Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ateist baş redaktor: “30 yaşıma qədər o qədər dua etmişəm ki...” - Müsahibə (II Hissə)


“Bəşəriyyətin özünün yıxılaraq-duraraq, qanlar töküb, inqilablardan keçərək yaratdığı qanunlar Quranda göstərilən “ilahi” qayda-qanunlardan min dəfə daha ədalətli və mükəmməldir”


Vüsal Məmmədov hazırda ölkədə kifayət qədər tanınan bir jurnalist və aktiv bloggerdir. 

Onun müxtəlif mövzularla bağlı fikirləri birmənalı qarşılanmasa da, maraqla izlənir. Ona görə də, pia.az maraqlı söhbət alınacağına ümid edərək, onu redaksiyaya qonaq dəvət etdik. Və gördük ki, yanılmamışıq.

Dosye: Vüsal Məmmədov 1978-ci ildə Bakıda doğulub. BDU-da Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Tələbə ikən qəzetlərdə çalışmağa başlayıb. 1997-ci ildə o zamanlar populyar olan “168 saat” qəzetində işləyib,  1998-ci ildə “Ekspress”ə keçib, az müddət sonra orada redaktor olub. 2001-ci ildə “Mərkəz” qəzetinə redaktor gedib, 2003-cü ildə Lider TV-yə gedib. 2012-ci ildə AzVision.az saytını yaradıb. Hazırda AzVision 7 dildə fəaliyyət göstərir. AzVision qrup-a femida.az, kirpi.info, erməni dilli hayatsk.info da daxildir.

Vüsal Məmmədovla müsahibənin BİRİNCİ HİSSƏSİNİ buradan oxuya bilərsiniz.

- Sizə görə insanın və yaxud heyvanın mahiyyəti nədir? Ümumiyyətlə, yaranışın mahiyyəti varmı, yoxsa təbiət də, insan da, heyvan da mahiyyətsiz və yaşam sürəsi məna daşımayan nəsnələrdir?

- Biz bu suallara həmişə fəlsəfədə cavab axtarırıq, amma bu, səhvdir, ona görə də, cavablar tapılmır. İnsan da, heyvan da bioloji varlıqdır. Ona görə, biz cavabı biologiyada axtarmalıyıq, fəlsəfədə yox! Biologiya bizə deyir ki, milyon illərdir davam edən Təkamül prosesinin bir elementiyik. Bizə qədər də insanlar yaşayıb, bizdən sonra da yaşayacaqlar. Biz nə ilk, nə də son məhsul deyilik. 100 min il əvvəl insan bir cür idisə, 100 min ildən sonra tamam başqa cür olacaq. Biz aralıq bir mərhələyik. Bu, prosesdir. Prosesin obyekti isə insan deyil! Təkamül prosesinin obyekti gendir. Təsəvvür edin ki, məsələn, trilyon dənə hərfi olan genom kitabı yazılıb. Bizim hər birimizin həyatı o kitabın bir hərfidir. Yəni, biz dünyaya gəlirik, yaşayırıq, müəyyən təcrübə qazanırıq, hisslər keçiririk… Genimizi valideynimizdən aldığımız kimi yox, bir az fərqli şəkildə, redaktə edərək, övladımıza ötürürük. Bizim həyatımız həmin genom kitabında bir hərfin redaktəsi üçündür. Bütün məna da budur!

- Yəni, alın yazısı, qismət yoxdur?

- Bizim keçirdiyimiz emosiyaların, acıların, sevinclərin, yaxşılıq və ya pisliyimizin heç bir mənası yoxdur. Bütün həyatımız bioloji prosesdir, mənası isə genomun bir hərfini redaktə eləməkdir. Vəssalam. 

photoslide_title
Vüsal Məmmədov: “Bizim həyatımız genom kitabında bir hərfin redaktəsi üçündür”.


- Həyatda nədən qorxursunuz və ateist olduqdan sonra qorxuya qalib gəlmək üçün qeyri-ixtiyari də olsa, dua etdiyiniz və kömək dilədiyiniz vaxtlar olubmu?

- Övladımın başına hansısa bir pis işin gələ biləcəyindən, bir də mənə inanan və məni sevən insanları yanıltmaqdan qorxuram. Başqa elə bir qorxum yoxdur. Heç vaxt dua eləmirəm. Bilirəm ki, mənası yoxdur. 30 yaşıma qədər o qədər dualar eləmişəm, heç bir nəticəsi də olmayıb. Su olmayan yerdə quyunu qazmağın mənası yoxdur. Başa düşürəm ki, bu, həyatdır, mənim övladımın başına pis bir hadisə də gələ bilər və ya mənə güvənən insanların güvənini də yanılda bilərəm. Lakin məni qorxularımdan sığortalayacaq heç bir qüvvə yoxdur. Sadəcə, əlimizdən gələni etməliyik ki, qorxduqlarımız başımıza gəlməsin. Bizim yardım istəyəcəyimiz heç kimsə yoxdur.

- Mahiyyət etibarilə yaşamımızın mənasız olduğunu bildirdiniz. Bu halda, qorxularınız reallaşsa, nə olacaq ki?

- Qorxularımız reallaşsa, bədbəxt olacağıq. Ancaq bir məsələ də var ki, mənim bədbəxt olub-olmamağımın dünya üçün heç bir önəmi yoxdur. Vüsal dünya üçün kimdir ki? Bir toz zərrəsi, bəlkə ondan da kiçik. Mənim yoxluğum nəyə təsir edə bilər?

- Yəni ki, bir insanın ölümü bir ailənin daxilində müəyyən qədər təsirli olur. Zaman keçdikcə bu təsir öz gücünü itirir. Həmin adam da nə qədər əzizin olsa da, beyindən silinib gedir. Heç kəsin, heç bir insanın taleyi dünya, ya da kainat miqyaslı deyil, eləmi?

- Elədir. BMT-nin dünyada hər dəqiqədə, hətta hər saniyədə neçə insanın acından ölməsi, neçə qızın zorlanması, neçə adamın işgəncələrə məruz qalması və s. kimi məsələlərlə bağlı statistikası olur. Biz burada söhbət etdiyimiz müddətdə dünyada onlarla insan acından öldü, bir o qədəri də narkomanlığa, fahişəliyə cəlb olundu… Kimin nə vecinədir?! Mənim də başıma bədbəxt hadisə gəlsə, başa düşürəm ki, heç kimin vecinə olmayacaq. Həyat belədir. Əslində bu, qəddarlıqdır, amma bu həyatı mən yaratmamışam. Heç kim yaratmayıb.

-  Sizcə, ümid nədir və o, sizdə varmı? Əgər varsa, mənasız həyatda o nəyi izah edir?

- Səhv etmirəmsə, Maks Günterin belə bir sözü var ki, ümid – diletantların işidir. Peşəkar ümid etməməlidir. O, bunu birja işi ilə bağlı deyirdi. Söhbət ondan gedir ki, sən bahalaşacağı ümidiylə aksiyalar almısan, amma onun qiyməti düşür. Sən ümid edirsən ki, bəlkə qalxdı, heç olmasa, bu sövdələşmədən ziyansız çıxım... Günter isə deyir ki, ümid eləmə, qiyməti düşdüsə, sat, getsin. Peşəkar ümid eləmir, ya vəziyyətə nəzarət edir, ya da kənarda qalır. Poker oyununda belə bir “qızıl qayda” var ki, əgər sən kimin diletant olduğunu hiss edə bilmirsənsə, deməli, diletant elə sənin özünsən. Ümid əslində öz həyatına tam nəzarət eləyə bilməyən insanların işidir. Öz həyatına nəzarət eləmək imkanında olan insanın ümidi yox, ehtimalları olmalıdır, yəni, təxminən hansı faizlə nəyi gözlədiyini bilməlidir. Həyatımızla bağlı ssenarilərimiz olmalıdır və onlara nəzarət etməyi bacarmalıyıq. Ümid isə zəiflərin işidir. 

photoslide_title























Vüsal Məmmədov: “Əlimizdən gələni etməliyik ki, qorxduqlarımız başımıza gəlməsin. Bizim yardım istəyəcəyimiz heç kimsə yoxdur”.


- Vüsal bəy, Quranı çox diqqətlə oxuduğunuzu və bu kitabı ilahiyyatçılardan heç də pis bilmədiyinizi iddia edirsiniz. Sizi Quranda təmin etməyən nədir? Daha əvvəllər dindar olduğunuz da məlumdur. O zaman Quran sizi qane etdiyi halda, sonradan niyə qane etmədi?

- Mən dindar olanda da dinlə bağlı ağlıma axmaq-axmaq fikirlər çox gəlirdi. Ancaq özümə o barədə düşünməyi qadağan eləmişdim. Deyirdim, yəqin, şeytan qəlbimə vəsvəsə salır. Dində belə bir anlayış var. Mən də Quranla bağlı ağlıma gələn tənqidi fikirləri belə yozurdum ki, alçaq şeytan məni din yolundan azdırmaq üçün qulağıma bu sözləri pıçıldayır. (gülür – red).

Qorxumu yenib, şeytanın olmadığını anlayandan sonra Qurandakı bütün fikirləri elə olduğu kimi açıq mətnlə görməyə başladım. Və dəhşətə gəldim ki, bu, nə qədər primitiv bir kitabdır...

Sonra özümə sual verdim ki, doğrudanmı, bu sözləri Allah – yəni bizdən qat-qat yüksək olan, ali bir şüurun təmsilçisi deyə bilər?

Zamanla anladım ki, Quranda insana faydalı ola biləcək, demək olar ki, heç nə yoxdur. Dostumuz Şeyx-uş-Şuyux vəl həşəmətul-möhtəşəm Elşad Miri (gülür – red) deyir ki, Quranı ölülərə oxumazlar, bu kitab dirilər üçündür. Çünki orada dirilərin həyatını gözəlləşdirən xeyli fikirlər var. Əgər varsa, deyin istifadə edək də!.. Amma yoxdur axı! Quranda insanın, cəmiyyətin həyatını yaxşılaşdıracaq heç bir fikir, qayda, göstəriş yoxdur. Bəşəriyyətin özünün yıxılaraq-duraraq, qanlar töküb, inqilablardan keçərək yaratdığı qanunlar “Quran”da göstərilən “ilahi” qayda-qanunlardan min dəfə daha ədalətli və mükəmməldir.

- Quranı sizin üçün mənasız kitab edən nə oldu ki? Yəni sizin arqumentləriniz nədir Qurana qarşı?

- Adi bir misal çəkim. Quranda varlı insanlara cariyə saxlamağa icazə verilir. Cariyə - qul qadındır və onun sahibi ondan seksual məqsədlə də istifadə edə bilər. Quran buna icazə verir. Ona görə də, cariyənin seksual istismara hətta etiraz etmək ixtiyarı da yoxdur! Və sahibinin onu məcbur etdiyi seks nəticəsində dünyaya gətirdiyi övladların heç bir vərəsəlik, övladlıq, hətta atasının adını daşımaq hüququ belə olmur!

Yəni budurmu ilahi ədalət?! Quran deyir, qul saxlayın, amma ona qarşı ədalətli olun, yediyinizdən, geyindiyinizdən verin, amma, nə etsək də, bu, quldur axı, qul! Sən ona nə qədər yaxşı baxsan da, onun insan şərəfini alçaldan qul status var! Bəşəriyyət 19-cu əsrdən quldarlığı ləğv etməyə başladı. Humanizmin inkişafı, inqilablar nəticəsində, milyonlarla insanın əzablarından sonra başa düşdülər ki, quldarlıq ləğv olunmalıdır. 

Fəqət, Quranda yazıla bilərdi ki, “Ey insanlar, quldarlığı qəti şəkildə qadağan edirik, bundan sonra heç kim qul və cariyə olmayacaq!”. Bu cümlə yazılsaydı, mən bu fikrin qarşısında baş əyərdim. Amma biz özümüz əsrlər sonra zülmlə bu fikrə gəlib çıxdıq. Bununla bağlı Quranda heç nə yoxdur. 

photoslide_title

Vüsal Məmmədov: “İnamsız və ümidsiz çox gözəl, mükəmməl yaşamaq olar”.


- Yəni, Quran bütün zamanların kitabı kimi ortalığa çıxmır?.. 

- Quran VII əsrin ərəb təfəkkürünü ifadə edən bədii əsərdən başqa heç bir şey deyil.

- Vüsal bəy, inamsız və ümidsiz yaşamaq olar? Bu, insanı məqsədsiz etməzmi? Yəni insan həyatını davam etdirmək üçün nəyəsə inanmalı deyil ki?

- Məncə, inamsız və ümidsiz çox gözəl, mükəmməl yaşamaq olar. Məsələn, mən sizin terminlə desək, inancsızam, amma məqsədsiz insan deyiləm. Mənim öz övladımı xeyirli insan kimi böyütmək, işlədiyim saytları inkişaf etdirmək və onları daha maraqlı etmək məqsədim var. Mənimlə birgə işləyən kollektivin inkişafına nail olmaq, onlar üçün yaxşı nələrsə edə bilmək çırpıntılarım var. Eyni zamanda, Azərbaycanın daha yaxşı ölkə olmasına cəhd etmək və insanların inkişafını görmək kimi hədəflərim var. Və düşünürəm ki, kifayət qədər normal məqsədlərdir. Məncə, məqsədlərin inanca aidiyyatı olmamalıdır.

- Amma söhbət sırf ondan gedir ki, bu gün doğrudan da bəşəriyyətin üzərindən Allahı götürsək, nə yaranar? Bu boşluğu dolduracaq nəyəsə ehtiyac olar, ya yox?

- Allah haqqı, heç nəyə ehtiyac olmaz. (gülür- red) Həyat həqiqətən çox gözəldir. Misal üçün insanlar sevgiyə inanır. Füzuli sevgi haqqında elə gözəl şeirlər yazıb ki, insan oxuyanda gözündən yaş axır. Eləcə də Nəsimi. Amma mən bu gün bilirəm ki, sevgi deyilən bir şey yoxdur. Onun əvəzində insan orqanizminin nəsil artırmaq funksiyası var. Mən gözəl bir qız görəndə nə baş verir? Genetik proqramım hesab edir ki, bizim genlərimiz birləşsə, optimal bir nəsil alına bilər. Bu komanda mənim hipofiz vəzimə - başın düz ortasında, beynin altında yerləşir,- siqnal verir ki, qana testosteron hormonu burax. Hipofiz dərhal mənim qanıma testosteron hormonu buraxır və həmin xanıma qarşı marağım və istəyim yaranır. Mən testosteronun formulunu yaza da bilərəm. Bütün mexanizm mənə tam aydındır və real həyat budur. Amma bunu bizə necə təqdim edirlər? Din deyir ki, şeytan səni yoldan çıxartdı və sən bu qadına baxdın, üzünü çevir. Çünki bu, sənin üçün naməhrəmdir. Qadına da deyir ki, naməhrəmə görünməmək üçün örtün. Halbuki, bu, təbii mexanizmdir. Ədəbiyyat isə eşqin ucalığından bəhs edir...

- Onda bəs paltara nə ehtiyac var?

- Yaxşı sualdır, amma məqsədiniz nədir? (gülür- red). Paltar ilk olaraq insanı soyuqdan qorumaq üçün yaradılıb. Primitiv formada başqa canlıların da soyuqdan qorunmaq üçün nəyəsə bürünmək bacarıqları var. Amma təkamül daha irəli getdikcə insanda utanmaq hissi formalaşmağa başladı. Hazırda biz paltarı həm soyuqdan qorunmaq, həm də utanmaq hissinə görə geyinirik. Bilirəm, soruşacaqsınız ki, bəs utanmaq hissi necə yaranıb? Bu da orqanizmin bir özünümüdafiə mexanizmidir. 

photoslide_title
















Vüsal Məmmədov: “Mən bu gün bilirəm ki, sevgi deyilən bir şey yoxdur”.


- Bəs onda əxlaqı nə formalaşdırdı? Yəni, əxlaq zaman keçdikcə utanmaq hissindənmi yarandı, yoxsa, insanın ilkin mahiyyətində vardı?

- Mən sadiq təkamülçü kimi hesab edirəm ki, əxlaqı da təkamül prosesi formalaşdırıb. Təkamülün məqsədi nədir? Təkamül - bizim yaşamağımıza kömək edən hər şeyin cəmlənməsi, akkumulyasiyası və sonrakı nəsillərə ötürülməsi üçündür. Nələr ki, kömək etməyəcək, onları çıxdaş edir. Əxlaq anlayışı dindən kənar yaranıb, sonradan vacib bir element kimi dinə daxil edilib. Onu da deyim ki, məsələn, Tövrat – bugünkü anlayışlarla çox əxlaqsız kitabdır. Yəni əxlaq sırf təkamül məsələsidir. Bu gün dindarlar təkamülü inkar edirlər. Amma təkamül izah edə bilir ki, insanlar niyə dindardırlar. Çünki insanların fövqəl-təbii qüvvələrə, belə deyək, çinə, şeytana, allaha inanması onun yaşamasına kömək edib. Ən azından son əsrə qədər vəziyyət belə idi. Belə deyək, inanclı insanların təbii seçim prosesindən sağ çıxmaq şansları daha çox olub.

- Sizcə, başqa planetlərdə şüurlu canlı varlıqlar varmı, yoxsa Yer hansısa səbəbdən seçilmiş planetdir?

- Biz XXI əsrin əvvəllərinə qədər ancaq bir qalaktikanın olduğunu hesab edirdik, amma... 

- Bu, necə ola bilər, axı, Quran və hətta Nəsiminin özü 18 min aləmdən bəhs edib. Mən bildiyim qədər isə Samanyolu qalaktikasında da 18 min planet var.

- Quran və Nəsimi 18 min planetdən yox,  aləmdən bəhs edirlər. Əslində isə təkcə bizim qalaktikada – yəni Samanyolunda yüz milyarddan çox ulduz var. Və hesab etsək ki, hər ulduzun ətrafında 10 planet fırlana bilər… Bu, 10 trilyondan çox planet edir. 10 trilyon planet təkcə bizim Qalaktikdadır. 

Görə bildiyimiz kosmosda 100 milyarddan çox qalaktika var. Hesab etsək ki, planetlərin cəmisi 1 faizində həyat yarana bilər, arxasında on sıfır dayanan bir rəqəm alacağıq… Əgər həyat təkamülün nəticəsində yaranıbsa – ki, mənim buna heç bir şübhəm yoxdur,- onda böyük ehtimalla, elə bizim qalaktikada minlərlə planetdə həyat ola bilər. Böyük ehtimalla, kainatda həyat olduqca çox rast gəlinən faktdır.

photoslide_title
Vüsal Məmmədov: “Zülalsız da həyat mövcud ola bilər. Biz təsəvvür etməsək də...”.


- Sizcə, bütün qalaktikalarda şüurlu varlıqlar eynən bizim kimi ola bilər, ya fərqli? Bunu yaradılışla necə izah etmək olar? Hər şey bir mərkəzdən yaradılıb, yoxsa təkamüldən?

- Bu sualla vaxtilə Karl Saqan çox ciddi məşğul olmuşdu. Bizim nəzərdə tutduğumuz mənada həyat – zülalların yaşama formasıdır. Bizim orqanizmimiz zülallardan, karbohidratlardan ibarədir. Və biz elə hesab edirik ki, həyatın başqa formaları da mütləq karbohidratlar üzərində qurulmalıdır. Niyə? Saqan bu yanaşmanı “karbohidrat şovinizmi” adlandırırdı. Biz niyə elə hesab etməliyik ki, başqa canlılar da mütləq ətdən və sümükdən, yəni zülaldan ibarət olmalıdır? Güman ki, zülalsız da həyat ola bilər. Amma necə - bax, bunu təsəvvür edə bilmirik. Vacid deyil axı, hər şey bizim yaşadığımız təbiətdəki kim olsun. Təkamülün başqa yolları ola bilər. Məsələn, təyyarə uçur, amma qanad çalmır. O, sadəcə, uçmağın başqa mexanizmindən istifadə edir. Avtomobil hərəkət edir, amma addım atmır. Heç də başqa canlıları yamsılamağa ehtiyac yoxdur. Yəni sözümü ona gətirirəm ki, həyatın olması üçün də zülal vacib deyil. Zülalsız da həyat mövcud ola bilər. Biz təsəvvür etməsək də... 

- Təqribən iki əsrdən çoxdur ki, dünya sionistlərə və antisionistlərə parçalanıb. Siz özünüzü bu və ya digər şəkildə sionist, ya da antisionist hesab edirsinizmi?

Ardı var...

Azər Qaramanlı
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

ABŞ və Britaniya Yəməndə husilərin hədəflərinə növbəti zərbə endirib

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar