Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB məkanını dəyişiklikliyə aparacaq geopolitik qətl


Putin bu xəbərdarlıqdan nəticə çıxaracaqmı?


MDB məkanında vəziyyət qarışıqdır. Hazırda bu məkanda hərbi-siyasi böhran öz aktuallığını qoruyur. Son illərdə cərəyan edən proseslər MDB məkanını “odlayan hərbi-siyasi böhran”ın artıq “qırmızı cizgi”ni keçdiyini göstərir. Bu cizginin arxasında isə postsovet məkanı dövlətlərini bütün istiqamətlər üzrə dağıdıcı xaos gözləyir. Yəni MDB dövlətləri artıq “xaos dövrünə giriş qapısı”nın ağzında dayanıblar.
 
Bu, böyük və tarixi, həm də dünyanın taleyini dəyişə biləcək savaşdır. Çünki dünyanın iki nəhəng supergücü üz-üzə dayanıb. Üstəlik, onilliklər ərzində “əlaltında saxladıqları qılıncları sıyırmaq”la kifayətlənməyərək, artıq rəqib-düşmənə zərbələr də endirirlər. Və əsas nəticə də elə bu iki supergücün ətrafında yaranan yarıkönüllü, yarıməcburi ikiqütblü savaş məkanıdır.
 
Rusiya son günlərdə Qərbə qarşı Suriyada ikinci cəbhə açmış olsa da, hazırda bu ikiqübtlü savaş məkanında əsas cəbhə xətti məhz Ukrayna ərazisindən keçir. Ən qorxulusu da odur ki, savaş artıq geriyədönməz xarakter alıb. Və çoxsaylı razılaşmalar əldə olunsa da, bu rəqib-düşmənlərdən birinin nə vaxtsa sıradan çıxması qaçılmaz kimi görünür. Əks halda, bu hərbi-siyasi qarşıdurma bütün dünyanı öz içərisinə çəkə bilər. Çünki savaş artıq o qədər barışmaz xarakter alıb ki, rəqib-düşmənlər bir-birinin ən zəif yerlərinə sarsıdıcı və yolverilməz metodlarla zərbə endirməkdən belə, çəkinmirlər. Belə anlaşılır ki, Qərblə Rusiya arasındakı bu hərbi-siyasi, maliyyə-iqtisadi, mənəvi-psixoloji və ideoloji savaş indiyə qədər mövcud olan rəqabət dəyərlərini artıq sıradan çıxartmaq üzrədir.
 
Müxalif siyasətçinin qətli: Adi cinayət yoxsa, geopolitik sui-qəsd..?
 
Bütün bunları nəzərə aldıqda, Rusiyanın məruz qaldığı sonuncu sarsıdıcı zərbə – bu ölkənin ən nüfuzlu müxalif siyasətçilərindən biri olan Boris Nemtsovun qətli ön plana çıxır. Belə ki, onun qətlindən artıq xeyli müddət keçib. Ancaq indiyə qədər nə qatil, nə də sifarişçi haqqında hər hansı inandırıcı ehtimallar ortaya çıxarılmayıb. Düzdür, Rusiyanın hüquq-mühafizə orqanları bu qətllə bağlı müxtəlif versiyalar irəli sürürlər. Gah İslam faktoru önə çıxarılır, gah mərhumun Ukraynadakı ilişkiləri gündəmə gətirilir, gah da hətta biznes münasibətlərində yaranmış ziddiyyətlər qabardılır. 
 
Hətta bu qətli törətməkdə ittiham olunan şəxslərin sırası da genişdir. Və bu istiqamətdə ortaya atılan rəsmi iddialarda ziddiyyətlər artdıqca, həm kələfin ucu itir, həm də “düyünlər”in sayı çoxalır. 
 
Ümumiyyətlə, B.Nemtsovun qətli ətrafında müəmmalı vəziyyət və cavabsız suallar həddindən artıq çoxdur. Və əslində, bu müəmmalı qətlə geopolitik savaşın elementlərindən biri kimi yanaşmaq üçün də kifayət qədər əsaslar var.
 
Boris Nemtsovun qətli üzərindən Kremlə geopolitik xəbərdarlıq...
 
Belə ki, B.Nemtsovun qətli sıradan bir cinayət hadisəsi deyil. Heç şübhəsiz ki, bu qətlin sifarişçiləri uzaqgedən məqsədləri hədəfləyiblər. Və görünən odur ki, sifarişçilər B.Nemtsova atılan güllə ilə eyni vaxtda bir neçə “quş vurmağa” nail ola biliblər.
 
Birincisi, Rusiya cəmiyyətinin alt qatlarında B.Nemtsovun qətlinin prezident Vladimir Putinin maraqlarına uyğun ola biləcəyi ilə bağlı müəyyən ehtimallar artıq möhkəmlənməyə başlayıb.
 
İkincisi, bu qətl prezident V.Putini və Rusiyanın siyasi elitasını kifayət qədər çətin vəziyyətə salıb. Çünki B.Nemtsovun qətlinin siyasi sifariş olması inkaredilməz reallıqdır. 
 
Ona görə də, Putin hakimiyyəti istənilən halda, Rusiyada hər şeyin nəzarət altında olduğunu sübuta yetirmək üçün bu qətlin üstünü açmaq məcburiyyətindədir. Üstəlik, qətlin üstü açılıb, cinayətkarlar cəzalandırılmasa, Kremlin üzərindəki “şübhə buludları”nı dağıtmaq, çətin ki, mümkün olsun.
 
Nəhayət, əgər B.Nemtsovun qətli ehtimal olunan kimi həqiqətən də geopolitik savaşın nəticəsidirsə, onda bu, Putin hakimiyyəti üçün daha ağır situasiya yaratmış olur. Çünki belə bir qəddar provokasiya, bu siyasi qətlin sifarişçilərinin Putin hakimiyyətinə yönəlik amansız xəbərdarlıq mesajı anlamı da daşıya bilər.
 
Təbii ki, sadə məntiqlə yanaşdıqda, B.Nemtsovun qətli siyasi rəqibin birdəfəlik sıradan çıxarılması baxımından, Putin hakimiyyətinə sərfəli kimi görünür. Ancaq Qərblə belə amansız hərbi-siyasi savaş dövründə heç bir ağıllı siyasətçi və ya hakimiyyət öz rəqibini sui-qəsd metoduyla zərərsizləşdirməz. Həm də, bu, Rusiya dövlətinin dərin dinamiklərini sarsıda biləcək səviyyədə nümayişkəranə şəkildə edilməzdi.
 
Boris Nemtsovun şorgözlüyü...

Yəni prezident V.Putinin və Rusiya hakimiyyətinin öz siyasi rəqibini paytaxt Moskvanın göbəyində öldürtdürəcək qədər sadəlövh və primitiv davrana biləcəyinə inanmağın özü də sadəlövh və primitiv düşüncə nümunəsi olardı. 
 
Onu da nəzərə almaq lazımdır ki, B.Nemtsovun qətlində Rusiyada indiyə qədər baş vermiş siyasi sui-qəsdlərin ənənəvi əlamətlərinə rast gəlinmir. Çünki bu ölkədə problemli siyasətçilər və jurnalistlər adətən, yaşadıqları evlərin giriş qapılarında vurulurlar.
 
Digər tərəfdən, əgər Rusiya hakimiyyəti B.Nemtsova “siyasi səhnədən həmişəlik çəkilmək”də yardım etmək niyyətinə düşsəydi, bunun üçün paytaxt Moskvanın “göbəyini” deyil, daha “sakit məkan”ı seçə bilərdi. Ən əsası isə B.Nemtsovun həyat tərzi belə bir “sakit məkan”ın seçilməsi üçün geniş imkanlar açırdı.
 
Belə ki, B.Nemtsov perspektivli və bacarıqlı siyasətçi idi. Ancaq onun bir siyasətçi üçün qəbuledilməz olan zəifliklər də var idi. Və onun yaxın ətrafı həmin zəif nöqtələri B.Nemtsovun siyasi hakimiyyətə sahiblənməsi qarşısında ən ciddi əngəl hesab edirdilər.
 
Məsələ ondadır ki, B.Nemtsov Rusiya cəmiyyətində ən şorgöz siyasətçi kimi ad çıxartmışdı. Bəzi məlumatlara görə, B.Nemtsovun şorgözlüyü – gözəl qadınlar qarşısında duruş gətirə bilməməsi ona ən azı bir dəfə real hakimiyyət şansının əldən verilməsi hesabına başa gəlmişdi. 
 
Rusiyanın dərin dövləti (Hərbi-Sənaye Komleksi) niyə Putini seçdi?
 
Keçmiş prezident Boris Yeltsinin dönəmində Rusiya çökmək mərhələsinə girmişdi. Nəhəng Rusiya dövləti tədricən dağılmağa başlamışdı. Federasiyanın subyektləri müstəqillik iddialarını daha yüksək və qətiyyətli tonda səsləndirməyə başlamışdılar. Hətta Rusiya ilə başa-baş müharibəyə girməkdən çəkinməyən Çeçenistanın lideri prezident B.Yeltsin ilə Kremlin imperiya tarixini özündə əks etdirən möhtəşəm divarları arasında qarşılıqlı atəşkəs haqqında müqavilə də imzalamışdı. Bu, Rusiya dövlətinin yaxın süqutunun real əlamətiydi.
 
Təbii ki, belə tarixi və taleyüklü siyasi mərhələdə Rusiyanın dərin dövləti (Hərbi-Sənaye Kompleksi) ölkənin tədricən çökməsinə seyrçi qala bilməzdi. Ona görə də, prezident B.Yeltsin “könüllü istefa”ya məcbur edildi. 
 
Bəzi rus mənbələrinin iddialarına görə, B.Yeltsinin əvəzinə isə hakimiyyət başına gətirilməsi üçün iki şəxs üzərində dayanılmışdı. Onlardan birisi mötədil və böyük perspektivlər vəd edən peşəkar demokrat-siyasətçi B.Nemtsov, digəri isə KQB məktəbinin mükəmməl yetirməsi olmasına baxmayaraq, siyasi cəhətdən təcrübəsiz və ölkəni hara aparacağı ilə bağlı tam təsəvvürlər doğura bilməyən V.Putin idi.
 
Maraqlıdır ki, rus mənbələri Rusiya dərin dövlətinin, nə qədər cəlbedici olsa da, B.Nemtsov variantını onun ifrat şorgöz bir qadın düşkünü olması səbəbindən arxa plana keçirtməyə üstünlük verdiyini iddia edirlər. Yəni Rusiya dərin dövləti “qadın düşkünü olan prezident” variantını ölkənin gələcək taleyi üçün təhlükəli və riskli seçim kimi dəyərləndirmişdi. Çünki qadın faktoru “hakimiyyət divarı”nın aşılaraq, sirlərin ələ keçirilməsində və sərfəli qərarların təmin edilməsində ən əlverişli vasitə hesab edilir. Bu səbəbdən də, B.Nemtsovun prezidentlik şansları onun ifrat şorgözlüyünün badına getmişdi. 
 
Nəticədə Rusiya illərlə KQB-nin avtoritar düşüncəli yetirməsinin – prezident Vladimir Putinin hakimiyyəti ilə barışmalı oldu. Bu illər ərzində Rusiyada demokratiya adına bağlı olan hər şey sıradan çıxarıldı. Əksər zəngin şəxslər – oliqarxlar, media maqnatları və s. bir-bir zərərsizləşdirildi. Onların bir qismi müəmmalı şəkildə dünyasını dəyişdi, bəziləri həbs olundular, bir qismi isə canını götürüb, ölkədən qaçmaq məcburiyyətində qaldılar.
 
Kremlə yönələn “şübhə oxları”...
 
Ancaq B.Nemtsov heç yerə getmədi. Prezident V.Putinin qarşısında yer aldı. Onun atdığı əksər addımlara qarşı sərt müxalif mövqedə dayandı. Elə qətlindən bir müddət öncə o, Rusiyanın Ukrayna siyasətinə etiraz olaraq, yüzminlik etiraz yürüşü elan etmişdi. Ancaq həmin etiraz aksiyasına cəmisi 10-15 gün qalmış “Rusiyanın qəlbi”ndə - Kreml divarlarının önündə sui-qəsdə qurban getdi.
 
Əslində, B.Nemtsovun qətlinin müəmmalı olması, bu cinayətlə bağlı ziddiyyətli versiyaların ön plana çıxması da daha çox bu sui-qəsd üçün seçilmiş yer və zamanlama ilə birbaşa bağlıdır. Çünki B.Nemtsovun liderliyi altında keçirilməsi planlaşdırılan etiraz yürüşü ərəfəsində törədilən qətlin zamanlaması “şübhə oxları”nı ilk növbədə Kremlə doğru istiqamətləndirəcəkdi. Eyni zamanda, qətlin məhz “Rusiyanın döyünən qəlbi”nın bir neçə addımlığında – Kremlin divarları qarşısında törədilməsi də bu barədə daha ciddi düşünmək üçün əsas yaradır. 
 
Ən azından, ona görə ki, heç bir hakimiyyət öz siyasi rəqibini dövlətin birbaşa idarə olunduğu məkanın bir neçə addımlığında aradan götürməz. Hər halda, Kremlin divarlarının bir neçə addımlığında törədilən bu qətl ilk növbədə Rusiya dövlətinin əzəmətini sarsıdır, onun qüdrətinə olan etimadı zəiflədir.
 
Böyük ehtimalla qətlin sifarişçiləri bütün bu kimi önəmli faktorları “zərgər dəqiqliyi” ilə nəzərə alıblar. Yəni bir tərəfdən, cinayətin məsuliyyətini Rusiyanın hakim dairələrinin üzərinə qoymağa, “şübhə oxları”nı Kremlin divarlarından içəriyə doğru yönəltməyə çalışıblar. 
 
Digər tərəfdənsə, böyük ehtimalla bu qorxunc cinayət üzərindən Rusiyanın hakim dairələrində kimlərəsə, qəddarcasına mesaj vermək məqsədi güdüblər. Sanki bununla demək istəyiblər ki, “Bizim əl-ayağımıza çox dolaşırsınız, maraqlarımıza qarşı çıxırsınız. Ancaq özünüzə o qədər də arxayın olmayın. Əgər Rusiyanın ən önəmli müxalifət liderini Kremlin divarları qarşısında vurdura biliriksə, deməli, ehtiyac yaransa, lap elə o divarları aşmağın yolunu da taparıq. Yəni heç də təhlükəsizlikdə deyilsiniz”. Müəyyən mənada, bu qətlin üzərindən verilə biləcək mesajın deşifrə versiyasını, təxminən, belə də təsəvvür etmək mümkündür.
 
Müxalif siyasətçiyə açılan atəşin əsas hədəfi...

Halbuki Rusiya telekanallarının yaydığı videogörüntülərdən də anlaşılır ki, B.Nemtsov killerin gülləsinə tuş gəlməkdən çox qısa bir müddət öncə Moskvanın tamamilə fərqli istiqamətində təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Deməli, bu, Rusiyanın daxilindən sifariş edilən sui-qəsd olsaydı, onda killer onu Kremlin divarları qarşısında deyil, məsələn elə videokameraya düşdüyü Moskvanın fərqli məkanında da vura bilərdi. Əgər məqsədli şəkildə B.Nemtsovun Kreml divarları ətrafına gələcəyi ana qədər səbr göstərilibsə, deməli, onu hədəf alan güllələr həm də Kreml divarlarının arxasındakılara – Rusiya hakimiyyətinə də yönəldilib.
 
Bütün versiyalar bu geopolitik qətlin Rusiya hakimiyyətinə qarşı olduğunu göstərir. Çünki əgər Kremldəkilərə B.Nemtsovu aradan götürmək lazım olsaydı, yəqin ki, daha hay-küysüz və özlərini şübhə altına salmayacaq variantlara yönələrdilər.
 
Hər halda Kremlə lazım olsaydı, B.Nemtsovun hətta ev şəraitində vəfat etməsini təmin etmək belə, Rusiyanın xüsusi xidmət servisləri üçün çətinlik törətməzdi. Çünki tanınmış şəxslərin yaxın ətrafındakı qadınların ələ alınması kəşfiyyat orqanları üçün sınanmış metoddur. 
 
Nemtsovun geopolitik qətli kimə daha sərfəli ola bilər?
 
Bu baxımdan, B.Nemtsovun tez-tez görüşdüyü iddia olunan 6-7 qadından birinə onun zərərsizləşdirilməsi barədə təlimat verilə bilərdi. Məsələn, həmin qadınlardan birinin B.Nemtsovun içki bakalına hiss olunmadan dərman atması elə də ciddi çətinlik törətməzdi. Daha sonra isə B.Nemtsovun ürək tutmasından dünyasını dəyişməsi ilə bağlı diaqnoz bütün Rusiya mətbuatında ictimai rəyi formalaşdıra bilərdi. Və yaxud da B.Nemtsovun içki bakalına heç bir əlamət buraxmayan və təsiri tədricən - bir neçə ay ərzində nəticə verən maddələr də atıla bilərdi. Bununla da onun ölümünə kənar müdaxilənin olmadığı barədə diaqnozun verilməsi mümkün olardı. 
 
Xatırladaq ki, vaxtilə hakimiyyətə gəldiyi ərəfədə belə maddələrdən sabiq Ukrayna prezidenti Viktor Yuşşenkoya qarşı da istifadə olunmuşdu. Ancaq bundan vaxtında duyuq düşülməsi nəticəsində V.Yuşşenkonun Almaniya klinikalarının birində ölümdən xilas edilməsi mümkün olmuşdu. Bununla belə, həmin maddənin təsirinin əlamətləri V.Yuşşenkonun üz dərisində qalmaqdadır. Eyni zamanda, oxşar metodlardan Rusiyadan Qərb ölkələrinə qaçmış nüfuzlu şəxslərə, dönük çıxmış kəşfiyyatçılara qarşı dəfələrlə istifadə edilib.
 
Göründüyü kimi, B.Nemtsovun qətlində Kremlin maraqlı olması qətiyyən inandırıcı təsir bağışlamır. Daha çox geopolitik qətl kimi diqqəti çəkən bu sui-qəsdin Rusiya sərhədlərindən kənarda planlaşdırıla biləcəyi istisna deyil. 
 
Yuxarıda qeyd etdiyimiz kimi, bunda bir çoxları – Rusiyada qarışıqlıq yaratmaq, Kremlə “dərs” vermək istəyənlər və yaxud da Putin hakimiyyəti ilə Qərbin münasibətlərindəki ziddiyyətləri daha da dərinləşdirməyə can atan hansısa üçüncü qüvvələr də maraqlı ola bilərdilər. 
 
MDB məkanı üzərində coğrafi dəyişiklik əməliyyatı...

Bütün bunları nəzərə aldıqda, B.Nemtsovun geopolitik qətlinin Kreml üçün hələ uzun müddət başağrısı olacağı şübhə doğurmur. Putin hakimiyyəti bu sui-qəsdin üstünü istənilən halda, açmaq məcburiyyətindədir. Əks halda, bu, Rusiyaya qarşı davamlı geopolitik şantaj predmetinə çevrilə bilər.
 
Ancaq bu sui-qəsd ölkə kənarından planlaşdırılıbsa, Kremldə bunun arxasında kimlərin dayana biləcəyi barədə məlumatların və ya heç olmasa, təsəvvürlərin olmadığını düşünmək də sadəlövhlük olardı. Çünki Rusiya nəhəng ölkə olmaqla yanaşı, həm də güclü kəşfiyyat strukturlarına malik bir dövlətdir. Deməli, Kremldə bu barədə məlumatlara malikdirlərsə, bilərəkdən susurlar. Çünki bu cinayətin iştirakçılarını sübuta yetirmək o qədər də asan məsələyə oxşamır. İnkaredilməz sübutlar olmadan bu barədə iddiaların ortaya atılması isə beynəlxalq siyasi qalmaqala səbəb ola bilər.
 
Ona görə də, düşünmək olar ki, B.Nemtsovun geopolitik qətli də daxil olmaqla, MDB məkanında baş verənlər bu coğrafiyanın gələcək taleyi ilə bağlı müəyyən uzaqgedən planların qurulduğu istisna deyil. Zaman keçdikcə, bunun əlamətləri daha aydın şəkildə ortaya çıxmaqdadır. Sadəcə, MDB məkanı üzərində artıq reallaşdırılmaqda olan geopolitik əməliyyatın necə nəticələnməsi Rusiyanın müqavimət potensialından və postsovet dövlətlərinin Kremlə verəcəyi dəstəyin keyfiyyətindən asılı ola bilər.
 
Elçin XALİDBƏYLİ(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar