Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının ortasında üfunət və xəstəlik mənbəyi, batan azyaşlılar, qaçqın tutuquşular...


Vaxtilə bura Bakının ən gözəl və sakit istirahət yerlərindən biri olub


Xalq arasında əvvəllər “Pitomnik”, sovet dövründə abadlaşdırılandan sonra “Dendrapark” adlandırılan, 6-cı mikrorayonda yerləşən bu bağın hazırki ziyarətçilərinin çoxu təmiz havasına, bir qismi də getməyə başqa yer olmadığına görə bura gələnlərdir. 

Ancaq “Dendrapark” və onun ərazisində yerləşən göl əsl antisanitariya mənbəyinə çevrilib. Bəs Bakının ekoloji problemlərindən biri olan çirkab gölləri sırasında yer alan bu bataqlıq-gölməçə ətrafda yaşayanlara, paytaxt sakinlərinə hansı təhlükələr yaradır?

Bakının ekoloji problemlərini araşdırmağa qərar verən reportyor qrupumuz həmin ərazidə olub və “Dendrapark”ın indiki vəziyyətinin necə acınacaqlı olduğunu görüb.

Bir vaxtlar burada qayıqlarla gəzmək olarmış...

Ərazidəki gölün kənarlarında qoyulan beton lövhələr görünməsə, buranı bataqlıq zənn edərsən. İnsan boyundan hündür qamışlarla örtülən və yoluxucu xəstəliklər mənbəyi olan bu göldə nə vaxtsa qayıqlarla səyahətin olduğuna inanmaq çətindir.  Yaxınlıqdakı binalarda yaşayan sakinlərlə 5-10 dəqiqəlik söhbət kifayətdir ki, gölün təkcə antisanitariya mənbəyi deyil, həm də nə qədər insan həyatına son qoyduğunu öyrənəsən.

Məhəllə sakini Safura Məmmədovanın virtualaz.org-a bildirdiyinə görə, son vaxtlar tamamilə qamışla örtüldüyündən burada çimən uşaqların sayı azalıb. Əvvəllər isə demək olar ki, hər çimərlik mövsümündə sakinlər bu bataqlıqda boğularaq ölənlərin şahidi olublar:

Çirkab gölündə batan uşaqlar

“Mən özüm bu göldə bir uşağın batmasının şahidi olmuşam. İki oğlan uşağı çimirdi, birdən biri qışqıra-qışqıra o tərəf-bu tərəfə qaçmağa başladı. Yaxınlıqda dincələn bir yaşlı kişi köməyə gəldi, uşağı dartıb oradan çıxardı. Amma ölmüşdü, cəmi 8-10 yaşı ancaq olardı. Bu birinci belə hadisə deyil. Hər il valideynindən xəbərsiz gölə qaçıb çimmək istəyən və batan nə qədər uşağın ölüm xəbərini almışıq. Analar uşaqlarını bu göldən qorumaq üçün bilmirdilər neyləsinlər”.

Ağcaqanadlar, ətrafa atılan tullantılar, kəskin üfunət...

Sakinlərin sözlərinə görə, həm də infeksiya yayan ağcaqanadların əlindən bağda gəzmək mümkün deyil. Xüsusən də, axşam saatlarında gölün ətrafında qaynaşan ağcaqanadların yaranma səbəbi buradakı antisanitar vəziyyətdir. Baxımsız olduğundan hər gələn özü ilə gətirdiyi şüşə qabları, yemək qırıntılarını, zir-zibili tullayıb gedir. Yığılıb qalaqlanan zibillərin üfunətli qoxusu ətrafa yayılıb, kəskin üfunət iyindən gölün ətrafından keçmək mümkün deyil.

Amma təəcüblənməyin, bu üfunət mənbəyində balıq tutanlar da tapılır. Yaxınlıqda yaşayan sakinlər deyir ki, göldə balıq tutmağa gələnlər çox olur. Həmin gün isə deyəsən hava küləkli olduğundan balıq tutan cəmi bir nəfərə rast gəldik.

“Guya Xəzərdən tutulan balıqlar təmizdir?!”

Özünü Nazim kimi təqdim edən həmin balıqçının bildirdiyinə görə, gölə vaxtaşırı balıq tutmağa gəlir:

“Həvəskar balıqçıyam. Bura hərdən özüm üçün balıq tutmağa gəlirəm. Düzdür, elə böyük balıqlar olmur, amma 5-6 dənə tutmaq olur. Gölün nə ziyanı olacaq?! Heç bir ziyanı yoxdur, balıqdır da... Guya Xəzərdən tutulan balıqlar təmizdir ki? Bütün şəhərin kanalizasiyası ora axır”.

Lakin sakinlər deyir ki, bu çirkab gölündən tutulan balıqların satılmasının da şahidi olublar.

Sakinlərin sözlərinə görə, əvvəllər bu bağda göllə yanaşı fontanlar,  şəlalə, hovuz, körpülər, dekorativ bitkilər yetişdirilən istixanalar, hətta tutuquşu, bülbül və digər quşların saxlandığı xüsusi yer də var idi. İndi həmin mənzərədən geriyə xarabalıq və çirkab mənbəyi qalıb. Hərçənd ki, Bakıda ağac soyqırımının yaşandığı indiki vaxtda təəcüblü də olsa bu ərazidəki çoxillik hündür ağacları kəsməyiblər. Belə ağacların yetişməsi üçün illər lazımdır.

Qaçqınlar gələndən sonra bağdan qaçqın düşən tutuquşuların aqibəti

 “Məcburi köçkünlər gələndən sonra buradakı istixanalarda məskunlaşdılar. Heyvanlar saxlanılan yerləri özləri üçün yaşayış məskəni etdilər. Həmin quşları da açıb buraxdılar. Bir neçə il buradakı tutuquşular və digər quşlar mikrorayonun ərazisində dolaşdı. Tutanı tutdular, ölən öldü. Belə bağı salmaq üçün illər tələb olunur. Burada istirahət üçün hər cür şərait var, sadəcə baxan yoxdur və dağılıb gedir...”-söhbətləşdiyimiz sakinlər deyir.

Ekoloq Telman Zeynalov hesab edir ki, çirkab suların axdığı, təmizlənməmiş belə göllərdə balıq tutmaq insan orqanizmi üçün çox təhlükəlidir.

Ekoloq “darıxmayın” deyir...

Ekspertin bildirdiyinə görə, yaxın vaxtlarda Bakıda bütün çirkli göllər təmizlənəcək:

“Belə göllər çirkli göllərdir. Bu cür şəraitdə balıq tutmaq insan orqanizmi üçün çox zərərlidir. Yalnız təmizləyəndən sonra istifadə etmək olar. Belə insanların bəziləri də həvəskar balıqçılardır. İnsanların iqtisadi vəziyyəti ağır olduqlarına görə bir qədər dözümsüzdürlər. Əslində bir qədər dözsələr o göl də təmizlənəcək. Hələ işə təzə başlanılıb. Prezidentin bununla bağlı sərəncamı var və mərhələli şəkildə bu göllər təmizlənir. Göllər təmizləndikdən sonra Abşeron yarımadasında həm turistlər üçün gəzmək yeri, həm də vətəndaşlarımız üçün istirahət parkları salınacaq”.

Qeyd edək ki, Bakıda təmizlənəcəyi vaxtı gözləyən tək bu göl deyil. Təkcə Qaradağ rayonunda ekoloji vəziyyəti acınacaqlı olan 3 göl - Qırmızı, Xocahəsən və Lökbatan gölləri var.

“Binə” ticarət mərkəzinin  və Lökbatan və Xocahəsən qəsəbələrinin çirkab suları bu göllərə axıdılır. Həm də nəzarətsiz qaldığından dəfələrlə balıq tutmaq istəyənlərlə bağlı ölüm və boğulma hadisələri qeydə alınıb.

Prezident sərəncam verib, işlər başlayıb, ancaq böyük vəsait lazımdır

Xatırladaq ki, prezident İlham Əliyev “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda göllərin bərpası, o cümlədən, Abşeron yarımadasının 9 gölünün  (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncam verib.

Tapşırıqların icrası məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyatı qurumlardan ibarət İşçi Qrupu yaradılıb, ətraf mühitin ekoloji vəziyyətin yaxşılaşdırılması, göllərin bərpası layihəsi çərçivəsində görüləcək işlərin effektivliyinin artırılması məqsədilə bu sahədə böyük təcrübəsi olan Hollandiyanın "Witteveen+Bos" şirkəti cəlb edilib. 

Bir vaxtlar neft tullantıları və çirkab suları ilə əhatə olunan Böyük şor gölü artıq bir istirahət məkanına çevrilib. Bu proqramların 2020-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır. Ancaq son vaxtlar Bakıda çirkab göllərinin təmizlənməsi proqramında işlər getmir. Görünür neftin ucuzlaşması ilə bağlı maliyyə çətinlikləri bu proqrama təsir edib. Ekoloji vəziyyətin sağlamlaşdırılması proqramları bir qayda olaraq böyük vəsait tələb edir və Bakının ekologiyasının yaxşılaşdırılmasına ötən 10 il ərzində xeyli vəsait qoyulub. Ancaq görülməli işlər hələ çoxdur...




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar