Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tuninq olunan maşında gəzən çempionu tatamiyə necə çırpdılar...


Kəndimizin satirik şairlərindən biri hələ sovet vaxtı qudurğanlıq edənlərə dair şeir yazmışdı, iki misrası yadımda qalıb. Beləydi:


Dədəsi, babası ulaq minənin 
Balası “Volqa”da bəy oldu, getdi...

O vaxt ölkədə iki-üç avtomobil markası vardı, ən bahalısı “Volqa” (QAZ-24, QAZ-31) idi. Bu günün “Mersedes Galendevagen”i nədirsə, o vaxtların QAZ-24-ü də o idi və bu maşından birini alıb altına qoyanlar özlərini kübar kastadan sayırdılar. 

Şair də ona vurğu salırdı ki, “Volqa”da şütüyənlərin dədə-babası bir müddət öncə ulaq minirdilər, at minənlərə həsədlə baxırdılar, amma gör dövran necə dəyişibsə, vəziyyət belədir. 

Deyim ki, dövran dəyişməyə meylli şeydir, tez-tez dəyişir. Dəyişiklik gah yaxşılığa doğru olur, gah da pisliyə doğru. 

Çox az adam olar ki, gün gələ, kasıbçılığın daşını qəfildən ata və qudurmaya. Hər 10 adamdan 8-i, bəlkə də 9-u mütləq əndazəsindən çıxacaq, özünü elə aparacaq ki, sanki həmişə pullu-mallı olub. 

O gün dostlar qəfildən varlanan gənc idmançılara dair bəzi şeylər danışdılar... Adam sadəcə mat qalır. 

Bilirsiniz, bizim ölkədə kəskin şəkildə varlanmağın yollarından biri yaxşı vəzifəyə keçən qohumunun, tanışının səni gömrük və vergi sisteminə yaxşı işə düzəltməsidirsə, digəri olimpiya və çempionat medalı qazanmaqdır. 

Birinci sahə inhisarda olduğu və oraya kasıb adamlar buraxılmadığı üçün kasıbların gücü əzələlərinə çatır, çalışır-vuruşur, gecə-gündüz məşq edir, tatamidə, rinqdə can qoyur, axırda qızıldan-gümüşdən (heç bürünc də pis deyil) bir medal qazanır və həyatlarını dəyişdirirlər. 

Bizdə belədir: bir ixtiraçı kimya aliminin, səmərələşdirici neft mühəndisinin 145 ilə qazana biləcəyi pul-paranı bir həftənin içində 20-22 yaşlı gənc idmançıya verirlər. Hələ mükafatlandırma bununla da bitmir. Subay gəncə 3-4 otaqlı, supertəmirli mənzil də bağışlanır. Bəzi böyük şirkətlər, holdinqlər vətənpərvərliyin cuşa gəlməsi prosesində iştirakçı olmaq, bir az da gözə girmək üçün çempion gəncə bahalı avtomobillər hədiyyə edirlər. Gənc bir də baxır ki, əlinin altında yarım milyon pulu, 2-3 mənzili, 5-6 maşını var. 

İndi beləsi özünü oliqarx saymasın, neyləsin? Bu qədər var-dövləti yarışmanın yarımfinalı və finalında sərf etdiyi 12 dəqiqənin içində qazanan oğlanın başı, sovet yazarlarının sözü olmasın, müvəffəqiyyətdən gicəllənərmi, gicəllənməzmi?

Əlbəttə, gicəllənər, bəzi başlar buna heç dözməz və tamam gicqulu olar.

Dostlar danışır ki, ötən illərdə ölkəyə medalla qayıdan gənc idmançılardan ikisinə yuxarıda sözünü etdiyim şirkətlərdən biri bahalı maşın bağışlamaq qərarına gəlib. Avtomobillərin təxminən 150 min dollar qiyməti olub və onları evakuatorla gətiriblər federasiyanın qabağına ki, çempionlara hədiyyə etsinlər. Çempionun biri baxıb ki, avtomobillərdən birində gecə eynəyi var, birində yoxdur, tərs kimi, bunun bəxtinə düşəndə eynək yox imiş. İdmançı burnunu sallayıb oturub ki, bu nədir, bu nə ayrı-seçkilikdir. Eynək məsələsi düzələndə çempionun daha bir kaprizi üzə çıxıb, istəyib ki, onun avtomobili tuninq olunsun, yəni maşının vizual görünüşü bəzək-düzəkli olsun. Durduğu yerdə 300 min manat xərcə düşmüş səxavətli şirkətin rəhbərliyinin əlacı kəsilib, fikirləşiblər ki, hadisə mediaya-filana sızar, şirkətin imicinə xələl gələr, ona görə də avtomobilləri yenidən evakuatora yükləyiblər (kilometrajının sıfırı pozulmasın) və tuninq ustasının yanına aparıblar ki, maşın çempionun zövqünə uyğun bəzənsin. 

Bu hadisə barədə eşidən hər kəs deyir, vallahi, o şirkət rəhbərinin yerində olsaydım, maşınları çempionlara verməkdən imtina edərdim, soruşanda da deyərdim, sexdədir, bəzənir. 

Amma hamımız bilirik ki, bu işlər belə deyil. Güman ki, şirkət rəhbərliyinə çempionları qane etməyi tapşırıblar, onlar da ta neynəsinlər, “qızıl oğlan”ların nazıyla oynamağa məcburdurlar.

Bəs sonrası necə oldu? Heç nə. Çempionlardan biri başını aşağı saldı, məşqini etdi, növbəti yarışlara hazırlaşdı. Amma avtomobilini tuninq etdirən o biri mindi bahalı maşınına, başladı yollarda şütüməyə, bar-bar gəzməyə, xırda çaplı lotuluqlar eləməyə. Nəticəsi də o oldu ki, növbəti yarışlardan birində adamı götürüb çırpdılar tataminin üstünə.

Samir SARI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar