Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Lukaşenko Rusiyanı Qərblə üz-üzə qoyur 

Rusiya-Belarus ittifaqı mövzusu artıq xeyli vaxtdır ki, hər iki dövlətlə yanaşı dünya medisının və siyasi çevrələrin müzakirə mövzusudur. Ancaq proseslər Rusiya-Belarus ittifaqına doğru yox, daha çox münasibətlərin pozulması istiqamətində cərəyan etməyə başlayıb

Düzdür, Rusiya və Belarus arasında hələ 1997-ci ildə ittifaq müqaviləsi imzalanıb, lakin indi söhbət bunun yeni şərtlərlə daha dərinləşməsindən və real ittifaqa çevrilməsindən gedir.

Vladimir Putinin Rusiya Federal Məclisinə müraciətinə qədər ehtimal edilirdi ki, Kreml rəhbəri 2024-cü ildən sonrakı müddətdə də hakimiyyət başında qalmaq üçün belə bir ittifaqa ehtiyac duyur. Yəni deyilirdi ki, Putin yeni yaranacaq Rusiya-Belarus ittifaq dövlətinin lideri olmağı planlayıb və elə bu səbədən də Lukaşenkonun yumşalması üçün ona təzyiq göstərir. Lakin Putinin konstitusiyada dəyişiklik etmək istəyindən sonra, bu məsələ başqa cür şərh olunur. İndi analitiklər bildirirlər ki, Rusiya prezidentinin Belarusa qarşı sərt addımlar atmasının kökündə təkcə siyasi yox, həmçinin iqtisadi maraqlar da dayanır. Çünki xeyli vaxtdır ki, Belarus Rusiyadan idxal etdiyi xam nefti öz ölkəsində emal edib, onu aldığından baha qiymətə Avropaya sataraq, yaxşı mənfəət götürür. Vladimir Putin mövcud vəziyyətin Moskvanın istəyinə uyğun hala gətirilməsi yolunda nəinki Rusiyadan göndərilən neftin həcmini azaldıb, hətta Qazaxıstandan Belarusa gedə biləcək nefti buraxmamaq qərarına da gəlib. İşlərin qəlizləşdiyini görən Aleksandr Lukaşenko isə, alternativ variantlar axtarmağa başlayıb.

O, bununla əlaqədar Norveçə üz tutub. Sözügedən mövzuyla bağlı Norveçin “NRK” teleradio kompaniyasının saytında müəllif Morten Jentoftun “Norveç Belarusa neft yollayır, Rusiya buna cavab verə bilər” başlıqlı məqaləsində hazırkı durumu dəyərləndirir. Həmin məqalədə deyilir: “Hazırda Norveç nefti Rusiya və Belarus arasında qızışan münaqişənin bir parçasına çevrilib. Belə ki, Belarus Rusiyadan gələn neftin azalmasını kompensasiya etmək üçün 80 min ton Norveç nefti alıb. 2020-ci il 1 yanvar tarixindən Rusiya Belarusa xam neft tədarükünü dayandırıb, çünki iki ölkə yeni qiymət məsələsində razılığa gələ bilməyib. Düzdür, 4 yanvarda ixrac bir qədər bərpa edilib, lakin hələlik həcm əvvəlkindən xeyli aşağı səviyyədədir.

Uzun illər ərzində Belarus Rusiyadan bazar qiymətindən daha ucuz neft alıb. Belarus aldığı nefti emal edərək, Avropa bazarına yollayıb. Bu satışlardan əldə edilən gəlir Belarus iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki Rusiya nefti ölkədəki siyasi-iqtisadi sabitliyin saxlanılmasında böyük rol oynayıb və nəticədə prezident Lukaşenko 25 ildən artıqdır ki, hakimiyyətdə duruş gətirə bilir.

Amma artıq belə bir vəziyyət Rusiya prezidenti Vladimir Putini təngə gətirib. Əgər Belarus bundan sonra da ucuz neft almaq istəyirsə, onda bu ölkə Rusiya ilə daha sıx iqtisadi və siyasi inteqrasiyaya razı olmalıdır. Rusiyanın məqsədi ittifaq yaratmaqdır və bu, praktikada iki ölkəni bir ölkə halına gətirəcək. Əksəriyyət belə fərziyyə irəli sürürdü ki, Putin Rusiya prezidenti postundan gedəndən sonra təşəkkül tapacaq həmin ittifaqa rəhbərlik etməyə hazırlaşmır ki?

İndiyədək Lukaşenko bu cür təkliflərə yox cavabı verib və bu yaxınlarda Belarus hökumətinin iclasındakı çıxışında deyib ki, onlar gələcəkdə neftin 40%-ni Rusiyadan, 30%-ni Ukrayna ərazisi, digər 30%-ni isə Pribaltika ərazisi vasitəsilə başqa ölkələrdən alacaqlar.

“Marine Traffic” saytının informasiyasına görə, Norveçin “Breiviken” tankeri Baltik dənizinə doğru yol alıb. Bu tankerin Klaypeda limanına gələcəyi gözlənilir. ”Reuters” agentliyi məlumat verir ki, Norveç neftini Şimal dənizindəki yeni “Johan Svedrup” yatağından daşıyırlar. Onu Norveçdəki Monqstad portundakı neft terminalından “Breiviken” tankerinə yükləyiblər. Sonradan həmin neft dəmir yoluyla Belarusun şimal-şərqindəki Vitebsk şəhəri yaxınlığındakı “Naftan” neft emalı müəssisəsinə çatdırılmalıdır.

- Lukaşenko Putinə təzyiq etmək istəyir

Moskvadakı “Ali İqtisad Məktəbi”nin professoru, araşdırmaçı Andrey Yakovlev deyir: “Bütün bunların hamısı Rusiya və Belarus arasındakı fikir ayrılığının nəticəsində baş verir. Fikirləşmirəm ki, Belarus Rusiya ilə müqayisədə Norveçdən daha uzuz neft ala bilər. Mən hesab edirəm ki, Norveçdən neft alınması istəyi iki ölkə arasındakı inteqrasiyanın dərinləşməsi prosesində Rusiyaya təzyiq cəhdidir”.

Yakovlev izah edir: “Belarus Rusiyadan çox asılıdır, Rusiya isə öz növbəsində istəyir ki, Minskdəki rejim ona loyal olsun. Amma bu, Rusiyaya çox baha başa gələ bilər. Belarus prezidenti Aleksandr Lukaşenko danışıqlarda özünü çox sərt aparır, ancaq mən inanıram ki, Belarus və Rusiya arasındakı münasibətlərdə ciddi dəyişikliklər olacaq”.

Rusiya üzrə britaniyalı ekspert Mark Qaleotti deyib: “Belarusun Norveçdən neft alması xəbərının məhz indi üzə çıxması çox maraqlıdır. 2024-cü ildən sonra da hakimiyyətdə qalmasının təmin olunması üçün konstitusiyada dəyişiklik etmək baradə Vladimir Putinin səsləndirdiyi bəyanatdan az vaxt keçib. Praktik baxımdan bu, Putinin rəhbərliyi altında Belarus və Rusiya ittifaqının yaradılması ideyasını reallaşması ehtimalını heçə endirir. Göründüyü kimi, Lukaşenko yenidən elə oynadı ki, Rusiya ilə Qərb üz-üzə gəlsin...(AzPolitika.info)

pia.az



Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Lukaşenko


loading...

Ən çox oxunanalar