Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahdağın Sulutəpəyə gətirilməsi


Zamin HACI yazır


“Mastino minnətdarlıqla mırıldandı. O, yuxusunda sərin, xoş suları olan dağ gölündə üzdüyünü görürdü. Üzə-üzə o, kefi istəyən qədər su içir, özü də yavaş-yavaş suya çevrilirdi. Onun sudan quyruğu, su qulaqları və fəvvarənin şırnaqları kimi nazik, uzun dörd su pəncəsi var idi”

(Canni Rodari “Çipollinonun macəraları”)

Mən həmişə bu qənaətdə olmuşam, hər gün də bu fikrimi təsdiqləyən çoxlu faktlar görürəm: Azərbaycanda siyasi saxtakarlığın kökləri sosial saxtakarlıqdan su içir. Hökumət nə qədər yalançıdırsa, xalq, cəmiyyət də azı onun qədər yalançıdır. Yəni, bir-birimizin tayıyıq, uzağa getməyək. Gedib İsveçdən xalq və ya hökumət gətirəsi deyilik. Yəqin heç gəlmək də istəməzlər. 

Bakı dükanlarında marqans qatılmış kimi əcaib rəngi olan bir su satılır, adını da “Kəhriz” qoyublar. Ancaq bu suyun etiketində məlumat yerində yazılıb ki, su Abşeron yarımadasında, Zirə tərəfdə artezian quyusundan çıxır. Bəs, ay fırıldaqçı, buna nədən kəhriz sözünü yapışdırmısan? Bəyəm sən kəhrizin arteziandan fərqini bilmirsən? Gözəl bilirsən. Sadəcə, milləti aldatmaq sərfəlidir. 

Hörmətli oxuculara məlumat üçün yazım, kəhriz bütün dünyada yayılmış qədim su çıxarma üsuludur, bu zaman maili quyular içindən adam keçəcək qədər böyük yeraltı arxlarla bir-birinə birləşdirilir, yığılan sular axırıncı quyudan üstə çıxır. Kəhrizin suyu adətən inanılmaz dərəcədə təmiz, duru, sərin olur. Uşaqlığımda Füzuli rayonunun Gorazıllı kəndi yaxınlığında belə bir kəhrizin içində olmuşam. Fantastik gözəl bir yer idi. İndi işğal altındadır. Artezian quyusu isə bir-birinə birləşdirilən, vertikal yerə sancılan metal borularla suyu çıxarmaqdır. 
Yay olduğu üçün sulu yalanlardan yazıram. Bir yalan da “Şahdağ” adlı su qablarının üzərindədir. Ümid edirəm dövlətin İstehlakçı Hüquqlarını Qoruma Xidməti və Standartlar Komitəsinin başları rüşvət yığmaqdan açılanda bu yöndə tədbir görərlər. Çünki qabın üstündəki informasiyadan suyun doldurulma yeri “Şamaxı şossesi-5" ünvanıdır. Bura isə Bakının Sulutəpə yaşayış massividir. Şahdağ haçandan Sulutəpədə yerləşir? Axırıncı dəfə bu dağ Qusar rayonu ərazisində idi. Bəlkə iqtidardakı hansısa ”Hacı İbrahim" dağı gətirib Xırdalana qoyubdur, xəbərimiz yoxdur? 

Hər gün, hər yerdə müxtəlif belə məişət xarakterli yalanla, saxtakarlıqla qarşılaşırsan, adamlardan soruşmaq istəyirsən ki, qardaşlar, axı siz niyə belə edirsiniz, bunun xeyri nədir? Bəyəm o “Kəhriz” suyunu “Zirə”, “Şahdağ” adı qoyulanı isə “Sulutəpə” adıyla satsanız üzüyünüzün qaşı düşər, gəliriniz azalar? Heç inanmıram. Əksinə, düzgünlük örnəyi verərsiniz, bəlkə satışlar artar. 

Amma yenə yazıram, görünür o firmalar da millətimizi yaxşı tanıyır, “çoxbilmiş quşu hansı yerindən (məsəldə dimdikdən - Z.H.) tutmağı” bilirlər. Hər kəs başqasını aldatmağı, kiməsə “atıb qabağa düşməyi” fürsət bilir, nəticədə millət olaraq geri düşürük, heç kim də qabağa getmir. Yaxşı yadıma düşdü, bir firma var, məşhur çips istehsalçısı “Lays”-ın faktiki loqosunu çırpışdırıb saxta “Liss” adlı çips buraxırdı. Mən bundan neçə il qabaq yazmışdım, guya hökuməti mübarizə aparmağa səsləmişdim. Bəs axırı nə oldu? Heç nə. Hökumət özü həmin çipsin saxtasını buraxdı! Qablaşdırma, loqonun rəngi tam “Lays”ın bənzəri olan, uşaqları aldatmağa yönələn həmin markanın adını “Çipsim” qoyublar, firma isə oliqarx-nazirlərdən birinə məxsusdur. 

Sonda öz sahəmizə aid bir lətifə. Keçən ay hökumət jurnalistlərə ənam verəndə “Tərəqqi” medalı alanların sırasında bir “Kalaşnikova” soyadı var idi. Biz jurnalistlər uzun müddət fikirləşdik görəsən bu “avtomat-qələmli” xanım kimdir, hansı nöqtədə qələmi silaha çevirmişdir. Nəhayət, iki gün qabaq Gəncədə icra başçısı prezidentin mükafatlarını yerli şəxslərə çatdıranda Kalaşnikova ortaya çıxdı. Sən demə, bu adam “Novosti Qyandjı” rusdilli qəzetinin baş redaktoru imiş. Bir növ fantom (kabus) qəzetdir, hələ görən olmayıb. Çünki hazırda 300 min camaatı olan Gəncədə nəinki rusca, heç azərbaycanca qəzet çıxmır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar