Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O verilişin ağası da mən idim, qulu da...” - Mübariz Əsgərov

“AzTV-də “Qulp”u hazırlayanda, müzakirə olunurdu, hamı əl çalırdı, amma efirə yox, arxivə gedirdi”


Onu Azərbaycan tamaşaçısı “Qulp” verilişindən tanıdı. Həyatının 20 ilini ölkənin, cəmiyyətin problemlərinə məcazi mənada desək, qulp qoymağa, insanların gözünü həqiqətlərə açmağa həsr elədi.

Söhbət uzun illər ANS-in efirində yayımlanan “Qulp” verilişinin, indi isə “Rezonans” verilişinin aparıcısı və müəllifi Mübariz Əsgərovdan gedir. Bir iş gününün sonunda redaksiyamızın qonağı olan Mübariz müəllim “Yeni Müsavat”ın suallarını cavablandırdı. Onunla Azərbaycan tamaşaçısına tanış olan “Qulp” nostalgiyasını yenidən canlandırdıq. 

- Mübariz müəllim, sizi hamı “Qulp” verilişindən tanıdı, yoxsa daha əvvəl də hansısa proyektləriniz olmuşdu? 

- Mən 1992-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim. Təyinatla Azərbaycan Dövlət Televiziyasına gəldim və ilk verilişim “Qulp” oldu. Moskvada universitet bitirdiyimə görə mənə imkan yaratmışdılar. Bir  də eksperimental qrup təşkil etmişdilər ki, mən də onun rəhbəri idim. Bu eksperimental qrupda ilk elədiyim “Qulp” proqramı oldu. Təxminən proqramın 10 buraxılışı  dövlət televiziyasında getdi. Ondan sonra məsləhət bilmədilər, hər dəfə mən “Qulp”u hazırlayanda, müzakirə olunurdu, hamı əl çalırdı, amma efirə yox, arxivə gedirdi. Ondan sonra ANS-ə getdim və uzun illər bu proqramı orada həyata keçirdim.

- Azərbaycan tamaşaçısı o  zaman şablon veriliş adlarına öyrəşmişdi. Sizin haradan ağlınıza gəldi “Qulp”? Təkcə bu ad özü cəmiyyətdə böyük maraq doğrudu...

- Elə bir hadisə oldu ki... Mən sonuncu kursda oxuyanda Moskvadan Bakıya gəlmişdim və  qayıdanda bütün ailələrdə olduğu kimi evdən anam çamadanıma çoxlu bişmələr, mürəbbələr doldurmuşdu.  Əsgərlikdən gətirdiyim bir ağ çamadan var idi. Onu o qədər doldurmuşdular ki, qaldırmaq mümkün deyildi. Mən Bakıda təyyarəyə minənə yaxın o çamadanın qulpu qırıldı. Nəticədə mən o ağır çamadanı qucağımda daşıyası oldum. Təyyarədən metroya, metrodan tramvaya, oradan yataqxanaya kimi mən o ağır çamadanı qucağımda daşıdım və həmin gecə səhərə kimi bu qulpun nə qədər önəmli olduğunu düşündüm.  Elə oradaca ağlıma gəldi ki, təhsilimi başa vurub işə başlayandan sonra mənim hazırlayacağım verilişin adı “Qulp” olacaq. Elə orada musiqisini də tapdım. Sonradan belə də oldu və mən Azərbaycan teleməkanında 20 il bu verilişin müəllifi və aparıcısı oldum. 

Azərbaycan televiziyalarını vitrinləri boş qalan marketlərə bənzədirəm”

- ANS-dən sizə təklif gəldi, yoxsa siz layihə ilə oraya müraciət etdiniz?

- Əvvəlcə onlardan mənə təklif gəldi. Mən özüm də görürdüm ki, Azərbaycan televiziyasında “Qulp”un efirə getməsi çətin məsələdir. AzTV-nin özündən mənə təklif oldu ki, sən bizə baş  ağrısına çevrilmisən, get ANS-ə. O zaman yeganə özəl kanal ANS idi. ANS-lə AzTV-nin binası yaxın idi, mən onları da tanıyırdım. Beləcə mən iş yerimi dəyişdim. ANS-də “Qulp” efirə getdi və 20 ildən çox davam elədir. “Qulp” Azərbaycan televiziya tarixində iki  ilkə imza atıb. Həm ən uzun publisistik proqram  kimi tarixə düşüb, həm də Azərbaycan teleməkanında belə satirik ənənələri olan ikinci veriliş olmayıb. İndi də tamaşaçıların yadındadır. Haraya gedirəmsə, tamaşaçıdan bu verilişin adını eşidirəm. Bir də ona təəssüf edirəm ki, Azərbaycan efirində onun yerini əvəz edən başqa bir proqram olmadı. 

- “Qulp” başlayanda,  birlikdə yola çıxdığınız insanlar var idi,  verilişin sevimli personajları. İndi onlardan bəziləri həyatda yoxdur... Onlarla yollarınız necə kəsişdi? Haradan tapdınız onları? 

- Baha Pünhan, Aşıq Yedigar, Xanım nənə, çəlləyin üstünə çıxan Teymur müəllim, onlar tamaşaçıların sevimli personajları idi. Bizdə təbii seçim aparılırdı. Bəzilərini mən özüm tapırdım, bəzilərini isə baxanlar təklif edirdilər, mən yoxlayırdım, əgər bizim proqramın parametrlərinə uyğun gəlirdisə, onu  dəvət edirdim. Baba Pünhanın necə gəlməyi yadımdadır. Bir nəfər mənə dedi ki, çox gözəl bir şair var. Bir şeirini də mənə oxudu. Şeirin möhürbəndini oxuyan kimi, dedim onu səhər çağır gəlsin. O zaman rəhmətlik Baba Pünhan hələ tanınmırdı.  “İt günündə” adlı şeir idi. Axırda Baba Pünhan itə müraciət edərək deyirdi: 
İtim dur gəl önümdə, gəl başına dönüm də, 

Sən Pünhanın günündə, Pünhan da it günündə... 

Bu şeirdən bəyənib, Baba Pünhanı “Qulp”a gətirmişdim. Məsələn, bir də Aşıq Yedigar obrazı var idi məndə, ancaq qəhrəmanı tapa bilmirdim. O zaman Yadigar Muradovu tapdım, həm də Şuşa teatrının direktoru idi. Teymur müəllimi də o cür tapmışam. Yəni hamısı təbii seçimlər idi. İndi onlardan Baba Pünhan, Xanım nənə, Şirin Zərdablı dünyasını dəyişib. 

- Bu obrazlar efirə çıxanda tamaşaçıdan nə cür reaksiyalar alırdınız?

““İki oğlum hal-hazırda hərbi geyimdədir”

- Əgər mən bilsəydim ki, efirə çıxan adamlardan hansınısa tamaşaçı qəbul eləmir, onu bir də efirə çıxartmazdım. Xanım  nənənin oxumasını tamaşaçı sevirdi. Şirin Zərdablının sözü dillərə düşmüşdü ki, “Ay nədəndir, nədəndir? Hamısı zəmanədəndir”. Baba Pünhanın şeirləri, Yadigarın mahnıları dillər əzbəri olmuşdu. Tamaşaçılardan çox gözəl reaksiyalar alırdıq. Əgər bu gün də insanlar  “Qulp”un qəhrəmanlarını xatırlayırlarsa, deməli yaxşı qəbul ediblər. Həm də bu personajlar  hamısı xalqın içindən çıxmış insanlar idi. 

- Bəs, “Qup”da qırmızı xətlər var idimi? Özünüzün qoyduğu və ya televiziya rəhbərliyinin tətbiq etdiyi  senzuranı nəzərdə tuturam...

- İnanın ki, yox. Heç bir senzura yox idi. Mən müstəqil idim və müstəqil olduğum qədər də  məsuliyyətli idim. Jurnalistin  əsas vəzifəsi odur ki, təhqirlə tənqidi qarışdırmasın, cəsarətlə həyasızlığın yerini səhv salmasın. Mən heç bir ailədaxili məsələlərə, kimlərinsə şəxsi işlərinə qarışmırdım. Ümumi məsələlərə toxunurduq. Buna görə də, 20 ildən artıq müddətdə  “Qulp”u bir dəfə də məhkəməyə vermədilər. Çünki orada qaldırılan məsələlər hamının ürəyindən keçən problemlər idi. Ona görə də heç bir qırmızı xətt yox idi. İndinin özündə də deyirlər ki, yəqin o verişi bağlayıblar, məni gözümçıxdıya salıblar. Mən sadəcə onu deyərdim ki, məhz həmin verilişdən sona mənə jurnalistlər üçün ən böyük fəxri ad olan “Əməkdar jurnalist” adını veriblər. Mənə heç bir qadağa olmayıb. 

- “Qulp”un efirə çıxmasında təxminən neçə nəfərin əməyi var idi? Komandanız böyük idimi?
 
- Belə demək pis çıxmasın, o verilişin ağası da mən idim, qulu da. İştirak edənlər çox idi, ancaq bütün yük mənim çiynimə düşürdü. Elə vaxt olurdu ki, çəkilişlərə çoxlu insanlar qatılmalı idi. Yadınıza düşürsə, parlament seçkiləri vaxtı mən nə qədər adam yığırdım oraya... Nə qədər partiya yaratmışdım - milli yaltaqlar,  demokratik cibgirlər, tamadalar partiyaları ... Yəni yüküm çox idi. Amma iştirak edənlər də hamısı çox ürəkdən çalışırdılar. Canlarında olan son enerjini də gecə-gündüz o proqramın yaxşı alınmasına sərf edirdilər. 

- Bu 20 ildə ANS rəhbərliyi ilə münasibətləriniz necə oldu? 

- Səmimi deyim ki, mənim bu illər ərzində ANS rəhbərliyi ilə heç bir problemin olmayıb. Mən orada tam müstəqil olmuşam və çox vaxt ANS rəhbərliyi “Qulp”u efirə gedəndə izləyiblər. Mən bir muxtar qrup kimi olmuşam ANS-də. Bu 20 ildə bir dəfə də olmayıb ki, bizim ANS rəhbərliyi ilə problemimiz yaransın və ya mən nəyisə düzgün eləməyim. Heç bir söz-söhbət olmayıb. 

- "Qulp"un biznes tərəfi necə idi? Gəlir gətirirdimi? Bildiyim qədər reytinqli veriliş idi...

- Mən, ümumiyyətlə, “Qulp” efirə gedəndən maliyyə tərəflərini fikirləşməmişəm. Bəli, çox baxılırdı, hətta bir neçə sponsoru da var idi. O vaxt “Mərdəkan broyler” var idi. Azərbaycanda ilk broyler şirkəti idi. Açığı, sponsorluq və reklam işi ilə başqa bir qurum məşğul olurdu deyə, mən bu işlərə qarışmırdım ki, pul gətirir, yoxsa gətirmir. Ən əsası o idi ki, televiziyaya sevgi və baş ucalığı gətirirdi. 

- Necə oldu ki, “Qulp” dayandı? Bunu televiziya rəhbərliyi necə qarşıladı? Əsas səbəb nə oldu burada? 

- Çox təbii şəkildə ayrıldım. Çünki mən sırf telejurnalistəm. Mənim edə biləcəyim yeganə proqram “Qulp” deyildi. Onunla  məhdudlaşmadım və başqa proqramlar da etmək istədim. Əslində mən “Qulp”u yaradanda onu cəmi bir neçə il hazırlamağı  düşünürdüm Bir dəfə dilimdən “Qulp” çıxdı, tamaşaçı bundan tutdu və mən 20 il eyni verilişi aparası oldum. Ondan sonra başqa proyektlər etmək istədim və “Rezonans”ı elədim. “Qulp” gedə-gedə “Rezonans”ı hazırladım. O  da çox çətin idi. Həbsxanada çəkilişlər aparmaq hədsiz çətindir. O zaman  təbii olaraq, “Qulp” dayandı. ANS rəhbərliyi ilə də problemimiz olmadı. “Rezonans” dövlətə baş  ucalığı gətirən bir proyektdir. Xarici müşahidəçilər gəlib oradakı studiyanı görəndə inana bilmirlər ki, həmişə tənqid etdikləri Azərbaycanda belə bir şərait var. 

- Son illərdə hansı hadisələri görəndə düşünürsünüz ki, bu “Qulp” üçün əla mövzu ola bilərdi? 

““Jurnalistin əsas vəzifəsi odur ki, təhqirlə tənqidi qarışdırmasın, cəsarətlə həyasızlığın yerini səhv salmasın”


- Siz sualı bəlkə də əksinə qoyardınız ki, elə bir hadisə oldu ki, siz ona qulp qoymaq istəmirsiniz. Bütün hadisələrdə “Qulp”un yeri var idi. Arada mənə sual da verirlər ki, sən hər şeydə qulp yeri necə görürsən? Görünür, bu da mənim xasiyyətimdir. 

- Bu xasiyyətiniz təkcə verilişdə keçərli idi, yoxsa həyatda da qulp qoşmağı sevirsiniz?

- Mən kamera qarşısında necəyəmsə, həyatda da eləyəm. Mən kamera qarşısında dəyişən kişilərdən deyiləm (gülür). Necəyəmsə, elə də varam. 

- Sizdən küsənlər olurdumu? Axı siyasətçiləri, sənətçiləri tənqid edirdiniz...

- Bu qədər veriliş hazırladım və inandırım sizi ki, bir nəfər də məndən küsmədi. Əksinə, həm iqtidarın ən yuxarı pillələrində, həm də müxalifətdə “Qulp”u izləyirdilər. Biz ortaya vətəndaş mövqeyini qoyurduq. Ona görə də hansı mövqedə olmasından asılı olmayaraq hamı verilişə baxırdı. 

- “Rezonans” “Qulp”la müqayisədə tamam fərqli bir sahədir. O, ağlınıza necə gəldi? 

- "Rezonans" mənə uzaq sahə deyildi. Mən “Qulp”un 10 illiyini də məhz həbsxanada eləmişdim. Təkcə, bu deyil, başqa layihələrim də var. Allah qoysa və yaxşı adamlar şərait yaratsa, başqa layihələrimi də tamaşaçılar görəcək. 

- Məhbuslarla işləmək çətindirmi? Hansı hisslər keçirirsiniz onları görəndə? Aralarında qatıllər də var axı...

- Həddindən artıq çətindir onlarla işləmək. Bir tərəfdən dövlətin elə bir strateji yeridir ki, orada artıq-əskin söz demək olmaz. Məhkum elə bir insandır ki, bircə sözlə qəlbinə dəysən müsahibə verməz. Həm də tamaşaçını nəzərə almalısan ki, veriliş reytinqli olsun. Hər dərddən bir dərd götürəndə adama ağır olur. Mən onların hamısına cinayətkar  gözü ilə baxmıram. Heç kim oraya düşməkdən sığortalanmayıb. Çalışıram  ki, onlara müəyyən köməklik olsun. Onların azadlığı əllərindən alınıb, insani hüquqları əllərindən alınmayıb ki...

- Bildiyimə görə, doğum gününüz 20 yanvar tarixindədir və 26 ildir ki, ad günü keçirmirsiniz?

- Bəli, 1990-cı ildən  bu yana ad günü keçirmirəm. Son ad günümə hazırlaşırdım ki, bu hadisələr baş verdi. Mən onda Moskvada tələbə idim. Sonradan çox böyük proseslər başladı. Moskvanın mərkəzində 20 mindən çox azərbaycanlı mitinq elədi. O  vaxt ora  dünyanın ən əsas mərkəzlərindən biri idi. Orada bazarda pomidor satan da, aspiranturada oxuyan da bir oldu, birlik oldu, möhkəm bir müqavimət ortaya qoydu. Mən həmin gün öz millətimə vuruldum və bu millətin övladı olmaqla qürur duydum. İndi 54 yaşım var və deyə bilərəm ki, tamaşaçının gözü önündə saç ağartmışam. 

- Televiziyalardakı indiki verilişlərə münasibətiniz necədir?

- Mən Azərbaycan televiziyalarını vitrinləri boş qalan marketlərə oxşadıram. Çoxunda normal proyektlər yoxdur. 

- Mübariz müəllim, neçə övladınız var?

- İki oğlum, bir qızım var. Hələ nəvəm yoxdur. Qızım mənə Allahın hədiyyəsidir, balacadır, 10 yaşı var. Oğlanlarımdan biri ali məktəbi bitirib, hərbi xidmətdədir, o biri də Dövlət Sərhəd Xidmətinin Akademiyasında oxuyur. İki oğlum var və ikisi də hal-hazırda hərbi geyimdədir. Jurnalistika mənim o qədər vaxtımı aldı ki, uşaqlarımın necə böyüməyini demək olar ki, görmədim. Səhər işə gedəndə də yatmış olurdular, axşam gələndə də. 

- Sonda demək istədiyiniz nəsə varmı? 

- Həmişə “Qulp”un axırında dediyim sözləri deyim ki, “Gəlib çıxdıq axıra. Təki axıra çıxan biz olar.  Bizim axırımıza çıxan olmasın”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar