Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı “İŞİD həbslərinin” arxasında ciddi faktorlar dayanır


Pənah Hüseyn: “Yaxın Şərqdə və Mərkəzi Asiyada baş verən proseslər birbaşa Azərbaycanı ciddi şəkildə təhdid edir”; Zəfər Quliyev: “Azərbaycan hakimiyyətinin bu istiqamətdə mübarizə aparması təbiidir”


Milli Təhlükəsizlik Nazirliyi radikal dini qrupların tərkibində xarici ölkələrdə savaşlara qatılan və ya bu işi təşkil edən 26 nəfəri həbs edib. Nazirliyin yaydığı rəsmi məlumatda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı - Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlunun şübhəli şəxs qismində tutulduğu, onlar barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlandığı bildirilir. 

Qeyd edək ki, saxlanılan Firdovsi Yusifov və Taleh Soltanov Pakistan ərazisində qeyri-qanuni silahlı birləşmələrin tərkibində olub. Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov isə 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində radikal qrupların tərkibində döyüşlərə qatılıb. daha bir saxlanılan Vüqar Dursunəliyev isə yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevi Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək bu ölkəyə göndərib. 

Saxlanılan Elşən Qurbanlı isə qeyriləri ilə birlikdə 2014-cü ilin may ayında Türkiyəyə, buradan isə “Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriyaya gedib. E.Qurbanlı İŞİD-in özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib. Təlimlərdən sonra Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. 

Qeyd edək ki, yayılan məlumat onu göstərir ki, əməliyyat uzun müddət hazırlanıb və bir neçə istiqamətdə aparılıb. Bu baxımdan 26 nəfərin həbsini bir əməliyyat deyil, bütövlükdə radikal qrupların zərərsizləşdirilməsi kampaniyasının bir hissəsi adlandırmaq olar. Xatırladaq ki, Azərbaycanda radikal dini qruplara qarşı geniş çaplı ifşa və həbslər dalğasının başlaması haqda “Yeni Müsavat” iyulun sonlarında yazıb. Həmin məlumatda qeyd olunurdu ki, bu ilin əvvəlində Azərbaycan dövlət rəhbərliyinə ölkə ərazisindəki radikal dini qrupların fəaliyyəti, eləcə də ölkədən Suriyaya, İraqa kütləvi şəkildə gənclərin döyüşmək üçün getməsini təşkil edən şəbəkə barədə ciddi, narahatedici dosye təqdim olunub. O da qeyd edilirdi ki, müvafiq dövlət qurumlarının hazırladığı dosyedə narahatlıq doğuran problem detallı şəkildə əksini tapıb. 

Sənəddə ölkə daxilində radikal fəaliyyətləri dəstəkləyən, təşviq edən mərkəzlər, Suriyaya döyüşçü aparan şəbəkə, onları maliyyələşdirən qaynaqlar, qeyri-leqal maliyyə şəbəkələri, eyni zamanda ölkə daxilində və xaricdən məhz radikal qrupları, radikalizmi təbliğ edən məscidlərin saxlanılması üçün ayrılan pullar və onların ötürülməsi sxeminin qeyd olunduğu vurğulanır. Eyni zamanda konkret olaraq bu qrupları maliyyələşdirən biznes qurumlarının siyahısının hazırlanaraq ölkə rəhbərliyinə təqdim olunduğu iddia edilirdi. 

O da bildirilirdi ki, artıq müvafiq qurumlar bir neçə müddətdir ölkə boyunca radikal qruplar və onlara dəstək verən qurum və şəxslərin fəaliyyətini nəzarət altında saxlayır. Avqustdan etibarən isə ölkə boyu adları qeyd olunan sahələrdə geniş miqyaslı əməliyyatlar başlanacaq. Bizə çatan bilgilərdə o da qeyd olunurdu ki, əməliyyat yalnız sələfi-vəhhabi, xəvaric qruplara qarşı deyil, radikalizmi təbliğ edən şiə qruplara qarşı da aparılacaq. Siyahıda bir neçə belə qrupun olduğu bildirilirdi. Həmin vaxt yalnız radikal qruplara yaxın olan bir neçə biznes qurumlarında həbslər həyata keçirildi. Lakin sonradan nədənsə proses dayandı və ictimai sektorda həbslər başladı. 

MTN-in kütləvi həbslərlə bağlı məlumatı onu göstərir ki, əslində bu müddətdə xüsusi xidmət orqanları radikal dini qrupların, xüsusən də Suriyaİraqa döyüşçü göndərən və ya gedənlərlə bağlı tədqiqat və həbsləri davam etdirib. Yeri gəlmişkən, bu günlərdə mətbuata müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda radikal dini qruplara qoşulmaq istəyənlərin statistikasının aparıldığını, konkret siyahı mövcud olduğunu qeyd edib. Bu isə əməliyyatların davam edəcəyini göstərməklə yanaşı, eyni zamanda hökumətin radikal qruplara qarşı kompleks tədbirləri həyata keçirdiyini təsdiqləyir. 

Bizə çatan bilgilərə görə, ötən müddətdə Azərbaycan hüquq-mühafizə orqanları ölkə ərazisində radikal dini qrupların təbliğatını aparan, eyni zamanda xarici ölkələrə döyüşçü göndərilməsi işini təşkil edən, maliyyələşdirən mərkəz və məsulların izinə düşməyə çalışıb. Yalnız o məlum olub ki, belə bir mərkəz Azərbaycan daxilində deyil, qonşu ölkələrdən birinin ərazisində yerləşir. 

Daha bir maraqlı detal ondan ibarətdir ki, artıq Şimali Qafqazda da radikal dini qruplara qarşı əməliyyatlar başlayıb. Xatırladaq ki, İŞİD üzvləri, o cümlədən qruplaşmanın liderlərindən biri bir qədər əvvəl “cihad”ı Şimali Qafqaza gətirəcəkləri ilə bağlı çıxış edib. Belə görünür, Rusiya da artıq narahatlığı hiss edir və lazımı qabaqlayıcı addımları atmağa başlayıb.  

“Yaxın Şərqdə və Mərkəzi Asiyada baş verən proseslər birbaşa Azərbaycanı və insanlarımızın mənafelərini ciddi şəkildə təhdid edir. Xüsusən də İŞİD adı ilə yayılan ideologiyanın və onun həyata keçirdiyi fəaliyyətlərin Azərbaycanın köklü mənafelərinə zidd olduğunu qeyd etmək lazımdır. Odur ki, bu məsələdə əlbəttə Azərbaycan kənarda qala bilməz. Böyük bir bəlaya qarşı nə mümkündürsə onu da etmək lazımdır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında son həbsləri dəyərləndirən sabiq millət vəkili Pənah Hüseyn söylədi. Onun sözlərinə görə, radikal qrupların ifşası qaçılmazdır, lakin... : “Bizim mövqeyimiz ondan ibarətdir ki, bu cür hallara qarşı strateji olaraq ictimai bir immunitet kimi vətəndaş cəmiyyəti, siyasi institutların, medianın azad olması, hüquq-mühafizə orqanlarının qanun və hüquq çərçivəsində işləməsi zəruridir. Çünki əks təqdirdə cəmiyyətdə bu cür fəsadların meydana gəlmə ehtimalı artır. Ümumiyyətlə, heç bir halda yol vermək olmaz ki, bu cür əməliyyatlar adı altında insanların hüquq və azadlıqları, o cümlədən inanc azadlıqları tapdansın. Doğrudur, hələlik məndə bununla bağlı fakt yoxdur, ancaq bu cür hallara yol verilməsi əks təsir edər. Xüsusən də məzhəblər arasında münasibətləri körükləndirən, “bizdən olmayan kafirdir, onun qanı, malı, namusu haladır” kimi prinsiplərə əldə bayraq edən nifrəti artıran fəaliyyətlərə qarşı sərt addımlar atılmalıdır”.

Politoloq Zəfər Quliyevin fikrincə, Azərbaycana real təhlükə yarandığı üçün hökumətin həbsləri həyata keçirməsi anlaşılandır. Ancaq, ekspertə görə, İŞİD-in arxasında dayanan güclərin öz maraqları var və bu, Azərbaycan üçün potensial təhlükə olduğundan Bakının İŞİD-ə qarşı koalisiyaya qoşulması realdır: “Nəzərə alsaq ki, İŞİD tərəfindən real təhlükə Azərbaycan üçün də yaranır, o zaman Azərbaycan İŞİD-ə qarşı koalisiyada ya rəsmi formada, ya da sadəcə dəstək verməklə iştirak edə bilər. Bu təbiidir, çünki bu addım Azərbaycanın da maraqlarına xidmət edir. Eyni zamanda qeyd edəm ki, şəxsən məndə İŞİD-lə bağlı çox suallar var. İŞİD birdən birə dünyanın siyasi gündəminə bir nömrəli məsələ kimi daxil oldu. Region üçün real təhlükə yaratdı. İndiki müasir dünyada əslində tam olaraq idarə olunmayan, tam şəkildə müstəqil bir qruplaşmanın olması mümkün deyil. Ona görə də hesab edirəm ki, İŞİD də bir sıra qüvvələrin əlində alət ola bilər. Həmin qüvvələr onu bəzi məqsədlərə nail olmaq üçün Azərbaycana qarşı da yönəldə bilərlər. Yəni bu da təhlükəli bir alətdir.

Hətta düşünürəm ki, indi situasiya elədir ki, hətta İŞİD olmasa belə, onu yaratmağa ehtiyac hiss edirdilər. Bu həm indiki dünyanın şərtlərinə, həm də Qərb ölkələrinin strateji maraqlarına cavab verirdi. Qərb ölkələri üçün bu bölgədə qalmaq, NATO-nun lazımlılığını göstərmək, eyni zaman bir sıra müsəlman ölkələrinə də “əl-Qaidə”dən sonra bu cür bir radikal qruplaşma lazım idi. Burda regionda aktiv olan İranın, Rusiyanın da maraqları ola bilər və sair. Yəni burda çox qəliz və ziddiyyətli proses gedir. Lakin hətta bu ziddiyyətlərə baxmayaraq, aydın idi ki, bu Azərbaycan üçün risklər yaradırdı. Onsuz da Azərbaycan geopolitik riskləri kifayət qədər çoxdur. Bu təhlükələr daxildə sabitliyi poza bilər. İstər-istəməz gələcək üçün təhlükələri artıra bilər. Ona görə də mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu istiqamətdə mübarizə aparması təbiidir. Eyni zamanda hələlik məlumat yoxdur ki, bu həbslər 26 nəfərlə yekunlaşır, yoxsa dərinə getdikcə yeni-yeni həbslər olacaq, həbs olunanlar icraçılardır, yoxsa təşkilatçılar da var və sair”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar