Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Müsavat” qəzeti demokratik düşərgənin yeganə uğurlu proyektidir


"Əli Kərimli mənə bir görüş təklif elədi, görüşdük..."


“Yeni Müsavat” qəzetinin baş redaktoru 6000-ci say ərəfəsində “5+” layihəsinin ilk qonağı oldu; “Yıxılmaq lüksüm olmadığı üçün yıxılmamışam” 

“Yeni Müsavat” qəzetinin 6000-ci sayının işıq üzü görməsi münasibətilə qəzetin redaksiyasında maraqlı bir görüş baş tutdu. 5 həmkarımız, olduqca fərqli bir layihə çərçivəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu sual “atəş”inə tutdular. Aktual.az saytının rəhbəri Anar Yusifoğlu, azxeber.com saytının rəhbəri Əfsələddin Ağalarov, Ölkə.az saytının rəhbəri Məmməd Gülməmmədov, Editor.az saytının redaktoru Azər Niftiyev və Xeber1.az saytının rəhbəri Səbuhi Abbasovdan ibarət heyət fərqli, yeni bir layihəyə start verdilər. “5+”... Necə deyərlər, 5 redaktorun bir müsahibi... 

İlk müsahib kim seçilən “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru ilə söhbət məlum “Batumi qalmaqalı” ilə başladı... 

- Rauf bəy, bu gün Batumi olaylarına görə gündəmdəsiz və media da bu olaylara görə Sizə dəstək verir. Nə baş verir? Niyə siz? 

- Batumidə baş verən hadisələr medianın baxışı, Azərbaycanlı mətbuat işçisinin iştirakı olmasaydı, bu qədər böyüməyəcəkdi. Mən hesab edirəm ki, o mətbuat işçisi mən olmasaydım da, bu hadisə bu qədər böyüməyəcəkdi. Bu hadisədə məni sevməyənlərin də xidməti böyükdür. Məni sevənlər də məni sevməyənlərə qarşı məni müdafiə etmək zərurətini hiss etdiklərinə görə məsələ bu qədər böyüdü. 

“Bizimkilərdən bəziləri ermənilərlə mehriban görüşəndə, öpüşəndə mənim ətim ürpənirdi”

- Azərbaycan nümayəndə heyəti istəyinə çatdımı? 

- Ən son nəticə olaraq demək olar ki, çatmadı. O məsələ böyüdü, forumda Azərbaycanla bağlı hazırlanan stendlər qaldı. Bundan sonra zala da keçirdilər. Zalda aksiya keçirməyə icazə vermirdilər. Amma bunu etdilər, məsələni böyüdərək Azərbaycana qarşı diskriminasiya edildiyini bütün ölkələrə duyurdular. Orda 5-6 nəfər  Azərbaycan forumunun nümayəndəsi, müşahidəçilərdən də bir neçəsi  Azərbaycanın mövqeyində deyildilər. Amma Gürcüstan, Moldova, Ukrayna, xüsusən də Belarus nümayəndə heyəti Azərbaycanı dəstəkləyirdi. Proseslərin gedişində iş elə gətirdi ki, iki tərəf oldu – Azərbaycan və erməni tərəfləri. 

- Dediniz ki, orda azərbaycanlı və erməni qruplaşması var idi. Siz öz millətinizdən olan insanların həmin qrupda olduğunu görəndə hansı hissləri keçirdiniz? 

- Əvvəla, mən belə tədbirlərdə çoxdandır olmurdum, dəvətləri qəbul etmirdim. Cəmi iki dəfə iştirak etmişəm. Boykot edirəm. Dözə, sakit baxa bilmirəm. Torpaqla bağlı iddialar olur, ermənilər danışırlar. Allah mühafizə, əsəblər tab gətirməz, adam problemə düşə bilər. Amma bu dəfə bizimkilərdən bəziləri ermənilərlə görüşüb öpüşəndə mənim ətim ürpənirdi. Bilirəm ki, illərdir hansısa layihələr həyata keçirirlər, sıcaq münasibətləri var.  6-7 il əvvəl bu, mənə də gizli şəkildə təklif olunub. Avropa Birliyindən gələn 11 səfir mənimlə görüşüblər. Mənim qəzetimin “xalqların sülhə hazırlanması” prosesinə cəlb olunmasını təklif ediblər. Bu təkliflər arasında yüz minlərlə, hətta milyonlarla qrant layihəsinin içinə məni almaq söz verilib. Mən bundan açıq şəkildə imtina etmişəm. Xalqlar arasında sülh yaradılma prosesində iştirak edə bilməyəcəyimi demişəm. Ondan sonra da bu prosesdən kənarda qalmışam. Heç kimi ermənilərlə görüşür deyə qınamaq fikrim də yoxdur. Bu, bir sürəcdir, onlar bu sürəcin içində olmağa razılaşıblar, bu Forum da ona xidmət edir.  Amma Çexiyanın hay-küylü “People in Need” təşkilatı çalışır ki, Vətəndaş Cəmiyyəti Forumuna separatçı bölgələrdən də təmsilçilər gətirsinlər, özü də bərabər tərəfli...  

Əli Kərimliyə bircə sual verdim: görəsən prezident bunları bilir?” 

Mənim də bunu aşkarlayan bir jurnalist kimi, istədiyim şəkildə işıqlandırmaq hüququm var. İcazə verin mən bununla bağlı yazımı yazım, başlığımı qoyum, təqdimatımı edim. Bu, mənim haqqımdır və işimdir. İstəməyən də oxumaya bilər. 

Belə bir vəziyyət yarandı ki, bir çex təşkilatına ermənipərəst deyildi deyə bir qəzetin baş redaktoruna qarşı təzyiq, təhqir kampaniyası başlandı. Araşdırma apardıq, məlum oldu ki, “People in Need”i  müdafiə edənlərin əksəriyyəti o təşkilatdan qrant alanlardır. Məsələn, iqtisadçı Zöhrab İsmayıl var, hazırda Çexiyada, o təşkilatın himayəsindədir. Ona xərclənən pulları doğruldur. Bir başqasının Gürcüstanda iki aylıq xərcini çəkiblər. Başqa birini ölkədən çıxarıblar, digərinə 300 min dollar pul veriblər. Olsun, bir şey demirəm... 

-Onlar arasında sizin keçmiş əməkdaşlar da var... 

- Nə yapaq? Keçmiş əməkdaşlar da görünür, bu cür təsir altına düşürlər. 

- Siz “Yeni Müsavat”a 25 il əmək vermisiz. Həbsə də düşmüsüz zamanında. Amma son hadisədə əsasən müxalifət adlandırılan, keçmişdə sizinlə çiyin-çiyinə dayanan insanların sizə qarşı bu tutumunun qəzetin müxalifətçilik imicinə zərbə vura bilər? 

-  “Yeni Müsavat” qəzeti demokratik düşərgənin yeganə uğurlu proyektidir. Qalan bütün proyektlər darmadağın olub, əvvəlki konsepsiyalarından geri çəkiliblər, ya da yox olublar. AXCP, demokratik düşərgənin  digər layihələrin hamısı bu və ya digər dərəcədə zərbə alıblar. Tək bir layihə bütöv qalıb. Onu da, bir tərəfdən hakimiyyət üstümə düşüb, o biri tərəfdən də müxalifət, qismən də öz həmkarlarım, darmadağın etmək istəyirlər. Təsəvvür edin ki, bütün bu təzyiqlərdən sonra mən də yoruldum, bezdim, küsdüm. 25 il sonra dedim ki, gedirəm, bu layihəni də qoyuram kənara. Kim nə qazanacaq? Axı bu qəzetin 90 faizi müxalif düşərgədən, narazı elektoratdan, hüququ pozulanlardan, şikayət edənlərdən.... yazır. Baxıb təhlil edən var? Ancaq 16-cı səhifə maqazindir. Hansısa bir səhifəmizdə məddahlıq, tərif yoxdur. Çünki qəzetin konsepsiyası tənqidçi media modelidir. Çox təəssüf ki, bu prosesdə müxalif düşərgənin təmsilçilərindən də, xüsusən AXCP sədri Əli Kərimli cinahından basqı, böhtan gəlir. Bu, bizim ictimai rəydə gözdən düşməmiz, müxalif düşərgəyə sahiblənmək iddiasından gəlir. Əli Kərimli hesab edir ki, onun müxalif düşərgəyə tam sahiblənməsinin qarşısında ancaq bir qüvvə qalıb -  o da bizim qəzetimizdir. Bizi bir rəqib kimi görərək sıradan çıxarmağa çalışırlar. 

“Dostlarımız” istəyir ki, bizim ağzımızı bağlasınlar və bizim gələcəyimiz olmasın” 

- AXCP funksionerlərinin belə bir iddiası var ki, bu gün “Yeni Müsavat” qəzeti müxalifətə xidmət etsə də, əslində iqtidara xidmət göstərir, onun maraqlarını ifadə edir. 

- Bu suala cavab olaraq heç zaman heç yerdə açmadığım bir detalı açmaq istəyirəm. Əli Kərimli ilə münasibətlər yaxşı olanda bir dəfə mənə bir görüş təklif elədi, yeməkli bir söhbət etdik. 

- Nə zaman? Milli Şura ərəfəsi? 

- İctimai Palatadan Milli Şuraya keçid ərəfəsi idi. Bizim ondan sonra onunla görüşümüz olmadı... İndi AXCP funksionerlərinin, digər fəalların səsləndirdiyi tezisləri mənim üzümə qarşı özü səsləndirdi. Dedi ki, “... mən “Azadlıq” qəzetində filan yazını prezidentin əleyhinə verdim. Bu yazı ilə az qala hakimiyyəti yıxmışdım. Amma sən filan yazını öz qəzetində verəndən sonra bu vəziyyəti prezidentin xeyrinə düzəltdin”. Həyəcanla, pafosla danışmağa davam edirdi. Sonra dedi ki, biz qızıl mədənləri ilə bağlı “Azadlıq” radiosunun araşdırmasını dərc etdik. Amma sən başqa yazı verərək, İlham Əliyevi bu vəziyyətdən çıxardın, yoxsa hakimiyyət çökmüşdü. Üçüncü nümunə - ərəb inqilabı vaxtı Azərbaycanda da belə şey olacaqdı. Sən filan yazını verdin, vəziyyətdən çıxdı... Bu cür 5-6 nümunə ilə elə bir mənzərə yaratdı ki, sanki “Azadlıq” qəzeti 5 məqalə ilə hakimiyyəti yıxdığı halda, mən “Yeni Müsavat” 5 məqalə ilə onu yıxmağa qoymamışam... Nəhayət, fikrini tamamlayandan sonra mən soruşdum ki, siz bitirdiz sözlərinizi? Müdafiə vəziyyəti aldı. Düşündü ki, yəqin mən onun dediklərinin yanlış olduğunu sübut etmək üçün hansısa arqumentlər gətirəcəm, fikrimi əsaslandıracam, sonra o mənə cavab verəcək və sair... Bilirsiz, mən ona nə dedim? Cəmi bir sual verdim:  “Görəsən özü bunları bilir?”... Anladı. Yəni mən soruşurdum ki, prezidentin özü bilir ki, mən onu necə qoruyuram?  Güldü, qəhqəhə çəkdi... Çünki bu qədər gülünc məsələdir. 

Üstəlik, bu cür iddiaların hamısı da yanlışdır. Sadəcə bizim leksikonumuz,  davranış konseptimiz tamamilə fərqlidir. Biz bütün düşərgələrə açığıq. Bir nazir də, hökumət məmuru da, müxalifətçi də, yükdaşıyan da, şikayətçi də... hər kəs burda özünü görə bilər. “Azadlıq” qəzetinin konsepsiyası isə bir sektaya məxsus olan qəzet konsepsiyasıdır. Məktəbdəki divar qəzeti konsepsiyasıdır – ancaq bir mövzudan  - məktəbdən, oradakı uğurlardan, özünütənqiddən yazılan qəzet konsepsiyası... Orda alternativ fikrə yer yoxdur. Mən Azər Ayxanın o fikri ilə razıyam ki, bunlar demokratiya mantiyası geyinmiş antidemokratlardır. 

-Sizin redaksiyanızda da belə adamlar var? 

- Bizim hamımız potensial olaraq belə adamlarıq. Sadəcə olaraq, içindəki canavarı susdurmağı bacaran demokratdır. Bacarmayan isə belə diktator olur. 

- Mən bu sualı verəndə onu nəzərdə tuturdum ki, sizin redaksiyada da Xədicə İsmayıl kimi düşünənlər, qrant alıb, başqa mövqeyə düşənlər varmı? 

- Var, ola da bilər. Fərqli də düşünə bilərlər. Hamıya da deyirəm ki, başqa cür düşünə, yaza da bilərsiz. Amma kateqorik olmayın. Mən bu cür düşünürəm deyə fərqli düşünənləri satqın, erməni adlandırmayın. Zidd fikirlərə düşəcəyik, onların ifadə olunmasına da nail olacağıq. Qəzet redaktoru mandatı nə deməkdir? Bütün əks fikirləri cəmiyyətə çatdıran deməkdir. Biz varıqsa, cəmiyyətdə əks fikirliliyə dözüm də var, onun inkişafı, gələcəyi var deməkdir. Bizim dostlarımız istəyir ki, bizim ağzımızı bağlasınlar və bizim gələcəyimiz olmasın. 

- Düşünmürsüz ki, müxalif mövqeni ifadə edən qəzetlər arasında, eləcə də bəzi müxalifət partiyalarınla qəzetlər arasındakı bu cür gərginlik, dartışma ümumən müxalifətin məhvinə gətirib çıxarır? 

“İstərdim ki, Azərbaycan parlamentində “Yeni Müsavat”ın baş redaktoru kimi bir parlamentar təmsil olunsun” 

- Gördüyünüz bu situasiya və dedi-qodunu müxalifət yox, hakimiyyət yaradıb. Ölkədə normal seçki keçirilsəydi, müxalifətdə də, mediada da... vəziyyət başqa cür olardı. Amma hakimiyyət ona nail oldu ki, müxalifəti sıxmaqla onun imkanlarını məhdudlaşdırdı. Siyasətdə iki faktorun ciddi rolu və əhəmiyyəti var: maddi və insan resursları. Uzun müddət müxalifət maddi resurslardan uzaq qaldı, onun yerinə insani resurslardan istifadə etdi. Amma indi o da yoxdur. Azərbaycan müxalifəti indi ən ağır günlərini yaşayır və günahı ... məndə görür. Niyə? Çünki mən onlar kimi krizisə girmədim, “Yeni Müsavat”ı firqə böhranlarından kənarda saxlamağı bacardım. Bu da bir az ağıl, zəka, manevr məsələsidir. Uçurumun üstündən bir kəndir atılıb və Azərbaycanın qəzet redaktorları o ipin üstündə gəzən kəndirbazlara bənzəyirlər. Azacıq qaymalar, sapmalar məhvə gətirib çıxarır. Mənim yıxılmaq lüksüm olmadığı üçün yıxılmamışam. Azərbaycan müxalifəti kritik durum yaşadığı üçün günahı bir-birində görür və bu, krizisi daha da dərinləşdirir. Müxalifətin yeganə sağ və bütöv qalan bir təşkilatı var idi – Müsavat Partiyası. Ki, əgər dəyişim olardısa, o, əsas aktyorlardan birinə çevrilə bilərdi. Hesab edirəm ki, Başqanımız İsa bəyin yanlış qərarı nəticəsində o da krizisə girdi. Əminliklə deyirəm ki, o, getməməliydi, başqanlıqda qalmalıydı. Bizə başqanımızın demokratiya nümunəsi göstərməsi lazım deyildi, biz bu barədə ədəbiyyat oxumuşuq. Bizə başqanımızın bizi hakimiyyətə gətirməsi lazım idi. Başqan olandan 21 il sonra “ortaya nümunə qoyacam” deyib, başqanlıqdan getməsi...bizə, mənə lazım deyildi. 

- Rauf bəy, sizcə İsa Qəmbərin prezident olmaq şansları hələ də qalır? 

- Azərbaycanda demokratik düşərgə deyilən indiki müxalifət düşərgəsinin hakimiyyətə gəlmək şansı varsa, o işin başında İsa Qəmbər gələcək. Başqasının şansı yoxdur. 

- Biz bilirik ki, “Yeni Müsavat”, musavat.com yeniliklərə açıq media orqanlarıdır. Amma mənim şəxsən həmkarlarından duyduğum bir məqam odur ki, musavat.com-da baner yerləşdirmək üçün müəyyən şərtlər var. Bu da ondan ibarətdir ki, Müsavatla, konkret İsa Qəmbərlə bağlı tənqidi məqalələr həmin banerlərdə yerləşdirilməsin. Belə bir şey varmı? 

- Tələb odur ki, təhqiramiz başlıqlar olmasın. Bizə baner qoyan saytlardan biri Əli Kərimlini təhqir etmişdi, mən onu çıxardım. Çünki onun bir daha yayımlanmayacağına əminliyim yox idi, çünki bu, mənim prestijimdir. Amma eyni zamanda insanlarımızın da məlumatsızlığı burada rol oynayır. Bir çoxu bilmir ki, o banerlər bizim deyil, reklamdır. Bir hörmətli professorumuz vardı, saytlardan birində onunla bağlı tənqidi yazı dərc edilmiş, onun baneri də musavat.com-da yayımlanmışdı. Mən ona izah edə bilmədim ki, bu material bizim deyil... Təhqir məsələsində ciddi senz var. Amma tənqidi materiallar bütün saytlarda gedir, onların baneri də bizdə yayımlanır. Bu senz hamıya aiddir. Biz təhqirə niyə meydan verək? Bir də hansısa korporativ maraqlar üçün bizdən istifadə olunmasın. Məsələn, hansısa məmuru şantaj etmək üçün anons qoyur. Bunu da 5 gün bizdə saxlayır. 6-cı gün mən deməliyəm ki, bunu çıxarsın. 

- Sizin xəbərçilik prinsiplərinizdə şəxsi münasibətlər nə dərəcədə yer alır? Hansısa məmurla, icra orqanı rəhbərliyi ilə “Yeni Müsavat”ın problemi olanda bir müddət qəzetin manşetlərində, əsas yazılarında sizin şəxsi münasibətləriniz əsas rol oynayır... Sizin xəbər siyasətinizdə şəxsi münasibətlər yer alırmı? 

- İnsanıq da, niyə yer almasın ki? Qərəz də yer alır, qeyri-obyektivlik də. Amerika qəzetlərində 20-22 gün olmuşam. Biz elə bilirdik ki, orda qərəz, qeyri-obyektivlik yoxdur. Onlar dedilər ki, bu, yolverilən şeydir. Xəbəri şişirdə də bilərsən, qərəzin də ola bilər, qarşı tərəfi öz yazınla demoralizə də edə bilərsən. Bu, yolverilən bir şeydir. Lakin bütün bunlar fikir və redaksiya yazılarında olur. Xəbərlərdə deyil. Çalışıram ki, mümkün qədər kini-nifrəti, şəxsi ədavəti qəzetə daşımayım. Hətta münasibətim olmayan, düşmən münasibətində olduğum siyasətçiyə də yer verməyə hazıram. Bu, mənim var olma səbəbimdir. Oxucu yalnız məni görür, onun mənə pərdə arxasında hansı pislik edildiyini görmür axı. 

“Mənə açıq şəkildə dedilər ki, sənin çox pulun olsa, aparıb İsa Qəmbərə verərsən” 

- “Yeni Müsavat”ı bəzən hökumət məmurlarına, deputatlarına, iqtidar mənsublarına qəzetin səhifələrində tribuna verməkdə də ittiham edirlər. “Biz onları zatən hər yerdə görürük, niyə “Yeni Müsavat”da da görək ki” məntiqi ilə... 

- Biz onlara böyük minnət edirik ki, bizimlə danışsınlar. Yoxsa balans qura bilmirik. Biz də cəmi bir neçə nəfər tapmışıq danışmaq üçün. Açıqlamalarından sonra köşə yazarlarından xahiş edirəm ki, nə olar, onları öz yazılarınızda “vurmayın”, yoxsa bir daha bizə danışmayacaqlar. Münasibətimiz gərgin olan məmurlardan da, icra başçılarından da müsahibə almaq üçün hər şeyə hazıram – qonaqlıq verməyə də, qonorar verməyə də. Təki bizim qəzetdə görünsünlər.

- Rauf bəy, siz “Yeni Müsavat” qəzetini müxalifət mətbuat orqanı hesab edirsiz, ya müxalif? 

- Biz tənqidi media kateqoriyasına daxil olan KİV-lərik. Qəti şəkildə müxalifət, partiya qəzeti, KİV-ləri deyilik. Doğrudur, ilk zamanlarda belə idik. Amma mən bunun belə olmaması üçün uzun müddət fəaliyyət və mübarizə aparmışam. Müxalif media orqanı olmaq olar, amma müxalifət və partiya mətbuat orqanı olmaq gerilikçi bir şeydir, bolşevik təfəkküründən qalma bir şeydir. 

- Neçə işçiniz Müsavat Partiyasının üzvüdür? 

- Elə bir statistika aparmamışam. Amma əksəriyyəti partiyasızdır, müxalifət yönümlüdür. Geriyə gedən bir elektoratın qəzeti olub, irəliyə getmək çox çətindir. Düşərgə deqredasiyaya uğrasın, parçalansın, hamı da səni söysün, günahı səndə görsün, sən də irəliyə gedib, inkişaf edəsən. Azərbaycan kimi bir ölkədə düşərgələr arasında hərəkət etmək olduqca çətindir. 

2000 civarında yeni köşklərdə qəzet satırıq. Siz deyrisiz ki, musavat.com saytı olmasaydı. Biz məhz bu vəziyyətdən çıxış edərək musavat.com-u gücləndirdik. Özüm bu günə qədər bilincli şəkildə muavat.com-u zəif saxlayırdım. Çünki para ordan gəlirdi. Mən nə zaman ayıldım, bilirsiz? Etibar Məmmədov tədbirlərdən birində dedi ki, mən daha “Yeni Müsavat” qəzeti almıram, saat 12-ni gözləyir, daha sonra sayta qoyduqlarınızı oxuyuram. Bu, onun qənaəti deyildi, yeniliyi seçmişdi və rəngli oxumağı istəyirdi. Ondan sonra mən siyasətçiləri incitmək üçün yazıları sayta bir qədər gec, 1-2-də qoymağa başladım ki, onlar həmin vaxta qədər qəzeti aldırsınlar. Amma keçən il vəziyyət dəyişdi, kağız versiyasında böyümə imkanları qalmadı, o zaman biz əlimizdəki imkanları böyütməyə başladıq. Musavat.com-u böyütdük, rusdilli sayt olan minval.az-ı yaratdıq. Sonuncu olaraq musavat.com-un rus versiyasını da yaratdıq. İmkanımız olsa, ingilisdilli sayt yaratmaq, onlayn TV layihəsini həyata keçirmək də bizim planlar sırasındadır. Kağız versiyasını bir prestij, tarix kimi, imkanlı, pullu adamların oxuya biləcəyi bir versiya kimi saxlamaq istəyirik. Onun qiymətini gələcəkdə 5 manat eləmək fikrimiz var. 3 min tirajla çıxsın, kim istəyirsə o qiymətə alsın. Kim evində qəzeti saxlamaq, o qiymətə onu almaq istəmirsə, almasın, müftə sayt oxusun. Xanımlar, köhnə kişilər qəzetin kağız versiyasından ləzzət alırlar. Bilincli şəkildə qəzetin məbləğini artıracağıq.

- 6000-ci sayınız çapdan çıxır. Rauf Arioğlu üçün bir oxucu kimdir? 

- Mənimçün oxucu qəzeti oxuyub istədiyi materialı, sevdiyi yazarı seçən, məlumat aldığı qəzetdən mücahidlik gözləməyən, yazarlara, media quruluşlarına aşırı sevgi və nifrət bəsləməyən Azərbaycan vətəndaşıdır. Təlimlənmiş, qəzet yazılarına normal reaksiya verən bir vətəndaş... Azərbaycanlılar televiziya seyr etməyi öyrəniblər. Xoşuna gəlməyən veriliş olanda pultun düyməsini basır, başqa proqrama keçir. Heç televiziyanın sahibini söymədən... Amma qəzet oxuma mədəniyyətini formalaşdıra bilməmişik. Bəyənmədikləri qəzeti oxumağa və oxuyub söyməyə davam edirlər. Belələrinə deyirik ki, oxuma! “Pult”u bas və keç o biri qəzetə. Saytda da eyni şeyləri edirlər. Günlərlə şərh yazırlar: “yalan yazırsız, belə olmaz”... Biz də deyirik, yalandırsa, oxuma da. Bizi də, özünü də incidirsən. Deməli, sən bunu oxuyursan, bura sənə lazımdır. Sadəcə sənin reaksiya mədəniyyətin yoxdur. 

- Minval.az saytının yaranmasından danışdız bayaq. Nəyə görə bu cür müxalif portalın rəhbəri İsa bəyin ailə üzvü oldu? Sizcə Azərbaycanda rusdilli portala rəhbərlik edə biləcək, güclü səviyyədə rus dilini bilən başqa bir sima yox idimi? Bunu dostunuzun oğluna bir jest idisə...? 

-  İlkin Qəmbərə irad nədir ki? 

- İradım yoxdur...  

- Sadəcə media kluarlarında belə bir fikir səsləndirildi ki, İsa Qəmbər Rauf Arifoğluna qəzetin təsisçiliyini verdikdən sonra Rauf bəy də onun oğlu üçün jest edib, bir tribuna yaratdı. Bu, hamının danışdığı bir söhbətdir... 

- Heydər Əliyev demişkən, xalq hər şeyi bilməlidir... Amma burda xalqın biləcəyi mühüm, xüsusi  bir şey yoxdur... isa Qəmbərin oğulları da hardasa işləməlidirlər. İndi görünən budur ki, harada işləsələr də, onlara nəsə söz deyiləcək. Ona görə də bu cür dedi-qodular xırda şeydir. Minval.az saytının yalnız ideyası mənə məxsusdur. Saytı İlkin qurub. Onun rus və ingilis dilini mükəmməl bilməsi, mənim təcrübəm, onun enerjisi belə bir nəticə ortaya qoya bilər deyə düşündük. Bu, mənim olduğu qədər İlkinin əsəridir. İsa Qəmbərin övladının Azərbaycanda işləməsindən təbii bir şey varmı? Kaş ki, daha yüksək yerlərdə çalışaydılar. Daha çox maaş alardılar. Bizdə isə  İsa Qəmbərin ailə üzvü də saytın digər əməkdaşları qədər maaş alır. Hətta ondan yüksək maaş alan da var.  

- Müsahibədə dediz ki, sahibi olduğunuz media qurumlarını qorumaqdan başqa bir iddianız yoxdur. Bu, doğrudan belədir? Bəs deputat olmaq istəmirsiz? 

- Mən istəyərdim ki, Osmanlı sultanı olum. Amma istəmək ayrı şeydir, reallıq başqa bir şey. 

“Mənim daha böyük iddialarım da var. Lakin mən onları ifadə etmək istəmirəm. Çünki hal-hazırda daşıdığım mandat və ölkənin gündəmindəki məsələ tamam fərqlidir. Mən qəzet redaktoru kimi danışıb fikir bildirirəm”

- Deputat olmaq iddianız varmı? 

- Mənim daha böyük iddialarım da var. Lakin mən onları ifadə etmək istəmirəm. Çünki hal-hazırda daşıdığım mandat və ölkənin gündəmindəki məsələ tamam fərqlidir. Mən qəzet redaktoru kimi danışıb fikir bildirirəm. Ölkə seçkilərə yaxınlaşdıqca mən də qərarlarıma baxıb, son sözümü deyəcəm. İstərdim ki, Azərbaycan parlamentində “Yeni Müsavat”ın baş redaktoru kimi bir parlamentar təmsil olunsun. Amma Azərbaycan şərtlərində bu, çətindir. İki dəfə seçkilərə qatılmışam, yaxşı kampaniya qurmuşam, seçkini udmuşam, amma mandat başqa adama verilib. 

- Bayaq Batumi forumundan danışanda dediz ki, tədbiri tərk etməyiniz fədakarlıq idi. Rauf Arifoğlu və qəzeti daha hansı fədakarlığı edə bilər Azərbaycan üçün? 

- Təxminən 1000 adama iş verə bilərdim. İmkan yoxdur. Bir sahibkar kimi ayda 300-400 min manat vergi verə bilərdim, amma buna da imkan vermirlər. Yəni, mən öz sahəmdə özüm, oxucular, işçilər üçün elə bir imkan yaratmışam ki,  daha təkmil mexanizmlər olmalıydı, daha çox maliyyə və xəbər dövr etməliydi bu sistemdə. Amma müəyyən qruplar məni çərçivədə saxlayırlar ki, çox pulum olmasın. Bir dəfə bir tədbirdə açıq şəkildə dedilər ki, sənin çox pulun olsa, aparıb İsa Qəmbərə verərsən... Amma təbii ki, vermərəm. Çox pulum olsa, işçilərə verər, onların məvacibini artırmaq üçün çalışaram. 

- Pulu çox istəyirsiz, Rauf bəy? 

- Prosesi çox sevirəm. 

-Pul sizinçün nədir? 

-Vasitə. Ciddi bir vasitə. 

- Bu sualda bir ironiya var, amma sizə qarşı yox. Niyə sizdə yeni yaranan saytlara qarşı paxıllıq hissi yoxdur? Niyə onların materiallarını “screen şot” edib, haralarasa ötürmürsüz? Niyə yenilərə dəstək verirsiz? 

- Açığı, bu, mənim üçün qəribə situasiyadır. Çünki mən də niyə belə olduğumu bilmirəm. Narahat olmuram. Əksinə, normal media qurumlarının sayının çoxalmasına, çevrəmizin genişlənməsinə və tanıdığım, inandığım jurnalistlərin iş başına keçməsinə çalışıram. Görünür, nə zamansa, uzun müddət tək-tənha mübarizə aparmaq narahatçılığı yaradıb bu geniş vizyonu. Amma təsbitinizi təsdiqləyirəm. 

-Oxucularınıza 6000-ci sayla bağlı mesajınız var? 

- 6000 rəqəmi məbləğlə ifadə edəndə böyük məbləğ deyil. Amma gün, aya böləndə 16-17 il davamlı olaraq işləməkdir. Bu, rekorddur. Bir baş redaktorun rəhbərliyi altında bu qədər müddətdə və sayda qəzet çıxmayıb. Bu say varsa, demək ki, iş var, uğur var ki, bura qədər gələ bilmişik. Əks halda bizi oxucu cəzalandırardı. Almazdı, yaşatmazdı, imkan verməzdi, sevməzdi, tənqid etməzdi. Adımızı ya sevgi, ya söyüşlə zikr etməzdi. Bunlar varsa, deməli biz hələ mövcuduq, öndəyik. Oxucuya da, əməkdaşlara da, həmkarlara da mesajım budur ki, mən hələ davam etmək istəyirəm. Çox arzulayırdım ki, əvvəl 20 illikdə, sonra 25 illikdə, təqaüdə gedim, ya da fasilə verim bir neçə illik. Yarımçıq kitablarım var, onlar üzərində işləyim. Amma görürəm ki, mənə burda ehtiyac var. Ehtiyac olmasaydı, yəqin ki, gedərdim. 

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar