Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dalaşanda barışığa üz qoymaq məsələsi



Siyasətin sifəti budur: daimi müttəfiqlər olmur, uzun illərin dostları, yol,əqidə, partiya yoldaşları ilk ciddi toqquşmada düşmənə çevrilirlər


Əksi isə çətindir, düşmən olanlar bir daha dost olmurlar.

Çox olur: dünən bir-birini tərifləyən, öyən, müdafiə edən şəxslər öz intriqalarına başlar-başlamaz köhnə rəqiblərinin ritorikasını mənimsəyir, bir vaxtlar rədd edərək silahdaşını qoruduğu ittihamları yeni situasiyada artıq bir-birinə yönəldirlər.

İftiralar, böhtanlar, qarayaxmalar orta əsr müharibələrində olduğu kimi dəmir uclu oxlara çevrilir, qarşılıqlı şəkildə göydə uçuşur . Tərəflər bir-birini yaralayıb ölümcül zərbə vurana qədər atışma davam edir. Sonra hamı dincəlir, əsəblər sakitləşir,ehtiraslar soyuyur, soyuq ağıl geri qayıdır. Ancaq artıq hamı yaralıdır. Söz yarası sağalmır. Bir də əski dostluq heç vaxt lap əvvəldə olduğu kimi bərpa olunmur. 

Bir vaxtlar AXC vardı, onun qanadının altında yüz minlərlə vətənpərvər inqilabçı birləşmişdi. Sonra onlar təşkilat daxilində qruplara bölündülər və bir-birilə rəqabətə başladılar. Daha sonra təşkilatın içində tirələrə ayrıldılar, açıq şəkildə intriqalara girdilər, bir-birilə düşmənçilk apardılar. Hazırda vaxtilə AXC rəhbərliyində olmuş siyasətçilərin hərəsi bir partiyanın, AXC-dən qat-qat zəif, gücsüz (bəzən tək adamlıq) təşkilatların rəhbərləridir. Onlar arada birləşib nəsə bir siyasi blok yarada bilirlər, amma o birliklər tezliklə dağılır. Köhnə düşmənçiliklər bəzən kənara qoyulur, ümumi mənafelər naminə olub-keçən çox şeylərin üstündən keçilir, ancaq sağalmaz söz yaralarının mövcudluğu heç zaman unudulmur. 

2000-ci ildə bir-birindən qatı düşmənçiliklə ayrılan AXCP və KXCP uzun illərdən sonra bir araya gəldilər, müttəfiq oldular, amma əski yoldaşlıq alınmadı, yeni müttəfiqlik sürəkli olmadı. Müsavat və AXCP arasında baş verən umu-küsü, qırğın-qiyamətin izləri də heç cür unudulmur. Müvəqqəti müttəfiqliklər uzunömürlü olmur. AMİP və digər partiyaların arası da 20 ildən artıqdır ki, heç cür düzəımir, köhnə soyuqluq qalır.  

Hazırda Müsavat daxilində gedən təlatümlü proses də eyni ssenari üzrə inkişaf edir. Müsavatdan çıxanlar və çıxarılanlarla Müsavatdan çıxaran və qalanların arasında əsən soyuq rüzgarlar yerini zaman-zaman qaynar atışmalara verir. Yenə oxlar havadadır.
Tərəflərin ritorikası 2000-ci ildə baş verən “Cəbhədaxili müharibə”də populyar olan leksikondan fərqlənmir. Vurulan damğalar da eynidir: “Əqidəyə xəyanət”, “hakimiyyətə işləmək”, “satqınlıq”, “agentlik”, “dağıdıcılıq”, “qaragüruhçuluq” və sair və ilaxır. 

Hər şey o tərəfə, bu “hakimiyyətə işləmək” ittihamı o qədər bol-bol işlədilir ki, artıq absurd xarakter alıb. Ömrünün yarısını mövcud rejimlə barışmaz mübarizəyə həsr etmiş, bir neçə dəfə məhbəsdə yatmış, daima mərhumiyyətlər, iztirablar çəkmiş adamlara çox asanlıqla “hakimiyyətin adamı” damğası vurulur. Prinsipcə, hakimiyyətin adamı olmaq onlara mənsəb, sərvət, mandat qazandırmalıydı, səfa verməliydi, amma bu adamlar sonu görünməyən cəfaların içindədirsə, niyə hakimiyyətə işləsinlər?  

Təbii ki, bunlar, siyasi ehtirasların qızışmasından irəli gələn şeylərdir. Emosional ovqata köklənən şəxslərin sağlam təhlil qabiliyyəti korşalır və onlar rəqibə daha çox zərbə vurmaq üçün daha effektiv ittihamlar seçib səsləndirirlər, nəticədə ittihamlara böhtan və iftira da qarışır. Bu da, bir bidon təmiz suya qarışan bir damcı neftin doğurduğu effekti verir. 
Bu gün tərəflər nə qədər “biz onlarla birdəfəlik qurtardıq” deyə qəzəbli bəyanatlar versələr də, bugünkü hiddət bu günlərdə qalacaq, bir ildən sonra gedənlər də çox uzağa getmədiklərinin fərqində olacaqlar, qalanlar da. Onlar istər-istəməz yaxınlaşmağa məcbur olacaqlar – bu dəfə iki ayrı, müstəqil siyasi təşkilatların rəhbərləri, üzvləri kimi. 

Ona görə də bu gün bir-birinə qarşı ittihamlar irəli sürərkən onların ağır-yüngüllüklərinə fikir verilməlidir, iftiraya, böhtana yol verilməməlidir, “siyasi fahişə”, “xain”, “satqın”, “reneqat” kimi terminlərdən istifadə olunmamalıdır. Təcrübə göstərir ki, bir-birilə çəkişən, ortaq məxrəcə gələ bilməyən tərəflər saatlarla, günlərlə, hətta illərlə söz güləşdirərkən canincidən, qəlb qıran sözlərdən istifadə etməyə bilərlər. 

Gələcək müttəfiqliyin nə dərəcədə möhkəm olması məhz bugünkü qovqanın şiddət və hiddətindən asılıdır. Qoy tərəflər bir az yumşaq olsunlar və intriqalı keçmişə baxmasınlar, gələcək müttəfiqliyə köklənsinlər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar