Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlin ikinci yarısında ölkədə vəziyyət stabilləşə bilər”


“Növbəti onillik Azərbaycanın qaz sənayesi üzərindədir və bu mif deyil”


PİA.AZ “Yeni Müsavat”ın Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanla müsahibəsini təqdim edir:

- İlham bəy, dünya neft bazarındakı hazırkı durumu necə dəyərləndirirsiniz?

- Hazırda dünya bazarında neftin qiyməti ilə bağlı yüksəliş qeydə alınır. Bu yüksəlişin də obyektiv səbəbləri var. Əsas səbəb odur ki, bir gün sonra OPEK-in Vyanada toplantısı keçirilir. Bu, OPEK və qeyri-OPEK ölkələrinin ənənəvi görüşüdür. Bu görüş ərəfəsində bazar iştirakçılarına çox pozitiv siqnallar göndərilir. Bu pozitiv siqnalların əsas məğzi odur ki, 2018-ci ilin I rübünün sonuna qədər yenidən hasilatın dondurulması ilə bağlı qərar qüvvədə qala bilər. Bu qərar 2016-cı ilin noyabr ayının 30-da qəbul edilmişdi. İkinci amil isə odur ki, ötən ilin dekabr ayının 10-da 11 ölkə bu razılaşmaya qoşulmuşdusa, Rusiyanın energetika naziri Aleksandr Novakın qeyd etdiyi kimi, daha 3-5 ölkə bu təşəbbüsə qoşula bilər. Bunların arasında Türkmənistanın, Norveçin və digər ölkələrin adını çəkmək olar. Norveç ötən gün rəsmi surətdə elan edib ki, mənim öz siyasətim var və hasilatımı heç bir ölkə ilə uzlaşdıra bilmərəm. Ancaq buna baxmayaraq, neft bahalaşmaqda davam edir. Əgər dünən neftin 1 barelinin qiyməti 53,86 dollar səviyyəsində idisə, bu gün 54, 25 səviyyəsində cərəyan edir. Bu isə o deməkdir ki, bazarda əhval-ruhiyyə yüksələn xətlə davam edir. Bazar iştirakçıları Vyanada keçirilən konfransdan daha çox pozitiv enerji alırlar.

- Bəs proqnozlarınız necədir? OPEK-in toplantısında nələrə nail olunacaq?

- Ötən 5 ayın yekunlarına nəzər salsaq, bazarda neft ehtiyatları ilə bağlı dinamikaya baxsaq görərik ki, həqiqətən həcmlər azalmağa doğru gedir. Bunun nəticəsidir ki, neftin orta qiyməti 4 ayın yekunlarına görə, 53,5 dollardır. 2016-cı ilin orta qiymətini götürsək, “Brent” markalı neftin orta qiyməti 43,5 dollardır. Qiymət artımı göz qabağındadır.

- ABŞ-ın şist neft hasilatını artırması bu prosesə necə təsir edir?

- Bəli, ABŞ hasilatı artırır. Əgər biz ötən ilin dekabr ayının sonundakı hasilatın həcmini götürsək, gündəlik hasilat 8,9 milyon bareldən yüksəkdir. Bu gün isə artıq 9,270 milyon bareldir. Proqnozlar belədir ki, hasilatın həcmi bu ilin 4-cü rübünün sonuna kimi 9,4 milyona, ilin sonuna kimi isə 9,5 milyon barelə kimi çata bilər. Ancaq bu, ABŞ üçün rekord deyil. Bu ölkədə 2014-cü ildə neftin qiymətinin ən yüksək olduğu dövrdə hasilatın həcmi 9,6 milyon barel olmuşdu. Dünya neft tarixində elə bir dövlət olmayıb ki, 4 il ardıcıl olaraq gündəlik hasilatı milyon bareldən artıq artırsın. ABŞ belə bir rekorda imza atıb. Bu da oradakı şist neft yataqlarında hasilatın artırılması hesabına baş verir. Şist neft yataqlarında hasilat çox sürətlə artır. Orada neftin maya dəyəri 189 dollar idisə, indi 40 dollara düşüb. Onlar hazırda çox yüksək dinamika nümayiş etdirirlər. Həftəlik hasilat daim artır. Amerika xam neftin ixracında maraqlı deyil. Bu ölkə emal sənayesinə görə dünyanın ən yüksək effektiv sənayesinə malik bir ölkədir. Onlara neftin istənilən qiyməti sərfəlidir. Çünki onlar nefti emal edib daha baha satırlar. 1 ton xam neftdən neft məhsullarının alınmasına görə dünyada ABŞ şirkətlərinin tayı-bərabəri yoxdur. Onlar neft məhsullarını ixrac edirlər. Ona görə də Amerika üçün xam neftin satılması o qədər də vacib deyil. Bu ölkə üçün neft almaq daha önəmlidir.

“Ola bilər ki, ilin sonuna doğru neftin orta qiyməti 55-60 dəhlizinə keçsin”

- Neftin qiyməti ilə bağlı ilin sonuna doğru proqnozlar necədir? Azərbaycan üçün bu qiymətlər nə vəd edir? Ölkəmiz hasilatı azaldacaqmı?

- Azərbaycan hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdi. Ölkəmiz ötən ilin oktyabrında neft hasilatının 35 min barel azaldılmasını üzərinə götürmüşdü. Bu ilin sonuna artıq neft hasilatı 781 min barel azalıb. Bu da artıq öhdəliyə əməl edilməsidir. Ancaq mart ayında gündəlik hasilat bundan daha aşağı idi. Aprel ayında hasilatımız yüksəldi və ona görə də belə bir rəqəm alındı. İndi ortalama hasilatın nə qədər olacağı iyun ayının nəticələrinə görə məlum olacaq. Faktiki olaraq cari il üçün hökumətin proqnozları bu idi ki, 2016-cı illə müqayisədə hasilatımız 1 milyon ton azalmalı idi. Bu, təbii azalmadır. Əvvəlki illərin proqnozlarına baxsaq, bu 2016-cı ildə baş verməli idi. Bizdə yeganə sektor neft -qaz sektorudur ki, hökumət burada mütəhərrik qərarlar qəbul edir. Çox çevik siyasət yürüdür. Bir məsələni təsəvvür edin ki, neft 54, 3 dollardan 25 faiz aşağı düşdü, qiymət ucuzlaşdı. Bundan başqa gərək neftin həcmi də 1 milyon ton azalaydı. O zaman bu, Azərbaycana böyük zərbə olardı. Ona görə də Azərbaycan yanvar ayının sonunda şirkətlərlə qərar qəbul etdi ki, daha çox qazın neft quyularına vurulması məsələsi həll edilsin. Neftin aşağı düşmə tempi aradan qalxsın. Nəticədə hasilatın azaldılmasının qarşısı alınsın. İlin yekunları ilə bağlı rəqəmlər onu göstərdi ki, Azərbaycanın ən əsas hasilatçısı Azəri-Çıraq-Günəşli üzrə hasilat artdı. Əgər 2015-ci ildə gündəlik hasilat 634 min barel idisə, 2016-cı ildə 630 min barel oldu. Bu, çox yaxşı bir nəticə idi. Düzdür, Azərbaycana verilən səmt qazının həcmləri azaldı. Bunun əvəzində, neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq Azərbaycanın Neft Fonduna gələn gəlirlər gözləntilərdən yüksək oldu. Azəri-Çıraq-Günəşlidən 5,1 milyard dollar vəsait daxil oldu. Ancaq əvvəllər güman edilirdi ki, bu 4 milyarddan bir qədər artıq ola bilər. Yəni əlavə qazanc əldə edildi. Hazırda neftin qiymətləri proqnozu üstələyir. Vyana toplantısı ilə bağlı bazara müsbət siqnallar daxil olur. Bazar da bunun əsasında uzun müddət ətalətlə neftin qiymətini sabit saxlayacaq. Ola bilər ki, ilin sonuna doğru neftin orta qiyməti 55-60 dəhlizinə keçsin. Söhbət “Brent” markalı neftdən gedir. “Azəri-Layt” markalı neft bundan 1 dollar bahadır. DSK-nın məlumatında deyilir ki, cari ilin 4 ayının yekunlarına görə, neft hasilatında 1 milyon 329 min 100 ton azalma var. Aprel ayında artıq hasilat artmağa doğru gedir. Digər aylarda da stabilləşmənin olacağı gözlənilir. İllik təqribən 1,1-1,2 milyon ton səviyyəsində azalma olacaq. Ancaq qiymətlərin ötən illə müqayisədə 25 faizə yaxın artması ona gətirib çıxaracaq ki, ölkəmizin neftdən qazancı ötənilki səviyyədən artıq ola bilər. Hələ ki neftdən itirəcəyimiz qazanc yoxdur.

- İlham bəy, Azərbaycanın qaz hasilatından əldə etdiyi gəlirlər nə zaman neftə alternativ ola biləcək?


- ARDNŞ prezidenti Rövnəq Abdullayev də bildirib ki, 2025-ci ildən sonra qazdan əldə etdiyimiz gəlirlər neft gəlirləri ilə bərabərləşəcək. Ondan sonra isə qaz layihələrindən əldə edilən gəlirlər nefti üstələyəcək. Təbii ki, neftin qiyməti ilə qazın qiymətini bərabər tutmaq olmaz. Eyni həcmdə olan qazın və neftin qiyməti bərabər deyil, qazın qiyməti neftin qiymətinin yarısını təşkil edir. Azərbaycanda yaxın və orta perspektivdə neft həcmləri kifayət qədərdir. Biz hazırda 40 milyon ton neft hasil etdiyimizi nəzərə alsaq, 10 il sonra bu həcmlər təqribən 5-6 milyon ton azala bilər. Bəs necə ola bilər ki, o zaman qazın gətirdiyi gəlir nefti üstələsin. Beynəlxalq audit şirkətləri gəlirləri hesablayarkən ümumilikdə layihə üzrə hesablayırlar, kondensatdan gələn gəlirləri ayırmırlar. 2020-ci ildən sonra ki, “Şahdəniz-2" layihəsi Avropaya ayaq açacaq, 2021-2022-ci ildə hər il 6 milyon ton kondensat hasil edəcək. Şahdəniz layihəsinin kondensatdan gətirdiyi gəlir qazdan gətirdiyi gəlirin təqribən yarısına bərabər olacaq. Ancaq layihə qaz layihəsi olduğu üçün həmin gəlirlər də qaza aid edilir. ”Abşeron" layihəsindən də yarım milyon ton kondensat hasil ediləcək. İkinci bir məsələ isə ondan ibarətdir ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti qaz-kimya komplekslərinə iri investisiyalar qoyur. SOCAR-ın Karbomid zavodu və iki polimer zavodu tikiləcək. Bu zavodlarda xam qaz məhsula çevriləcək. Bu məhsul xam qazın qiymətindən 2,5 dəfə baha satılacaq. Bundan əlavə, Sumqayıtda böyük kimya parkı tikilir. Bu yarım fabrikatlar isə kimya parkı üçün əlavə baza olacaq və onun gətirdiyi əlavə dəyər də nəzərə alınmalıdır. Getdikcə genişlənən bu zənciri nəzərə alsaq, deyə bilərik ki, qazın gətirdiyi gəlir nefti üstələyəcək. Bizdə neftdə cəmi bir seqment var ki, o da xam neftdir. İkincisi isə emaldır və o da Heydər Əliyev adına Neft Emalı Zavodudur ki, 2020-ci ilə qədər təmir olunacaq. Orada avro 5 standartlarına uyğun neft məhsulları istehsal olunacaq, daxili bazara, qismən də ixraca yönəldiləcək. Ona görə də faktiki olaraq qaz layihələri Azərbaycanın gələcəyidir. Növbəti onillik Azərbaycanın qaz sənayesi üzərindədir və bu mif deyil.

“İndi dünya enerji tələbatı az olan yeni avtomobillər, ağıllı ev alətləri, hətta ağıllı evlər, ağıllı şəhərlər yaradır. Nəticədə enerji məhsullarına olan tələbat 10 dəfədən artıq aşağı düşür”

- İlham bəy, neft ehtiyatlarının gələcək nəsillərə saxlanılması nə dərəcədə doğru bir qərardır? Bir halda ki, dünyanın enerji balansında neft məhsulunun yeri getdikcə azalır?

- Əgər biz 40 il əvvələ nəzər salsaq, görərik ki, ötən əsrin 70-ci illərində neftin dünya enerji balansında rolu 50 faizdən artıq olub. Hazırda isə 32 faizə düşüb. Təqribən 2035-ci ilə 20 faizə düşəcək. Bir məhsulun ki, dünya enerji balansında xüsusi çəkisi getdikcə azalır, o ənənəvi enerjinin üzərində dayanmağın mənası nədir? Gərək biznesi şaxələndirəsən. Dünyanın əksər neft şirkətləri artıq bizneslərini şaxələndiriblər. Onlar qeyd edirlər ki, 2050-ci ilə qədər ənənəvi enerji məhsulları neft və qaza tələbat olacaq. Ancaq bununla belə, milyardlarla vəsaiti alternativ enerjiyə qoyurlar. Alternativ enerji deyəndə külək və su dəyirmanları nəzərdə tutulmur. Bunlar köhnəlmiş üsullardır. İndi dünya enerji tələbatı az olan yeni avtomobillər, ağıllı ev alətləri, hətta ağıllı evlər, ağıllı şəhərlər yaradır. Nəticədə enerji məhsullarına olan tələbat 10 dəfədən artıq aşağı düşür. Alternativ enerji enerji səmərəliliyi üzrə innovativ texnologiyalar və onun tətbiqi paketləridir. Bunun nəticəsində 2015-ci ilin sonunda 550 milyonluq Avropanın neft məhsulları istehlakı 1985-ci il səviyyəsinə düşüb. Azərbaycanda isə heç kim bunu düşünmür.

- Yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatını nə gözləyir?

- Ötən il Azərbaycan iqtisadiyyatı üçün çökmənin dibi oldu. ÜDM 3,8 faiz aşağı düşdü. Postsovet məkanında buna görə sonuncu yeri tutduq, bunu hökumət dilə gətirməsə də, MDB Statistika Komitəsinin saytında qeyd olunub. Azərbaycan prezidenti də çıxışında vurğuladı ki, ötən il bizim üçün ağır oldu. Mən hesab edirəm ki, bu il ötən ilkindən yaxşı olacaq və ildən-ilə vəziyyətimiz düzələcək. Moody’s beynəlxalq agentliyi proqnoz verib ki, gələn il bizdə vəziyyət ürəkaçan olmayacaq. Hökumətin proqnozu ÜDMP-nin 1 faiz artımıdır. Bu agentlik isə yenə də mənfi göstərici proqnoz edib. İndi 4 ayın yekununa görə, aşağı düşmə tempi 1,2 faizdir. Hələ ki vəziyyət ürəkaçan deyil. Ancaq ilin ikinci yarısında vəziyyət stabilləşə bilər. Ancaq bizim ixrac əməliyyatları və iri enerji layihələri ilə bağlı xərclərimiz həddindən artıq çoxdur. Bu ilin əvvəlində “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin xərclərinin 50 faizdən çoxu tamamlandı. Valyuta aparan xərclərimiz azalacaq. Gələn il artıq “Şahdəniz 2" layihəsi işə düşür, ilin ikinci yarısında Türkiyəyə ilk qazın ixracı planlaşdırılır. Bizə isə bir neçə il lazım olacaq ki, onun gəlirini hiss edək. Birdən-birə ortaya Beynəlxalq Bank kimi məsələlər çıxmasa, müsbətə doğru tendensiya ola bilər.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar