Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir fotonun tarixçəsi - Aclar dünyası...


Foto 1993-cü ildə Sudanda çəkilib. Ac kərkəs ac uşağın ölümünü gözləyir...


Körpənin son nəfəsi ilə müqavimət də bitəcək. Və o, yırtıcı insanların səbəbindən ölərək yırtıcı quşa yem olacaq.

İnsan həyatının heç nə olduğu bizim əsrimizdə bəlkə "maddələr dövranı" elə budur?

Və zaman heç də orta əsrlər deyil.

Klod Levi-Stross 101 illik ömrünün sonlarında yazmışdı: "21-ci əsr ya humanitar əsr olacaq, ya da heç olmayacaq"...

***

Fotonun müəllifi Kevin Karter 1994-cü ildə şöhrətinin zirvəsində idi. Təzəlikcə nüfuzlu Pulitser mükafatı almışdı, məşhur jurnallardan iş təkliflərinin ardı-arası kəsilmirdi. Onun 34 yaşı vardı və CAR-da yaşayan valideynlərinə yazırdı: “Hamı məni təbrik edir. Arzulamağa belə cəsarət etmədiyim mükafatı sizlərə göstərmək üçün səbirsizliklə görüşməyimizi gözləyirəm”.

Kevin Karter mükafatı “Sudanda aclıq” fotosuna görə almışdı. 1993-cü ilin yazında kiçicik kənddə aclıq səhnəsini çəkmək üçün xüsusi olaraq Sudana gəlmişdi. Aclıqdan ölən insanların cəsədlərini lentə alıb yorulan fotoqraf kəndi tərk edir və seyrək kolların bitdiyi sahədə qəfildən zəif uşaq hıçqırığı eşidir.

Onun qarşısında bir azdan aclıqdan öləcək balaca bir qız uşağının arıq kölgəsi dayanmışdı. Uşaq yerdə oturmuşdu. Kevin onu çəkməyə hazırlaşanda bir neçə addımlığa kərkəs quşu enir. Karter rahat mövqe seçib hər ikisini çəkir. Sonra dayanıb gözləyir - kərkəs havaya şığıyanda daha bir neçə kadr çəksin. Kərkəs isə uçmur - dayanıb uşağın son nəfəsini gözləyir. Sonunda yorulan və darıxan Karter əllərini yelləyib oradan uzaqlaşır. Sonra özünə gəlir və oturub ağlayır. Vəssalam. O, körpə üçün heç nə etmir.

Səhərisi gün o, Yohannesburqa (CAR) qayıdır. Həmin vaxtlar Sudandakı aclıq “dəbdə olan” mövzu idi - başqalarının faciəsi jurnallara, rejissorlara, fotoqraflara, siyasətçilərə və beynəlxalq təşkilatlara çox böyük pullar qazandırırdı.

Karterin fotolarını “Nyu-York Tayms” alır və dərc edir. Bəs necə, foto dərhal Afrikadakı humanitar faciənin simvoluna çevrilir. Karter isə məşhur və hörmətli bir şəxsə. Bu, qələbə idi!

1994-cü ilin 23 mayında Kevin Karter ən böyük qələbəsini qazanır - Pulitser mükafatını alır. Ancaq az keçir, hər şey dəyişir.

Əvvəlcə sakitcə, sonra ucadan sual səslənməyə başlayır: Bəs o qızın sonrakı taleyi necə olur? Niyə fotoqraf körpəyə kömək etməyib? Daha qəzetlər onu “dahi fotoqraf” adlandırmırlar. “Taym” jurnalı isə çoxlarının beynindən və ürəyindən keçənləri bu sözlərlə ifadə edir: “Balaca qızın əzablı ölümünü çəkmək üçün sakitcə öz obyektivini hazırlayan adam oradakı yırtıcı quşdan fərqlənmir”.

Görünür, bu sözlər Karterdə vicdan əzabı oyadır. O, dostlarına qıza köməklik göstərmədiyinə görə peşman olduğunu söyləyir: lap yaxınlıqda BMT-nin düşərgəsi varmış, orada aclara yardım edirlərmiş. Karterə sadəcə uşağı ona çatdırmaq lazımdı. O isə bunu etmir.

Lənət və kinayə obyektinə çevrilən Karter dərin depressiyaya düşür. Bu isə tezliklə onun həyatında və işində özünü göstərir: mühüm görüşlərə gecikir, çəkilmiş fotoları itirir, işdən qovulur...

1994-cü ilin 27 iyulunda - ömrünün son səhərində Kevin yaxşı əhval-ruhiyyədə idi. Nahara qədər yatağından qalxmır, sonra yerli qəzetlərdən birinin redaksiyasına yollanır, həmkarları ilə ünsiyyətdə olur. Axşam 9-da isə balaca çayın sahilinə gəlir, maşınının qaz borusunu şlanqla salon ilə birləşdirir, musiqini qoşur və... yatır.



Ölümündən əvvəl məktub qoyur: “Mən yoruldum... telefonsuz, pulsuz, övladlarsız.. Borclarımı qaytara bilmirəm. Məni qətllər, cəsədlər, ac və yaralı uşaqlar haqda xatirələr təqib edir”.

Ac uşağı xilas etsəydi, Kevin Karterin ömrü bəlkə də başqa cür davam edərdi...

***

Və bəşəriyyət üçün bu faciə səhnələri o qədər adiləşib ki, bu cür fotolara buterbrod çeynəyərək tamaşa etməkdə heç bir dəhşətli eybəcərlik qalmayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yüksək maaşlı direktoru Jak Diuf (həmçinin Afrikadandır) dünyada 1 milyarddan da çox adamın aclıq keçirdiyini söyləyir. Bu isə çoxdan heç kəsi təəccübləndirmir və kədərləndirmir. Başqasının aclığı sənin cibinə ziyan vuran maliyyə böhranı deyil. Hər kəs öz taleyini yaşayır.

Jak Diufun sözlərinə görə, qlobal aclığı dəf etmək üçün 44 milyard dollar sərmayə lazımdır (Eynilə “O olmasın bu olsun”dakı “Məşədi, bir 100 manat ver...” kəlməsindəki kimi). Olsun ki, Diufun optimizmi sünidir, ancaq bu məbləğ Yer miqyasında götürəndə elə də çox deyil. Bu məbləği toplamaq üçün BMT, YUNESKO, ÜST, Dünya Bankı kimi bir neçə təşkilatın gərəksiz xərclərini kəsmək kifayətdir. Heç nə etməyən minlərlə məmuru rədd edib ixtisara sal - bu da sənə 44 milyard dollar...

Ancaq bu utopiyadır.

Ümumiyyətlə isə, dünyada paradoksal vəziyyət yaranıb: Bir çox ölkələr ərzaq və məhsul bolluğundan bilmir nə etsin. Məsələn, Avropa neçə illərdir süd bolluğu ilə mübarizə aparır (növbəti “süd böhranı” bu il də davam edir). Fermerlər südü yollara dağıtmağı, ya çaylara axıtmağı onu ucuz qiymətə satmaqdan üstün tutur. Tox Avropa birbaşa mənada süd gölündə üzən bir vaxtda ac Afrikada uşaqlar süd çatışmazlığından ölür.

Heç bir dövlət Diufun söylədiyi 44 milyard dolları toplamaqda maraqlı deyil. Birincisi, zəmanət yoxdur ki, korrupsiya içində batan bürokrat və məmurlar o pulu təyinatı ilə xərcləyəcək. Ancaq ikinci və daha əsas səbəb də var: Bizim illərimizdə dövlətlər pulları (həm də nəhəng məbləğdə) yeni neft kəmərlərinə, silah almağa, kosmosa uçmağa, antimateriyanı axtarmağa, karbon qazı ilə mübarizəyə, demokratiyanın ixracına və s. xərcləyirlər. Onlar guya ki, sabaha yönəlmiş məqsəd və problemlərlə məşğuldurlar.

Bəs aclıq? Dünyanın özü qədər qədim, üstəlik də darıxdırıcı olan bu problemin həllinə pul xərcləmək qeyri-aktualdır. Daha yaxşısı odur ki, pulları ərzaq və süd bolluğu ilə mübarizəyə xərcləsinlər...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar