinozavrlar kimi. Hansı növ ətraf aləmə, təbiətə, vətənimizə, Administrasiyaya uyğunlaşacaqsa, o da yaşayacaqdır. (Misal üçün, bizdə jurnalistlər uyğunlaşa bilmədilər, o üzdən axırıncı jurnalisti iki il qabaq Kürdəxanı cəngəlliyində vurdular, o vaxtdan bəri bu növə təbiətdə rast gəlinmir). 

Başqa bir örnək göstərim, özü də isti-isti. Naxçıvanın bir milli təhlükəsizlik naziri vardı, adı deyəsən Vəli müəllimdir. Bu Vəli müəllim 15 il azərbaycanlılara qan uddurdu, külli miqdarda vəsait topladı. İndi isə bunu yağmalayıb özünü də döyürlər. Vəkili hər intervü verəndə Vəli müəllimi idarəyə aparıb sıra ilə üzünə tüpürürlər. Deməli Vəli müəllim bir növ olaraq sıradan çıxıbdır. Daha buna əppək yoxdur. Vaxt gələcək, milyon il sonra Naxçıvan türməsindən Vəli müəllimin üzü tapılacaq, alimlər də bu nəsli kəsilmiş hakimiyyət nümayəndəsi növünə “tüpürəzavrus tiranozavres” adı qoyacaqlar. 

İndi söz əlaqədar təşkilatlarındır. 

Zamin HACI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ən çox oxunanalar