Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

“Milli Fədailər” deyilən dəstə Azərbaycan üçün təhlükə olduğu kimi, eyni zamanda Azərbaycana qarşı təxribatdır. Həm də böyük təxribat...

Azər Qaramanlı yazır

Son günlər siyasətin arxa baxçasında gəzişən əli silahlılar peyda olub. Özlərinə “Milli Fədailər” deyirlər və sistemdən kənar müxalifəti təhdid edirlər.

“Fədailərin” lideri Fuad Muradov adlı birisi orta səviyyəli kriminal avtoritet kimi bəyanatlar verir, hətta Əli Kərimlinin yoxa çıxan mühafizəçisi Ruslan Əmirlini də onun “fədailərinin” qaçırmasını belə istisna etmir.

Nələr baş verir? Arxa qapıdan bu yarı silahlı insanları siyasətə kim soxur və sabah bundan doğacaq nəticələri hesablayan varmı? Niyə bu “fədailərdən” Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları hesab sormur?

Axı Fuad Muradovun əlini-qolunu yelləyərək səsləndirdiyi bəyanatlar birbaşa hüquqi məsuliyyət yaradır. Və bu bəyanatları başqa biri səsləndirsəydi, tamam başqa mənzərə ilə rastlaşardıq. O zaman bu “fədailəri” ortalığa atıb Azərbaycanda siyasi sabitliyi pozmağa çalışanlar kimlərdir?

Hamımız bilirik ki, təsir əks-təsir yaradır və bu tipli başıpozuq “fədailər”in ortaya çıxması Azərbaycanda siyasi və kriminal sabitliyə birbaşa təhdiddir.

Orta və yaşlı nəslin nümayəndələri bu tarixi bir daha yaşayıb artıq. 90-cı illərdə nələr baş verdiyini bu gün də olduğu kimi xatırlayırıq. Müharibə gedən ölkədə əlində silah olan hər kəs özünü hakim hesab edirdi və qərarlar verirdi. Nəticələri də ortadadır.

Məhz sonsuz “besptredel” bizim Qarabağı və əlavə rayonları itirməyimizə yol açdı. Məhz Rəhim Qazıyevlərin, İsgəndər Həmidovların, Rövşən Cavadovların, Sürət Hüseynovların və onlarla əli silahlı digər “komandirlər”in populist “fədailikləri” və uşaqcasına “qəhrəman” görünmək istəkləri bizim məğlubiyyətimizin səbəbi oldu. Məhz onların “bespredeli” bizim faciəmizi yaratdı və az qala bizi vətəndaş müharibəsinin kandarına qədər daşıdı. Ancaq 1995-ci ildə bu “bespredel”ə son qoyuldu və Heydər Əliyev olmasaydı, bu xaos və “bespredel” davam edəcək və Azərbaycan dövlətini, hətta Azərbaycan xalqını bitirəcək faktora çevriləcəkdi.

İndi bu “fədailər”i ortaya çıxarıb qol-qanad verənlərin məqsədi nədir? Azərbaycanda siyasi və kriminogen sabitliyi ortadan qaldırıb xaos yaratmaqmı?

Heç kimə sirr deyil ki, bu gün Azərbaycanın təhlükəsizliyi üçün sabitlik əsas rol oynayır və hər hansı müharibəni udmamız üçün bizim dəmir intizama sahib olan bir nizama ehtiyacımız var. Mən hardasa beş il əvvəl yazdığım bir yazımda İlham Əliyevin bütün Cənubi Qafqazda sabitliyin qarantına çevrildiyini yazmışdım. Başıpozuq “fədailəri” ortalığa atıb təminatı yox etmək istəyənlər müxalifətə qarşı çıxmırlar. İlham Əliyevə və Azərbaycandakı sabitliyə qarşı çıxırlar. Bu, birmənalı olaraq belədir.

Müxalifətə qarşı başıpozuqlardan yararlanmaq müxalifəti ancaq gücləndirər, zəiflətməz. Ona görə də rahatca terror əsdirən “fədailər”in səsləri kəsilməlidir. Və başıpozuqluq yaradan “fədailər” cəzalanmalıdır. Onlar bu qədərmi harınlayıblar ki, Azərbaycan polisini, prokurorluq və təhlükəsizlik orqanlarını veclərinə almadan, istədiklərini danışa, hətta edə bilirlər. Onu da qeyd edim ki, bu gün bu "fədailərin" varlığı hüquq-mühafizə orqanlarının nüfuzuna ciddi xələl gətirir.

Dövlət zorakılıq üzərində öz monopoliyasını tam təmin etdiyi halda dövlət olur və zorakılıq monopoliyasını kimsəyə güzəştə getdiyi anda dövlət olmaqdan və vətandaşların təhlükəsizliyinin qarantı olmaqdan çıxır. Bu, bir həqiqətdir və indiyə qədər buna necə uymuşuqsa, eləcə də uymalıyıq. Ona görə də hüquq-mühafizə orqanları vəzifələrinin icrasına başlamalı və həm “fədailəri” ortadan qaldırmalı, həm də onların arxasındakıları ortaya çıxarmalıdır. Çünki “Milli Fədailər” deyilən bir dəstə Azərbaycan üçün təhlükə olduğu kimi, eyni zamanda Azərbaycana qarşı təxribatdır. Həm də böyük təxribat...

Azər QARAMANLI
pia.az


loading...