Çin və İndoneziya xarici işlər nazirləri Qəzza zolağında dərhal və daimi atəşkəsə çağırıblar...
Poliqon Associated Press Agentliyinə istinadən xəbər verir ki, İndoneziyanın xarici işlər naziri Retno Marsudi atəşkəs və Fələstin probleminin iki dövlətli həllinin vacibliyi ilə bağlı hər iki ölkənin eyni fikirdə olduğunu bildirib. İndoneziya Xarici İşlər naziri bu barədə həmkarı Van İ ilə Cakartada görüşündən sonra məlumat verib.
Görüş Çinli nazirin regiona altı günlük səfərinin ikinci günündə baş tutub. Bu səfər çərçivəsində Çinin xarici işlər naziri Van İ də Papua Yeni Qvineya və Kambocaya səfər edəcək.
"Əminəm ki, Çin eskalasiyanın qarşısını almaq üçün öz təsirindən istifadə edəcək" deyə Marsudi, Çin və İndoneziyanın Fələstinin BMT-yə üzvlüyünü tam dəstəkləyəcəyini də qeyd edib.
İki nazir, həmçinin ölkələrinin iqtisadi əlaqələrini və Cənubi Çin dənizini müzakirə ediblər.
"Qəzza zolağında altı aydır davam edən münaqişə 21-ci əsrin nadir humanitar faciəsinə səbəb olub. BMT Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyətin çağırışına cavab verib və Qəzzada atəşkəslə bağlı qətnamə layihəsinə baxmağa davam edib. Lakin bu qətnamələrə ABŞ tərəfindən dəfələrlə veto qoyulub”, deyə Van İ jurnalistlərə deyib.
Qeyd edək ki, Amerika rəsmiləri atəşkəs və girovların azad edilməsinin bir-biri ilə əlaqəli olduğunu iddia edərkən, Rusiya, Çin və bir çox digər şura üzvləri atəşkəs üçün qeyd-şərtsiz çağırışlar səsləndiriblər.
Poliqon.info