Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli komandamız heç vaxt dirçəlməyəcək”


Həmişə insanları güldürməyi bacaran aktyorumuz ona ünvanladığımız sualları səmimi cavablandırdı


Goal.az-ın budəfəki qonağı tanınmış yumoristik aktyor Elməddin Cəfərov oldu. 

- Hamı sizi yumoristik aktyor kimi tanıyır. Necə oldu bu sənətə gəldiniz?

- Orta məktəbdə KVN-ə çox böyük marağım var idi. Özüm oxuduğum məktəbdə KVN komandası yaratmışdım. Universitet dövründə də bu fəaliyyətimi davam etdirdim. Burada tələbələrdən ibarət komanda yaratdım. 2001-ci ildə Respublika çempionatı keçirilirdi. Həmin yarışda qüvvəmizi sınadıq və çempion adını qazandıq. Daha sonra gənclər arasında «İlin ən yaxşı aktyoru» nominasiyasında qalib oldum. Əvvəllər ABA televiziyası fəaliyyət göstərirdi. Bir müddət orda çalışdım. Lakin kanal bağlandıqdan sonra «Space» telekanalından təklif gəldi. Həmin kanalda «Tək səbir» adlı layihə var idi. Müəyyən müddət orda bacarığımı nümayiş etdirdim. Beləliklə, yaradıcı fəaliyyətə qədəm qoydum.

- Xalq tərəfindən bu layihə çox gözəl qarşılandı. Lakin sonradan komanda fəaliyyətini dayandırdı. Bunun səbəbi nə idi?

- Əslinə qalanda idarəçilik çox zəif idi. Bununla bərabər maddi sıxıntılar da olurdu. Maddi ehtiyaclarımızı ödəyə bilmədiyimizə görə komanda dağıldı. Yəni, gördüyümüz işin müqabilində aldığımız maaş yol pulumuzu ödəyirdi. Düzdü çox şöhrət qazanırsan, tanınırsan, lakin ailəni saxlamaq üçün pul lazım olurdu. Bu kimi hadisələr ayrılmağımıza səbəb oldu.

- Bundan sonra bir müddət görünmədiniz....

- Bəli. 3-4 il efirlərdə görsənmədim. Düzdür filmlərə çəkilirdim. Səhhətimdə problem yaranmışdı. Film çəkilişləri zamanı bərk soyuqlamışdım. Sonradan yenidən sıfırdan başlamalı oldum. Əvvəl bir az çətin oldu. Çünki liftsiz bir hündür mərtəbəli binaya çıxmağı insanlara inandırmaq çətin olur. Heç kim inanmırdı. Şükürlər olsun ki, qarşıya qoyulan məqsədə çatdıq.

- Düzdür cavan nəslin nümayəndələri sizin çıxışları bəyənirdi. Lakin yaşlı nəslin nümayəndələri birmənalı qarşılamadı...

- Bu məsələdə onlar həm haqlı idilər, həmdə haqsız. Haqlı tərəfi ondan ibarət idi ki, bizim gördüyümüz işlərdə qeyri-peşəkarlıq var idi. Buna görə onları haqlı hesab edirəm. Haqsız idilər ki, peşəkar olmağımız üçün zaman vermirdilər. Güclü olmağımız üçün şərait yaratmırdılar. Elə deyirdilər ki, bunları yox edək. Zəifdilərsə öldürək. Amma xalq artisti Yaşar Nuriyev bizə dəstək oldu və inandı. Bir məsələni qeyd edim ki, bizi o vaxtlar istəməyənlər indi çox istəyirlər.

-Tənqidilərlə razılaşırsınız? Sizə qarşı olan tənqidlərdən nəticə çıxarmağı bacarırsınız?

- Əvvəllər tənqidlərdən nəticə çıxarda bilmirdim. Çünki gənc yaşlarında düşünürdüm ki, yəqin gözü götürmür. Amma indiki yaşım mənə imkan verir ki, tənqidləri analiz edim. Nəticə çıxarmağa daima çalışıram. Amma bəzən olur ki, paxıllıq edən insanlar mənim arxamca danışırlar. Lakin mən onlara fikir vermirəm. Çünki mənim çıxışımı bəyənməyənləri qınamıram. Çünki zövqlər müxtəlifdi. Məni sevməyənə məcbur deməyəcəm ki, mənim çıxışlarıma bax. Niyə mütləq məni sevməlidirlər? Kiməm ki, mən?! O üzdən bu cür halları normal qarşılayıram. İstəyir allah canın sağ etsin, istəmirsə də allah canın sağ etsin.

- İncəsənətdə olan insanlar öz həyatını müəyyən mənada qurban verirlər. Heç olubmu ki, bu sənətə görə nəyisə qurban verəsiniz?

- Bəli. Səhhətimi bu sənətə qurban verdim. Filmlərin birində belə bir epizod var idi ki, buzu qırıb içərisinə girməliydim. Həmin kadrı çəkdik. Bundan sonra 6 ay xəstə yatdım. Səhhətimi qurban verdim. İndiki ağlım olsa, bu cür hərəkət etməzdim. Onda 22-23 yaşım var idi. Çılğın vaxtlarım idi. Elə deyirdilər ki, bunu etməlisən demək etməliydim. Düşünürdüm ki, mənim üçün xeyirlidir. Bunun o biri tərəfini düşünmürdüm. Amma zaman keçdikcə analiz etməyi bacardıqca düşünürsən ki, filmdə oynamaq hər şey demək deyil. Çünki insana lazım olan ailəsi var. Ailəni düşünmək lazımdır. Mən heç vaxt şöhrətpərəst olmamışam. Çünki şöhrət nəyə lazımdır? Mən ailəm üçün dəyərli olum, bu mənə bəsdi.

- Sizi efirlərdən yumoristik bir insan kimi tanıyırıq. Həyatda necə, şən adamsınız?

- Əslinə qalsa, şən adamam. Lakin efirlərdəki kimi, bütün günü deyib-gülən deyiləm. Ciddi tərəflərim də var. Amma zəhər tuluğu da deyiləm.

- Azərbaycan yumoristik aktyorlardan kimləri güclü hesab edirsiniz?

- Mən güldürə bilən hər kəsi güclü sayıram. Mənim üçün güclü, zəif söhbəti yoxdur. Mən heç vaxt qarşıma məqsəd qoymamışam efirə çıxıb güldürəcəm. Sadəcə, mən işimi görürəm. Fərda, Müşviq, Rafael və Coşqunun çıxışları mənim xoşuma gəlir. Tahir, Cabir İmanov qardaşlarının çıxışlarını bəyənirəm. Yəni, bu insanların xoşuma gələn səhnələri var.

- Kumiriniz var?

- Bəli. Kumirim Paulo Villadjodu. O, dünyasını dəyişib. Onun hər bir çıxışına gülürəm.

- Siz hamını güldürürsünüz. Bəs sizi kim güldürür?

- Hamı. Yəni, məni siz də güldürə bilərsiniz. Gülüş üçün özümə sərhəd qoymamışam ki, bu etapı keçəndə mən güləcəm. Bu mövzuda çox rahatam. Söhbət etdiyimiz an deyilən söz gülməlidirsə, gülürəm. Elə bir adamda yoxdur ki, onun hərəkətlərinə həmişə gülüm.

- Bəs kimlərisə gülüşlə yola vermisiniz?

- Bir müddət üzüm qırış olmuşdu. Süni gülməkdən üzümdə qırış yaranmışdı. Güldürmək üçün israr etməməlisən. İsrar edən adam məcbur edir ki, onun sözlərinə gülüm.

- Həmişə yumoristik rollarda görmüşük sizi. Nə vaxtsa ciddi bir rolda oynamağı düşünürsünüzmü?

- Bir filmdə rol almışam. Bir kino var idi. Orada mütləq ağlamalı idim. Nə qədər etdim, ağlaya bilmədim. Amma heç istəmirəm ciddi rola çəkilim. Mən bu sənətin ən yüksək zirvəsini istəmirəm, sadəcə öz işimi görürəm. Səhər evdən çıxıb işimə gedirəm. Axşam da vaxtımı ailəmə, ibadətimə həsr edirəm. Yəni, daima çalışmışam ki, işimi yaxşı görüm qıraqdan rəy bildirsinlər ki, halal olsun işini yaxşı görür. Yəni, bir nömrə olum, ən yaxşı olum fikri mənim üçün yaddır.

- Sizin üçün ən yüksək zirvə nədir?

- Mənim üçün ən yüksək zirvə gördüyüm işi yüksək səviyyədə təhvil verməkdir. Mənim üçün ən yüksək zirvə mənim ailəm və mənim ibadətimdir. Mən Maykl Cekson olmayacam ki, şöhrətə görə hər şeyimi qurban verim. Yəni, Maykl addan başqa bu həyatda bir iz buraxmadı. Mənim üçün insana ən əziz olan ailədi. Yəni, ailən sənin üçün dəyərli olmalıdır.

- Müxtəlif rolları ifa etmisiniz. İndiyə qədər sizə yaxın olan rolunuz hansı olub?

- İndiyə qədər bəyənmədiyim rolum çəkilmədiyim rolumdur. Yəni, indiyə qədər elə bir rolum olmayıb ki, onu çox bəyənim.

- Bəs necə bir rolda çəkilmək istəyirsiniz?

- Bunu tam bilmirəm. Yəni, kişilərə xas olan xasiyyətlərin hərəsindən bir azını bir obrazda canlandırmaq istəyirəm. Düşün, bu obraza baxsan hamı gülər.

- Həyatda yadda qalmaq üçün nəsə etmək mütləqdirmi?

- Həyatda ən böyük arzum odur ki, mən öləndən sonra kimsə məni yadına salmasın. Bir allahın yadında olum ki, gözəl qulum olub. İnşallah kitab yazıram. Yəni, kitab yazsam da, imza qoymayacam. İmzasız bir kitab olacaq. Şöhrəti xoşlamıram. Yəni, kimsə şöhrət qazanır onunla rəqabət aparım, bu, mənlik deyil.

- İncəsənət adamlarını idmansız təsəvvür etmək çətindir…

- Müəyyən idman növləri ilə məşğul olmuşam. Amma universitetə daxil olduğum ilə qədər. Amma heç biri ilə tam məşğul olmamışam. Hərəsi ilə bir il.

- Azərbaycan futbolu ilə bağlı hansı fikirləri deyə bilərsiniz?

- Klub səviyyəsində müəyyən mənada razıyam. «Neftçi» yaxşı oyun nümayiş etdirirdi. Lakin son vaxtlar öz oyununu göstərmir.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Təbii ki, «Qarabağ» kulubuna azarkeşlik edirəm. Bu kulubda həm də dostlarım var. Ümumiyyətlə, Avropa yarışlarında mübarizə aparan komandalara azarkeşlik edirəm.

- Futbolçu tanışların çoxdur. Komandamızın zəif çıxış etməsi ilə bağlı iradlarınız olurmu?

- Xeyr. Çünki futbolçu olmaq üçün xüsusi istedada malik olmalısan. O da bizim futbolçularda müəyyən dərəcəyə kimidir. Buna görə onları qınamıram. Azərbaycanda oyunun talehini həll edən bir futbolçu yoxdur. Çıxsın meydana oyunun məcrasını dəyişsin. Bunu da Reynaldo etmək istəyirdi. Amma o da azərbaycanlı deyil. Çox çalışdıq milliləşdirək. Lakin o, and içdi ki, mən ayrı materikdənəm (gülür). Yəni, komandaya kimi gətirirsən gətir xeyiri yoxdur. Çünki bu, bir nöqtəyə qədərdir. Biz də bir nöqtədə daima bezirik.

- Azərbaycanda futbolun gələcəyini görürsünüz?

- Futbolçularımız xarici kulublarda oynamağı yox, 20.000-30.000 manatı düşünür. Bizdə futbol pula bağlıdır. Yəni, xarici ölkələrdə oynamağı istəyən futoblçularımız yoxdur. Heç vaxt millimizin oyunçularını da xaricdən gələn futbolçulara dəyişmərəm.

- Sizin üçün ən yaxşı futbolçu kimdir?

- Əlbəttə ki, Qara Qarayev. Ona görə ki, yox ki, mənim dostumdur. Yox. Mən ondan həqiqətən nəticə gözləyirəm.

- Sizcə bir futbolçu ilə komandamızı dirçəltmək olar?

- Milli komandamız heç vaxt dirçəlməyəcək. Dirçələcək, amma biz onu görə bilməyəcəyik. 10 ildə biz inanmırıq ki, nə vaxtsa dünya çempionatında mübarizə aparaq. Qrupda yer alan millilər bizim komandamıza potensial xal kimi baxır. Amma belə olmaz.

- Millidə kimin oyununu bəyənmirsiniz?

- Çoxları Vaqifin oyununu bəyənmir. Niyə axı? Bu futbolçunun potensialı bura qədərdir. Bunu qınamaq olmaz. Bəzən şərhçi deyir: Bəli, Vaqif bir futbolçunu, iki futbolçunu, üç futbolçunu keçir, qapıya zərbə, bəli, Vaqifin Vaqifliyi tutdu. Topun hansı səmtə getdiyini görə bilmirik.

- Futbolçularımıza hansı sözləri deyərdiniz?

- Allah onların canın sağ etsin. Oyunlarını oynasınlar. Heç olmasa klub şəklində nəyəsə nail olaq.

- Xarici klublardan kimin oyununu bəyənirsiniz?

- «Qalatasaray», «Real»ın oyununu bəyənirəm. «Barselona»nın oyununu heç bəyənmirəm. Çünki onlar meydanda həyəcan yaratmırlar. Meydan adrenalin olmur.

- Bu il Çempionlar Liqasında kimin qalib olmağını istəyirsiniz?

- PSJ-nin bu il qalib olmağını istəyirəm.

- Futbolda proqnoz verirsiniz?

- Xeyr. Proqnoz verməyi xoşlamıram.

- Millimizdə nə çatışmır?

- Ruh yüksəkliyi çatmır. Futbolçularımızda hiss deyilən bir hey yoxdur. Komandamızdan çox narazıyam. İnşallah gələcəkdə daha yaxşı nailiyyətlər qazanarlar.

- Müsahibəyə görə çox sağ olun…

- Məndə öz növbəmdə "goal.az” saytına minnətdarlığımı bildirirəm. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar