Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsal Məmmədov: “Azərbaycan müxalifətini şər qüvvə hesab edirəm” - Müsahibə (I Hissə)


AzVision.az saytının baş redaktoru: “Müxalifətdə olanların hamısını gənclik illərimdən tanıyıram və tam səmimi olaraq onları şər hesab edirəm”


Vüsal Məmmədov hazırda ölkədə kifayət qədər tanınan bir jurnalist və aktiv bloggerdir. 

Onun müxtəlif mövzularla bağlı fikirləri birmənalı qarşılanmasa da, maraqla izlənir. Ona görə də PİA.AZ maraqlı söhbət alınacağına ümid edərək, onu redaksiyaya qonaq dəvət etdi. Və gördük ki, yanılmamışıq.

Dosye: Vüsal Məmmədov 1978-ci ildə Bakıda doğulub. BDU-da Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Tələbə ikən qəzetlərdə çalışmağa başlayıb. 1997-ci ildə o zamanlar populyar olan “168 saat” qəzetində işləyib,  1998-ci ildə “Ekspress”ə keçib, az müddət sonra orada redaktor olub. 2001-ci ildə “Mərkəz” qəzetinə redaktor gedib, 2003-cü ildə Lider TV-yə gedib. 2012-ci ildə AzVision.az saytını yaradıb. Hazırda AzVision 7 dildə fəaliyyət göstərir. AzVision qrup-a femida.az, kirpi.info, erməni dilli hayatsk.info da daxildir.

- Vüsal bəy, özünüzü hansı siyasi təmayülə aid edirsiniz? Yəni solçusunuz, yoxsa sağ ideologiyanın daşıyıcısısınız?

- Mən özümü liberal sağçı hesab edirəm.

- Liberal sağçı və ateist...

- Bəli.

photoslide_title

Vüsal Məmmədov: “Allahın nə olduğunu əla bilirəm və qəti şəkildə deyirəm: O, yoxdur!”. 


- Adətən ateistlər solçu olurlar. Sizin sağçı olmağınız maraqlı gəldi...

- Milliyyətçilik – yəni, bizim halda türkçülük və ateizm zidd deyillər. Əksinə, İslam və türkçülük daban-dabana ziddirlər. İslam türkçülüyün ruhuna və mahiyyətinə ziddir. Türkün özünün Tenqri dini, Tanrı-Atası olub, ərəbin Allahı ona yaddır. İslam dini türkün ruhunu əzir.

- Ateizm barədə sizinlə ətraflı müzakirəmiz olacaq, ona görə, darıxmayın... İndi bu suala cavabınız maraqlıdır: özünüzü ədalətli adam hesab edirsinizmi? 

- Bəli. 

- Misal üçün, hansı aspektdə? Yəni, bu günə qədər bilə-bilə, göz görə-görə heç bir ədalətsizliyə göz yumamısınız?

- Bu məsələnin iki tərəfi var. Mən kiməsə qarşı ədalətsizliyə yol verdiyimi hesab eləsəm, vicdanım sözün əsl mənasında məni  it kimi didəcək. Yəni, heç cür rahatlıq tapa bilməyəcəyəm. Ona görə də inanmıram ki, kimsə məndən ədalətsizlik görmüş olsun. Hətta ədalətsizlik etmişəmsə, mütləq o adamdan üzr istəmişəm. İnamıram ki, ətrafımdakı insanlardan kimsə mənim ədalətimə şübhə eləsin....

- Söhbət ictimai insan kimi cəmiyyətdə baş verənlərə yanaşmanızdan gedir.

- Yəni, necə? Düzünü desəm, tam olaraq, məndən nə istənildiyini başa düşmədim... Sualı bir az açıqlamaq olarmı?

-  Bu mənada ki, siz davamlı olaraq Azərbaycan hakimiyyətini müdafiə edirsiniz. İctimai-siyasi prosesdə hansısa ədalətsizlik görəndə buna göz yumursunuz, yoxsa necə? Misal üçün, vətəndaşların haqqı məmurlar tərəfindən kütləvi şəkildə pozulduqda susmağınız ədalətsizliyə göz yummaq deyilmi?

- Yəni mən ədalətsizlik hesab elədiyim məsələ görəndə səsimi qaldırıb, mübarizə aparırammı, yoxsa yox? Əslində, bu, çox ağır sualdır. Çünki bəzən həqiqətən də susmaq lazım olur. Yəni, həqiqəti hər zaman çılpaqlığı ilə demək heç də həmişə doğru deyil. Bəzən mən başa düşürəm ki, bəli, ədalətsizlik var, amma mənim nəsə deməyim işləri ancaq korlaya bilər, o zaman susmağı daha doğru hesab edirəm. Anlayıram ki, mənim nəsə deməyimin və qarışmağımın yeri yoxdur. Ancaq bəzi hallarda hiss edirsən ki, vətəndaş kimi mütləq sözünü deməlisən. Məsələn, cəmiyyətin gələcəyi həll olunan məsələlərdə. Belə hallarda açıq şəkildə mövqeyimi ortaya qoyuram. 

Böyük Fransa Inqilabından sonra Fransada yakobinçilərin terroru başladı. Hər gün minlərlə insan eşofota çıxarılaraq, edam olunurdu. Yakobinçilərin diktaturası devriləndən sonra, Fransanın ziyalıları bir-birlərinə sual verirdilər ki, Yakobin terroru zamanı bəs sən nə edirdin? Halbuki, o sualı verən insanların çoxu ya terrorda iştirak etmiş, ya da öz başını qorumağa çalışmışdı. İnsan gec-tez özünə bu sualı verməlidir ki, ədalətsizlik baş verən zaman sən nə edirdin?! Və önəmli olan bu sualdan sonra bir insanın özünə nəyi etiraf etməsidir.

Əksər hallarda cəmiyyətin  ədalətsizlik kimi gördüyü hala mən başqa cürə yanaşıram. Düşünürəm ki, əslində burada ədalət pozulmayıb. Ya da kiməsə qarşı pozulubsa, başqalarına məxsus olan ədalətin bərpa olunması prosesində baş verib bu. Məsələyə bu aspektlərdən də yanaşmaq lazımdır. Bir şeyə əminəm ki, bu gün məni ədalətsizlikdə qınayanlar, oxşar vəziyyətdə məndən qat-qat artıq ədalətsiz olacaqlar.

photoslide_title























Vüsal Məmmədov: “İnsan gec-tez özünə bu sualı verməlidir ki, ədalətsizlik baş verən zaman sən nə edirdin”. 


- Aydındır. Ümumiyyətlə, Azərbaycanda sosial ədalət varmı və əgər varsa, bu sosial ədalətin təcəlləsini necə və nədə görürsünüz?

- Ədalətli cəmiyyət çox ülvi bir anlayışdır. Dünyanın harasındasa ideal cəmiyyətin olduğuna inanmıram. Bizim cəmiyyətdə də yüksək ədalətin olduğunu desək, yalan olar. Ancaq məsələyə baxış bucağı önəmlidir. Mən cəmiyyətin ədalətinin olub-olmamasını siyasi məsələ kimi görmürəm və düşünmürəm ki, cəmiyyətdə ədaləti mütləq siyasi və yaxud inzibati yollarla bərpa eləmək lazımdır. Bəli, cəmiyyətdə ədalət yoxdur, amma bunun tək səbəbi hansısa siyasi problemlərlə bağlı deyil. Biz özümüz fərd olaraq, ədalətsizik. Problemin kökü də buradan yaranır.

Hansısa məmur vicdansızlıq edirsə, bu, cəmiyyətdə ədalətsizliyin dozasını artırır. Lakim məmur olmayan imkanlı insanlar həmin ədalətsizliyi qat-qat artırırlar. Misal üçün, bu yaxınlarda “Porsche” ilə qadını vurub öldürən gənc adam məmur və ya məmur oğlu deyildi, adi insan idi, yeniyetmə idi. İstənilən adi insanın əlinə pul düşəndə, bir az imkanı olanda vəhşicəsinə cəmiyyətdə ədalət prinsiplərini pozmağa başlayır. Ancaq buna etiraz eləmək heç kəsin ağlına gəlmir. Hansısa məmur axmaqlıq edəndə isə çox böyük ictimai reaksiya yaradır. Əsas problem ondadır ki, biz öz yaxınımıza, dostumuza, qohumumuza ədalətsizlik etdiyini deməkdən çəkinirik. Hətta bunu özümüzə belə etiraf etmirik. Belə olan halda məmurun quyruğundan yapışıb, ədalətsizlik etdiyini demək düzgün deyil.

- Vüsal bəy, siz, o “Porsche”ni sürən və iki uşaq anası olan gənc qadını öldürən yeniyetməyə ədalətli cəza veriləcəyinə inanırsınız?

- Ümid edirəm. Və əgər verilməsə, etirazımı bildirəcəyəm.

- Siz sosial şəbəkədə çox aktiv birisiniz. Amma çoxlu sayda sosial şəbəkə istifadəçisi sizin yazdıqlarınızdan qıcıqlanır, hesab edirlər ki, siz nəyin nə olmasından asılı olmayaraq, hakimiyyətin mövqeyini müdafiə edirsiniz. Doğurdanmı, Azərbaycan hakimiyyəti hər işdə haqlıdır?

- Hər işdə haqlı olmaq mümkün deyil. İş görülürsə, mütləq səhv var. O adam tam haqlıdır ki, heç nə eləmir. Hakimiyyət böyük bir düşərgədir. Onu təmsil edən çoxlu insanlar və qurumlar var. Əlbəttə ki, onların arasında haqsızlıq edənlər, vicdansızlığa yol verənlər də var. “Yoxdur” desəm, dediyimə özüm də inanmaram. Ancaq ümumi götürsək, mən hakimiyyətin simasını və mahiyyətini Xeyir hesab edirəm. Ona görə də hər xırda pisliklərin üstündə dayanmıram ki, ümumi Xeyiri ləkələməyək.

- Belə məlum olur ki, siz hakimiyyətin xeyirli mahiyyətindən danışanda Azərbaycan hakimiyyətinin gələcəyimiz üçün xeyirli işlər gördüyünü demək istəyirsiniz. Və hesab edirsiniz ki, hakimiyyət Azərbaycanda Xeyri təmsil edir. Doğrudanmı, müxalifət şər qüvvədir?

- Tam səmimi deyirəm ki, bəli, Azərbaycanda müxalifəti Şər qüvvə hesab edirəm. Mən bunu hansısa məqsədlə demirəm. İndi müxalifətdə olanların hamısını gənclik illərimdən tanıyıram və həmişə görmüşəm ki, onlar Şərdirlər. 

- Sizin baxış bucağınıza uyğun olaraq, şər bildiyiniz bu müxalifətdə olan siyasətçilər içərisində hörmət etdiyiniz şəxslər var?

- Mən müxalifətçilərin dövlət üçün xeyirli bir istəklərinin olduğuna inanmıram. Bəli, istəyirəm ki, Azərbaycanda həqiqətən səmimi, düzgün, vicdanlı və bacarıqlı bir müxalifət olsun. Bu, dövlətə və hamımıza lazımdır. Elə bir müxalifət olsun ki, hakimiyyət o müxalifətin qarşısında hesabat verməyə ehtiyac hiss eləsin, buna borclu olsun. Hökümət qəbul eləsin ki, ölkədə ciddi siyasi proses var və ortaya ciddi suallar qoyulur. Yəni ortaya sualı qoyan qarşı tərəfin sosial bazasıdır. Azərbaycanda kim deyə bilər ki, müxalifətin sosial bazası var? Varsa, göstərsinlər. Əgər göstərə bilsələr, hakimiyyət istər-istəməz onların qaldırdığı problemləri nəzərə alacaq. Ancaq heç bir sosial bazası olmayan bir-iki adam “facebook”da bloggerliklə məşğul olursa, buna “müxalifət” deyilməz. Barmaqla sayıla biləcək qədər insanlar Azərbaycanda “müxalifət” adını özəlləşdiriblər və normal, sağlam müxalifətin yetişməsinə mane olurlar.
Mənim hörmət elədiyim müxalifətçilərə gəlincə, bəli var. Adlarını çəkmirəm, amma ümumi deyim ki, onlar siyasətə meydandan gələnlər, Cəbhənin şinelindən çıxanlar yox, təhsildən, peşəkar sahələrdən gələn adamlardır.

photoslide_title

Vüsal Məmmədov: “Bəli, cəmiyyətdə ədalət yoxdur, amma bunun tək səbəbi ortada hansısa siyasi problemlərin olması deyil. Biz özümüz fərd olaraq, ədalətsizik”.


- Bəs arzu etdiyiniz o müxalifət Azərbaycanda nə zamansa formalaşa bilərmi? Yəni, müxalifətin normal şəkildə təşkilatlanması üçün Azərbaycanda siyasi mühit varmı?

- Acığı, bu da çətin sualdır. Niyəsini deyim. Çünki Azərbaycanda həqiqətən savadı, bacarığı, qabiliyyəti olan insanlar siyasətə gəlmirlər. Gəlsələr də, müxalifətə yönəlmirlər. Bu, faktdır. Digər tərəfdən, nəzəri olaraq bacarıqlı, ölkədəki prosesləri düzgün təhlil edən bilən, sağlam tənqidi ideyaları olan insanların cəmləşib, bir müxalifət qrupu formalaşdırdığını düşünsək, onlara münasibətin necə olacağını da söyləmək çətindir. Sualınıza birmənalı cavab verməyim düzgün olmaya bilər. Hər halda, bunu görmək mənim özümə də maraqlı olardı. 

-  Az öncə Cəbhənin “şinelindən” çıxanlar dediniz. Zərdüşt Əlizadə də bir zamanlar “Elçibəyin şinelindən çıxanlar” ifadəsini işlətmişdi. Niyə sizdə meydandan gələn adamlara qarşı qıcıq var? 

- Çünki meydandan savadlı adamlar çıxa bilməzlər. Meydana kütlə toplaşır, lideri kütlə seçir. Kütlə isə savadın, təmkinin düşmənidir. Kütləyə gurultu, pafos lazımdır. Baxın, Rusiyada müxalifətçi Harri Kasparov var. Mən onun mövqeyini qətiyyən bəyənmirəm, özündən də insan kimi xoşum gəlmir, amma savadına, səviyyəsinə hörmət eləməyə bilmirsən. Baxanda görürsən ki, qarşındakı boş gurultu deyil, işi dolu çuvaldır. Bizdə içi dolu adamlar çox azdır. 

-Yəni, kütləyə Nemət Pənahlı lazımdır?

- Bəli, kütləyə  Nemət Pənahlı, Əli Kərimli və s. bu tip insanlar lazımdır. Onlar cəmiyyət üçün ziyanlı adamlardır. Cəmiyyətin guruldamayan, içi dolu şəxslərə ehtiyacı var. Onlar isə heç vaxt meydanlarda yetişə bilməz. 

- Elçibəyə münasibətiniz necədir? Hesab edirsinizmi ki, Elçibəyi meydan yetişdirmişdi?

- Fikrimcə, Elçibəy meydana qədər yetişdirilmişdi və meydan onun üzə çıxarılması üçün bir vasitə idi. Elçibəyi maraqlı insan hesab edirəm. Ancaq qətiyyən siyasətçi və ya dövlət xadimi deyildi. Onun hakimiyyət illərini qırağa qoyuram, bu haqda çox danışılıb. Elçibəy Bakıya qayıdandan sonra AXCP-dəki prosesləri şəxsən mən jurnalist kimi yaxından izləmişəm. Elçibəy adi partiyanı normal idarə edə bilmirdi. Bir partiyanın daxilində çoxlu qruplaşmalar var idi, hərə bir yana çəkirdi, hərə bir yerə işləyirdi... Sözün tam mənasında qarğa bazarı idi. Elçibəy bir partiyada normal nizam-intizam qura bilmirdi. Bu halda, onun dövləti idarə etmək bacarığından heç danışmağa heç dəyməz. Elçibəydən bəlkə də yaxşı mənəvi lider ola bilərdi – deyək ki, Mahatma Qandi kimi. Ətrafına müridlər yığıb, onlara türkçülük, dövlətçilik, turançılıq, Bütöv Azərbaycanla bağlı ideyalarını ötürə bilərdi. Son illərdə özü də bunu dərk eləmişdi.

- Tanıdığınız, amma adını çəkmək istəmədiyim yazarlardan və baş redaktorlardan biri sizin haqqınızda belə bir ifadə işlədib ki, Vüsal qatığa qaranlıq otaqda baxdığına görə, qatığı həmişə qara görür. Siz doğrudanmı, ağ qatığa qaranlıq otaqda baxırsınız?

- Onu deyən kim idi? (gülür - red). Hər kimdirsə, fantazisayına həsəd aparmıram. Daha maraqlı bir şey tapıb deyə bilərdi. Amma mən qaranlıq ucbatından qatığı qara görürəmsə, buyurub, işığını yandırsa, mən ona təşəkkür edirəm. 

- Vüsal bəy, siz həmçinin Azərbaycanın ən ünlü ateisti də hesab olunursunuz. Ateizm nədir? Doğurdanmı,  “Allah yoxdur” deməklə, Allah yox olur?

- Biz “Allah yoxdur” deməklə, Allah yox olmur. Biz Allah olmadığı üçün “Allah yoxdur” deyirik. Mənim üçün ateizm vicdanlı insanın seçimidir. Çünki insan “Allah yoxdur” deyirsə, demək, ətrafda baş verən pisliklərə görə məsuliyyəti öz üzərinə götürmüş olur. Dinə görə isə, yaxşılıq Allahdan, pislik Şeytandandır. Bu, məsuliyyətsiz yanaşmadır.

- Böyük alman filosofu Maks Şteynerin bir sözü var. Deyir ki, hər kəsin içində Allah nə boydadırsa, vicdanı da o boydadır. Vicdan və Allahsızlığın anlamı nədir?

- Ateizm dünyanın idrakının elmi formasıdır. XVI-XVII əsrlərə qədər dünyanın dərkinin əsas yolu mifoloji və dini təfəkkür idi. Elm yaranandan sonra əvvəlki idrak tərzi istər-istəməz sıxışdırılmalı idi və müasir  insan dünyanı elmlə dərk eləməyə başlamalı idi. Din buna mane olur və cəmiyyətin düzgün istiqamətə getməsinə əngəl törədir. Ateist o adamdır ki, mifoloji-dini dünyagörüşünü rədd edir və deyir ki, gəlin, dünyanı elmi qaydada dərk edək. Mənim də istədiyim və təklif etdiyim budur.

photoslide_title























Vüsal Məmmədov: “30.000-dən çox Allahın hər biri nə dərəcədə varsa, ərəbin Allahı da o dərəcədə var”. 


- Yəni, sizin dediyiniz ateizm Tanrını rədd eləmir. Amma dinin fövqündə durur?

- Burada vacib məsələ bizim nəyi bilib, nəyi bilməməyimizi səmimi etiraf etməyimizdən ibarətdir. Bizim dərk eləyə bilmədiyimiz, idrak olunmayan bir Yaradıcı qüvvə varmı, yoxsa yoxmu? Biz bunu bilmirik. Amma İslamın dediyi “Allah” yoxdur. Mən buna adım kimi əminəm.

- Belə deyək, dinin özü belə Allahın varlığını de-fakto isbat edə bilmir. Bunu heç bir ilahiyyətçi əminliklə deyə bilməz. Amma ateistlər də Allahın de-fakto var olmadığını isbat edə bilməzlər axı? 

- Biz “Allah” deyəndə nəyi nəzərdə tuturuqsa, öncə ondan başlamaq lazımdır. Mən çox vaxt dini söhbətlərdə müşahidə edirəm ki, insanlar “Allah” deyəndə nəyi nəzərdə tutduqlarını dəqiq bilmirlər. Allah, Tanrı, Yaradan, İlahi qüvvə və s. - bunların hamısını bir-birinə qatırlar. Allah Tanrı deyil, bunlar ayrı-ayrı personajlardırlar. Biz Quranı oxuyanda Allahın bəlli bir portreti yaranır. Deyək ki, Allah dostlarına qarşı çox yaxşı, düşmənlərinə qarşı çox qəddardır, qaçan atlara and içilir, Əbu Ləhəbə “əllərin qurusun” deyir, arvadlara ərlərinin üzünə ağ olmamağı tapşırır, ərəblərə Məhəmməd peyğəmbərin qapısını döyməmiş evə girməməyi əmr edir, insanları onun sözünə baxmasa, yandırmaqla hədələyir... Biz bütün bu özəllikləri toplayanda, müəyyən bir şəxsin portreti yaranır. Allah, bax, həmin o portretdəki ali şəxsdir! Amma məsələn, Tanrı bu deyil, Tanrı tamam başqa anlayışdır. Türkün Tanrısı ilə ərəbin Allahının arasında kəskin fərqlər var. Mən bunu İlahiyyat fakültəsini bitirmiş adamlara başa sala bilmirəm. Dirəşirlər ki, Allahla Tanrı eyni şeydir. Bimirəm, onlara orada ümumiyyətlə, nə öyrədirlər?!

Toparlasam, mən dərk etmədiyimiz hansısa Yaradanın xasiyyətini, sifətlərini, formasını, mahiyyətini bilmirəm. Onun var olub-olmadığını da bilmirəm. Amma konkret ərəbin Allahının nə olduğunu əla bilirəm və qəti şəkildə deyirəm: O, yoxdur! O, bir mifdir. Zevs kimi, Hörmüz kimi, Odin kimi, İsida kimi... 30.000-dən çox Allahın hər biri nə dərəcədə varsa, ərəbin Allahı da o dərəcədə var. 

- Sizə görə insanın və yaxud heyvanın mahiyyəti nədir? Ümumiyyətlə, yaranışın mahiyyəti varmı, yoxsa təbiət də, insan da, heyvan da mahiyyətsiz və yaşam sürəsi məna daşımayan nəsnələrdir?

Ardı var...

Azər QARAMANLI
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar