Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ətrafında halqa daralır: ABŞ-ın “qara üzü” niyə İran təmsilçisi oldu?

ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəsi Brayan Huk vəzifəsindən istefa verib. Bunu Dövlət katibi Mayk Pompeo açıqlayıb.

Pompeo bildirib ki, Brayan Hukk ABŞ-ın İrandakı xüsusi nümayəndəsi və Dövlət Departamentinin Baş müşaviri olaraq istefa etmək qərarına gəlib. Dövlət katibi onun yerinə gətiriləcək şəxsin adını da açıqlayıb: ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Eliott Abrams. Abrams bundan sonra Venesuela ilə bərabər İranın da xüsusi nümayəndəsinin vəzifəsini icra edəcək.

Hukun istefa ərizəsinin mürəkkəbi qurumamış yerinə dərhal başqa birisinin təyinatı onun öz xoşuyla vəzifəsini tərk etmədiyindən, bu qərarın gözlənilməz olmadığından və kadr dəyişikliyinin əvvəlcədən planlaşdırıldığından xəbər verir və istər-istəməz bəzi suallara yol açır: Bu dəyişikliklərlə ABŞ nəyə nail olmaq istəyir? Əvvəlki təmsilçinin nəyi Tramp hakimiyyətini qane etmirdi ki, onun ağır işini onsuz da Venesuela problemi ilə başını qaşımağa vaxt tapa bilməyən yaşlı bir insanın çiyninə yükləyir?

Zənnimizcə, bu suala ən doğru cavabı hər iki diplomatın keçmişinə və siyasi cizgilərinə nəzər salaraq tapa bilərik.

İlk öncə, istefaya gedən Brayan Hukun dosyasına göz gəzdirək.

Brayan Huk 2018-ci ildə İrana tətbiq olunan sanksiyalara nəzarət etmək məqsədilə yaradılan “İran işçi qrupu”nun başına gətirilmişdi. Onun rəhbərlik etdiyi qrupun əsas vəzifələrindən biri də bu sanksiyalara əməl etməyən ölkələrə qarşı atılacaq zəruri addımları müəyyənləşdirməkdi.

Brayan Huk bu vəzifəyə təsadüfi seçilməmişdi. O, Tramp hakimiyyəti dövründə ABŞ Dövlət Departamentinin ilk rəhbəri Reks Tillerson tərəfindən qurumun Siyasi Planlaşdırma İdarəsinin rəhbəri vəzifəsinə gətirilmiş və ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas fiqurlardan biri olmuşdu. Peşəcə inşaat mühəndisi və iş adamı olan Tillersonun diplomatik yetərsizliyi Huk tərəfindən kompensasiya edilirdi, dolayısıyla bu adam ABŞ xarici siyasətinin müəyyənləşdirilməsində bir nömrəli şəxs kimi tanınırdı.

Di gəl ki, Reks Tillersonun dövlət katibliyi “bildirçinin bəyliyi” kimi uzun sürməyəcək, vəzifəyə təyin olunduqdan bir neçə ay sonra Trampla bəzi məsələlərə yanaşmada fərqli düşündükləri ortaya çıxacaqdı. Tillerson xüsusilə Şimali Koreya və Əfqanistan məsələsində Trampın sərt siyasətini bəyənmir, ona açıq-aşkar qarşı çıxırdı. Prezidentlə dövlət katibi arasındakı ziddiyyət o qədər dərin idi ki, Tillersonun Şimali Koreya lideri Kim Çen İn ilə sonuncu görüşü başa çatmamış Trampın bir Tvitter paylaşımı ilə bütün danışıqları puç etmiş və dövlət katibini geri çağırmışdı. Həmin tvitter paylaşımında eynilə belə deyilirdi: “Kiçik raket adamla görüşərək çox vaxt itirdiyini söyləmişdim. Enerjinə qənaət et, Reks, biz lazım olanları edəcəyik!”

Bu paylaşımdan sonra ABŞ mətbuatında Tillersonla Tramp arasında ziddiyyətlərin yaşandığı, dövlət katibinin istefaya hazırlaşdığı və Pentaqon yetkililəri ilə söhbətində prezidenti “axmaq” adlandırdığı xəbərləri yayılmışdı. İddialarla bağlı mətbuata açıqlama verən Tillerson bütün deyilənləri təkzib etsə də, bir neçə aydan sonra həqiqətən də istefaya göndərilmişdi. Həm də öz istəyinin xilafına olaraq.

Tillersondan sonra onun yerinə Mayk Pompeo gəlmiş, beləcə Brayan Hukun da ABŞ xarici siyasətindəki mövqeyi sarsılmışdı. O, Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış və ABŞ-ın İran üzrə təmsilçisi vəzifəsinə gətirilmişdi.

ABŞ Dövlət Departamentinin rəsmi saytındakı məlumata görə, Brayan Huk ABŞ-ın keçmiş prezidenti Corc Buş hökuməti zamanı Dövlət Departamentinin Beynəlxalq Rejimlər Dairəsinin məsul şəxsi, habelə Ağ Evdəki Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi nümayəndəsi olmuş və Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışmışdı.

Reuters xəbər agentliyinin məlumatına görə, Huk 2018-ci ildə ABŞ-ın Avropa və Asiya müttəfiqlərinin İrana neft idxalını dayandırmasında öz diplomatik bacarıqları ilə mühüm rol oynamışdı. Bununla belə, Tramp administrasiyasının Hukun fəaliyyətindən o qədər də məmnun olmadığı sezilirdi. Səbəb isə çox sadədir: ciddi diplomatik təcrübəyə və bacarığa malik olmasına baxmayaraq, o, Tramp və komandası qədər şahin görüş birisi deyil. ABŞ xarici siyasətinə ciddi təsir imkanlarının olduğu Tillerson dövründə aparılan siyasətin Tramp administirasiyası tərəfindən qəbul olunmaması da bunu sübut edir. Əslində Hukun indiki vəzifəsindən uzaqlaşdırılması qərarı Tillersonun istefaya göndərilməsiylə verilmişdi. Kim bu adamın yerinə olsa, Tillersondan qabaq şələ-şüləsini yığışdırıb Ağ evdən uzaqlaşardı. Hər halda ölkə diplomatiyasının gizli 1 nömrəlisindən İran məsələsi kimi bataqlığın içinə atılması Huk üçün önəmli mesaj ehtiva edirdi.

Onun yerinə gətirilən Eliott Abrams isə tam Tramp təfəkkürdə olan birisidir. Hətta ona ABŞ xarici siyasətinin “qaranlıq üzü” də deyirlər. Öz aqressiv mövqeyi ilə İranla bağlanan nüvə sazişinə ilk qarşı çıxanlardan olan Abrams ABŞ-ın demək olar ki, bütün savaşlarında ön planda yer alıb. O, Suriyaya hərbi müdaxiləni dəstəkləməsi və ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Kuba ilə münasibətləri normallaşdırmaq siyasətinə görə sərt tənqidi ilə yadda qalıb.

Elliot Abramsın adı ilk dəfə 1980-ci illərdə Ronald Reyqanın Latın Amerikası ölkələrində kommunizmlə mübarizə siyasətində əsas məsul şəxslərdən biri kimi gündəmə gəlib. Apardığı siyasətlərdə insan haqlarının pozulması və xeyli insan tələfatı ilə nəticələnməsi tez-tez beynəlxalq təşkilatlarda mübahisələrə səbəb olub. ABŞ-ın hazırladığı El Salvador ordusunun 1981-ci ildə El Mozotedə 1000-ə yaxın mülki şəxsin qətliamı ilə nəticələn hücumunun planlaşdırılmasında Elliot Abramsın bir nömrəli şəxs kimi adı hallanır.

Abrams İran məsələsinə də yad biri deyil. İran-İraq müharibəsində hər iki tərəfə silah satmaq qalmaqalının əsl müəllifi bu adamdır. İddialara görə, həmin silah ticarətindən əldə edilən maliyyə ilə dünyanın bir çox yerində kontra-partizanlarına göndərilirdi. İndiki terminlərlə desək, beynəlxalq terror dəstəklənirdi. Maraqlıdır ki, Abramsın özü də daha sonra bu ittihamları və dövlət orqanlarını aldatdığını ABŞ Konqresinə verdiyi hesabatda qəbul etmiş və bu səbəbdən öz vəzifəsindən qovulmuşdu.

Elliot Abrams daha sonra Reyqanın varisi, prezident Corc Buş tərəfindən bağışlanılmış və Ağ Evə baş xarici siyasət müşaviri kimi geri qayıtmışdı. 2001-ci il 11 sentyabr hücumlarından sonra təcavüzkar “terrorla müharibə” siyasətinin əsas tərəfdarlarından biri kimi ün qazanmışdı. Halbuki, həmin terror aktının kim tərəfindən planlaşdırıldığı indiyədək məlum deyil. Bu terror aktının ABŞ-ın Yaxın Şərq və Asiya ölkələrinə hərbi təcavüzlərinə bəhanə yaratmaq üçün törədildiyi indi daha çox ekspertlər tərəfindən qəbul edilir.

BBC bu adam barəsində yazır: “Abrams xaricdə Amerika maraqlarına uyğun olaraq “demokartiyanı təşviq etmək” ideologiyasına inanan və öz fikirlərini tez-tez media səhifələrinə daşıyan neo-mühafizəkar şahin kimi tanınır. Bu ideologiyaya xüsusilə Reyqan və Buş ata-oğul dövrlərində üstünlük verilirdi”.

Abrams 2018-ci ilin iyun ayında ABŞ-ın Beynəlxalq Münasibətlər Şurasına yazdığı bir məqalədə özünün “demokratiyanın təşviqi” nəzəriyyəsinə bu cür aydınlıq gətirir: “Bu, dünya rəhbərliyinin açarı deməkdir. Bütün ABŞ prezidentləri “demokratiyanın təşviqi”ni Corc W. Buş administrasiyası kimi, öz xarici siyasətlərinin əsas prioritetinə çevirə və ya Prezident Obamanın və Trump administrasiyasının etdiyi kimi buna məhəl qoymaya bilər. Amerika xalqı demokratiyanı təşviq etmək ideyasından üz döndərmədi və ABŞ-ın daha müasir, demokratik ölkə olmasından bəhrələndiyini unutmadı.”

Bir sözlə, ABŞ-ın İran üzrə yeni təmsilçisi 1980-ci ildən bəri Vaşinqtonun apardığı imperialist müharibələrin əsas ideya rəhbəridir. Onun xüsusilə Beyrutdakı partlayışdan sonra bu vəzifəyə gətirilməsi İran üçün ciddi siqnaldır. Görünən budur ki, İran ətrafında həlqə tədricən daralır və yaxın günlərdə Fars körfəzi yenidən qaynaya bilər.(Strateq.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar