Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuatın şərəf lövhəsindəkilər...


Bilmirəm onlardan yazmağa nə qədər haqqımız var indi


Bilmirəm üzümüz nə qədər ağdır qarşılarında.

Bilmirəm əməklərini bizə halal eləyiblər, ya yox.

Bilmirəm boynumuzda olan haqlarını onlara ödəyə bilmişikmi.

İstəyirəm bu bilmədiklərim arasında öz payıma düşən qədər cavablayım suallarımı. Ya da yazım, hərə özünə lazım olan cavabı elə özü qədər götürsün. 

Öncəliklə deyim ki, bir yazıya sığmayacaq adamları xatırlayacağam, xatırlayacağıq. Çünki çoxumuzun həyatında onlar olmasaydı, onları görə bilməsəydik, ən böyük, sonsuz və möhtəşəm arzumuza, jurnalist olmaq istəyimizə gedən yolu tapa bilməzdik. O yolu şərəflə getmək üçün onları görmək mütləq idi. Birindən yazmağı, insanlığı, vətənə sədaqəti, peşəyə məhəbbəti, o birindən ədalətli olmağı, yazmada öncə vicdanına hesabat verməyi öyrəndik . İllər sonra da belə yaşamağa çalışdıq. Nə qədər alınır, bəlkə indi onlar bizdən yaxşı deyərdi bunu. Amma müəllif olaraq mənim dəqiq bildiyim bir şey var. Vicdan və insaf məsələsində onlara tam layiq ola bilmişik bir xeylimiz. Bir də peşəyə sevgidə. Kim idir onlar?  İndinin özündə də adı gələndə kövrəldiyim iki mətbuat nəhəngi Ağamalı Sadiq Əfəndi və Nəcəf Nəcəfov. 

Onu, Ağamalı Sadiq Əfəndini  tanıyanda “Müxalifət” qəzetinə rəhbərlik edirdi. Məni tapşırdığı adamlardan biri Nəsir müəllim idi. Çox möhkəm tapşırmışdı məni Nəsir müəllimə də, Süleymana da. Sonra Azər Əbilbəyliyə. O vaxt bu imzaların nə əzəvi, nə tayı bərabəri yox idi. Deyim ki, elə indi də. İlk gedib, üzlərini qara elədiyim tədbir Kamal Abdullanın da iştirak elədiyi Azərbaycan kinosunun bu gününə həsr olunmuş tədbir idi. 

Getdim, çox şey gördüm, hətta böyük Rəşid Behbodovun bacısını da. Ən ağrılı yerim də o qadın olmuşdu Nəcibə Behbudova. Durumunu elə anlatmışdı ki, redaksiyaya qayıdıb gördüklərimi ifadə edə bilməmişdim, min dəfə yazıb “o deyil” deyib də sonra cırıb atmışdım. Sonda da heç nə yazmamışdım. Gördüklərimi soruşdular, ağladım. 
Əməkdaşlardan biri Ağamalı Sadiqə bu uşaq yazmır, ağlayır, demişdi. Təsadüfən qulaq şahidi olduğum bu cümlə indiyə qədər yadımdadır: Gedin gerisini öyrədin, işinin əsasını bilir o. İnsan faciəsini görür, duyur, rəhmi, deyəsən vicdanı da var. Beləsindən  mütləq jurnalist düzəltmək lazımdır...

Qısa bir fasilədən sonra çox ağır oldu durumlar. O xəstə idi. Əvvəlki kimi ola bilmirdi. Səhvlərimizə gülümsəməsi, bizi yönəltməsi, məsləhət verməsi həmənki idi. Amma türklərdə çox gözlə ifadə olunur bu “gözünün feli sönmüş”...Bax uşaq və peşə fəaliyyətində ilk addımlarını atan biri kimi onun gözlərində bunu görə bilirdim. Sonra kimsə duymasın, görüb bilməsin deyə daha işə də gəlmədi. Beləcə getdi harasa. İndi illərdir gəlmir.  Hərdən düşünürəm ki, o heç yerə getməyib, işə gəlmir sadəcə, yorulub. Bəlkə də ölümlə elə belə getmək lazımdır. İnsanlara nə zamansa dönəcəyinə dair bir ümid buraxaraq. 

***

Ağamalı Sadiqdən sonra adama deyələr ki, get Nəcəf müəllimin, Nəcəf Nəcəfovun da məktəbini gör. Göyün neçənci qatında olduğunu da xatırlamaz adam.  Onun ziyalı, işıqlı simasını, ədalətini vicdanın və insafını görmək şərfinə nail olmuşuq xeylimiz. Yalandan uzaq, ədalətli yazmaq, vicdanı itirməmək kimi keyfiyyətləri ondan, onun qurduğu “Azadlıq” məktəbindən almaq bir başqa uğur idi. O vaxt bizlərə ümidi olmayan redaktorlara “siz nə deyirsiniz bunları mətbuatdan uzaqlaşdıran olsa evdə divar qəzeti çıxarıb, qırğın sala biləcək qədər bacarıqlıdırlar”. Bunu deyib gülümsədiyi mənzərə həmişə gözümün qarşısındadır. Maraqlı tövsiyələr vardı:Terminlərdən qaç, sözləri sadə yaz, öz içinə toxunmayan heç nəyi yazma, mövzunu özün anlamasan yazmağa başlama, aldatma adamları başlıqda, sonra müəllif kimi səni silərlər yaddaşlarından. Ən pis şeydi insan yaddaşından silinmək söyləyirdi. 

Bilmirəm indi standartı bu olan nə qədər KİV var, nə qədər baş və ümumi redaktorlar var ki, işçisini belə səbrlə yönəldir.  Amma əminəm ki, mütləq var və olacaq...

***

Ağamalı Sadiq Əfəndi, Nəcəf Nəcəfov, Nazim bəy, Süleyman, siz itmədiniz ki,  biz itirmişik. Hər birinizi əli çıraqlı, dəhşətlə, şiddətlə, bəzən gözümüzdən bir damla yaş çıxmadan eləcə hıçqırıb axtarırıq... Yox, bu cümlə  o axtarışdakı həyəcanı və ehtiyacı ifadə eləmədi. Başqalarını deməyim, adlarından danışmışlıq olar. Sizi...sizi elə yazıq-yazıq  axtarıram ki...

Hələ ki, tapa bilmirəm. Amma bir gün mütləq necəsə rastlaşacağıq. O günəcən yeganə yol hər şeyə dözmək və gözləməkdir.  Sizi mənim kimi axtaran başqaları da sakitcə, susub dözür, nəyəsə ümidlə yaşayır. 

Bu yazıyla səsim çıxdısa, o hüzur pozuldusa hər kəs bağışlasın. Çünki  iyulun 22-i hamımızdan çox onların günüdür, əsl mətbuat adamlarının. 

Hədiyyəniz olmasa da, fəxri adlar ala bilməsəniz də sizin gününüzdür 22 iyul, ustadların. Bir də bütün adlar boş şeydir. Əsas mükafat qazanılan insan qəlbidir.  Dünyada qazanılmış insan qəlbindən böyük mükafat yoxdur. O da sizin ovcunuzun içindədir.

Siz mal-mülk, pul-para yox, insan itirəndə faciə yaşayan adamlar idiniz. Nə yaxşı ki, sizləri görüb tanımışıq. Nə yaxşı ki, adımızı çəkib, bizlərin çoxunu yönəltmisiniz, nə yaxşı ki, çəkdiyiniz yolla gedə bilmişik. 

***

Bu yazını yazanda elə bildim “Azadliq”ın  əjdaha fotoqrafları Əjdərlə Elxan çəkir məni, gülümsədim... 

Ağlıma ilk gələn bu oldu ki, “Yeni Müsavat”ın Alimi də onlara qoşulub. Hər dəfə kadr dalınca bir yerdə olardılar tədbirlərdə, bir az da gülümsədim... 

Sonra yadıma Elxanla Alimin zəhmətkeşliyi, Əjdərin indiki Qaraçuxurdan  işə, işdən ora pulsuzluqdan piyada gəlib-getdiyi. Qızına ayaqqabı ala bilməməsi. Uşağın buna görə ağlaması.Onun bu vəziyyətdən necə  utanması, Bunu mənimlə utana-utana bölüşüb, dərdləşməsi, sonra da kövrəlib üçünü çevirib getməsi düşdü, kövrəldim... 

Çoxunun sevimlisi Mahal İsmayıloğlu da vardı nə zamansa.  Hamıya yox, çox istədiyi adamlara məhşur  sözünü dedi elə bil: “O qədər dərin deyil ana, o qədər dərinə düşmə, bir az üstən ged ee üstdən”... 

Bir də Elçin, Elçin Səlcuq, bizim “dəli” Elçin düşdü yadıma. Onda da üz gözümü turşutdum. Həmişə belə eləyirdim.Kobudluğuna görə görən kimi üzümü turşudub otururdum. Əməlli-başlı hirslənirdi: “Ma biri desin buun mənnən niyə zəhləsi gedir kin? Ona deyin, bezdim da bə...” 

Əslində zəhləm-filan getmirdi ondan. Sadəcə,  kobudluğundan əməlli-başlı qorxurdum. Reportyor kimi əvəzolunmaz idi bizim Elçin. Onu qorxa-qorxa öyrənir, oxuyurdum.  Ondan qorxduğum üçün uzaq durmağa çalışırdım. Həyatımın hər anı gözünün önündə idi, bütün əzab, əziyyətlərim. Hər çəkdiyim əziyyətə bir də bu idi reaksiyası  Elçinin: “Səndən adam olmayacaq. Mən ölüb gedəcəm, amma sən dərd çəkə-çəkə qalacaqsan. Dərd çəkənnər öldürmür ha,  Allah, oları uzun yaşadır ki, dərdin- sərin çəkdirsin hamının. Sən dərd çək, adam olma”... 

İndi o gerçəkdən də dediyini elədi, öldü getdi. Amma mən onlarla Ağamalı Sadiqlə, Nəcəf müəllimlə, Elçin, Əjdər, Elxan, Alimlə, Süleyman bəy, Nazim qardaşımızla dolu xatirələrdən ibarət  biri olaraq yaşamağa, davam eləyirəm. Adam olmağa gəlincə, özümə bir ümidim var hələ. Deyirəm bəlkə onları unutmamağın özü elə adam olmağın, bəlkə də yaşıdım olan həmkarlara ərk edib də adam olmağınızın göstəricisidir deyirəm. Əgər bu gerçəksə onda nə mutlu mənə, bizə, əziz həmkarlar.  Babat adam kimi qala bilmişiksə, deməli bizə ümid var. Odur ki, 22 iyulumuz mübarək!...

Jalə Mütəllimova(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar