Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb turistlər yerli insanlarda niyə qıcıq yaradır?


Turizm şirkəti nümayəndələri və ekspertlər məsələni şişirtməməyin tərəfdarıdır, ancaq fərqli düşünənlər də var...


Yaz girəndən azərbaycanlıların barəsində ən çox danışdığı mövzu, şübhəsiz ki, ərəb və iranlı turistlərlə bağlıdır. 

Ölkəyə axın edən bu iki kateqoriyadakı turistlər artıq sosial şəbəkələrin və medianın da müzakirə mövzusudur. 

Getdikləri kafelərdə, çimərliklərdə, istirahət obyektlərində ərəblərin ən rahat yerlərdə oturduqlarını, ən çox pul xərclədiklərini, bütün lükslərdən yararlandıqlarını görəndə sıravi azərbaycanlıda istər-istəməz bir qıcıq yaranır. Təbii ki, bu qıcığın səbəblərindən biri də onların davranışlarındakı xoşagəlməz nüanslardır. Ərəb turistlərlə bağlı yerli əhalini ən çox narahat edən məqam onların hündürdən danışması, həddən artıq rahat davranmaları, qadınları “baxış terroruna” məruz qoymalarıdır.  

Zaman-zaman onlar barəsində yayılan, amma sonradan təsdiqini tapmayan xəbərlər də dolaşır: “Ərəb turist hotel otağındakı çaydanda sosiska qaynatdı”, “Ərəb turist hotelin hovuzunda təbii ehtiyacını ödədi”, “Ərəblər qaldığı hoteldəki qadınlara əxlaqsız təklif etdi” və sair. Amma prosesləri soyuq təhlil edən ekspertlər düşünürlər ki, əslində bu turistlərin ölkəyə gəlişi özüylə ciddi investisiya axınını da gətirir. Restoran sahibindən tutmuş, taksi sürücüsünə qədər bu axından məmnun görünür. Çünki onlar işbazlara xeyir verir, alveri hərəkətləndirirlər. Əhalidəki qıcığın kökündə isə sırf kasıblıq faktorunun yer aldığını düşünənlər də var. Belə ki, lüks restoranda yemək yeyə, lüks mağazalardan alış-veriş edə bilməyən, ərəb turistlərinsə oranı zəbt etdiyini görən şəhər əhlində onlara qarşı aqressiyanın yaranması təbiidir. İnsanlar şüuraltı düşünürlər ki, sözügedən lükslərdən yararlana bilməmələrinin səbəbi elə xarici turistlərdir. “Bizimkiləri qudurdan elə bu turistlərdir, qiymətləri ona görə kəllə-çarxa qaldırıblar” - yəqin ki, bu yanaşmanı da zaman-zaman eşitmisiniz. 

“Yeni Müsavat” məsələyə ekspertlərin, bu sahə ilə məşğul olan turizmçilərin gözü ilə baxdı. Doğrudanmı mənzərə sosial şəbəkələrdə gedən müzakirələrdəki kimi bərbaddır, ərəb turistlər Bakını çirkləndirir, insanları narahat edir, ab-havanı korlayırlar? 

Ekspert rəyindən öncə isə rəsmi məlumata diqqət edək. Yay tətili ərzində və Qurban bayramı dövründə Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi gözlənilir. Bu barədə “Arabian Gazette” nəşrinə açıqlamasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi-nin BƏƏ-dəki nümayəndəsi Raşil əl-Nuri bildirib.

O, Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayında artım olmasının prezident İlham Əliyevin bu regiondan gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı strateji qərarının nəticəsi olduğunu qeyd edib. “Bu qərar qəbul edilən zaman Azərbaycanın ərəb turistlər üçün populyar turistik istiqamətlərdən biri olacağını bilirdim. Qarşımıza ərəb ölkələrinin vətəndaşları üçün Azərbaycanın gözəl istiqamət olmasını təşviq etmək vəzifəsi qoyulmuşdu. Bu işlə məmnuniyyətlə və Azərbaycan rəhbərliyinin dəstəyi ilə məşğul olduq və görürük ki, istəyimizə nail ola bilmişik”, - deyə o bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də son açıqlamalarından birində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım müşahidə edildiyini deyib. Nazirin sözlərinə görə, təkcə bu ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bəli, rəqəmlər artır. Bəs yaranan rəy nə dərəcədə həqiqətə uyğundur? YES Travel şirkətinin meneceri Sənan Kərimov dedi ki, ərəblərin Azərbaycana axını bu ildən artıb. Onun sözlərinə görə, bu turistlərin 50 faizində davranış qaydası, mədəniyyəti, etikaları bizdən bir qədər  aşağıdır: “Onlar öz ölkələrində başqa cür yaşasalar da, bizim şəhərdə özlərini daha sərbəst aparırlar. Bəzənsə etika sərhədini aşırlar. Amma bu günə qədər onlarla bağlı bizə şikayət edən hotel, restoran, istirahət zonası rəhbərliyi olmayıb”. 

Müsahibimiz dedi ki, ərəb turistlərlə bağlı ən çox yayılan narazılıq onların natəmizliyi ilə bağlıdır. Bundan başqa, onların şəhərdə, onun mərkəzi küçələrində gəzinti forması da yerli sakinlərə xoş gəlmir. S.Kərimov ərəblərin ölkədə bunca səxavətli davranmalarının səbəblərini isə belə izah etdi: “Onlar bura dollarla gəlirlər və manata çevirəndə də avtomatik çox pulları olur. Bu da lüks istirahət etmələri üçün kifayət edir. Amma bir məqamı da unutmayaq. Onların hamısını bir kateqoriya üzrə təhlil etmək olmaz. İraqdan gələn turistlər simicdirlər, Ərəbistandan, Küveytdən gələnlər isə yox. Sonuncular daha çox beşulduzlu hotellərdə qalmağa üstünlük verirlər”. 

“Royal Travel” şirkətinin satış meneceri Səfiyə Əliyeva isə dedi ki, ərəb turistlərə cəmiyyətin soyuq münasibətinin səbəbi bizim hələ xarici turistə öyrəşməməyimizdir. Müsahibimizin sözlərinə görə, ilk vaxtlarda bu reaksiyanın olması təbiidir. 

S.Əliyeva bu məsələ ilə bağlı ilginc paralel də apardı: “Ona qalsa, azərbaycanlı turistlərin bəzilərinə də Antalya hotellərində ”stop" qoyulur. Bu, həmin hotellərdə özünü yaxşı aparmayan yerli turistlərə aiddir. Amma ərəb turistlərlə bağlı hələlik hər hansı hotel, istirahət zonası bizə şikayət etməyib. Pisoxoloji olaraq anlayıram ki, əhali turistə öyrəşməyib. Müəyyən müddətdən sonra normal olacaq". 

Müsahibimizin sözlərinə görə, ərəb, iranlı turistlərlə bağlı onların restoranlarda yüksək səslə danışması, deyib-gülməsi narahatlıq yaradır. S.Əliyeva dedi ki, bu da bir-iki individual nümunədə özünü göstərə bilər: “Amma ərəb turistlərlə bağlı yayılan söhbətlərin böyük əksəriyyəti şayiə xarakterlidir. Dildən-dilə dolaşır və bir müddət sonra həqiqət kimi qəbul edilir”. 

Turizm üzrə ekspert Çingiz İsmayılov hesab edir ki, turistlərin hər hansı bir ölkəyə axını orda formalaşmış mühitə öz təsirini göstərir. Bu turistlərin çox böyük sayda ölkəyə gəlməsi bəzən ictimai duruma da təsir edir: “Amma nəzərə alaq ki, ərəblər müsəlman ölkəsindən gəlirlər. Yəni dəyərlər baxımdan onlar yabançı etnos deyil. Amma təbii ki, onların davranışında, gigiyena normalarını gözləməməsində, xarici görünüşündə fərqlər var. Bizim ölkəmizdə multikultural siyasət yeridilir, bizdə tolerantlıq, dözümlülük var. Gələn qonaqlara qarşı da həmçinin belədir. Azərbaycanlılar da bu axına sevinməlidir. Çünki bu, ölkə investisiyasına axın deməkdir. Bundan başqa yeni xalqlarla ünsiyyət məsələsi də var”. 

Ç.İsmayılov hesab edir ki, əhalinin ərəb turistlərə qarşı aqressiv olması barədə deyilənlər doğru deyil. Onun sözlərinə görə, məişət səviyyəsində ayrı-ayrı faktlar var, amma bunu ümumiləşdirmək olmaz: “Dünyanın bir çox ölkələrində turistlərə qarşı aqressiya mövcuddur. Məsələn, Rio de-Janeyroda olimpiada oldu. Orda turistlərə deyirdilər ki, bayıra çıxmayın. Bizdə belə durum yox idi. Ancaq hər bir turist başa düşməlidir ki, hansısa yabançı ölkəyə gəlibsə, özünü ictimai normalara uyğun aparmalıdır. Bu normaları saymadıqda, kütləvi miqyasda olanda narazılıq yarada bilər”.

Müsahibimiz şəxsən özünün qarşılaşdığı bir mənzərəni bizimlə bölüşdü. Dedi ki, Park-Bulvarda ərəb ailəsinin azyaşlı uşaqları ayaqqabı ilə masanın üstündə gəzirmişlər: “Turist özünü azad hiss edə bilər. Amma bu, o demək deyil ki, ayaqqabılı uşaq stolun üstündə gəzməlidir. Ümumilikdə isə hamısından bu mədəniyyəti gözləmək düzgün deyil. Onların hər biri müxtəlif təbəqədən çıxanlardır. Aralarında imkanlısı da var, imkansızı da, savadlısı da, savadsızı. Bəzi turizm ölkələrində hətta ölüm hadisələri də çox olur - bir çox turistlər bu ölkələrdə öldürülür. Bizdə belə hadisələr yoxdur. Kütləvi xarakter daşıyan narazılıq barədə demək olmaz. Turist şirkətləri onları avtobuslarla aeroportda qarşılayır. Yaxşı olar ki, onları yerli normalarla bağlı maarifləndirsinlər. Axı bu firmalar məsuliyyət daşıyırlar. Onlara adət-ənənələri öyrətmək, ictimai yerlərdə qəbul olunmuş normaları izah etmək lazımdır”. 

İqtisadçı ekspert Qadir İbrahimlinin də bu məsələyə fərqli baxışı var. O hesab edir ki, insanlar hər zaman hökuməti turizmi inkişaf etdirmədiyinə görə qınayır: “Həmişə hökuməti tənqid etmişik ki, turizmi niyə inkişaf etdirmir? Niyə Azərbaycana gələn turistlərin sayı Gürcüstandan və ya başqa ölkələrdən 100 dəfə azdır? Ancaq indi görürəm ki, turizmin inkişafı bizdə nəinki Türkiyə, heç Gürcüstan səviyyəsində də heç vaxt olmayacaq. Çünki bizim cəmiyyət turistləri nəinki sevir, hətta onlara nifrət edir. Söhbət ərəb turistlərindən də getmir. Guya ingilis turistlər bura ayaq açsaydı, ictimai rəy fərqli olacaqdı? Deyəcəkdilər ingilislər əvvəl neftimizi aparıb, indi də təbiətimizə şərik çıxırlar, almanlar gəlsəydi, deyəcəkdilər ki, onlar 70 il öncə babalarımızı öldürüblər, indi də burda gəlib şellənirlər, fransızlar gəlsəydi, deyəcəklər ki, əxlaqımızı pozub qeyri-ənənəvi əlaqələr təbliğ edirlər. Sonra da tolerantlıq və multikulturalizmdən nağıllar danışırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar